Qarabag Media
Haqqımızda Əlaqə

Ömrünün son illərini yoxsulluq içində keçirən sabiq nazir — CÜMHURİYYƏT QURUCULARI


Tarix:9-06-2019, 14:47 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Ömrünün son illərini yoxsulluq içində keçirən sabiq nazir — CÜMHURİYYƏT QURUCULARI

Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən olan Əkbər ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olub. Orta təhslini İrəvandakı Gimnaziyada aldıqdan sonra Ə.Şeyxülislamov Peterburqa gedib, orada Yol Mühəndisliyi İnstitutuna daxil olub.

1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra, yaranmış siyasi vəziyyətlə əlaqədar Ə.Şeyxülislamov təhsilini başa vurmasına baxmayaraq, diplomunu almadan Vətənə qayıtmışdır.

1918-ci ilin əvvəllərindən onun siyasi fəallıq dövrü başlayır. Ə.Şeyxülislamov həmin ilin fevralında Tiflisdə yaradılan Zaqafqaziya Seyminin üzvü olmuşdur. O, fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş Müsəlman fraksiyasının tərkibindəki Hümmət (menşevik) Partiyasına daxil idi.

Ə.Şeyxülislamov Zaqafqaziya Seymi tərəfindən Osmanlı Türkiyəsi ilə danışıqlar aparmaq üçün 1918-ci ilin martın 1-də yaradılmış Nümayəndə Heyətinin tərkibinə daxil idi və o, Zaqafqaziya Hökumətində Daxili İşlər Nazirinin müavini vəzifəsini icra edirdi.

1918-ci ilin Mayın 28-də Azərbaycan İstiqlalı elan edildi və bəyannaməyə imza atanlardan biri də Əkbər ağa Şeyxülislamov idi.

1918-ci ilin Mayın 28-də, İstiqlal elanından sonra Milli Şura F.X.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti Hökumətini təşkil etməyi tapşırır. F.X.Xoyskinin yaratdığı Hökumətdə Əkinçilik və Əmək Naziri vəzifəsi Ə.Şeyxülislamova tapşırılır.

1918-ci ilin mayın 29-da isə Tiflisdə keçmiş Qafqaz canişini sarayında H.Ağayevin sədrliyi ilə Milli Şuranın ikinci iclası keçirilir. İclasda İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəştə gedilməsi müzakirə olunur. Milli Şura üzvü F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə şura üzvlərinin Ermənistan Milli Şura üzvləri ilə keçirdikləri görüş və burada ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropolun Türk ordusu tərəfindən tutulmasına görə İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bildirir.

Bu məsələnin müzakirəsində X.Xasməmmədov, M.Y.Cəfərov və M.Məhərrəmovla yanaşı, Ə.Şeyxülislamov da çıxış edib. İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət və bizdən ötrü acı bir həqiqət olduğunu bildirmişdilər. İrəvan məsələsi səsə qoyulduqda 28 nəfər Şura üzvündən 16-sı bu təklifin lehinə səs vermişdi.

Həmin iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsi də müzakirə edilərək səsə qoyulduqdan sonra qəbul olunub.

Ə.Şeyxülislamovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə ən mühüm fəaliyyəti də Parlamentdəki çıxışlarıdır. O, parlamentdəki fəaliyyətini 1919-cu ilin yanvarın 9-na qədər davam etdirmiş, sonra Azərbaycan Nümayəndə Heyətinin tərkibində Fransaya getmişdir.

1928-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başladı. Parlamentdə təmsil olunanlardan biri Əkbə ağa Şeyxülislamov idi. O, Parlamentdə sosialist fraksiyasının tərkibinə daxil idi.

1918-ci ilin dekabrın 10-da Parlamentin ikinci iclası keçirilir. İclas Həsən bəy Ağayevin sədrliyi və Rəhim bəy Vəkilovun katibliyi ilə açılır. M.Ə.Rəsulzadə Türk Ədəmi Mərkəziyyət - Müsavat Partiyası adından bəyannaməni oxuyur. M.Ə.Rəsulzadədən sonra sosialistlər ittifaqı adından Aslan bəy Səfikürdski çıxış edir.

Söz Hümmət fraksiyası təmsilçisi Əkbər ağa Şeyxülislamova verilir. O, çıxışında deyir: "Möhtərəm Parlament əzası! Bu gün möhtərəm və səmimi revolyusionerlər üçün böyük gündür. Bu asılan bayraq o inqilabın atəşidir. Biz sosialistlər məramnaməmizin üçüncü maddəsində ümum millətlərin azadəliyini və qardaşlığını yazmış və şüarı bayrağımızda qaldırıb yürütmüşük və yürüyürük. Mən üzümü o şəxslərə tuturam ki, bizi beynəlmiləlçilikdə müttəhim və millətə zidd hesab edirlər. Beynəlmiləlçilik ümumi bəşəriyyətin azadə yaşaması və işləməsi deməkdir (alqışlar).

Xarici düşmən o qədər də qorxulu deyildir. Daxili isə xarici düşməndən daha qüvvətlidir. Bunlar Tomsonun yanına qaranlıq bucaqlardan keçib. Azərbaycanı yıxmaq, milli müqəddəratımızı əlimizdən almaq istəyirdilər (sürəkli alqışlar). Biz sosialistlər Azərbaycan Cümhuriyyəti yolunda addımları bir daha geri götürməyəcəyiz (alqışlar). Biz demişik ki, idarələrin fəhlə və kəndçilər sinfi iştirakı ilə təşkil edilən millətlər yaşayacaqdı. Camaat Hökumətin işindən heç bir zaman kənar və bixəbər qalmamalıdır. İndi hamı millətlər bizim əsasları qəbul etmişlərdir. Almaniya imperatorluğu da yıxılıb dekoratik şəklə düşmüşdür. Və eşitdiyimiz Vilson prinsipləri, Vilsonun deyil, bütün dünya sosialistlərinin prinsipləridir (alqışlar). İnsan bu cərgəyə daxil olmaq üçün bir sinfə malik olmalıdır. İndi bizə nəsil, sənət lazımdır ki, insanlar cərgəsinə daxil olaq. Cümhuriyyət inama daxil olmaq üçün bu yolla çalışdıq, şəxsi mənfəətlərindən ötəri bizləri millətə düşmən edənlər Milli Komitəni dağıtdılar. Onların səhvi məlum oldu.

Məndən irəli nitq söyləyən arkadaşım unutdu, desin ki, bütün millət azad olmalıdır. Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan sifətində baxmalıyız (sürəkli alqışlar). Millətin yarısı işləyib, yarısı işləməsə, o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar, dövlət və Vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməz, özləri qul və əsir insanlar yaradırlar (alqışlar).

İstiqlalımıza inanmayanlar hər firqədən olsalar da, Hökumətimizə daxil olmamalıdırlar.

Yaşasın Azərbaycan Cümhuriyyəti, Gürcüstan, Ermənistan Cümhuriyyətləri, Şimali Qafqasiya Cümhuriyyətləri və millətlərin qardaşlığı!.. (alqışlar).

1918-ci ilin dekabrın 20-də Parlamentin dördüncü fövqəladə iclası keçirilir. İclasın açılışında çıxış edən H.Ağayev bildirir ki, Parlamentin fövqəladə iclas keçirməsinə səbəb iki başlıca hadisədir: birincisi, gürcü-erməni millətləri arasında qeyri-rəsmi müharibənin aparılması və ermənilərin Gəncə qəzasında, Ağdamda, Şuşada, Cəbrayıl və Zəngilanda vəhşiliklər törətməsidir.

Bu məsələlərin geniş müzakirəsində ilk çıxışı Nazirlər Şurasının sədri F.X.Xoyski edir. F.X.Xoyskidən sonra Ə.Cövdət (Pepinov), M.Mahmudov, sonra Ə.Şeyxülislamov məsələlərə münasibət bildirir. O deyir: "Möhtərəm Məclis üzvləri! Bizim sosialistlər mənə bir ağır vəzifə vermişlər. Bu vəzifə bir millətin təqsirləndirilib, o birini müdafiə etmək deyil, borcum deməkdir ki, həqiqəti ayaqlayırlar. Qafqaziya millətləri Rusiya inqilabından sonra öz muxtariyyətlərini əllərinə aldıqda bir yerə toplanıb, öz müqəddəratlarının qüvvətli bir əsas üzərində tikib gözəl surətdə qurmalı idilər. Fəqət, bu olmadı. Qafqaziya millətləri içində milli şovinizm baş qaldırır. Yenə də qanlar çay kimi axıdıldı. Biz sosialistlər bu qiyamətləri qoparanlara qarşı öz etirazımızı buradan bəyan edirik. Əgər Əgər bunların qabağı alınmaz isə Qafqaziya qitəsi Balkan yarımadası kimi qan dəryasına dönə bilər".

Ə.Şeyxülislamov baş vermiş hadisələrin öz-özündən, yaxud təsadüfdən olmadığı, bu hərəkətin hazırlanmış bir layihə əsasında baş verdiyini qeyd edir. O, bildirir ki, bu layihə daşnaklar tərəfindən hazırlanıb və indi icra edilməkdədir. Ə.Şeyxülislamov Azərbaycan torpaqlarının onların proqramı ilə Ermənistana verilməsinin qəbuledilməzliyini, qan tökülmədən, sülh yolu ilə hüdud məsələsinin həllini vacib sayıb.

1919-cu ilin yanvarında Ə.Şeyxülislamovun da daxil olduğu Azərbaycanın Sülh Konfransına gedən Nümayəndə Heyətini təntənəli yolasalma mərasimi oldu. Başda Nazirlər Şurasının sədri F.X.Xoyski olmaqla nazirlər, Parlamentin əksər üzvləri dəmiryolu vağzalına toplaşmışdılar. Heyət yola düşməzdən öncə ilk olaraq M.Ə.Rəsulzadə, sonra Ə.Cövdət (Pepinov) və Ə.Ağaoğlu çıxış etmişdilər.

Bu, Əkbər ağa Şeyxülislamovun Azərbaycanda keçən son günü idi. Bundan sonra o, ömrünün sonunadək Fransada qalıb, ağır mühacirət həyatı yaşamağa məcbur olacaqdı.

Qeyd edək ki, Ə.Şeyxülislamov mühacirətdə olduğu illərdə sovet rejiminə qarşı mübarizəsini davam etdirirdi.

1924-cü ilin payızından başlayaraq Polşa dövləti Marşal Pilsudskinin başçılığı altında Qafqaz mühacirlərinin bir təşkilatda birləşdirilməsi xəttini gücləndirməyə başladı. Bu məqsədlə Polşanın Türkiyədəki rəsmi təmsilçisi Roman Knoll tərəfindən İstanbulda Qafqaz Konfederatorlarının Birliyi Komitəsinin yaradılması qərarı alındı.

Ə.Şeyxülislamov da ilk yaradılan təşkilatda fəaliyyət göstərirdi. Əlavə edək ki, Sovet dövləti ilə Türkiyə arasında münasibətlərin yaxşılaşmasına, 1925-ci ilin dekabrın 17-də hər iki dövlət arasında dostluq və neytrallıq haqqında müqavilənin imzalanmasına baxmayaraq, 1931-ci ilə qədər bu ölkədə sovet rejimi əleyhinə təbliğat işləri apara bilirdilər.

1924-cü ilin oktyabrında İstanbulda 3 Qafqaz Respublikasının Azərbaycanın, Gürcüstanın və Şimali Qafqazın məsul siyasi xadimləri tərəfindən bu respublikalar arasında Konfederasiya yaradılması haqqında ittifaq aktı imzalandı.

Həmin aktı Azərbaycan adından imzalayanlardan biri də Ə.Şeyxülislamov idi (X.Sultanzadə və Ə.Əmircanovla birlikdə).

1928-ci ilin dekabrın 4-də M.Ə.Rəsulzadə İstanbuldan Azərbaycan Milli Mərkəzinin Baş Katibi Ə.M.Topçubaşova məktub göndərir. O, məktubda Azərbaycan Milli Mərkəzinin burada keçiriləcək konfransında iştirakı məqsədi ilə M.Y.Mehdiyevin və Ə.Şeyxülislamovun gəlməsinə razılığını bildirir.

Azərbaycan Nümayəndə Heyətinin 1929-cu ilin aprelin 6-da keçirilən iclasının protokolundan çıxarışda Ə.M.Topçubaşova uzun müddətə məzuniyyət verilməsi qeyd olunub.

Həmin iclasa sədrliyi Ə.Şeyxülislamov etmiş, iştirakçılar isə M.Y.Mehdiyev, C.Hacıbəyli, M.Vəkilov və A.Atamalıbəyovdur. Nümayəndə Heyətinin üzvləri Ə.M.Topçubaşovla görüşdüklərini, ona səhhəti və yorğunluğu ilə bağlı, öz istəyini nəzərə alıb məzuniyyət verilməsini vacib sayırlar. İclasda məzuniyyət müddətində Ə.M.Topçubaşova büdcədə nəzərdə tutulan vəsaitin verilməsi bildirilir.

Qeyd edək ki, Mühacirətdə yaşayan azərbaycanlılar arasında, onların münasibətlərində problemlər yox idi. Vətənsizlik, Azərbaycanın işğalı, aparılan mübarizənin uzanması, ağır maddi vəziyyət, şübhəsiz ki, mühacirlərin münasibətlərinə də təsirsiz ötüşmürdü.

1932-ci ildə Milli Mərkəz daxilindəki ziddiyyətlərdən başlayaraq Ə.M.Topçubaşovla Ə.Şeyxülislamov arasında narazılıq yaranmışdı. 1934-cü ildə Ə.Şeyxülislamov "Qafqaz" jurnalında "Azərbaycan mühacirətində" başlıqlı yazısında yenicə dünyadan köçmüş Ə.M.Topçubaşovu tənqid etmiş və bu da onun ailəsində etiraza səbəb olmuşdu. Bundan sonra Ə.Şeyxülislamov Milli Mərkəz üzvlüyündən xaric edilmişdi.

Ə.Şeyxülislamov 1961-ci ildə Parisdə vəfat etdi. Ömrünün son illərini o, yoxsulluq və ehtiyac içində keçirirdi. Onu Paris yaxınlığındakı Bobinyidə - müsəlman qəbirstanlığında dəfn etdilər.

Nəsiman YAQUBLU
tarix elmləri doktoru

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək