Qarabag Media
Haqqımızda Əlaqə

Alim ömrü


Tarix:1-06-2019, 21:02 Kateqoriya:Manşet / Cəmiyyət

Alim ömrü
Alimlər, yaradıcı şəxslər yazdıqları, yaratdıqları qiymətli əsərlərlə tanınırlar. Orijinallığı və elmiliyi baxımından həmin əsərlər zaman keçsə də dəyərini saxlayır. Məhz bu əsərlərə görə alimlər tarixdə yaşayırlar. Türkiyənin məşhur filosofu, sosioloqu və ədib Hilmi Ziya Ülkən (1901-1974) belə yaradıcılığa malik dahi şəxsiyyətlərdəndir.

Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda dünyaya gəlmişdir. Onun düşüncələrinin formalaşmasında ilk öncə ailəsinin, daha çox atasının - professor Mehmet Ziya Ülkənin (1870-1951) mühüm rolu vardır. Alim ilk təhsilini Özəl Tefeyyüz Məktəbində, orta təhsilini isə İstanbul Sultaniyəsində (indiki İstanbul Liseyində) almışdır. Hilmi Ziya Ülkən 1918-ci ildə liseydən sonra Tibbiyyə və Mülkiyyənin imtahanlarını birinciliklə qazanır. Tibbiyyəyə daxil olur, amma fəlsəfəyə marağı vardı, Tibbiyyədə təhsil aldığı ilk aylarda səhhətində problemlər yaranır. Yaxşılaşdıqdan sonra Mülkiyyədə təhsilini davam etdirir.

Mütəfəkkirin qızı Gülseren xanım atasının 1919-cu ildə öz yoldaşı Rəşad Kayı ilə birlikdə “Anadolu” dərgisi əl yzı şəklində on iki sayını çıxardığını bildirmişdir: “O dövrün məşhur düşüncəsi Osmanlıçılığa və Turançılığa qarşı Türkiyəçiliyi, məmləkətçiliyi müdafiə edir. Atam Hilmi Ziya Anadolu folkloru və kültürü haqqında yazılar yazır. Yenə həmin illərdə yoldaşları arasında yayılaraq oxunan “Anadolunun bu günkü vəzifələri” adlı bir kitab hazırlayırlar. Mülkiyyə illərində dinlədiyi, əlaqə yaratdığı hocalar arasında Əbülula Mardin, Hamit Ongunsu kimi qiymətli hocaları vardı. 1921-ci ildə Mülkiyyəni birinciliklə bitirdikdən sonra Darülfünunda (İstanbul Universitetində) açılan coğrafiya assistentliyi imtahanını qazanır. Bir tərəfdən də fəlsəfə bölümünə yazılır. Sosioloq Mehmet İzzət bəydən dərs almışdır. Anadoluçuluğu müdafiə edən yoldaşları ilə İqbal Qiraətxanasında toplanaraq (eyni zamanda Darülfünundakı öz otağında) gec saatlara qədər müzakirə aparırdılar”.

Hilmi Ziya Ülkənin yaradıcılığına atasının Tibbiyyədə tələbə yoldaşı olmuş, Türk dünyasının böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin (1864-1940) mühüm təsiri olmuşdur. O, yaradıcılığının ilk dövrlərində, yəni bədii əsərlər qələmə alarkən Əli bəy Hüseynzadə ilə məsləhətləşdiyini, onunla fikir mübadiləsində olduğunu bildirmişdir: Anadolu nağıllarından “Tahirlə Zöhrə”ni mənzum pyes halında yazmışdım. “Dədə Qorqud” hekayələrindən Təpəgözü mənzum bir nağıl halında yazırdım. Sonra “Kərəm”i yazmağı düşünürdüm.

Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərmişdir: “Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. Bir gün Türk Ocağında (1920) bu baba və nəvə kimi məhrəm və isti, içimi açacaq bir böyük insan tapdığım üçün sevinc içində onunla danışdığım sırada yeni yazmağa hazırlandığım bir dramı, “Şahnamə”də keçən “Siyavuş” hekayəsinə aid dramı anladırdım. Mən yazdıqlarımı oxuyur, o tənqid edirdi. “Tahirlə Zöhrə” pyesini də ata¬mın evində və onun Süleymaniyə Camisinə gedən küçədəki kirayə qaldığı evdə günlərcə dinlədi”. Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadə ilə söhbətlərinin ədəbiyyatdan ibarət olmayıb, fəlsəfə sahəsində də fikir mübadiləsində olduqlarını bildirmişdir.

Azərbaycan Demokratik Respublikasının banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni (1884-1955) “Azərbaycan Türklüyünü qurtarmağa çalışanlardan” biri kimi təqdim edən Hilmi Ziya Ülkən onunla Əli bəy Hüseynzadə vasitəsilə tanış olduğunu bildirmişdir. Hilmi Ziya Ülkən yazmışdır ki, Rəsulzadə İstanbula gəlmişdi, Hüseynzadə məni onunla tanış edərək “ikiniz də “Siyavuş”u yazırsınız. Biriniz siyasi, digəriniz milli-insani qayə ilə. Tanış olun” demişdi.

Hilmi Ziya Ülkənin yaradıcılığına İstanbul Universitetində müəllimi olan Mehmet İzzətin (1891-1930) də təsiri olmuşdur. O, müəlliminin şəxsiyyəti və əsərləri haqqında tədqiqat işi yazmış, Mehmet İzzətə hörmətini ifadə etmişdir.

Hilmi Ziya Ülkən 1927-1929 illərdə fəaliyyət göstərən “Fəlsəfə və İctimaiyyat Cəmiyyəti”nin yaranmasında iştirak etmiş, cəmiyyətin nəşr orqanı olan “Fəlsəfə və İctimaiyyat Dərgisi”ndə məqalələr çıxarmışdır. Mütəfəkkir dərgini “cümhuriyyət dövri gəncliyinin ilk fəlsəfi ortaq çalışması” kimi dəyərləndirmişdir. Fəlsəfə cəmiyyəti ikinci dəfə Hilmi Ziya Ülkənin təklifi ilə fəaliyyətə başlamışdır. 1931-ci ildən çap edilən və “Türk Fəlsəfə Cəmiyyəti”nin nəşr orqanı olan “Felsefe Yıllığı” Hilmi Ziya Ülkənin şəxsi vəsaiti ilə çıxmışdır. 1933-cü ildən cəmiyyətin çalışmalarının kəsildiyini göstərən mütəfəkkir yazır: “Fəlsəfə cəmiyyəti ancaq 1934-cü ildə yenə həmin liseydə üçüncü dəfə qurulsa da, liseydəki yanğın əsnasında cəmiyyət kağızlarının məhv olması fəaliyyəti dayandırdı”.

Mütəfəkkir fəaliyyətə müəllimlik etməklə başlamış, Bursa, İstanbul, Ankara, Kabataş, Qalatasaray və başqa liseylərdə coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. Bu dövrdə filosof “Türk təfəkkürü tarixi” kitabını qələmə alır, kitab müəllifinə şöhrət qazandırır. Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürk (1881-1938) kitabı yüksək qiymətləndirmiş, Hilmi Ziya Ülkənlə görüşmüşdür. Alim bundan sonra tədqiqat işi ilə əlaqədar olaraq bir il Berlində çalışmışdır. Almaniyadan qayıtdıqdan sonra yeni qurulan İstanbul Universitetinə müəllim təyin edilmişdir. O, İstanbul Universitetində işləməklə yanaşı, Ankara Universitetində də çalışmışdır.

“Anadolu Kültürü ve Türk Kimliği Üzerine”, “Ahlak”, “Aşk ahlakı”, “Bilgi ve Değer”, “Bilim Felsefesi”, “Dünyada ve Türkiyede sosyoloji”, “Hakimiyet”, “Eğitim Felsefesi”, “Felsefeye giriş–1. Doğa Bilimleri, Felsefe ve Metodolojisi”, “Felsefeye giriş–2. Sosyoloji, tarih, psikoloji ve din”, “Genel Felsefe Dersleri”, “İctimai Doktrinler Tarihi”, “İnsani Vatanseverlik”, “İslam Düşüncesi”, “İslam Felsefesi Kaynakları Ve Tesirleri”, “Millet Ve Tarih Şuuru”, “Tarihi Maddeciliğe Reddiye”, “Türk Feylesofları Antolojisi”, “Türk Tefekkürü Tarihi”, “Türkiyede Çağdaş Düşünce Tarihi”, “Sosyoloji Sözlüğü”, “Uyanış Devirlerinde Tercümenin Rolü”, “Varlık Ve Oluş”, “Yeni Zamanlar Felsefesi”, “Ziya Gökalp” və başqa kitablar mütəfəkkirin yaradıcılığından qiymətli nümunələrdir.

Mütəfəkkirin kitablarının çapa hazırlanmasında qızı Gülseren xanım Ülkən böyük işlər görmüşdür. Gülseren xanım fəaliyyəti həm övladın ataya olan istəyinin ifadəsidir, həm də görkəmli alimin irsinin təbliğidir. Bununla da övlad və davamçı kimi Gülseren xanım Ülkən elm tarixində əvəzsiz xidmət göstərmişdir.

Hilmi Ziya Ülkənin çap etdirdiyi üç dərginin – “Akademi”nin, doqquz sayından etibarən “Qalatasaray” dərgisinin (1930-1933), “İnsan” dərgisinin (1938-1943) və “Sosiologiya Dərgisi”nin (1942-1960) Türkiyənin elmi mühitində böyük önəmi vardır.

Hilmi Ziya Ülkənin yaradıcılığında Türk təfəkkürü, düşüncəsi tarixinin inkişaf mərhələləri haqqında məsələlər xüsusi yer tutmuşdur. Alim XX əsrin 30-cu illərindən Türk təfəkkürü, düşüncəsi haqqında araşdırmaya başlamış, bu mövzunu bir fənn kimi də tədris etmişdir. O, 1931-1932 illərdə rəsmi proqramda yeri olmadığı halda, Qalatasaray liseyində “Türk təfəkkürü tarixi” adlı bir fənni tədris etdiyini bildirmiş və 1933-cü ildən etibarən yeni qurulan İstanbul Universitetində bu dərsləri getdikcə genişləndirərək 1960-cı ilə qədər tədris etmişdir. Belə ki, mütəfəkkir tarixdə “147-lər hadisəsi” kimi qalan dövrə qədər İstanbul Universitetində işləmişdir.

27 may 1960-cı ildə hərbi çevrilişdən sonra Milli Birlik Komitəsi tərəfindən işdən uzaqlaşdırılan 147 nəfər professordan biri də Hilmi Ziya Ülkən olmuşdur. O, İstanbul Universitetindən çıxarılsa da, Ankara Universitetindəki müəllimlik fəaliyyətinə davam etmişdir. 1962-ci ildə bu qanun qüvvədən düşmüş və 147 nəfər müəllim vəzifəsinə bərpa olunmuşdur. Hilmi Ziya Ülkən də İstanbul Universitetindəki işinə bərpa edilsə də, vəzifəsindən istefa verərək, yalnız Ankara Universitetində çalışmışdır.

Mütəfəkkir Türkiyədə sosiologiyanın tərəqqi etməsində böyük xidmət göstərmişdir. Türkiyənin tanınmış sosioloqu professor Baykan Sezer (1939-2002) Hilmi Ziya Ülkənin “Dünyada və Türkiyədə sosiologiya” kitabına yazdığı müqəddimədə mütəfəkkirin sosiologiyanı yoxdan var etmə və sosiologiyanı müəyyən bir zaman müstəqilləşdirmə cəhdinin olduğunu, Türkiyənin düşüncə həyatında əhəmiyyətli bir işi, körpü yaratma vəzifəsini öhdəsinə götürdüyünü bildirmişdir. Professor Baykan Sezer fikrini belə açıqlayır: “Hilmi Ziya Ülkən, müəyyən bir dövrdə dünya düşüncəsi ilə türk oxucuları arasında ən önəmli bir körpüdür. Bu arada əlbəttə sosiologiya bigisi ilə Türkiyə arasında ən əhəmiyyətli körpü yenə özüdür. Əksər mövzuda yaxın bir tarixə qədər türkcədə tək qaynaq Hilmi Ziya Ülkənin çalışmaları olmuşdur”.

Hilmi Ziya Ülkən 1949-cu ildə “Türk Sosiologiya Cəmiyyəti”ni yaratmışdır. 1948-ci ilin sonunda UNESCO-nun yardımıyla “Beynəlxalq Sosiologiya Cəmiyyəti”ni qurmaq üçün bəzi təşəbbüslərə başlanıldığını bildirən alim həmin ilin qışında Parisdə sosioloq Erik Rindenin rəhbərliyi ilə toplanan, 21 millətə mənsub sosioloqun 1949-cu ilin sentyabrında Osloda tədbir keçirmələri ilə əlaqədar qərar qəbul etdiklərini yazmışdır. Həmin tədbirdə Misir, Danimarka, ABŞ, Almaniya, Norveç, İngiltərə, Fransa və s. ölkələrin nümayəndələrilə yanaşı, Türkiyədən yalnız Hilmi Ziya Ülkən iştirak etmişdir.
Mütəfəkkirin tələbəsi, professor Erol Güngör onun Türkiyənin elm tarixindəki xidmətlərini yüksək qiymətləndirmişdir. Alim Hilmi Ziya Ülkənin sosiologiya sahəsindəki xidməti haqqında bildirmişdir: “Türk sosiologiyası Ziya Gökalpdan sonra 30 ilə qədər, bəlkə daha çox müddət ilə, onun və Fındıkoğlunun çiyinlərində həyata keçmişdir. Türk Sosiologiya Cəmiyyəti onun səyi ilə quruldu və davam etdi. Türk sosiologiyası ədəbiyyatı içində rastlanan araşdırma və tədqiqatların böyük əksəriyyəti onun verdiyi fikirləri, onun tapdığı mövzuları ehtiva edir; bu araşdırmaların Türkcə qaynaqlarının da oldluqca çoxu yenə Hilmi Ziya Ülkənin əsərləridir”.

XX əsrin 60-cı illərindən keçmiş SSRİ regionunda, o cümlədən Azərbaycanda Hilmi Ziya Ülkənin bəzi kitabları bir çox tanınmış alimlər tərəfindən müəyyən elmi və fəlsəfi problemlərin araşdırılmasında istifadə edilmişdir.

Özbəkistan Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Farabi irsinin görkəmli tədqiqatçısı Müzəffər Xayrullayev Türkiyədə Hilmi Ziya Ülkənin Farabi irsinin öyrənilməsindəki xidmətini 1960 illərdə apardığı araşdırmalarda xüsusilə göstərmişdir.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Hilmi Ziya Ülkənin Şərq fəlsəfəsi tarixi sahəsindəki fəaliyyətini yüksək dəyərləndirmişdir. Türkiyəli alim Şərq peripatetizminin görkəmli nümayəndəsi Bəhmənyar (993-1066) haqqında araşdırması barədə Zakir Məmmədov yazmışdır: “Türk tədqiqatçıları içərisində Bəhmənyarla ən çox maraqlanıb onun fəlsəfəsinə dair mülahizələr söyləyən fəlsəfə tarixçisi Hilmi Ziya Ülkəndir. O, özünün müxtəlif tədqiqat əsərlərində Bəhmənyarın “Metafizika elminin mövzusu” və “Mövcudatın mərtəbələri” traktatlarından bəhs etmiş, həmin materialın verdiyi imkan daxilində Azərbaycan filosofunun ontologiyasını nəzərdən keçirmişdir”.

Zakir Məmmədov türkiyəli mütəfəkkirin İşraqilik fəlsəfəsinin banisi, Azərbaycan filosofunu Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) irsinin araşdırmasına belə münasibət bildirmişdir: “Hilmi Ziya Ülkən Şihabəddin Sührəvərdinin həyatı, yaradıcılığı və dünyagörüşü barədə maraqlı mühakimələr yürütmüş, “İşraq məktəbi” haqqında ayrıca söhbət açmışdır. Fəlsəfə tarixçisinin tədqiqatında mühüm cəhətlərdən biri işraqilik təliminin bəzi müddəalarını ancaq qədim və orta əsr fəlsəfi fikri ilə deyil, yeri gəldikcə yeni dövrün, çağdaş müəlliflərin nəzəriyyələri və doktrinaları ilə müqayisə etməsidir”.

Hilmi Ziya Ülkənin fəlsəfəyə və sosiologiyaya dair yazdığı əsərlər elmi dəyərilə seçilir. Alimin fəlsəfə tarixinə həsr edilmiş əsərlərində bəşər fəlsəfəsi tarixinin qədim dövrdən müasir dövrə qədərki inkişaf yolu dolğun şəkildə, tarixilik prinsipindən araşdırılır. Bu baxımda mütəfəkkirin Şərq fəlsəfəsinin və Qərb fəlsəfəsinin qarşılıqlı əlaqəsi, eləcə də Şərq fəlsəfəsinin, elminin Qərbə təsiri haqqında fikirləri böyük maraq doğurur.
Filosofu yaxından tanıyanlardan Prof.Dr. Suut Kamal Yetkin Hilmi Ziya Ülkən haqqında xatirələrində qeyd etmişdir ki, düşündükcə ya¬dıma ensiklopedistlər gəlir. Çünki bu yola onu itələyən də doymaq bil¬məyən marağı, araşdırmaq və hər şeyi öyrənmək ehtirası idi. Pa¬ra¬doks kimi gəlir amma, deyə bilərəm ki oxuduğundan çox yazmışdır.

Tələbəsi, yazar Mehmet Kaplan Hilmi Ziya Ülkəni “Türkiyənin ən böyük fikir adamlarından biri” kimi təqdim edərkən onun düşüncəni ibadət saydığını, ömrü boyunca özünü təfəkkürə verdiyini yazmışdır. Onu yaxından tanıyanlar, bu yüksək, aydınlıq alnın arxasında röyalarında belə düşünən bir beynin olduğunu hiss edirdilər və sayqı duyurdular. Mehmet Kaplan müəllimini böyük türk yazarı Əhməd Mithət Əfəndi ilə müqayisə etmişdir: O, məndə türk millətinə fəlsəfə kültürü verməyi məqsəd edən bir Əhməd Mithət Əfəndi təsiri buraxırdı. Fəqət Mithət Əfəndinin fəzilətli davranışının yanında pul qazanma eh¬tirası olduğu halda, Hilmi Ziya həqiqətən bütün qəlbiylə təfəkkürü sevirdi. Onu çox yazmağa sövq edən başlıca amillərdən biri hocalığı, ikincisi və ən önəmlisi əski çağ filosoflarına xas bütün varlığı qavrama ehtirası idi. Hilmi Ziya çox, olduqca çox oxuyan və oxuduğunu dərhal qavrayan və mənimsəyən bir insandı.

Alimin həyat yoldaşı Xədicə xanım onu “tək dayanağım” adlandıraraq xatirəsində mütəfəkkirin “qızını və nəvələrini olduqca çox sevərdi” yazmışdır: Əlinə qələm, kağız almadığı gün, xəstələndimi deyə maraqlanırdım. Ən sevincli zamanlarını əsərlərini yazarkən və ya bir əsəri nəşr edilib əlinə aldığı zaman müşahidə edərdim. Həmin gün evi¬mizdə bir bayram havası əsərdi. Əsərlərini tənhalıqda yazmazdı, evdə hər kəsin yanında yazardı, səs-küy onu heç narahat etməzdi”.

Hilmi Ziya Ülkənin evində illərlə elmi-ədəbi məclislər keçi¬ril¬mişdir. Xədicə xanım “evimiz bir kültür yu¬va¬sı idi. Dastanlar, şeirlər yazılır, ədəbi, fəlsəfi əsərlər müzakirə edi¬lir¬di” yazaraq bu elmi söhbətlərin 1933-cü ildən, hətta daha əv¬vəl¬lər¬dən başladığını qeyd etmişdir. Səhərin erkən saatlarına qədər davam edən müzakirələrin bir həftə Hilmi Ziya Ülkənin evində, bir həftə Əhməd bəy Ağaoğlunun evində keçirildiyini bildirən Xədicə xanım illərlə davam edən toplantılarda professor Mükrimin Xəlil Yinanç (1900-1961) istisna olmaqla iştirakçıların dəyişdiyini göstərmişdir. Bu toplantılarda Türkiyənin siyasi xadimi Hamdi Başar, professor Münir Serim, professor Şekip Tunç, türkiyəli yazar Peyami Safa, türkiyəli şair, yazar Cahit Sıtkı Tarancı və elmlə, tarixlə maraqlananlar da vardı. Xədicə xanım dövrünün məşhur şairlərinin və yazarlarının - Yəhya Kamalın, Əhməd Hamdi Tanpınarın və onların pərəstişkarlarının gəldiyini göstərmişdir. Gənc rəssamlar, gənc şairlər, eləcə də Əli bəy Hüseynzadənin oğlu məşhur rəssam Səlim Turan da Hilmi Ziya Ülkənin evində keçirilən elmi toplantılarda iştirak etmişdir.

Həyat yoldaşı Xədicə xanım onun “Şərq-Qərb kültürünün ən dərininə enmiş” bir şəxsiyyət, filosof və sənətkar kimi təqdim edərkən alimin şeirlər və romanlar qələmə aldığını, yağlı boya və qa¬ra qələmlə rəsmlər, miniatürlər çəkdiyini, əsərləri üzərində böyük ehtirasla çalışdığını qeyd etmişdir.

Prof.Dr. Arslan Kaynardağ H.Z.Ülkənin maraq dairəsinin təəccüblənəcək dərəcədə geniş olduğunu, onun bir aydın, bir mütəfəkkir, bir professor olduğu qədər sənətkar şəxsiyyəti də olan bir insan kimi təsvir etmişdir. Arslan Kaynardağ Hilmi Ziya Ülkənin üçü özünün, altısı həyat yoldaşının, dördü qızının, on biri döstlarının olmaqla iyirmi üç portret çəkdiyini yazmışdır. Ayrıca on üç peyzajı ilə altı natrümotunu, bunların hamısının da həyat yoldaşı və qızı tərəfindən çox yaxşı qorunduğunu qeyd edən tədqiqatçı bildirmişdir ki, həyat yoldaşı, peyzajların birindən başqa hamısının açıq havada təbiətdə çəkildiyini, hocanın bundan böyük zövq aldığını, rəsm çəkərkən diqqətli və ardıcıl bir çalışmaya başladığını söyləyərdi. Rəsm üzərində çoşqu ilə çalışır, heç yorulmazmış. Yorulmaq bir kənara, rəsm çəkərkən istirahət etdiyini deyərmiş. Çəkdiyi ən son rəsm 1973-cü ildə Maltəpədəki bir peyzajdır. Boz və tünd rənglərin çoxluq təşkil etdiyi başqa rəsmlərinə görə, daha sevgi dolu, daha canlı rənglər bu peyzajda göstərilmişdir. Rəsmlərin çoxu imzasızdır. İmzalı olanlarda, bunlar hər halda nümayiş etdirdikləridir, H.Z. hərflərini işlətmişdir
Həyat yoldaşı Xədicə xanım xatirələrində Hilmi Ziya Ülkənin 5 iyun 1974-cü ildə çərşənbə günü saat 16:00 vəfat etdiyini, 7 iyun cümə günü Aşiyandakı erguvan ağaclarının altında əbədi yuxuya getdiyini yazmışdır. Xədicə xanım alimin məzar daşına “Eşq əxlaqı” kitabındakı “Eşq əxlaqına çatanlar, ruhlarında hürriyyət duyğusu olanlardır” cümləsini həkk etdirmişdir.

Hilmi Ziya Ülkənin yaşadığı həyat, aralarında 700 illik fərqə baxmayaraq ensiklopedik alim Nəsirəddin Məhəmməd Tusinin (1201-1274) ömür yoluna bənzəyir. Bu bənzəyiş ilk öncə onların həyatları boyu yazıb-yaratmalarında, elmin müxtəlif istiqamətlərinə dair qələmə aldıqları kitablarında görünür. Hər iki mütəfəkkir 73 il yaşasa da, yazdıqları əsərlərlə əbədi həyat qazanmışdır. 2019-cu ildə iyunun 25-də Nəsirəddin Tusinin vəfatının 745, iyunun 5-də Hilmi Ziya Ülkənin vəfatının 45 illiyidir.

Beləliklə, Nəsirəddin Tusi kimi, Hilmi Ziya Ülkən də əsl alim ömrü yaşamış, dərin əhəmiyyət kəsb edən əsərləri ilə əbədilik və həmişə yaşarlıq qazanmışdır.

Alim ömrü

Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru, dosent

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı