Qarabag Media
Haqqımızda Əlaqə

Təqaüdünü millətinə xərcləyən Ustad


Tarix:8-07-2019, 10:50 Kateqoriya:Manşet / Yazarlar

Təqaüdünü millətinə xərcləyən Ustad Elşad Paşasoy

Vaxt tapıb görüşmək istəyirdim. Özü də “bunlar telefon söhbəti deyil e, bir gün oturaq, danışaq” söyləyirdi Cümhuriyyət qurucuları barədə hər yeni kəşfindən sonra. Son zamanlar yazılarının bir qismini “Yeni Müsavat”da çap etdirmişdi. “Rəsulzadə 1917-ci ildə Rusiya ilə bağlı nə yazmışdı...”, “İstiqlalımızın iqtisadi təməli”, “Azərbaycan Cümhuriyyəti hankı sistem üzərinə qurulmuşdu?” məqalələrinin dərc olunduğu saylarımızı Ustada çatdıracaqdım. Qismət olmadı...

O, yazılarının unternetdə dərc olunması ilə kifayətlənməzdi. Qəzet, çap mediası onun üçün tamam başqa aləm idi. Ona görə də vaxtaşırı yazılarını dərc olunmaq üçün redaksiyamıza yollayar, Rauf bəy məmnuniyyətlə dərcinə göstəriş verərdi.

Çox böyük aydınımız, Cümhuriyyətin ən böyük araşdırmaçısı Şirməmməd Hüseynovun özü boyda nəhəng arxivi qalıb özündən sonra. Əski əlifbadan çevirdiyi yazıların dərc olunduğu qəzetimizin nüsxələrini də bir gün ailəsinə təhvil verəcəyəm.

Şirməmməd Hüseynovu yaşadan, onun ömrünü uzadan məhz bu yazılar, bu tədqiqat materialları idi. Bayram günü təbrik üçün zəng edirdin, deyirdi bir dəqiqə dayan e, bu dəqiqə bir material hazırlayıram, gör tarixdə necə kişilər olub. Doğum günündə, ya Mətbuat Günündə zəng edib şəxsinə ünvanlı xoş sözlər demək istəyirdin, qayıdırdı ki, “bu dəqiqə Mirzə Bala Məmmədzadənin bir yazısını latın qrafikasına çevirirəm, kişilər yaradıblar e, bildin?”

90 illik yubileyi ilə bağlı söhbətimizi xatırlayıram. Yubileyini də Cümhuriyyət qurucuları ilə birgə “qeyd edirdi”. Yazı masasından 17 dekabrda da ayrılmamışdı. “Mən bunlarla oturub-dururam e...” deyib yoxdan bir dövlət quran, bayraq qaldıran kişilər haqda yazdıqlarına işarə etmişdi. Tam ciddi şəkildə deyirdi ki, hər ad günündə ən böyük hədiyyəni özü-özünə edir. “Mən hər ad günümdə Cümhuriyyət tarixinə aid nəyisə tapıb verirəm mətbəəyə, çap eləməyə”.

Bir dəfə dedim Şirməmməd müəllim, kitab nəşrinin maliyyə tərəfi də var. Sizə çap xərclərində kömək edən kimdir? Cavabını olduğu kimi diqqətinizə çatdırıram: “Şirməmməd Hüseynov. Bilirsən ora nə yazmışam? Yazmışam ki, kitab onu sifarişsiz və təmənnasız hazırlayan Şirməmməd Hüseynovun vəsaiti ilə nəşr olunur. Mən heç vaxt gedib nə heç kəsin qapısını döyənəm, nə də heç kəsdən bir manat pul alanam. Ayda 1000 manat prezident təqaüdü almıram? Həm də universitetdə tam ştatda işləyirəm. Ona görə də nə xərci var, özüm verirəm. Araq içmirəm, çaxır içmirəm, restorana getmirəm. Mənim gündəlik yeməyim 6-7 manat tutur. Yerdə qalanı sərf edirəm cümhuriyyətçilərə”.

Bax, belə kişi idi, bizim Ustadımız! Cümhuriyyət sevdalı insan idi. Peşəsini onun qədər sevən, işinə onun kimi bağlı olan ikinci insan tanımadım bu illərdə...

Yarızarafat, yarıgerçək deyərdi ki, söz vermişəm, Cümhuriyyətin 100 illiyini bayram etməmiş ölən deyiləm. Arzusuna çatdı, hətta Xalq Cümhuriyyətinin 101-ci ildönümünü də bayram etdi. Həmin gün telefon açıb təbrik eləmişdim. Bayram ovqatındaydı, həmişəki tək. Ən gözəl bayramda necə olmalıydı ki? Heç təsəvvür etməzdim ki, üstündən heç bir ay keçməyəcək və böyük dostumuzu itirəcəyik...

Bir dəfə də demişdi ki, söz vermişəm, 100 illiyi bayram eləməmiş bu işdən əl çəkən deyiləm. 100 illiyi hamılıqla bayram etdik, amma Cümhuriyyət qurucusu sevdiyi işdən əl çəkmədi. Son nəfəsinədək araşdırdı... Hər gün ən azı, 8 saat Cümhuriyyət tarixi öyrənməklə, yazmaqla məşğul idi.

Üzbəüz oturub söhbətləşdiyimiz vaxtları xatırlayıram. Məhəmməd Əmindən, Fətəli xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Üzeyir bəydən, Ceyhun bəydən sevə-sevə danışır, danışdıqca da əhvalı durulurdu, gözləri sevincdən alışıb-yanırdı. Bir valideyn öz övladlarından, yaxud bir uşaq öz böyüklərindən danışanda belə olardı ancaq. 90 yaşlı Şirməmməd müəllim 24-34 yaşlarında cümhuriyyət quran gənclərdən bəhs edəndə onlara o qədər sayğılı yanaşırdı ki. Örnək götürəsi nə qədər gözəl xüsusiyyətləri var idi...

Onunla son müsahibəmiz abidələr mövzusuna həsr olunmuşdu. Fərqli yanaşması var idi. Şirməmməd müəllimin nəzərincə, bütpərəstlik ənənələrindən imtina etmək lazımdır. Hətta müsahibələrinin birində Məhəmməd Əmin Rəsulzadəyə istinad etmişdi: “Məhəmməd Əmin heykəllər haqqında bilirsən nə deyirdi? Deyirdi, cümhuriyyətçilərə abidə qoymaq lazımdır. Amma bu, büt abidə olmayacaq, bütpərəstlik dövrü qurtarıb. Yəni bir dənə daş qoyasan, heykəl qoyasan, gəlib onun qabağında durasan... Deyirdi, ruh abidəsi, ideya abidəsi, onun daşıyıcısı olan təşkilatlar, siyasi partiyalar, qanunlar, kitablardır abidə”. Və Rəsulzadənin nəsihətinə, vəsiyyətinə uyğun həyat tərzi seçmişdi bizim böyük ustadımız.

Bu insandan sevgiyə, həssas münasibətə baxın... Araşdırmaları zamanı məlum olmuşdu ki, Üzeyir Hacıbəylinin çap olunmuş əsərləri senzuraya məruz qalıb, orijinalla kəskin fərqlər var. Arayıb-axtarıb, sözləri, kəlmələri sədəf kimi ipə-sapa düzəndən sonra tarixi ədaləti bərpa etmişdi, Üzeyir Hacıbəyli: “Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” adlı kitabı ərsəyə gətirmişdi. O qədər rahat olmuşdu ki, bu işi başa çatdırandan sonra...

Öz təqaüdü hesabına nəşr etdirdiyi “Müstəqilliyin çətin yolu”, “İstiqlal”, “Məhəmməd Əmin Rəsulzadənin əsərləri”, 3 cildlik “”Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər"i kitablarını şəxsən bağışlayıb. Hər kitabı nəşr olunanda da eyni şəkildə sevinirdi, “Sənə o kitabdan vermişəmmi”, deyə, soruşurdu. Sonuncu kitabına “Qalın və qalan kitab” yazıb bağışlamışdı.

Şərəfli və məhsuldar bir ömür yaşayan Şirməmməd müəllim az qala ömrü boyu çalışdığı BDU-nun 100 illiyində iştirak edə bilmədi. Ancaq onun Cümhuriyyət yadigarı olan universitetdə hər zaman izi olacaq, sözü danışılacaq. Özü bir universitet idi. Onun keçdiyi yol nəsillər üçün “yol xəritəsi”dir. Təqaüdünü də millətə xərcləyirdi ki, bizlər oxuyaq, öyrənək, keçmişimizdən agah olaq...

Vəsiyyətinə, nəsihətinə əməl etsək, öyrənsək, tariximizin qədrini onun kimi bilsək, ruhu daim şad olacaq...

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO