Qarabag Media
Haqqımızda Əlaqə

Balalar (Qarabağ söhbətləri)


Tarix:23-11-2015, 08:23 Kateqoriya:Manşet / Yazarlar

Balalar (Qarabağ söhbətləri)

Hkimət SABİROĞLU
1988-ci ilin aprelindəki Qarabağ iki ay qabaq çıxdığım Qarabağ deyildi. Bunu Bakı-Stepanakert qatarı Ağdamda dayanan kimi hiss elədim.

Ağdamda adətən yerlilər, bir də sərt relyefdən keçən beş-on kilometr yolu tısbağa sürəti ilə getməyə hövsələsi çatmayan sərnişinlər — şuşalılar, laçınlılar, Dağlıq Qarabağ mərkəzinə yaxın kəndlərin camaatı düşərdi. Ancaq indi perronda qələbəlik yaranmışdı, vağzal taksilərinə tərəf tələsənlərin sayı-hesabı yox idi. Vaqonun pəncərəsindən seyr elədiyim bu mənzərə evə zəng vuranda eşitdiyim “mütləq Ağdamda düşərsən” xəbərdarlığının boş söz olmadığını göstərirdi. Bu basabas və tamburun o biri başında dayanmış ər-arvad erməninin heyrətli nəzərləri (yəni hamı — bütün azərbaycanlılar — düşdü, bu nə əcəb qalıb?) həmişəki kimi Stepanakertəcən getməyi planlaşdıran bəndənizi ayıltdı. Mən də düşdüm.

Qayıdan baş da Stepanakert vağzalını görmək qismət olmadı, atamla bibioğlum məni maşınla gətirib Ağdama qoydular. Yolumuzun qısalmasıyla, qısala-qısala uzanmasıyla barışmaqdan başqa çarə yoxuydu.

***

Apreləcən çox şey baş vermişdi — Əsgəran qalasının yaxınlığında iki azərbaycanlı qətlə yetirilmiş, Quqarkda, Sumqayıtda qırğın olmuş, Ermənistandan köç başlamışdı. Bu xəmirin nə qədər su aparacağını heç kim deyə bilməzdi, amma yaman işə düşdüyümüz ortalıqdaydı.

***

Şuşaya yas yerinə, bibim ərinin qırxına getmişdim. Yaşlı adam deyildi Mikayıl dayı. Canı ağrımağına ağrıyırdı, amma qəfil bəla kimi gələn hadisələr ürəyini zora salmasaydı, ölməzdi. Fevralın 26-da televizora baxdığı yerdə ürəyini tutub yarımca dəqiqəyə oğlu Vamiqin qucağında keçinmişdi.

Mən o yasacan ölü yerində adamların az qala pıçıltıyla danışdığına adət eləmişdim, indi hamı səsinə qüvvət vermişdi. Hüzr qalmışdı bir qıraqda, dərd dərdə üstün gəlmişdi.

***

Xeyir-şər məclislərinin urvatdan düşəcəyi, toylarımızın bəyənmədiyimiz Bakı toylarıyla eyniləşəcəyi, binaların, kvartalların, yataqxanaların arasında yas mağarı axtaracağımız da olacaqdı — amma hələ sonra, sonra…

***

Şuşada heç bir çaxnaşma, toqquşma baş verməsə də, artıq ermənilərə münasibət soyumuşdu. Bibimgilin ailəvi dostu daşaltılı Edik də yasdaydı. Bu adamı uşaqlıqdan tanıyırdım, hətta bir ara, mən əsgərliyə getməmiş eyni idarədə işləmişdik — sözlü-söhbətli, zarafatcıl adam olduğunu bilirdim. İndi kirimiş oturmuşdu, camaat qəbir üstünə gedəndə maşınına heç kəs oturmadı da.

***

Bu soyuq müharibə 1988-in sentyabrınacan davam elədi. Bir günün içində Stepanakertdən 15 min azərbaycanlını qovan kimi erməniləri də Şuşadan üzüaşağı yolladılar.

Həmin ilin yayında qonşumuz Qariki son dəfə gördüm. Leninqradda oxuyurdu. Şəhərin gur yerində, budkadan siqaret alıb geri çevriləndə üz-üzə gəldik. Əl tutduq. Az qala öpüşəcəkdik də, amma bir saniyənin içindəcə fikrimizdən daşındıq. Başını Stepanakert tərəfə əydi: “Görürsən də bu oğraşları…”

Vəssalam, heç hal-əhval da tutmadıq.

Bu əhvalatı isə vaxtilə “Avropa” qəzetində yazmışam. Bufetçi Manyanın əhvalatını.

Manya on illərcə bizim məktəbin bufetini işlətmişdi. Hadisələr başlayanda şagirdlər bufeti boykot eləyib onu işdən çıxmaq məcburiyyətində qoymuşdular. Deyilənə görə, Stepanakertdəki mitinqlərə dolma bişirib apardığı üçün qəzəbə gəlibmiş.

Şuşada adətən gecə 1-ə, 2-yəcən şəhərdə olurdum. Belə gecələrin birində evimizə sarı düşəndə onu küçəni süpürən gördüm. Aramızda xeyli məsafə vardı, tez yolun o tərəfinə keçdim ki, qarşılaşmayaq, məni görəndə utanıb-eləyər, yaxşı çıxmaz.

Olmadı, gördü məni: “Madağım (o, məktəbdə hamımızı belə çağırardı — bilmirəm, ya əzizim mənası verirdi, ya da buna uyğun başqa bir şey), niyə salam vermirsən? Allah baiskarın evini yıxsın…”

***

Qarğış nəyi dəyişə bilərdi? Həyatımız pozulmuşdu. Uşaqlıqda çayda çimməyə gedərdik — Daşaltı çayına. İndi olmazdı, Topxana meşəsi tərəfdəki erməni kəndlərindən enib adamın başına oyun aça bilərdilər. Cıdır düzünün qayalıqlarında görsənmək də məsləhət deyildi — adam nişangaha gəlirdi. Ağdama gediş-gəliş hər an dayana bilərdi — buna da öyrəşməliydik.

1988-ci ilin yayında Şuşada bir boşluq yaranmışdı. Adətən yayda aran camaatı özünü Şuşaya verər, gəlmələrin sayı əhalini vurub keçərdi. İndi iki cüt-bir tək gəlmə vardı.

***

Şəhərin öz camaatına da həsrət qaldığı, küçələrdən əl-ayağın, evlərdən hənirtinin kəsildiyi vaxtlar da olacaqdı, amma hələ sonra, sonra…

***

1991-ci ilin dekabr axşamlarının birində Şuşaya çatanda dəhşətə gəldim. İlk dəfəydi Laçın yoluyla gəlirdim, Ağdam yolu birdəfəlik bağlanmışdı. Su anbarının yanından bina evləri yesir günündə görünürdü. Tək-tük evdən işıq gəlirdi.

Yeni ili evdə qarşıladıq, anam, qardaşım, mən, bir də həmin günlər Şuşada ezamiyyətdə olan İsrail Musayev — hərəkat dövrünün nəhəng jurnalistlərindən biri.

Şəhərdə çox qalmaq istəyirdim, qismət olmadı. Yanvarın 3-də qardaşım Nazim özü kimi şərə-şur adamlardan “dar gün üçün” aldığı (təbii ki, böyük qardaşdan gizlin) qumbarayla ehtiyatsız davranıb əlini darmadağın elədi. Nazim universitetin 4-cü kursunda oxuyurdu, imtahanlarını vaxtından qabaq verib ev-eşikdən muğayat olmağa gəlmişdi. Bir neçə gün Şuşa xəstəxanasında yatandan sonra onu vertolyotla Bakıya aparası oldum, orda bir neçə cərrahiyyə əməliyyatından keçdi. Qızlar (bacılarım) da Bakıda olduğundan anam bir müddət tək qaldı Şuşada. Bunu heç cür unuda bilmirəm.

***

Anam danışır ki, fevralın axır günlərində birdən-birə qapımıza xeyli it gəlmişdi. Deyir, yəqin Malıbəylinin, Xocalının itləriymiş.

***

Şuşa çıxandan bir neçə il sonra anam boğçasından bir qoz çıxardı — həyətimizin qozuydu. Maraq üçün sındırdıq. Salamat qalmışdı. Hərəyə bir tum dənəsi qədər düşdü.

Payızda dərsdən qayıdanda bir dilim çörək götürüb qozun dibinə düşərdim. Qozla boyat çörəyin ayrı ləzzəti var. Qoz ağacının xəzəlini yandırmağın da.

***

Məktəb illəri unudulmazdı. İdmandan zəif olsam da, bir müddət basketbola getmişəm. Hətta məktəblərarası yarışlarda hakimlik də eləmişəm. Bir yol açıq-aşkar üz görüb erməni məktəbini internat uşaqlarına uduzdurdum. Ermənilərin məşqçisi Şmavon özündən çıxmışdı, axırda ona texniki fol verdim (bu isə iki cərimə atışı demək idi). Neçə illər sonra da şəhərdə rastlaşanda mənə tərs-tərs baxırdı.

Sinif yoldaşlarımla o illəri ikiqat ağrıyla xatırlayırıq. Hərdən məktəbimizi göstərirlər. Kilsənin böyründəki məktəbdir.

