Qarabag Media
Haqqımızda Əlaqə

Atamın gündəliyi — “Xəyallarda qalan Laçın” xatirə gündəlikdən bir hissə


Tarix:18-06-2019, 11:51 Kateqoriya:Manşet / Cəmiyyət

Atamın gündəliyi — “Xəyallarda qalan Laçın” xatirə gündəlikdən bir hissəAtam, Abdullayev Rüstəm Hüseyn oğlu, 1917- ci il avqust ayının 15-də Azərbaycan SSR-nin Laçın rayonu, Güləbird sovetliyinin Orta Oba kəndində anadan olmuş, 15 sentyabr 1951-ci ci ildə avtomobil qəzasında həlak olmuşdur.

Allah dünyalarını dəyişmiş bütün əzizlərimizə və şəhidlərimizə rəhmət etsin!

Bəzi hallarda şər-böhtan yazılar adamların karyerasına yardımçı da olur. Sovet vaxtı məndən yazmışdılar ki, atası almanların əsir düşərgəsində olub, buna baxmayaraq, necə olur ki, oğlu rəhbər vəzifədə çalışır? Bu ilk əvvəl məndə çox psixoloji sarsıntı yaratdı, amma mənə atam haqqında daha çox məlumat toplamağa yardım etdi. Rəhmətlik nənəm sandığını açıb, atamın gündəliyini mənə verdi, gündəlikdən onun harada əsir düşməsi və s. haqqında məlumat topladım. Sonra o zamankı SSRİ Müdafiə Naziri Ustinova ərizə yazdım, az keçmiş mənə atam haqqında ətraflı məlumat gəldi. Öyrəndim ki, atam Leninqrad cəbhəsində partizan dəstəsində vuruşub, qəhrəmanlığına görə Ali Baş Komandan Stalinin adından təşəkkürnamə alıb, medallarla təltif edilib, haqqında Smolnı partizan hərəkatı muzeyində ətraflı məlumatlar vardır.

Sankt Peterburq şəhərində Smolnı muzeyində atamın partizan kimi necə igidliklə vuruşması haqda materialları biləndən sonra məndən anonim məktub yazanın dədə-babasına lənət əvəzinə rəhmət oxudum.

Bir gənc kimi müxtəlif vəzifələrdə çalışdığım müddətdə rayonun kəndlərinə ezam ediləndə həmyaşıdlarından atam haqqında yaxşı xatirələr eşidəndə yəqin necə fərəhləndiyimi təsəvvür edə bilərsiniz. Bir fakt qeyd edim ki, atam müharibədən qayıtdıqdan sonra atasının, yəni babamın rayonda necə nüfuzlu bir adam olmasına baxmayaraq bir müddət iş tapa bilməyib. Bu müddətdə onun ən yaxın dostu Şəvəli Qələndər Həsənalı oğlu rayonda yun tədarükü idarəsinin müdiri kimi onu idarəyə sürücü işinə qəbul edib. Az müddət sonra atam öz ixtisası üzrə rayon kənd təsərrüfatı idarəsində zootexnik işinə qəbul edilibdir.

İndi torpaqlarımız, əzizlərimizin məzarları, uşaqlığımız, gəncliyimiz, gələcəyimiz əsarətdədir, özümüz burda ikən ruhumuz (düşüncəmiz) həmin torpaqlarda sərgərdan qalmışdır.

Mənim 4 yaşım olanda cavankən, 15 sentyabr 1951- ci ildə cəmi 34 yaşında dünyasını dəyişmiş atamın məşəqqətlə keçən yarımçıq ömrü əks edilmiş, özünün yazmış olduğu gündəliyini Sizinlə bölüşürəm.

Allah dünyalarını dəyişmiş bütün əzizlərimizə və şəhidlərimizə rəhmət etsin!

Qəzənfər HÜSEYNOV


Başlanğıc!
07/II-46

Mən, Abdullayev Rüstəm Hüseyn oğlunun 1917- ci ildən 1946- cı ilədək həyat tarixi haqda qısaca məlumatlar.
Başlayıram Qızıl Ordu sıralarından gələndən sonra.


1917 – ?

06/II-1946- cı il


Mən, Abdullayev Rüstəm Hüseyn oğlu 1917- ci il avqust ayının 15-də (sənədə əsasən 1916- cı ildə) Azərbaycan Respublikası Laçın rayonunun Güləbird sovetliyinin Məzməzək kəndində anadan olmuşam.
Atam, Abdullayev Hüseyn Abdulla oğlu uşaq vaxtından kənd təsərrüfatı sahəsində çalışmışdır. Ailə vəziyyəti ilə əlaqədar təhsil almamış, lakin olduqca bacarıqlı, dünyagörüşü yüksək səviyyədə olan bir adam idi. 1917- ci ildə Ümumittifaq Kommunist (b) Partiyasının üzvü olmuş, 1920- ci ilə qədər Çar hökuməti tərəfindən bir neçə dəfə həbs edilmişdir. Nəhayət Sovet Hökuməti Azərbaycana gəldikdən sonra həmişə ətraf rayonlarda rəhbər vəzifələrdə çalışmışdır. Atamin təhsil almaması ona həmişə pis təsir edirdi, ona görə də övladlarının təhsil almalarına olduqca maraq göstərmişdir.
Atamın birinci arvadından iki qızı olmuş, o vəfat edəndən sonra 1915- ci ildə mənim anam Qönçə ilə ailə həyatı qurmuşdur. İlk övladları mən olmuşam. Məndən sonra Gülnisə adlı qızları olmuşdur. O, uşaq ikən vəfat etmişdir. Qardaşlarımdan Təvəkgül 1921- ci ildə, Kamil 1925- ci ildə, Sabir isə 1931- ci ildə, bacım Ziya isə 1929- cu ildə anadan olmuşlar. Ailə üzvlərimiz yuxarıda göstərdiyim tərkibdə olmuşdur. Mən, Abdulla babamı gördüm, o, 1938- ci ildə vəfat etdi.

Öz həyatım haqqında 08/II-46

Mən, 1924- cü ildə Qubadlı rayonunun qonşu Muradxanlı məktəbinə daxil olub, 1930- cu ildə VII sinfi bitirib Laçın Maldarlıq texnikumuna qəbul oldum. 1934- cü ildə zootexnik ixtisası ilə texnikumu bitirdim. Tələbəlik illərində bir neçə etibarlı tələbə yoldaşlarım olub. Məcburam adlarını qeyd edəm.
Qubadlı rayonundan Bərxudar Bərxudarov, Əbdürrəhim Şirinov, Baqdadov Məhəmməd, Səfərov Müseyib.
Laçın rayonundan Əkbər Hacıyev, Qaraş İsmayılov, Bəşir Xıdırov, Ziyad İbadov, Bəxtiyar Cavadov, Bulud Şirinov və Əbülfəz Əliyev və s. çox hörmətli yoldaşlarım olub.
Istəyirəm burada tələbə həyatımdan bir neçə epizodu qeyd edəm. Məktəbdə bir sıra çətinliklər olurdu.
1933- cü ildə bizi təcrübə keçmək məqsədi ilə bizi Kürdəmir rayonunun Çormaddin maldarlıq sovxozuna göndərdilər. Həmin il ölkədə taxıl qıtlığı olduğundan bizə sutkada 200 qram çörək verirdilər. Amma isti yemək doyunca var idi. Biz müsəlman adətinə görə donuz əti yemirdik. Bir gün yeməkxanada olarkən Baqdadov Məhəmmədin boşqabından donuzun burnu halqa şəklində kəsilmiş halda çıxdı. Hamımız yeməkdən diskinərək, nahardan imtina etdik. Çörək az olduğu üçün aclığa dözə bilməyib oradan evə qaçmağa başladıq. Nəhayət məndə evə qaçdım. Kürdəmirdən Yevlağa yol maşınları ilə, oradan Bərdəyə kimi isə bir ayağımda çarıq, o birisində isə ayaqqabı piyada getdim. Çox əzab əziyyətdən sonra gəlib Laçına çatdıq. Atamdan qorxa qorxa evə girdim, o, məni bir az danladı.
Nəhayət 1934- cü ilə texnikumu bitirdim.
1931- ci ildə Ümum İttifaq Lenin Kommunist Gənclər İttifaqına, yəni komsomola qəbul oldum.
1934- cü ildə texnikubu bitirəndən sonra Laçın Rayon Torpaq Şöbəsinin Cəfərabad (indiki Aşağı Fərəcan) kənd məntəqəsinə zootexnik təyin edildim. 1936- cı ildə Rayon Torpaq Şöbəsində arıçılıq üzrə zootexnik vəzifəsinə keçdim və həmin il Kirovabad (indiki Gəncə) şəhərində 3 aylıq arıçılıq kursunu bitirdim. 1937- ci ildə isə Bakı şəhərində 3 aylıq süni mayalanma kursunda ixtisasımı artıraraq Rayon Torpaq Şöbəsində atçılıq zootexniki vəzifəsinə təyin edildim. Bu işi olduqca sevirdim. O, zamanlar atçılıq strateji bir sahə idi, atların pasportlaşması və uçota alınması işləri çox məsuliyyətli bir iş idi. Atam da bu işdə mənə düzgün və məsuliyyətli olmağı həmişə tapşırırdı. 1937- ci ildən 1940- cı ilin mart ayının 7-ə kimi bu vəzifədə çalışdım.
1938- ci ildə hərbiyə çağrıldım. Çalışdığım sahədə vacib olduğumu nəzərə alaraq məni bir il çağrışdan təxirə saldılar. 1939- cu ildə sevimli yoldaşlarım olan Əkbər Hacıyev, Əbülfəz Əliyev və Bulud Şirinov əsgərliyə getdilər. 1940- cı ilin fevral ayında məni yenidən hərbiyə getmək üçün çağırdılar. Rayon hərbi komissarı Vəli Əliyev hərbiyə yaxçı at seçdiyimə görə məni bu dəfə də hərbiyə göndərmədi. Həmin ay atların hərbiyə seçilməsi üçün çox ciddi çalışdım. Amma nə qədər çalışırdımsa yaxın yoldaşlarımın əsgərliyə getməsi, mənim qalmağım mənə heç cürə rahatçılıq vermirdi. Dəfələrlə hərbi komissarlığa müraciət etsəm də nəticəsi olmadı.
Nəhayət 1940- cı il mart ayını 7-də gündüz saat 3-də idarədə iş zamanı rayon hərbi komissarlığından zəng edib mənə dedilər ki, hazırlaş axşam saat 6-da avtomaşınla əsgərliyə gedəcəksən. Sevincək idarənin bütün işlərini təhvil verib, ailəmizlə vidalaşmaq üçün evə getdim. Atam məni yola salmaq üçün mənimlə komissarlığa gedəcəyini bildirdi, anam isə ağlayaraq evdə qaldı. Mən isə sevinərək hamı ilə vidalaşdım, həyat yoldaşıma bir neçə sözlərlə nəsihət edib evdən ayrıldım. Axşamın qaranlıq hissiyatı “Lesoqorsk” dağlarını bürüyür, mən isə ZİS markalı yük avromaşınını kabinəsində atamın dostu Məmməd Məlikovla yanaşı oturub dağlarımızı gözdən keçirərək, sanki onlarla vidalaşırdım. Bu dağları bir də görməyə çətin ümid edirdim. Çünki bir insanın ölümü çox da çətin deyil!
Nəhayət mart ayını 7-də gecə Yevlağa çatdıq. Həmin gecə qatar olmadığı üçün gedib Mina Verdiyevagildə yatıb dincəldim və ayın 8-də qatarla yola düşdük. Qatar bizi Azərbaycan torpağından uzaqlaşdıraraq Ukraynaya çatdırdı. Mart ayının 25-də Ukraynanın Rovno vilayətində yerləşdik.
Aprel ayında biz əsgərləri hərbi geyimlə təmin etdilər. 150 nəfərə qədər azərbaycanlı düşdük artileriya polkuna. Biz azərbaycanlılardan 2-3 nəfər rusca bilirdim. Mən də az-az bilirdim, amma düz olub olmamasına fikir vermədən danışırdım. Laçın rayonundan olan əsgər yoldaşlarım mənim xatirimi çox istəyirdilər. Çünki mən onlara tərcüməçilik etməklə, həm də onları müdafiə edir, bütün şəraiti onlara anladırdım.
1939- cu ilin avqust ayından kommunist partiyasının üzvü olduğum üçün məni dəfələrlə hərbi məktəbə oxumağa göndərmək təklif etsələr də mən imtina edirdim. Hər bir əziyyətə hazır idim, təki 2 il xidmətim başa çatsın evə dönməyi fikirləşirdim. Çünki ailəmiz böyük idi, qayğılar heç vaxt yadımdan çıxmırdı.
Aradan bir neçə ay keçdikdən sonra məni topun I nişanlayıcısı vəzifəsinə təyin etdilər. Bu vəzifə lap ürəyimdən idi.
1940- cı ilin yay fəslində Rovno vilayətindən yay düşərgəsinə getdik. 54-cü polkun II batereyasında xidmət edirdim. Yay düşərgəsi vaxtı sona çatdığı zaman, yəni payızda Rumıniya sərhəddinə gələrək, Şimali Bukavinanı və Bessarabiya torpaqlarının rumınlardan azad edilməsində iştirak etdik. Bizim polk Çernovitsa şəhərində dayandı. Həmin ilin noyabr ayında orta savadlılardan imtaha götürərək, bizə rütbə verdilər. Biz söz verdik ki, 2 il xidmətdən sonra mülki həyata dönəcəyik. Dekabr ayında bütün orta təhsilliləri Kiyevdə yeni təşkil edilmiş 64-cü polka göndərdilər. Kiyevə gedən 30 nəfərdən 5 nəfər, o cümlədən 2 nəfər azərbaycanlıya komandir rütbəsi verdilər. Mən həmin polkda I batereyaya düşdüm, yeni gəlmiş əsgərləri qəbul edərək I topun komandiri olmaqla, I bölüyün komandir müavini kimi fəaliyyətə başladım.
Bizim diviziya Kiyev şəhərinin hərbi qospitalının nəzdində olduğu üçün ərzaq və s. təminatımız olduqca yüksək səviyyədə idi. Evdən atam və qardaşım Təvəkgül mənə pul göndərdikləri üçün maddi vəziyyətim olduqca yaxşıydı, boş vaxt da tapırdım. 25 nəfər əsgər və 25 baş at mənim ixtiyarımda idi, zabit və əsgərlər arasında böyük nüfuzum var idi.
1941- ci ilin may ayına kimi yaxşı məşğələlər keçdik.
21 iyun 1941- ci ildə gecə bizim polk yay tətili adı ilə eşalon şəklində qatarlara yükləndik. Səhər, yəni 1941- ci ilin iyun ayının 22-də 4 tamamda Alman təyarələri Kiyevi bombardman etməyə başladı. Əsasən şəhərin kənarındakı dəmir yol stansiyasını vururdular. Bizim zenitçilər də düşmən təyarələrini artileriya atəşi ilə qarçıladı. 64 cü polk eşalonla qərbə doğru yola düşdük. Yolda topun üstündə evə məktub yazdım ki, “hələlik xudahafiz, mən getdim cəbhəyə, sağlıq olsun görüşərik”.
Bir neçə gündən sonra cəbhəyə çataraq, Yanpol şəhərinin kənarında atəş mövqeyi tutduq. Güclü yağış işimizi lap çətinləşdirmişdi, müdafiə sədləri qazaraq topları “gizlin mövqe”də gizlədik. Bir neçə yoxlama atəşi açdıqdan sonra topları silib təmizlədikdən sonra, növbətçi olduğuma görə gecə yatmadığımdan bir balaca yuxulamaq üçün yer axtardım. Bombardman edildiyindən ətrafda olan bütün uşuq-sökük binalar güclü yağış yağdığından damcılıyırdı. Bir örtülü yer tapdım və damcıların altında şirin yuxuya getdim. Təzəcə yuxuya getmişdim ki, əsgərlərim məni oyadaraq faşist tanklarının üzərimizə gəldiyini göstərdilər. Hamımız sağ tərəfdə olan tanklara vurmaq üçün cəld toplara tərəf yüyürərək nişan almaq istədik. Ancaq atəş açmaq mümkün olmadı. Çünki tanklar bizim topların nişangahından xeyli kənarda idi. Topları yenidən nişangaha uyğunlaşdırmağa isə vaxt yox idi. Mən tez başqa hesablaşma apararaq öz topumu gizli qazmadan (okopdan) çıxararaq tankları bir başa nişana aldım. Mənim topumun nişançısı Ağdam rayonundan Mustafa Məmmədova cox cavan olduğu üçün qıymadım, topun yanından qovdum ki, qazmada gizlənsin. Özüm atəş açdım, ancaq yol gəldiyimizə və toplar üzlə nizamlayıcı usta topları nizamlamadığına görə nə qıdır atırdımsa hədəfi vura bilmirdim. Lakin düşmən tankları bizim yerimizi müəyyənləşdirə bilməmişdi. Nəhayət topun “panoramasını” çıxararaq bir başa topun lüləsindın nişan alıb bir başa tanka atəş açdım. Tankı alov bürüdü. Aradan bir az keçmiş üstümüzə 15-ə qədər tank gəldi. Eyni üsulla onlara da atəş açmağa başladım. Həmin tanklar yerimizi müəyyyən edərək atəş açmağa başladılar. Bir də ətrafa baxdım ki, məndən və bölük komandirindən başqa heç kim qalmayıb, hamı geri çəkilmişdi. Biz
də atlarımıza minərək geri çəkildik. Keçmiş sərhəddən qayıdaraq, Vinnitsa vilayətinə gəldik və burada yenidən döyüş mövqeyimizi bərpa etdik, yeni top alaraq müdafiədə dayandıq. Onu da qeyd edim ki, dincəlməyə vaxt olmurdu, gecə-gündüz yuxusuz idik.
1941- ci il avqust ayının 1-də XII ordunun bir neçə diviziyası ilə birlikdə bizim 64-cü arteleriya polku da mühasirəyə düşdü. Avqust ayının 18-ə kimi müdafiədə döyüşdük. Həmin gün günorta 76 mm. topla bir başa nişanla atırdıq. Topun üstündə günorta nahar yediyimiz vaxt bir düşmən minası topdan təxminən 30 metrliyində yerə düşüb partladı. Qəlpələr sağ qılçamı iki yerdən yaraladı. Düşmənin hücumu bizi pərən-pərən salmışdı. Yaralı halda bir quyuda qalmışdım. Üç gün belə qaldıqdan sonra bütün əsgərlər Vinnitsa vilayətinin bir kəndində bir yerə toplaşdıq. Biz olan kəndə almanlar daxil olub bizim hamımızı əsir götürdülər.
Avqust ayının 25–26 Vinnitsa əsir düşərgəsinə gətirilərkən orada ən azınadan 5 min nəfərədək zabit və əsgərlərin olduğunu gördüm. Burada hər millətdən əsirlər var idi. Burada əsirləri döyür, güllələyir, kim bilir nə etmirdilər. Özbək millətindən polisaylar təşkil etmişdilər. Onlar əllərində bir metrə qədər uzunluğunda bərk rezinlə düşərgədə gəzir və əsirləri döyürdülər. Biz yaralılar sanitar hissədə saxlanırdıq, on gündə bir dəfə sarğılarımızı dəyişəndə sevinirdik. Ukraynalı qadınlar yeməyə nə gətirsələr onu verirdilər, yəni gündə 150-200 qram çörək. Vəziyyət olduqca dözülməz idi, hər gün yaralılardan və sağlarda ölənlərin sayı çoxalırdı. Qıçamın sağalması iki ay çəkdi. Məni belə zəif bir vəziyyətdə göndərdilər sağların içərisinə. Bir neçə ay düşərgədən əsirlərlə birgə bizi işləməyə aparırdılar. Gündə yeməyə 200 qram çörək və 2 dəfə də “balanda” (“balanda” – yem çuğundurunun yarpaqları və soyulmamış kartofun qaynatmasına deyirlər) verirlər. Bu yemək isə zəif adamları dərhal dezinteriya xəstəliyinə salırdı. Axşamlar min nəfərədək əsir bir barakda yatırdı, 4-5 aydır ki, hamam görmürdük. Gecə küləşin üstündə bədənimizə daraşan bitləri qova qova bir təhər yatmağa çalışırdıq. Qarın ac, fiziki iş, cır-cındır paltar, soyuq hava və ölməmək üçün yaşamaq çox çətin idi. Ancaq üzümüz bərk idi çalışırdıq ki, ölümdən xilas olaq.
Bir gün mən belə yaşamağın mümkün olmadığı üçün çıxış yolu axtarmaq haqqında fikirləşib belə qərara gəldim ki, yemək şəraitimi yaxşılaşdırmaq üçün çalışmalıyam. Bir yaxşı əsgər şinelim var idi, onu 150 rubla satıb bir çörək və s. ərzaq aldım. Sonra özümə bir ucuz şinel aldım, kiçik bir alverə başladım və yemək məsələmi qismən yaxşılaşdırdım. Ancaq faşistlərin bizi döyməsi və onlara oxşayan bitlər rahatçılıq vermirdi. Qarşıma məqsəd qoydum ki, iş vaxtı qaçam yaxındakı kəndə. Ancaq rəngimə görə yerli əhalidən fərqləndiyimə görə risk etməkdən qorxurdum. Çünki kəndə qaçsam tez tutub adamı asarlar.
Bir gün işə gedərkən əslən Laçın rayonunun Qarıqışlaq kəndindən olan Mehrəliyev Soltan adlı bir oğlanla tanış oldum. O, tez-tez kəndə qaçması və orada necə yaşaması haqda mənə söhbət edəndən sonra qəti qərara gəldim ki, onunla birgə qaçaq.
Nəhayət 1941- ci ilin dekabr ayının 22 axşam saat 5-də işdən Vinnitsa adlı əsir düşərgəsindən qaçdıq. Küçələri dəyişə dəyişə özümüzü kəndin kənarında bir yeraltı qazmaya yetirib, axşam saat 8-ə kimi orada gizləndik. Axşam qaranlıq düşən kimi 6-7 saat yol gedib bir kəndə çatdıq. Bu kənd Vinnitsa vilayətinin “Mizakiyevskiy xutor” adlanırdı. Gecə yatmaq üçün dəyirmana daxil olduq. Bu gecə sanki bizə Sibir katorqası oldu. Ayaqqabımın bir tayı ayağımı sıxır. Eri gəlmişkən yazmaq istəyirəm, üzr istəyirəm, unutmaq çox çətindir, neçə aydır ki, alt paltarı dəyişmək, hamam nə olduğunu bilmirik. Bütün bədənimizdə cücələr gəzişir, qaşınma yatmağa imkan vermir.
Nəhayət səhər açılır. Sultan ilə düşdük kəndin küçələrinə, qapı-qapı gəzib yemək istəyirik (dilənmək də demək olar). Mən utandığımdan heç bir evə daxil ola bilmirəm, ancaq Soltan sağ olsun həyətləri gəzərək çörək, alma-armud qurusu, bulka, pryaşka və s. gətirib məni də dolandırırdı. Bir gün belə dolandıq, səhəri mən Soltana bəyan etdim ki, belə dolanmaq olmaz, ev tapmalı və iş tapıb işləmək lazımdır. Üz qoydum starostanın (kənd soveti sədri) yanına, xahiş etdim ki, mənə iş versin. Nə sənətim olduğunu soruşdu. Əvvəl heç bir sənətim yoxdur, sonra zootexnik lazım olmaz deyə mal həkimiyəm dedim. O, mənə məktub verib, kəndin baytarının yanına göndərdi. Baytarı yerində tapmayıb, gecə düşdüyü üçün yatmağa yer axtarmağa başladım.
Qarşıma çıxan bir naxırçıdan mənzil tapmaqda mənə kömək etməsini xahiş etdim. O, məni Adarqa Saroqa adlı bir qadınının yanına göndərdi. 50-55 yaşlı qadına kəndə həkim işləyəcəyimi deyib, yaşamaq üçün ev axtardığımı söylədim. Adaqra razı olub evlərini mənə göstərdi, kasıb olduğunu dedi və məni ancaq starostanın vasitəsi ilə evə buraxacağını bildirdi. O, mənə bu gecəliyinə başqa bir evdə - Qrişa adlı bir oğlanın evində qalmağı məsləhət gördü və evi mənə göstərdi. Qrişanın evinə tərəf gedəndə Adaqra qonşularına deyir ki, doktor gəlmişdi, sabahdan mənim evimdə qalacaq. Həmin qonşulardan biri yıxıldığından ayağı çıxmışmış. Nə doktoru olmağımı başa düşmədən mənim arxamca adam göndərirlər. Qrişanın evinə çatmamış arxadan səs eşidib, geriyə dönərkən bir azyaşlı qızın mənə tərəf yüyürərərək gəldiyini gördüm. Qız “dyadya” Sizi bizim evdə gözləyirlər. Qorxa-qorxa onlarda kimlərin olduğunu soruşdum. O, kənar adamların olmadığını bildirdi, atam xəstə olduğu üçün Sizi çağırırlar dedi. Evə daxil olarkən qızın atasının ayağının çıxdığını gördüm. Müalicəni bacararam deyib, dərhal işə başladım. Axşam qaranlıqda mümkün olmadığı üçün lazım olan ağacları yonub işi sabaha saxladım.
Yaxşı bir süfrə açdılar. Mən isə xeyli vaxtdır ki, yuyunmadığımı bildirdim. Yuyunub, paltarlarımı dəyişib xeyli rahatlandım. Səhər tezdən kişinin ayağını “çarxa” verib, çıxığı yerinə saldım. Kişi dərhal rahatlandı və şirin yuxuya getdi. Düz 15 gün məni qonaq saxladılar. Sonda nəhayət ki, donuzçuluq fermasında işə düzəldim. 1942- ci ilin yazına kimi orada çalışaraq, Adaqra Saroqanın evində qalırdım. Yazda öz adamlarını təyin edib, məni işdən azad etdilər. Nəhayət yazın axırında, yayın axırında almanlar süşərgədən qaçan əsirləri tutmaq üçün hərəkətə gəldilər.
Adaqra məni evində bir müddət gizlədəndən sonra başa düşdüm ki, belə gizlənməklə yaşamaq mümkün deyil. Qonşu Jitomir vilayətində partizan dəstələrinin olduğunu eşidib, yol üçün ərzaq tədarük edərək Adaqra ilə halallaşaraq meşə yolu ilə Jitomirə tərəf yola düşdüm. Rus və azərbaycan dillərində alman faşistlərinin məhv olmasını arzulamaqla evə halallaşma məktubu yazıb Adaqraya verdim ki, bir yol tapıb məktubu göndərsin.
Yolda çox əziyyətdən sonra, 10-15 gün yol gedərək nəhayət ki, partizan dəstəsini tapıb özümü təqdim etdim. Dəstənin komandirinin əslən Bakılı olan Məmmədov familiyalı bir azərbaycanlı olduğunu bildim. Onunla görüşüb tanış oldum. Mənim partizanlığa gəlməyimə çox sevinərək burada tək olduğunu bildirdi. Bir neçə gündən sonra sayımız 28 nəfərə çatdı. Cəmisi 5 ədəd tüfəngimiz, olduqca az patronumuz vardı. Bir balaca çətinə düşən kimi başqa meşəyə qaçırdıq.
Bir gün Məmmədov bir neçə nəfər partizanla magistral yolda pusqu qurub gözləyir. Bir alman generalı 2 nəfərin müşayəti ilə minik maşını ilə meşə yolu ilə cəbhəyə gedərkən pusquya düşür. Onları məhv edib avtomobili, sənədlərini və paltarlarını meşəyə gətirdilər. Məmmədov sovet ordusunun podpolkovniki olmuşdu, alman dilini səlist bilirdi. Həmin gün o, 2 nəfər partizana alman əsgərlərinin, özü isə generalın paltarlarını geyinərək Jitomir şəhərində yerləşən əsir düşərgəsinə getdi.
Məmmədov düşərgənin rəisi ilə danışıqlar apararaq cəbhə arxasında yol-tikinti işləri görmək məqsədi ilə 200 nəfər sağlam əsir seçir, ondan bir ədəd radio verici cihaz da alaraq yük avtomobili ilə onları yola salır. Özü isə qalaraq aldıqlarına dair düşərgə rəisinə qəbz verir.
Həmin gecə Məmmədov Moskva ilə əlaqə saxlayaraq koordinatları verərək lazımı köməklik istədi. Gecə saat 12-dən 3-dək paraşütlə bizə avtomat silah, əl pulemyotu, patron və s. sursat, ərzaq tulladılar.
Olduqca qüvvətli bir partizan birləşməsinə çevrildik, üstümüzə nə qədər düşmən qüvvəsi gəlsə də geri oturduldu. Bu ərəfədə mən tapşırıq üzrə Leninqrad partizan dəstəsinə kəşfiyatçı işinə göndərildim.
Nəhayət 1944- cü ilin mart ayının əvvəlində Leninqrad cəbhəsindən alman faşist birləşmələrinə ilk güclü zərbə oldu. Nəticədə Qızıl Ordu almanları bütün cəbhəboyu geri qovdu və bizim partizan birləşməsi Ordu ilə birləşdi. Bizim 5-ci partizan briqadası ağır döyüşlərdən sonra 10 günlüyünə istirahətə buraxıldı. Sonra isə bizi ehtiyat polkuna verdilər. Bütün partizanlar opdu paltarı geyib cəbhəyə getdik.
1944- cü ilin mart ayının 28-də “Nadnarva” adlanan cəbhəyə daxil olduq. Partizan yoldaşalarım Rəcəb Mahmudov (Xaçmaz rayonundan), Əziz Qumanov (Kəlbəcər rayonundan) və başqaları birlikdə artileriya dviziyasına düşdük. Bir neçə gündən sonra bizi Finlandiya cəbhəsinə yönəlib, IV zərbə ilə onları arxaya qovduq. Nəticədə sülh müqaviləsi bağlayıb müdafiə mövqeyində dayandıq.
1945- ci ilin yanvar ayının 5-də Visla çayı üzərindən almanların üzərinə hücuma keçərək, onları Oder çayına kimi qovduq. Bir neçə gün orada müdafiədə dayanandan sonra nəhayət ki, Almaniyanın daxilinə girib müharibəni orada davam etdirdik.
Nəhayət Breslavi şəhərinin qərbində Opel şəhərinə girərkən müharibənin QURTAMAĞINI BİZƏ XƏBƏR VERDİLƏR!
Müharibə qurtardığından başımız qarışdı içki içməyə, 2 gündən sonra başa düşdük ki, biz 4 nəfər XIII dviziyadan geridə qalmışıq. Dviziyamız isə Çexoslovakiyanın sərhəddinə yaxınlaşmışdı. Bir qapıda “OPEL” markalı dbtomobil görüb, məsləhət etdik ki, minib dviziyaya çataq. Həmən gün axşam saat 5-də mən avtomaşının sükanı arxasına keçərək gecə dviziyaya çatdıq. Avtomaşını bir qapıda saxlayıb yatdıq. Səhər tezdən dviziyaya gedərkən batalyon komandiri Karpov məni yanına çağıraraq onunla “poluturka” maşınında getməyi əmr etdi. Mən isə ona “OPEL” avtomobili gətirdiyimi bildirib, onunla getməyi təklif etdim. 4 nəfər mənim gətirfiyim avtomobilə əyləşib, Çexoslovakiyaya çatdıq. Çexlər bizi çox yaxşı qarşıladılar. Bizim ordu kalonu keçdikcə onlar “nadzar” deyərək qışqırırdılar.
Nəhayət 8 ay həmin “OPEL”də sürücülük etdim. Sonra isə batalyonun tibb sanitar inspektoru vəzifəsində çalışdım. Özümün “DKV” markalı motosklitim oldu, batalyonun sanitar inspektoru olmaqla müəyyən məntəqələrə təhkim edilmişdim. Vəzifəmdən olduqca razı idim. Müəyyən səbəblərə görə məni ehtiyat polka göndərdilər və mən Breslavi hərbi komendaturada çalışmağa başladım.
1945- ci ilin noyabr ayında evə məktub yazdım, ancaq evdən məktublarıma cavab gəlmirdi. Düşünürdüm ki, poçt xidməti pozulduğundan məktublarım evə çatmırdı.
Artıq 1915- ci ildə anadan olub, 3 dəfə yaralananları ordudan tərxis etməyə başlamışdılar. Mən isə sənədlərə əsasən 1916- cı ildə anadan olmaqla, iki dəfə yaralanmışdım. Evə məktub yazdım ki, maldarlıq texnikumunu zootexnik ixtisası üzrə bitirməyimə dair mənə arayış göndərin. Bu arayışı almağı səbirsizliklə gözləyirdim, çünki onun əsasında məni ordudan tərxis edərdilər.
1945- ci ilin noyabr ayının 28-də biz kiçik komandirləri ehtiyat polkuna göndərdikləri üçün səhər tezdən hərbi komendaturadan çıxmalı olduq.
Səhəri gün saat 10 tamamda nəhayət ki, evdən məktub aldım, açaraq içindəki arayışları götürüb sevincək ehtiyat polka gəldim. Çalışdım ki, tez sənədlərimi rəsmləşdirib evə gedəm.
26 dekabr 1945- ci ildə Breslavi şəhərindəm şərqə doğru eşalonla yola düzəldik.
02 yanvar 1946- cı ildə Moskvaya çatdıq.
07 yanvarda gecə saat 5 tamamda Ağdamda atamın yaxın dostu, əmi sayıb, sevdiyim Hüseynqulu Babayevin evinə daxil oldum.
Səhəri gün, yəni yanvarın 8-də Hüseynqulu əmi Laçına atama mənim burada olduğumu xəbər verdi.
Atam dərhal Ağdama gəldi. Artıq 7 ildir görmədiyim atamla necə görüşdüyümü yəqin ki, təsəvvür edərsiniz. Yanvarın 9-da qardaşım Təvəkgül Ağdama gəldi.
Bu 3 gün Hüseynqulu əmi bizi buraxmadı, şərəfimizə qonaqlıqlar verdi.
Yanvarın 10-da avtomaşınla Laçına doğru yola düzəldik.
Nəhayət axşam saat 7-də Laçına evə çatdıq.
Evə daxil olarkən şəhərdə olan bütün qohumları, dostları gördüm, bütün günü məni gözləmişlərdi. Qardaşım Sabiri evdə xəstə görəndə əhvalım pis oldu.
3 gün toy səviyyəsində qonaqlıq edildi.
Misir əmimin vəfat etməyini eşidim, olduqca kədərləndim.
Atamla kəndə gedib, bütün qohum və dostlarla görüşdük.
Burada öyrəndim ki, 1943- cü ilin mart ayında bacım Mehriban Padar kəndində, 1944 cü ilin may ayında əmim Misir, 1944 ci ilin mart ayının 22-də əmim oğlu Ağa, 1943- cü ilin payızında isə atamın xalası Hürnisə öz kəndimizdə vəfat etmişlər.
Nəhayət kənddən geri qayıdıb martın 1-dək evdə istirahət etdim.
Həmin tarixdən, yəni 01 mart 1946- cı ildə rayon torpaq şöbəsində atçılıq üzrə zootexnik vəzifəsinə qəbul edildim.
1945- ci ilin dekabr ayının 25-də qardaşım Təvəkgülün oğlu Eldar anadan olmuşdur.
10 aprel 1946- cı ildə baytar həkimi Bəşir Xıdırovla birlikdə Güləbird kənd sovetliyinə pasportıaşma və malenizatsiya kompaniyası keçirmək məqsədi ilə ezam edildik. Sabiri də özümlə kəndə apardım ki, kənd havası onun müalicəsinə kömək etsin. Həmin gün isə Hüsüm (atama bütün yaxınlar belə müraciət edirdilər) qardaşım Kamillə Yevlaxa getdilər.
Aprel ayının 13-də Temir əmimin oğlu Abdullanın və Misir əmimin oğlu Müzəffərin sünnət qaydası ilə kiçik toylarını etdilər, biz də orada iştirak etdik. Qardaşım Sabir toyda “ləzginka” havası ilə oynadı və pəsdən segah oxudu.
Aprelin 14-də Sabiri kəndə evdə qoyub, işimizlə bağlı Bəşir Xıdırov, Qaraş İsmayılov, Cəfər Xıdırov və mən Cəfərabad sovetliyinə getdik. Ayın 15 orada işimizi bitirib, 16-da qonşu Məlikpəyə sovetliyinə gedib, yenicə işə başlamışdıq ki, həmkəndlimiz Mamay atla gəlib Sabirin bu gün səhər saat 7-də vəfat etdiyini mənə bildirdi. Çox pis vəziyyətə düşdüm, telefonla Laçına zəng edib bacım Ziyaya xəbəri çatdırdım. Özüm isə Cəfər Xıdırovla kəndə getdim. Həmin gün saat 3-də Hüsümə Yevlaxda xəbər çatdırarlar. O. Kamillə dərhal yola çıxar, gecə saat 3-də Abasqışlağının başına gəlib çatdılar. Aprelin 17-də Sabiri dəfn etdik.
Ayın 18-də Laçına qayıtdıq.
Bu hadisəni 21 apreldə, bazar günü gecə saat 3-dək yazdım.
Bu hadisədən 2-3 ay keçəndən sonra getdik yaylağa.
Məni 15 iyul 1946- cı ildə rayonun kolxozlarına duz gətirmək üçün Naxçıvana ezam edildim. 01 avqust 1946 cı ildə Gorusa 9600 kq. duz gətirdim. 15-20 gün Gorusda qalıb duzu Laçından gələn kolxoz nümayəndələrinə payladım.
Sonra mənim evlənmək nəsələmi qaldırdılar. Bu haqda çox fikirləşdik, mənə çox adamları məsləhət bildilərsə də mən razılaşmadım.
Nəhayət Cəfərabad kəndindən Həsənalı Baxışzadənin qızı Şəfiqəni qəlbim tutdu. Adam göndərdik ki, Sizə elçi göndərəcəyik. Deyiblər ki, yox! Qız oxumağa gedəcək, əmiləri bilər və s.
Iyul ayının 25-də 600 manat yol pulu verib Məhəmməd Həşmimlini Bakıya göndərdim, qızın adından başqa adam məktub yazdığına görə əmiləri söz verməmişdilər.
Nəhayət bu sevdadan əl çəkməyərək, atası Bakıya gedən zaman, yəni 28 yaxud 29 avqustda mən və qardaşım Təvəkgül atlanıb axşam saat 9-da Cəfərabada gedib, qızın verilməsini anasından tələb etdik. 30 avqustda Məzməzək cavanlarından 10 nəfər atlanaraq kənd yoluna bələdləşmək, manevra etmək və onları qorxuzmaq üçün Cəfərabada getdilər. Bu işi Şəfiqənin anası Yetər xala biləndə bərk qorxuya düşərərək qızlarının ikisini də, yəni Şəfiqə və Rəfiqəni qohumları Talışa qoşar ki, kəndin şimali qərbində meşədə gizlənsinlər.
Nəhayət Həsənalı Baxışzadə Bakıdan qayıdandan sonra, yəni 1946- cı il sentyabr ayının 8-də Hüsüm, Məmməd Məlikov, Fərrux İbrahimov, Məhəmməd Həşimli elçiliyə getdilər. Ayın 10-da Cəfərabaddan qayıtdılar. Sentyabrın 15-də anamın ora getməsi məsləhət bilindi.
Nəhayət 19 sentyabr 1946- cı ildə avtomaşınla gedib Ş.B.H. qızını gətirdilər. Ayın 20-də evləndik və qarşıma qoyduğum əhdimə çatdım.
Artıq işimə başladım.
23 sentyabr 1946- cı ildə Qubadlı rayonunun Fərcan kəndində olan böyük bacım Gövhərgil bizə gəldilər və 04 oktyabrda geri qayıtdılar.
09 oktyabr 1946- cı ildə Ziyanı Əkbər kişinin oğlu Xasaya verib, toyunu etdik.
15 oktyabra vəzifəmin icrası ilə bağlı kəndlərə getdim və 01 noyabrda geri qayıtdım. 18 ya da 19 noyabrda Rəfiqəni İbrahim qaçırdı, bu bizi çox pərt etdi.
Yelmar Təvəkgül oğlu Abdullayev yaylaqda Əhmədli kəndinin başının üstündə Əlyetməzli bulağında 10 iyul 1947- ci ildə anadan oldu.
Qəzənfər Rüstəm oğlu Abdullayev 16 sentyabr 1947- ci ildə gecə saat 4 tamamda Laçın şəhərində anadan olmuşdur.
Hüseynov Fazil Kamil oğlu 02 fevral 1950- ci ildə anadan olmuşdur. Kamilə Gülüzarı 1949- cu il mart ayının 22-də qaçırmışdıq.
Hüseynova Almas Rüstəm qızı 22 may 1950- ci ildə anadan olmuşdur.

Abdullayev Rüstəm Hüseyn oğlu 1951- ci il sentyabr ayının 15-də avtoqəzada həlak olmuşdur.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”