Qarabag Media
Haqqımızda Əlaqə

Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA


Tarix:9-05-2019, 00:37 Kateqoriya:Manşet / Araşdırma

Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA

Tank qoşunları general mayoru Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı uzun illərdən sonra bərpa edilib.

Bu işdə xüsusi xidmətləri olan tədqiqatçı jurnalist, Iməkdar incəsənət xadimi, professor Musa Bağırovun xatirələrini oxucularımıza təqdim edirik.


Bir jurnalist kimi məni, xalqamızın qəhrəman oğlu Həzi Aslanovun keçdiyi döyüş yolu, onun faciəli ölümü çoxdan maraqlandırırdı. Odur ki, uzun və çətin tədqiqat işlərilə əlaqədar dəfələrlə Ukrayna, Belorusiya, Pribaltika, Moskva, Stalinqrad və bir çox başqa şəhərlərdə olub, H.Aslanovun döyüş silahdaşları ilə görüşüb, söhbət edib, görüşlər keçirib, mətbuatda bir çox tarixi-elmi məqalələrlə çıxış edib, kino-telessenarilər yazıb, filmlər çəkib və nəhayət, 1988-ci ildə tarixi faktlar əsasında onun döyüş yolunu əks etdirən “Generalın yolu” (“Путь Генерала”) adlı rus dilində kitab yazdım.

Moskvada yerləşən, müharibə dövründə H.Aslanovun qulluq etdiyi 3-cü mexanikləşdirilmiş Stalinqrad korpusunun veteran təşkilatının sifarişilə 1000 ədəd kitab Moskvaya göndərildi. 1989-cu ildə keçmiş Sovet İttifaqının bir çox şəhərlərindən Moskvaya növbəti görüşə gəlmiş, Aslanovla çiyin-çiyinə vuruşmuş silahdaşları arasında paylanıldı. Sonra Moskva, Stalinqrad və başqa şəhərlərdə, eləcə də kitabla əlaqədar SSRİ Zirehli-tank Qoşunları Akademiyasında bir çox görüşlərim, çıxışlarım oldu. Bu müddət ərzində mən Həzi Aslanovun silahdaşları olan bir çox marşal, general, alim və sadə əmək adamları ilə yaxından dost, yoldaş oldum və məni Stalinqrad Cəbhəsi Şurası Rəyasət Heyətinə fəxri üzv seçdilər. Qeyd etmək istəyirəm ki, o vaxtdan həmin kitabdan hərbi akademiyada dərslik kimi istifadə edilir.

Məhz bu görüşlərdən sonra məndə Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsinə şübhə qalmadı. Əvvəllər də bu barədə söz-söhbətlər gedirdi. Lakin geniş tədqiqat işləri aparmağa əsas yox idi. Mən Stalinqrad Cəbhəsi Şurası Rəyasət heyətinin üzvü kimi hər il Həzi Aslanovun daxil olduğu korpusun veteran təşkilatı tərkibində Moskva və başqa şəhərlərdə keçirilən bütün tədbirlərdə iştirak edirdim. Aslanovun döyüş silahdaşlarının dediklərinə görə, o, 1944-cü ildə Berezina çayı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmişdir. Lakin bunlar da söhbət olaraq qalırdı. Əsas - bütün bu fikir və danışıqları təsdiqləyən arxiv sənədləri lazım idi.

Artıq aradan 47 il keçmiş bu sənədləri tapmaq, toplamaq, sübut etmək çox çətin tədqaqat və vaxt tələb edirdi. Çox götür-qoydan sonra belə bir çətin və məsuliyyətli işi üzərimə götürdüm. Yenə də Ukrayna və Belorusiyada, Pribaltika respublikalarında, Moskva, Stalinqrad, Tbilisi şəhərlərində keçirilən görüşlərdə bu barədə söhbətlər aparıb, faktları dəqiqləşdirməyə çalışırdım. Bütün bu hazırlıq işlərindən sonra bir neçə ay Podolsk şəhərində yerləşən SSRİ Müdafiə Nazirliyinin arxivlərində çalışıb, tədqiqat nəticəsində Həzi Aslanovun 3-cü Belorusiya Cəbhəsi komandanlığı tərəfindən ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edildiyi sənədi tapdım.

Lakin Cəbhə Komissiyası bu təqdimatı müzakirə edərkən, nədənsə, H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı əvəzinə 2-ci dərəcəli Suvorov ordeni verilməsini “qərar”a alıb.

Həmin il Aslanov 2-ci dərəcəli Suvorov ordenilə təltif edilib. Əlbəttə, bu fərman məni qane etmədi. Aslanovun cəbhə silahdaşlarının dediklərinə görə, 1944-cü il iyun ayının 23-dən 30-na kimi gedən döyüşlərdə göstərdiyi igidliyinə və apardığı əməliyyatların böyük əhəmiyyətinə görə o, ikinci dəfə Sovet İttiifaqı Qəhrəmanı adına təqdim edilmişdir. Bu fakt 3-cü Belorusiya cəbhəsi komandanının verdiyi təqdimatdan da məlum idi.

Odur ki, o vaxt yaranmış vəziyyət və başqa qarışıq məsələlər məndə şübhə yaratdı. Yenidən çox çətin ziddiyyətlərə, güclü erməni lobbisinin müqavimətlərinə, təzyiqlərinə baxmayaraq arxivlərdə axtarış-tədqiqat işlərinə başladım. Bu dəfəki axtarış dövrü 1988-91-ci illərdə olduğuna görə hər addımbaşı istər-istəməz bu işlə əlaqədar çox yüksək rütbəli erməni nümayəndələri, güclü erməni mafiyası və onları dəstəkləyən bəzi rus şovinistlərilə qarşı-qarşıya durmalı olurdum. Mən əvvəllər də Hindistanda, Nepalda, Polşada, Moskvada, Stalinqradda, eləcə də başqa şəhərlərdə erməni millətçilərilə həmişə barışmaz olmuşam. Lakin indi söhbət general Aslanova qarşı edilən cinayətdən gedir. Onlar tarix boyu Azərbaycan xalqına qarşı yüzlərlə belə cinayətlər ediblər. Başladığım işin çox çətin, ağır olmasını bilirdim, lakin bir azərbaycanlı kimi bu işi tamamlamalı idim.

1944-cü ilin yaz-yay aylarında Belorusiya Respublikasını alman işğalçılarından azad etmək planı nəzərdə tutulmuşdu. Bu hücum-əməliyyat planının müzakirəsi Moskvada Ali Baş Komandan İ.V.Stalinin rəhbərliyi altında 1944-cü il may ayının 22-23-də keçirildi. Müzakirədə cəbhə və ordu komandanları ilə yanaşı, bir çox hərbi mütəxəssis və bir neçə siyasi büro üzvü də iştirak edirdi. Hücum əməliyyatı “Baqration” kodu altında keçirilirdi. Bu hücum əməliyyatı iki qrupa bölünmüşdü. 1-ci “A” qrupuna 1-ci Pribaltika və 3-cü Belorusiya cəbhələri daxil idilər. 2-ci qrupa isə 1-ci və 2-ci Belorusiya cəbhəsi qoşun birləşmələri daxil idi. “Baqration” əməliyyatını uğurla başa vurmaq üçün bunlardan əlavə, Belorusiya partizan birləşmələri, uzaq məsafədə istifadə edilən xüsusi aviasiya birləşməsi və Dnepr hərbi flotiliyası da daxil edilmişdi.

Plan üzrə “Baqration” əməliyyatı sovet qoşunları tərəfindən iyun ayının 23-nə təyin edilmişdi. Bu əməliyyatda xüsusi strateji əhəmiyyəti olan Berezina çayını iyunun 30-da keçmək, sonra da Belorusiya Respublikasının mərkəzi Minsk şəhərini iyun ayının 7-8-i azad etmək əmri verilmişdi. H.Aslanovun 35-ci tank briqadası 3-cü Belorusiya cəbhəsinin tərkibinə daxil idi.

Moskvadan qayıtdıqdan sonra 3-cü Belorusiya cəbhəsinin komandanı iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-polkovnik İ.D.Çernyaxovski cəbhənin başqa hissələri kimi, 3-cü qvardiya mexanikləşdirilmiş Stalinqrad korpusuna da gəlir. Korpus 7-ci, 8-ci, 9-cu mexbriqadalardan və H.Aslanovun 35-ci tank briqadasından ibarət idi. Bu korpusa bir neçə köməkçi hərbi birləşmə də daxil idi. Korpusda 17 minə qədər əsgər və zabit qulluq edirdi. Cəbhə komandanı İ.D.Çernyaxovski müşavirədə keçiriləcək əməliyyat haqqında korpusun komandanlığı qarşısında duran vəzifələrdən danışır. Sonra korpusun komandiri Sovet İttifaqı Qəhrəmanı general-leytenant V.T.Obuxovun və briqada komandirlərinin məruzələrini dinləyib, onlara qarşıdakı “Baqration” əməliyyatını uğurla başa çatdırmağı arzulayır. O, görüşün sonunda deyir: “Bu çətin, lakin şərəfli əməliyyatda kim “Berezina” çayının qərb sahilinə birinci çıxsa, o, “Qızıl ulduz” medalı alacaq” (Sovet İttifaqı Qəhrəmanı).

İki gündən sonra 23 iyun 1944-cü ildə 3-cü Belorusiya qoşunları hücum əməliyyatına başlayır. İyun ayının 28-də Aslanovun briqadası birinci olaraq “Berezina” çayı sahilinə çıxır. Lakin çayın üstündəki körpünü alman təyyarələri bombardman etdiyinə görə çayı keçmək mümkün olmur. Aslanovun əmrinə görə istehkamçılar dəstəsi körpünün bərpasına başlayır. Körpünü tələm-tələsik düzəldirlər. Lakin elə birinci tank körpüyə çıxanda tab gətirməyib tankla bir yerdə uçulub suya düşür.

Aslanov tələsirdi. Vaxtı əldən vermək olmazdı. Ona görə ki, almanlar arxayın idilər: hələ sovet qoşunları uzaqdadır. Onların Aslanovun belə sürətli hücumundan xəbərləri yox idi. Aslanov tələsir, sahildə o baş-bu başa var-gəl edir, çayda indicə batan tanka baxırdı. Hamının nəzəri onda idi. Sonra müavini S.Poqorelkonu çağırıb, - ikinci tankı da suya düşmüş tankın yanına, suya salın, - deyə - əmr edir. Poqorelko, yaxındakı əsgər və zabitlər heyrətilə bir-birlərinə baxırlar. Onlar, əlbəttə, Aslanova inanırdılar. O, çox belə çıxılmaz, çətin vəziyyətdən məharətlə çıxmış, onların inamını qazanmışdı. Lakin belə əmr həm gözlənilməz, həm də anlaşılmaz idi.
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA

Mən burada qeyd etmək istərdim ki, Sovet Ordusunun müsbət cəhətlərindən biri də o idi ki, ümumiyyətlə, orduda komandirin əmri müzakirəsiz və tez yerinə yetirilirdi. Odur ki, burada da sözsüz-söhbətsiz heç nə başa düşmədən tankçılar ikinci sağ-salamat tankı da hamının gözü qarşısında suya düşmüş birinci tankın yanına saldılar. Aslanovun bu əmri hələ Böyük Vətən müharibəsində görünməmiş, eşidilməmiş bir əmr idi. Heyrətindən heç kim yerindən belə tərpənmirdi. Aslanov istehkamçılar dəstəsinin komandirinə əmr edir: İndi bu iki tankdan körpü üçün dayaq kimi istifadə edib, onların üstündə müvəqqəti körpü düzəldin, cəld olun, vaxt azdır.

Yalnız indi bu qeyri-adi əmrin əhəmiyyətini başa düşən tankçılar hərəkətə gəlib, bir-birini təbrik edir, sevinirdilər. Bunu ancaq onların sevimli komandiri, Aslanov düşünə bilərdi. Berezina çayına salınmış iki tank üstündə müvəqqəti körpü düzəldilir. Aslanov birinci öz minik maşınında körpüdən keçir. Sonra onun arxasınca bir zirehli maşın və top qoşulmuş maşın keçir. Amma yenə də bir tank körpüyə çıxanda körpu tab gətirməyib dağılır. Aslanov yenidən körpü düzəltməyi gözləmir. O, bu kiçik dəstə ilə irəliləyir. Əsas hissə isə çayın sağ sahilində qalıb körpünün düzəlməsini gözləyir.

Əlbəttə, belə bir kiçik dəstə ilə böyük bir düşmən qarnizonunun üstünə getmək özü böyük risk idi. Onlar meşədə irəliləyərkən 50 nəfərdən ibarət partizan dəstəsi ilə rastlaşırlar. Partizanlar Aslanova ətrafda yerləşən alman qarnizonu haqda məlumat verirlər. Vəziyyəti belə görən general özü kəşfiyyata getməyi qərara alır. Şübhəsiz, bu düzgün hərəkət deyildi. Onun bir general kimi kəşfiyyata getmək ixtiyarı yox idi.

H.Aslanov kəşfiyyatdan qayıdır və əsas hissəni gözləmədən 1944-cü il iyunun 30-da səhərə yaxın partizanlarla birgə qəflətən hücuma keçir. Belə gözlənilməz hadisədən çaxnaşmaya düşən almanlar böyük itki verərək qaçmağa məcbur olurlar. Aslanovun belə sürətli, gözlənilməz əməliyyatı nəticəsində böyük strateji əhəmiyyəti olan Pleşenitsa şəhəri azad edilir, elə həmin günün axşamı briqadanın əsas hissəsi də gəlib çıxır və iyul ayının 1-də yenidən hücuma keçərək Borisov, 2-də isə Vileyka şəhərlərini alman qoşunlarından azad edirlər.

Sovet komandanlığının planında Belorusiyanın paytaxtı Minsk şəhərinin 1944-cü il iyun ayının 7-8-də azad edilməsi nəzərdə tutulmuşdu. Lakin Minsk şəhəri düşmənlərdən iyulun 3-də azad olundu. Burada qeyd etmək lazımdır ki, “Baqration” kodu altında gedən əməliyyatda H.Aslanovun böyük rolu oldu. Əvvəla, o, Berezina çayını iyunun 30-u əvəzinə, iyunun 28-də keçir və beləliklə, bütün cəbhə qoşun hissələrinin çayı müqavimətsiz keçməsinə əlverişli şərait yaradır. İkincisi, Ppeşenitsa, Borisov və Vileyka şəhərlərini tez bir zamanda, bir-birinin ardınca azad edərək, böyük bir alman qarnizonunu Minskə gedən yoldan ayırır və almanların əsas qüvvəsi ilə birləşmələrinə imkan vermir. Bu da Minsk şəhərinin azad edilməsində böyük rol oynayır.

Yeri gəlmişkən, qeyd edək ki, sovet qoşunlarından birinci olaraq Berezina çayını Həzi Aslanovun rəhbərlik etdiyi briqada keçmiş və almanları təqib etmişdi. 132 il əvvəl Napaleon geri çəkilərkən onun qoşunları da hitlerçilər kimi bu keçiddən keçib çanlarını qurtarmışdılar.

Baş Qərargahın 3-cü Belorusiya cəbhəsindəki nümayəndəsi marşal Vasilevski Ali Baş Komandana məruzə edərkən Aslanovun tankçılarının Vileyka şəhərinin azad edilməsində göstərdikləri igidliyi xüsusi qeyd edərək demişdir: “Aslanovun 35-ci tank briqadası yüksək hərb sənəti nümayiş etdirərək, Minsk şəhərinin azad edilməsində əsas rol oynamışdır”.

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu ikinci qəhrəmanlığa aparan yol 23 iyun 1944-cü ildən başlamış “Baqration” əməliyyatının müvəffəqiyyətlə başa çatdırılmasındakı sərkərdəlik məharətinə, göstərdiyi igidliyə və əldə etdiyi döyüş nailiyyətinə görə 3-cü Belorusiya cəbhəsi komandanı İ.D.Çernyaxovski H.Aslanovu ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsinə təqdim edir. Bununla da komandan bir neçə gün əvvəl müşavirədə verdiyi sözə əməl edir. Onun göstərişi əsasında korpus rəhbərliyi təqdimat yazır və həmin sənədi müzakirə üçün cəbhə komandanlığının komissiyasına göndərir. Bu ərəfədə, yəni 15 iyul 1944-cü ildə Ali Baş Komandanlığın direktivinə əsasən, Aslanovun xidmət etdiyi 3-cü Stalinqrad korpusu 3-cü Belorusiya cəbhəsindən alınıb 1-ci Pribaltika cəbhəsinin sərəncamına verilir. Bu cəbhədə komandan İ.X.Baqramyan idi.

İ.Baqramyanın rəhbərliyi altında cəbhə komissiyası növbəti iclasında digər təqdimatlarla yanaşı Aslanov barədə təqdimatı da müzakirə edir. Lakin ikinci dəfə layiq görüldüyü Sovet İttifaqı Qəhrəmanı adı əvəzinə ona 2-ci dərəcəli Suvorov ordeni verilməsi qərara alınır. Cəbhədə belə hallar çox olur. Bir şəxsin təqdim edildiyi təltif başqa orden və ya medalla əvəz olunurdu. Buna cəbhə komissiyasının ixtiyarı var idi. Lakin Aslanovun iyunun 23-dən iyunun 30-a qədər döyüş əməliyyatlarında göstərdiyi hünər onun döyüş silahdaşlarının - general-polkovnik V.Obuxov, general-polkovnik Sidoroviç, general Orlov, general Kurkov, akademik A.Samsonov, elmlər doktoru S.Poqorelko, polkovniklər İ.Melnik, A.Çelnokov və başqalarının dediklərinə görə, şübhəsiz, bu igid sərkərdənin 2-ci dəfə qəhrəman adı alması üçün kifayət qədər əsas verirdi.

Bütün bunların əsasında mən yenidən SSRİ Müdafiə Nazirliyinin arxivlərində uzun müddət çalışmalı oldum. Lakin bu dəfə daha çətin, daha mürəkkəb məsələni həll etməli idim. İndi 1944-1945-ci ildəki korpusun, briqadanın gündəlik məlumatlarını tapmalı idim. Belə çətin elmi-tədqiqat işləri aparmaq üçün mütləq respublika rəhbərliyi mənə vəsadət verməli idi. Bunu Moskva mərkəzi hərbi arxivinin rəhbərliyi tələb edirdi. Çox təəssüflə qeyd etməliyəm ki, müraciət etdiyim respublika partiya təşkilatının Mərkəzi Komitəsi, respublika komsomol təşkilatı və respublika veteran təşkilatı bu nəcib işdə mənə köməklik etmədilər. Onlar mənim bütün müraciətlərimi çox soyuqqanlıqla rədd etdilər.

O zaman mən Moskvada çox çətin vəziyyətə düşmüşdüm. Eşitdim ki, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri Moskvada respublikamızın daimi nümayəndəliyinə gəlib, tez ora getdim, düşdüyüm vəziyyəti ona söylədim və heç olmasa Sov.İKP Mərkəzi Komitəsinin hərbi şöbəsinin müdirinə zəng etməyi və ya daimi nümayəndəlikdən ora bir parça kağız yazdırmağı xahiş etdim. Moskvada bunu mənə kömək üçün bir əsas kimi istəyirdilər. Lakin burda da mənim xahişimə məhəl qoymadılar.

Axırda naəlac qalıb Moskvadakı dostlarımın köməyilə SSRİ Müdafiə Nazirliyinin Baş Qərargah rəisi marşal S.F.Axromeyevin qəbulunda oldum. Bütün məsələni olduğu kimi ona danışdım. O, stol arxasından xeyli sakit-sakit mənə baxıb, sözümü qurtarandan sonra dedi: “Yoldaş jurnalist, sizin millət nə yaman laqeyd millətdir, məgər Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı alması sizin millət üçün şan-şöhrət deyilmi? Bu, sizin xalq üçün, tarix üçün lazım deyilmi? Bəs sən biçarəyə sizin xalq, rəhbərlik kömək etməyib kim etməlidir?”

Doğrudan da, mənə ruslar, ukraynalılar, beloruslar, gürcülər kömək əllərini əsirgəmirdilər. Amma bizimkilər yox. Görünür, bu da millətimizin bir xüsusiyyətidir. Ona görə də heç nəyimizə təəccüb etmirəm. Söhbətimizin axırında marşal Axromeyev köməkçisini çağırıb, onu Mərkəzi Hərbi Arxivin rəisi ilə calaşdırmağı əmr etdi. Çox keçmədi köməkçi yenidən içəri daxil olub, “arxiv rəisi telefonda sizi dinləyir” deyib çıxdı. Axromeyev telefonun dəstəyini götürüb, - siz Bakıdan gəlmiş jurnalist yoldaş Bağırovu tanıyırsınızmı? - deyə soruşdu. -Elədir, o, həmyerlisi general üçün çalışır.

Mən danışıqdan başa düşdüm ki, arxiv rəisi məni tanıdığını və doğrudan da, ona tabe olan arxivdə çalışdığımı bildirdi. Marşal üzümə baxa-baxa sözünə davam etdi: - Moskvada hörmətli hərbi sərkərdələr, alimlər, Moskva Veteran Şurası - bunlar hamısı yoldaş Bağırovun bu işdə haqlı olduğu üçün dəstəkləyirlər, görünür, bu, ciddi məsələdir. Siz bu jurnalistə yaxından köməklik edin. həm də hesab edin ki, bu mənim də xahişimdir, - deyib, telefonun dəstəyini qoydu.

O gündən məni arxivin əməkdaşı kimi qəbul etdilər. Hətta ən gizli saxlanılan sənədlər olan otaqlarda belə sərbəst işləməyə imkan yaratdılar. Təxminən bir aylıq çox çətin axtarış öz bəhrəsini verdi. Artıq 1944-cü ildə H.Aslanovun 35-ci tank briqadasının gündəlikləri və Aslanovun öz əlilə yazdığı bəzi sənədlər mənim qarşımda idi. Bundan əlavə, hələ 1944-cü ildə 3-cü Belorusiya cəbhəsi komandanının əmrilə yazılmış təqdimat da mənim qarşımda idi. İndi 1-ci Pribaltika Cəbhəsi Komissiyasında həmin bu təqdimatın necə müzakirə edildiyi protokol lazım idi. Çox keçmədi, onu da tapdım. Çox qəribə idi: Aslanova yazılan birinci təqdimat qalıb bir yanda, orda göstərilən faktlar müzakirə edilməyib. Yeni yazılmış təqdimatı müzakirə ediblər. Bu təqdimatda isə H.Aslanovun göstərdiyi əməliyatların hamısı öz əksini tapmayıb.

Əgər birinci təqdimat olduğu kimi müzakirə edilsəydi, şübhəsiz ki, H.Aslanov 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adını elə o vaxt alardı. Lakin həmyerlimizin döyüş hünəri təhrif edildiyindən ona 2-ci dərəcəli Suvorov ordeni verilmişdi. Bu faktı marşal İ.X.Baqramyanın ikinci təqdimat üzərində qara mürəkkəblə yazdığı “Suvorov ordeninə təqdim edilsin” sözləri bir daha təsdiq edir. Belə hərəkət adi səhv yox, qatı cinayətdir. Lakin bununla da iş bitmədi. Moskvada məndən həmin bu faktları H.Aslanovun döyüş silahdaşlarının təsdiq etmələrini də tələb etdilər. Yenidən Ukrayna və Belorusiyaya, Pribaltika respublikalarına, eləcə də Stalinqrad, Tbilisi və başqa şəhərlərə gedib, Aslanovun döyüş silahdaşlarından yeni sənədlər toplamağa başladım. Qeyd etməliyəm ki, əldə etdiyim bir çox sənədləri hələ 1985-ci ildə SSRİ Müdafiə Nazirinə (28.111-85 N 5/76), eləcə də Sov. İKP Mərkəzi Komitəsinə (11. IY-85 N 1-SQ) təqdim etmişdim. O zaman hər iki təşkilat mənə rədd cavabı vermişdi. Mən belə cavablarla razı ola bilməzdim. Mənim qaldırdığım haqq işi idi. Ona görə də başladığım işi axıra çatdırmalı idim. Bu bir azərbaycanlı kimi mənim tarix və xalqım qarşısında borcum idi. Bu cavablardan bir qədər keçmiş 3-cü Mexkorpus Veteran Təşkilatının üzvü kimi məni Stalinqrada görüşə dəvət etdilər. Bura SSRİ Müdafiə Nazirliyi Siyasi İdarəsinin rəisi general Yepişev, onunla birlikdə SSRİ Müharibə Veteranları Komitəsinin sədri general Jeltov da gəlmişdi. Mən ora özüm çəkdiyim “General Aslanov” filmini də apardım. Sabahı günü Stalinqrad uğrunda döyüşmüş veteranlar “Mamayev Kurqan” adlı məşhur abidə ansamblını ziyarət etdilər. Axşam isə şəhər partiya komitəsi və şəhər ictimaiyyətinin iştirakı ilə təntənəli iclas oldu. 3-cü M.S.Q. korpusu adından çıxış üçün söz mənə verildi. Çıxışımın axırında Aslanovla bağlı məsələyə toxunaraq mənim haqq işimi dəstəkləmək üçün korpusun veteranları adından ölkə prezidentinə müraciət yazmağı xahiş etdim. Salondakılar “düzdür-düzdür” deyə məni dəstəklədilər.

Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA

Səhəri günü - 3-cü M.S.Q korpus veteran komitəsinin sədri, əməkdar elm xadimi, elmlər doktoru, professor, general Q.Orlovla həmin məktubu tərtib etdik. Sonra korpusun veteranlarından bir neçə alim, general və başqaları bu müraciətə qol atdılar. Bütün bu yeni topladığım sənədləri yığıb Moskvaya məsləhətə getdim. Orada SSRİ Müdafiə Nazirliyinin təltif şöbəsinin rəisi general Oleq Sergeyeviç Kupriyanovla xeyli söhbət edib, götür-qoydan sonra yenə belə qərara gəldik ki, mütləq respublikadan da müraciət gətirmək lazımdır.

Mən təşəkkür edib, qapıdan çıxanda general gülə-gülə zarafatyana dedi:

- “Musa, bu dəfə də sizin respublika rəhbərləri laqeyd olsalar, onda heç olmasa, bağça uşaqlarından da olsa bir parça kağız gətir”. Əlbəttə, bu zarafatda həqiqət vardı. Bakıya qayıdıb yenə respublika rəhbərliyinə müraciət etdim, yenə rədd cavabı aldım. Onda mən çoxdan bir insanpərvər, vətənpərvər kimi tanıdığım Bakı Müharibə və Əmək Veteranları Şurasının sədri Səlim Səlimova müraciət etdim. O, elə oradaca ölkə prezidentinə öz təşkilatı adından müraciət yazdı və qol qoydu. Sonra Azərbaycan Yazıçılar Birliyi də hörmətli yazıçılarımızın imzası ilə SSRİ prezidenti M.Qorbaçova müraciət yazdı.

1991-ci il. Müharibənin başlanmasının 50 illiyini Sovet xalqı qeyd etməyə hazırlaşırdı. İndi məndən tələb olunan sənədləri çətinliklə də olsa toplayıb yenə də Moskvaya yollandım. Vaxt çox az idi. Məsələ indi bu ərəfədə həll edilməli idi. 1991-ci il may ayının 12-də Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinin məktubu ilə sənədlər Sov.İKP Mərkəzi Komitəsinə göndərildi. Sənədlərə MK katibi O.Baklanov baxdıqdan sonra o da öz növbəsində M.Qorbaçova məruzə etdi. Sonra Baklanovun göstərişilə təqdim edilən sənədlərin düzgünlüyünü yoxlamaq üçün xüsusi komissiya təşkil edildi. Mən komissiyanın tərkibilə tanış olmaq arzumu Sov.İKP MK-nın şöbə müdiri N.Soşnikova bildirdim. O, komissiya üzvlərinin siyahısını mənə uzatdı. Bu, aşağıdakı tərkibdən ibarət idi: Soşnikov - sədr, Rozov - üzv, Karakozov - üzv.

Mən siyahı ilə tanış olarkən şöbə müdiri çox müəmmalı şəkildə mənə baxaraq, - sizin bu tərkibə etirazınız varmı? - deyə soruşdu. - Bəli, var, - dedim. O, əvvəlcədən bunu bilirmiş kimi mənə bir ağ vərəq uzadıb, yazın, dedi. Əlbəttə, o bunu etməyə də bilərdi, çünki mənim MK-nın təyin etdiyi komissiyanın nə tərkibinə, nə də işinə qarışmağa ixtiyarım yox idi. “Ərizəni kimin ünvanına yazım?” sualına “yoldaş O.Baklanovun ünvanına” dedi. Mən ərizəmdə Ermənistan - Azərbaycan münaqişəsini əsas tutaraq general Karakozovun milliyyətçə erməni olduğu üçün bu komissiyanın tərkibinə daxil olmasının məqsədəuyğun olmadığını göstərdim. Aradan bir neçə gün keçmiş yenə də Mərkəzi Komitəyə N.Soşnikovun qəbuluna getdim. İndi bütün məsələlər komissiyanın sədri kimi onunla bağlı idi. Mən 186-cı kabinetə daxil olanda o, gülə-gülə dedi: “Musa, MK katibi O.Baklanov sənin ərizəni düzgün hesab edərək general Karakozovun başqa bir rus generalı ilə əvəz edilməsinə sərəncam verdi. Biz də onun yerinə başqa bir general daxil etdik. Komissiya artıq işə başlayıb”.

Mən çox həyəcanlı idim. Bu 20 ildən artıq apardığım çox çətin axtarış-tədqiqat işinin yekunu idi.

Bir neçə gündən sonra komissiya işini bitirdi və mənim təqdim etdiyim sənədlərin düzgün-doğru olmasını təsdiqləyən qərarı yoldaş Baklanova təqdim etdilər. O da öz növbəsində müsbət fikir yazıb, sənədlərlə birlikdə prezident idarəsinə göndərdi. Bunların hamısını mənə çox qayğıkeşlik göstərən yoldaş Soşnikovdan öyrənirdim. Demək olar ki, mən hər gün onun kabinetində olur və mənimlə bağlı bütün işlərin gedişini izləyə bilirdim. 1991-ci il iyun ayının 10-da xəbər tutdum ki, sənədləri M.Qorbaçovun köməkçisi, milliyyətcə erməni Şahnazarov prezidentdən alıb, özündə saxlayır və onun müsbət həll edilməsinə qəti etiraz edir. Səbəbini də onunla izah edir ki, prezidentin 1988-ci ildən Fərmanı var və orada göstərilir ki, sülh dövründə 2-cı “Qızıl ulduz” medalı ilə heç kim təltif edilməsin. Fərman, güya, kosmonavtların uçuşundan sonra onlara hər dəfə “Qızıl ulduz” medalı verilməsi ilə əlaqədardır. Doğrudur, 1988-ci ildən sonra ikinci, üçüncü dəfə uçan kosmonavtlar ancaq Lenin ordeni ilə təltif olunurdular. Lakin bunun K.Aslanova nə dəxli? O, ikinci “Qızıl ulduz” medalına hələ müharibə vaxtı - 1944-cü ildə təqdim olunmuşdu.

Vəziyyət yenə də çətinləşdi. İndiyə kimi hər nə edə bilmişdimsə, erməni mafiyası hamısını düşməncəsinə heçə çıxarıb, məhv edə bilərdi. Odur ki, vaxtı itirməmək üçün təcili 3-cü Mexanikləşdirilmiş Stalinqrad Qvardiya Korpusunun Rəyasət Heyəti üzvlərini yığıb, əhvalatı onlara danışdım. Qeyd etmək istəyirəm ki, onlar bu işlə əlaqədar həmişə çətin ayaqda mənə dayaq olublar. Biz məsləhətləşib prezidentə (M. Qorbaçova) Veteranlar Komitəsi Rəyasət Heyəti adından yeni müraciət yazdıq. Mən tez onu götürüb, Soşnikovun yanına getdim və müraciəti şəxsən M.Qorbaçova çatdırmağı xahiş etdim. M.Qorbaçovun bu işdən xəbəri olduğundan məktubu mütləq ona çatdırmaq lazım idi. Soşnikov O.Baklanovun köməyilə məktubu M.Qorbaçova çatdırır və bizim haqlı olduğumuzu bildirir. Yalnız bundan sonra 1991-ci il 18 iyunda - ölümündən 47 il keçmiş H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi barədə Fərman verildi. O.Baklanov şəxsən zəng edib, məni təbrik etdi. İndi rahat nəfəs almaq olardı.

Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA

Fərmansa mütləq iyun ayının 22-nə kimi mətbuatda dərc edilməli idi. Çünki erməni mafiyası təslim olmayıb yeni bir hiylə təşkil etmişdi. Güya, Ukraynadan, Belorusiyadan, Ermənistan və başqa respublikalardan bir neçə adam da vaxtilə qəhrəman adı almağa təqdim olunubmuşlar, amma vaxtında almayıblar. Əs-lində, bunlar hamısı yalan, əsası olmayan növbəti erməni qurğusu idi. Onların məqsədi vaxtı iyunun 22-nə kimi uzadıb, sonra da hay-küy qaldırıb fərmanı saxlatmaq idi. Doğrudan da, əgər fərman 22-nə kimi dərc olunmasaydı, ermənilər onu saxlatdırıb ləğv etdirə bilərdilər, çünki məsələ müharibənin başlan-masının 50 illiyilə əlaqədar idi. Onların bu hiyləsi də baş tutmayanda daha murdar bir hiyləyə əl atdılar.

1991-ci il 18 iyunda verilmiş Fərman, güya, Sov.İKP-nin təltif şöbəsində itmişdi. Güya, onu tapa bilmirdilər ki, mətbuatda dərc olunsun. Artıq iyunun 21-i idi. Fərman tapılmırdı. Mən o günü bir neçə dəfə Sov.İKP Mərkəzi Komitəsinə getdim, öz otağımdan zəng çaldım və hər dəfə təltif şöbəsinin müdiri L.İ.Şvesova çox soyuqqanlıqla cavab verdi. “Tapılmır, axtarırıq” və s. Mən deyəndə ki, “necə yəni itib, prezidentin fərmanı da şöbədə itə bilər?”- o yenə də “mən heç nə bilmirəm, yoxdur” dedi. Mən əvvəllər də bu qadından şübhələnirdim, hətta fikrimi MK katibi O.D.Baklanova da yazılı surətdə bildirmişdim.

Nəhayət, bu işin səbəbi mənə məlum oldu. Sən demə, mən komissiyanın tərkibindən çıxartdırdığım general da Sov.İKP MK təltif şöbəsinin müdiri L.İ.Şevesova ilə çox yaxın qohum imiş. Erməni Karakozov məndən heyfini belə çirkin yolla almaq istəyirmiş. Əlbəttə, bu oyuna daha güclü erməni rəhbərlik edirdi.

21 iyunda Bakıdan mənə tez-tez zənglər olurdu ki, bəs indiyə kimi nə üçün fərman dərc edilmir? Axşamüstü, təxminən saat 19-da O.D.Baklanovun köməkçisinə zəng çalıb, məni onunla calaşdırmağı xahiş etdim. Köməkçinin bütün bu işlərdən yaxşı məlumatı var idi. Təxminən 15-20 dəqiqə keçmiş mənim telefonum zəng çaldı. Tez dəstəyi götürüb, köməkçinin səsini eşitdim: “Yoldaş Bağırov, sizinlə Oleq Dmitroviç danışacaq”. Bir neçə saniyədən sonra Mərkəzi Komitə katibi O.Baklanovun tanış səsini eşitdim: “Bağırov, nə olub, niyə narahatsan?” Mən əhvalatı qısaca ona danışıb əlavə etdim ki, bunlar hamısı yalandır, bəhanədir. Fərmanı qəsdən üzə çıxartmırlar. O qısaca: “Sən narahat olma, mən elə bu saat özüm bu işlə məşğul olaram, gecən xeyrə qalsın” deyib dəstəyi qoydu.

Gecə saat 12-də mən dilxor çarpayıma uzanıb yatdım. Səhər tezdən saat 5-də məni uzun-uzadı telefon zəngləri oyatdı. Dəstəyi götürüb Bakıdan həyat yoldaşımın səsini eşitdim. O, məni təbrik edərək dedi ki, Musa, gecə Bakı televiziyası öz proqramını dayandırıb H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə ölkə prezidenti M.Qorbaçovun imzaladığı Fərmanı səsləndirdi. Mən yoldaşıma dediyi sözləri 3 dəfə təkrar etdirdim.

Bəli, nəhayət, aradan 47 il keçmiş, çox çətin axtarış-tədqiqat işlərindən sonra haqq-ədalət işi qalib gəldi.

Tarix heç vaxt məhv olub, itə bilməz. O, bir güzgü kimi nə vaxtsa bütün keçmiş hadisələri - pisi də, yaxşını da əks etdirir. Aradan on illər keçmiş olsa da, indi Aslanovun adı tarixin səhifələrində, daş, mərmər, qranit heykəllərdə, xalqamızın ürəyində, yaddaşında yaşayır.

Moskvada, Stalinqradda, Ukraynada, Belorusiyada, Pribaltikada neçə-neçə küçə, məktəb, müəssisə qəhrəman Həzi Aslanovun adını daşıyır. Heç də təsadüfi deyil ki, bütün dünyada məşhur olan, Stalinqraddakı möhtəşəm “Mamayev Kurqan” ansamblında qəhrəmanlıq, mərdlik simvolu kimi tanınan 32 mərmər xatirə lövhəsindən biri Həzi Aslanovun şərəfinə qoyulmuşdur.

Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi şərəfinə Moskvada yaradılmış möhtəşəm “Ehtiram dağı”ndakı xatirə ansamblında Həzi Aslanovun da adı qızıl hərflərlə yazılmışdır.

Ötən il Belorusiyanın Vileyka şəhərində qəhrəmanın əzəmətli abidəsi ucaldılmışdır.

Bir faktı da xüsusi qeyd etmək yerinə düşərdi. Böyük Vətən müharibəsində göstərdikləri igidlik və qəhrəmanlığa görə cəmi 16 nəfər tankçı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 17-ci bizim millətin nümayəndəsi Həzi Aslanov oldu. Mən çox şadam ki, iyirmi illik ağır, çətin tədqiqat işlərim hədər getmədi, nəticədə haqq-ədalət öz yerini tapdı.

***

O möhtəşəm izdihamı - Həzi Aslanovun son mənzilə yola salınmasını yaşlı nəsil bu gün də xatırlayır. Həmin günün xronikasını xalq yazıçısı Hüseyn Abbaszadə “General” romanında əks etdirmişdir. Romanın həmin hissəsini oxuculara təqdim edirik.

Fəxri qarovulda duranlar tez-tez dəyişirdilər.

Tabutun qaldırılmasma yarım saat qalmış vidalaşma kəsildi. Son dəfə fəxri qarovulda Mirbəşir Qasımov, Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi və Səməd Vurğun durdu. Lənkərandan gəlmiş ailə üzvləri və qohumları Həzi ilə vidalaşdılar.

Səhərdən cənazənin yanını kəsdirən Səməd Vurğun iki gün əvvəl, axşam Həzinin öldüyünü eşidəndə qulaqlarına inanmamışdı. Evdə oturmağa qərarı gəlməyən şair, papirosu papirosun oduna alışdırıb tüstülədə-tüstülədə dəniz sahilində xeyli gəzişmiş, sonra evə qayıdıb iş otağına çəkilərək Həzinin xatirəsinə həsr etdiyi “Qəhrəmanın ölümü” şeirini yazmışdı. Şeir bugünkü “Kommunist” qəzetində çap olunmuşdu...

Səmədin gözləri aşağıya, simfonik orkestrdə Motsartın matəm musiqisini çaldıran dirijora dikilmişdi, qaşlarını çatıb fikirləşirdi.

Keçən il mart ayında, Moskvanın Belorusiya vağzalında Həzinin yola düşən vaqonun pilləsinə qalxıb dediyi son sözlər Səmədin qulağında səslənirdi: “Sağlıqla qal, Səməd, görüşənə qədər! Elə bilirəm ki, gələn dəfə sənınlə Bakıda görüşəcəyik!”

Saat üç tamamda Bakı qarnizonunun birləşmiş nəfəsli orkestri içəridən çıxıb Zabitlər evinin qabağında matəm marşı çalanda küçəyə toplaşanların arasında canlanma əmələ gəldi. Azadlıq, Qızıl Əsgər və Doqquz Yanvar küçələrinə o qədər adam yığılmışdı ki, sayı-hesabı yox idi.

Hava dünən axşamdan tutqun idi, lakin yağış yağmırdı.

Səməd Vurğun, Üzeyir Hacıbəyov, Mirbəşir Qasımov, Rza Ələkbərli, podpolkovnik Filatov, Birinci Pribaltika cəbhəsinin nümayəndəsi sinli general tabutu çiyinlərində içəridən çıxartdılar. Gətirib Azadlıq küçəsi ilə Qızıl Əsgər küçəsinin tinində hazır dayanan top lafetinin üstünə qoydular. Lafetə qara haşiyəli qırmızı parça çəkilmişdi.

İzdihamın qabağında, iri çərçivədə Həzi Aslanovun böyüdülmüş şəkli, qırmızı ipək balışların üzərinə sancılmış on beşdən artıq orden və medalı aparılırdı, Onların arxasınca beş cərgədə nizamla irəliləyən Bakı hərbi məktəblərinin müda-vimlərinin əllərində o qədər əklil vardı ki, bu, cənazəni qabaqda aparılan şəkildən xeyli uzağa salmışdı.

İzdiham Bakı Sovetinə çatıb Krasnı küçəsi ilə yuxarı qalxaraq Park küçəsinə burulurdu. Tabutun arxası ilə o qədər adam addımlayırdı ki, küçələr fırtınadan təlatümə gələn dənizə bənzəyirdi.

-Ora bax Səməd, - deyə Üzeyir Hacıbəyov yoxuşlu küçənin aşağısını göstərdi, - gör bir nə qədər adam var, hələ dalı gəlir.

-Üzeyir bəy, bu, xalqın qəhrəman oğluna olan böyük məhəbbətinin təzahürüdür. Belə bir cəlalla dəfn edilmək hələm-hələm adama nəsib olmaz.

- Rəhmətlik Cəfər Cabbarlının dəfni yadındadırmı? - deyə Üzeyir baş barmağı ilə eynəyini burnunun üstünə basdı. - O vaxtdan Bakıda heç kəsin cənazəsi belə təntənə ilə yola salınmayıb.

-Eh, Həzi, Həzi, sənin nə gödək həyat yolun varmış!.. İzdihamın qarşısında əklil aparanlar Dağüstü parkın yuxarı qapısına yanaşanda burada xeyli adam vardı. Parkın girəcəyindəki dikdirdə qazılmış qəbrin yanında matəm mitinqində çıxış edənlər üçün xitabət kürsüsü qoyulmuşdu. Bakı hərbi məktəblərinin müdavimləri əl-ələ verib, camaatın qarşısına hasar çəkmişdilər. Parkın içinə dəfn izdihamının asan keçməsi üçün darvazanın sağ və sol tayının dəmir çəpərləri çıxarılmışdı.

Nizam-intizama rəhbərlik eləyən cavan polkovnik qəbrin qarşısındakı meydançanı tutmuş əklil aparanları kənara, parkın aşağı tərəfinə keçirib, arxadan gələn camaata yol açdı.

Lafet parkın qapısında dayandı. Tabutu çiyinlərə alaraq gətirib qəbrin yanında qalanmış nəm torpağın üstünə qoydular. Həzinin anası, bacısı və arvadı özlərini meyidin üstünə atıb fəğan qopardılar.

Respublika Ali Soveti Rəyasət Heyətinin sədri Mirbəşir Qasımov xitabət kürsüsünə qalxdı. O, əlini yuxarı qaldırıb, izdihama sakit olmaq işarəsi verdi:

-Qardaşlar, bacılar, icazə verin xalqımızın igid oğlu Həzi Aslanovun matəm mitinqini açıq elan edim. Çıxış üçün söz şair Səməd Vurğuna verilir.

-Bu gün elə bir gündür ki, - Səməd Vurğun əllərini xitabət kürsüsünün üstünə qoyaraq, başını yuxarı qaldırıb sözə başladı: - bütün Azərbaycan torpağı qara geymiş, analarımız yas tutmuş, bacılarımızın dodaqlarında gülüşlər donmuşdur. Bu gün biz Babəkin, Cavanşirin nəvəsi, xalqımızın qəhrəmanlıq səlnaməsini öz şəxsiyyətində təcəssüm etdirən igid bir sərkərdəni, Həzi Əhəd oğlu Aslanovu qara torpağın ağuşuna veririk. Bu gün bizim qəhrəmanla son görüşümüzdür. O, cismən aramızdan getsə də ruhən həmişə bizimlə bir yerdə olacaqdır. Həzi elə bir qəhrəmandır ki, onun adı heç bir zaman unudulmayacaqdır. Gələcək nəsillər onun adını iftixarla çəkəcəklər, tarixçilər, yazıçılar ondan yazacaqlar, Həzinin əsl xalq qəhrəmanına məxsus qısa, lakin şərəfli həyatı neçə-neçə bədii əsərin mövzusu olacaqdır, neçə-neçə sənətkarı ilhama gətirəcəkdir. Odlar yurdu, qədirbilən Azərbaycan xalqı Həzi Aslanovu heç zaman yaddan çıxarmayacaqdır. Çünki o, öz hünəri ilə adını əbədiyyət kitabına həkk etmişdir. Xalq işi, bəşər övladının azadlıq və səadəti yolunda canından keçənlər ölümə qalib gəlirlər.

Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA

Səməd Vurğun qəhərlənmişdi. O, fikrini bir yerə yığıb nitqini davam etdirməyə özündə hal görmədi. Əlini cibinə salıb bir vərəq çıxartdı. Bu onun iki gün əvvəl ağlaya-ağlaya, Həzinin ölümünə yazdığı şeri idi. Ucadan oxudu:

Bu gün Bakı fikirdədir, göy sükutda, dəniz lal,
Nə meh əsir, nə titrəyir ağacların yarpağı.
Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual...
Bu gün çatmış qaşlarını Azərbaycan torpağı.

“Vətən oğlu!” - Bu iki söz dodaqlarda yandıqca
Hər ürəyin telləri də qəmli-qəmli saz tutur.
Vətən mülkü öz oğlunu ana kimi andıqca,
Ağır dağlar fikrə gedib öz qəlbində yas tutur.

Cəbhədəsə, bizdən uzaq “Həzi” deyən bir əsgər,
O tabutun qarşısında diz çökərək and içir.
Tanklar uçur, ordu keçir, dağılmışdır ütüqlər,
İntiqamın yanan qəlbi şaxta udur, od içir.

İllər keçir, yaşa dolur, südağızlı körpələr,
Nəsil-nəsil ürəklərdə yuva salır qəhrəman.
Şəfəq saçır türbəsinə min səadət, min səhər,
Bu əməllə, bu eşqilə o keçdi öz canından.

Rəssam alıb fırçasını xəyallara qərq olur,
Bahar kimi şəfəqlənir qəhrəmanın surəti.
Könüllərdə söhbət olur, neçə məclis qurulur,
Alqış deyir, mərd oğluna şerin, sözün qüdrəti.

Qərinələr arxasından Cavanşir də, Babək də,
Qılıncıyla salam verir bu müqəddəs türbəyə.
Göydə günəş şölə saçır, nəğmə tutur külək də,
Yerdə insan nəfəs alır, qəhrəmana eşq deyə.


"Azərbaycan dünyası" jurnalı

_______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"