***

Məscidlər kimi, kilsə də atılmış vəziyyətdəydi, qumarbazları özünə çəkərdi. 1980-ci illərdə Yerevandan gələn ustalar təmir eləyirdilər, hadisələr yarımçıq qoydu.

Biz uşaq olanda danışırdılar ki, erməni-müsəlman müharibələrində bizimkiləri kilsədə edam eləyirmişlər.

***

Erməni-müsəlman müharibəsi beyinlərdə həmişə gedirdi. Hər halda “Neftçi” — “Ararat” oyunlarında şəhər ikiyə bölünərdi. 1981-ci ildə “Neftçi” Yerevanda 1:6 hesabıyla uduzanda məhlə uşağı Karonun başı bizə yandıq verdiyinə görə yarıldı.

“Neftçi” ayrı komandalarla oynayanda ermənilər özlərini elə göstərirdilər ki, guya bizə azarkeşlik edirlər. Elə biz də “Ararat”a oxşar münasibətdəydik — üzdə bir cür, içimizdə ayrı cür. Ona görə düşmənçilik eləmək çətin olmadı.

***

Karonun başını qonşumuz İntiqam yarmışdı. Daşı tolazlayanda nə desə yaxşıdır? “6:2!” İntiqam hesab arasındakı fərqi bir şuşalı məzəsiylə azaltmaq istəmişdi.

***

Şuşa məzələrinin tayı-bərabəri yoxdur.

Rəhmətlik Amil həkim Şuşikəndə — erməni kəndinə — yasa gedir. Babat vurandan sonra — xristianlar yasda içirlər axı — heyranlıqla qəbiristanlığa tamaşa eləyir. Çox abad qəbiristanlıqmış. Deyəsən, kənd sovetinin sədri olub soruşan:

— Hə, həkim, nətəər qəbiristanlıqdır?

Amil həkim başını razılıqla bulayır:

— Qərbə (qəribə — yəni əla)! Amma bir az seyrəkdir…

***

Yox, tək ermənilərlə məzələnmirdilər. Bu şəhərdə “Moskviç”inə təkər almaq istəyən nabələd adamı “zapçast” mağazasının müdiri Vaqif “kiosk” Fərmanın (guya “zapçast” da satır), ordan “aptek” Kamranın (guya Fərmanda qurtarıb, Kamranda olar), ordan da dəllək Nadirin üstünə göndərdikləri olub.

Danışırlar ki, bu Şuşa labirintində bir saatdan çox hərlənən kişini dəllək Nadir ülgücün qabağına salıb qovurmuş. Gör indi dəllək Nadirin dilxor vaxtına düşməsəydi, yazıq füzulili Şuşada nə qədər fırlanacaqmış.

***

“Cin” Şahin deyilən birisi vardı. Ayaqqabının bir tayını bir qardaşına, o birini o biri qardaşına satıb hərəsindən 100 manat alıb ki, gedirəm o biri tayını da gətirəm. Sən demə, ayaqqabını Şuşa bazarında tanış ağdamlı alverçidən götürübmüş ki, qardaşımın “razmeridir”, xoşuna gəlsə, pulunu axşama çatdıracam. Ayağının ölçüsü eyni olan qardaşlardan üst-üstə 200 manat almağı bir yana, ağdamlının pulunu da vermir.

Cəriməni qardaşlardan biri — Xanoğlan çəkir. Yaxşı ki, heç olmasa “Cin” Şahin ayaqqabının o biri tayını da doğma qardaşına — Baloğlana satıbmış. Xanoğlan ona 220 manata başa gələn ayaqqabının o biri tayını Baloğlandan havayı alır.

***

Kərəm adında bir şuşalı danışır ki, qaçqınlıq vaxtı Sankt-Peterburqda təsadüfən bir qadınla tanış oldum. Demə, qadın nə vaxtsa Şuşa sanatoriyasında dincəlibmiş. Deyir, qaqa, məndən nə soruşsa yaxşıdır:

— Okolo bazara odin çyort limonad prodayet, yeqo znaeş?

— Şaxin?

— Da, da, Şaxin! Ya ves soyuz obyezdila, tolko on mne limonad za 50 kopeek podsunul.

Söhbət həmin “Cin” Şahindən gedir.

***

Qar yağanda qorxa-qorxa yeriyirəm. Öz-özümə düşünürəm ki, mən o Şuşa qarında nə cür yeriyirdim axı?..

Oğlumu dərsə aparanda deyirəm, bəs mən birinci sinifdən məktəbə tək gedib-gəlmişəm, qar da dizdən olurdu.

Uşaq qayıdır ki:

— Ata, bəs maşın yolunu nətəər keçirdin?

İndinin şuşalı uşaqlarının təsəvvüründə yol Bakının yolları kimidir axı.

17 fevral 2006










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında