Qarabag Media
Haqqımızda Əlaqə

Laçın – qara günlərin qara yağışı...


Tarix:6-05-2019, 18:23 Kateqoriya:Manşet / Cəmiyyət

Laçın – qara günlərin  qara yağışı...

...Şuşadan gəlib Laçından keçən hərbiçilərlə və mülkü əhali ilə dolu yük maşınları Laçında əhali arasında böyük təşviş hissi yaratmışdı. Əhalidə çoxlu suallar yaranmışdı… “Xalq cəbhəsi” yeni silah alıb, onu ermənilər üzərində sınaqdan keçirəcəklər, Rəhim Qazıyev haqqında cürbəcür əfsanələr yayılmaqda davam edirdi. Bir il əvvəl ittifaq hökümətinin keçirdiyi referendumda SSRİ-nin qalmasını istəyirsinizmi sualına müsbət cavab verən Azərbaycan Mərkəzi hakimiyyət, yəni Moskva tərəfindən müdafiə olunurdu. Mərkəzi hakimiyyətin yaxından dəstəyi ilə 1991 ci ilin may ayının əvvəlindən sərhəd boyu bütün erməni kəndlərində xüsusi əməliyyatlar keçirilməyə başlanıldı. Bu əməliyyatlar nəticəsində Laçın – Şuşa yoluna yaxın erməni kəndləri qısa müddətdə Ermənistana köçürüldü və ermənilər tərəfindən tez-tez təkrarlanan terror hadisələrinin qarşısı alındı. Həqiqətən də bu yuxarıda qeyd edilən referendumda bizim münasibətimizə cavab idi. Həmin il Ermənistan bu referenduma yox demişdi.

…İndi isə artıq 1992 ci il idi. Bu dəfə isə SSRİ dağılmış, Müstəqil Dövlətlər Birliyi (MDB) yaratmaq barədə referendum keçirilmişdi. Keçən ilkinin əksi olaraq Ermənisatan MBD – yə HƏ, Azərbaycan isə YOX demişdi. Keçən ilki hadisələrin nəticələrinin məntiqi ilə yanaşsaq deməli bu dəfə də biz cəzalandırılmalıyıq.

...May ayının 8-də artıq Şuşadan gələn avtomaşınların sayı azalmışdı. Həmin müdhiş gün rayon prokuroru Dürhəsən İmanov və rayon məhkəməsinin sədri Mirpaşa Hüseynovla bir yerdə Şuşadan bir məlumat almaq üçün “Köhnə poçt”a gedib, oradan üzü Akaraya tərəf dayanmış hərbi texnika karvanında olan hərbiçiləri danlaqlı sorğu suala tutduq, onlar Şuşada vəziyyətin ağır olduğunu dedilər. Saat təxminən 2-3 olardı, biz ac idik, yeməkxana işləmirdi, prokuror və hakimin də ailələri orada yox idilər, onları dəvət etdim və getdik bizim evə. Elə bir tikə yemək yemişdik ki, bizim evin üstündən bir qrad raketi yüksək uğultulu bir səslə keçərək, doktor Rzayevin evinin üstündəki yamacın cənub tərəfinə düşdü. Tez həyat yoldaşımı və 2 az yaşlı qızlarımı evin zirzəmisinə yerləşdirib, qonaqlarla getdik milis şöbəsinə. Mən, orada rəis Akif Səlimovun üz cizgilərindən vəziyyətin ağır olduğunu başa düşdüm. Bir az vəziyyətlə maraqlanandan sonra yenə Dürhəsən İmanov və Mirpaşa Hüseynovla Şuşadan gələn avtomaşınlardan son vəziyyəti öyrənmək məqsədi ilə “Köhnə Poçt”dan Qaladərəsi kəndi istiqamətinə getdik. Onlardan da dəqiq öyrəndik ki, Şuşa tamamilə işğal olunub, dərhal yenidən qayıtdıq rayon milis şöbəsinə və orada da Şuşadan bizim qalmış ordu birləşmələrinin tamamilə çıxdığı və şəhərin düşmən əlinə keçməsi bir daha məlum oldu. Biz Laçın-Şuşa yolunda olarkən Şuşanın icra hakimiyyəti başçısı Nizami Bəhmənovla görüşdük. O, Şuşaya tərəf getdiyini gördük... Axşam saat 10-11 olardı mən evə getdim. Gecə səhərə kimi heç kim yata bilmədi, hələ indi də kiçik qızımın qorxu dolmuş gözləri və həyacanlı sifəti yadımdan çıxmır. Oğlum isə rayon aqrar sənaye birliyində çalışdığından Ağcabədi qış yatağında yun qırxımına təhkim edilmişdi, Ağcabədi mehmanxanası ilə telefon əlaqəsi qurub, orada olan laçınlılardan xahiş etdim ki, oğlumu da özləri ilə gətirsinlər. Səhər tezdən saat 5 olardı, ailə üzvlərimlə Laçından çıxdıq Bakı istiqamətinə, Bəhrəm təpədə Ağcabədidən gələn yol birləşməsinə çataraq, yolun kənarında duraraq gələn avtomaşınlar arasında Laçın nömrələrini izləməyə başladım. Rayon icra hakimiyyəti başçısının müavini Musa müəllimin Uaz markalı avtomaşını yanımda saxladı və oğlum düşüb, çox həyacanlı vəziyyətdə, mənim yanımda ağlamaqdan özünü zorla saxlayaraq, bir az uzaqlaşdı. O, zaman oğlumun 20 yaşı tamam deyildi, amma sürücülük qabiliyyətinə inanırdım, avtomobili ona verib, anasını və bacılarını Bakıya aparmağı tapşırdım, yolla bağlı bir iki məsləhət verəndən sonra onlarda ayrılıb Musa müəllimgillə Laçına geri qayıdım. Avtomobildə Musa müəllimdən başqa rayonun baş zootexniki Camal Həsənov da var idi. Yolda mən, rayondakı vəziyyət haqda ətraflı məlumat verdim, amma şəhərə raket atıldığını onlar narahat olmasın deyə demədim. Sürücü seyid Adil çox narahat idi, deyirdi ki, mənim evim meşəyə yaxındır, uşaqlarım da körpə, ermənilər Laçına girsə bizimkiləri sağ görməyəcəyəm. Mən, onu başa düşürdüm, ancaq sakitləşdirdim ki, qorxmağa heç bir əsas yoxdur, Laçında olan qüvvələr Şuşa istiqamətində hücuma keçiblər və s. Laçına çatanda mən getdim rayon milis şöbəsinə, orada Şuşanın işğalı ilə bağlı yeni məlumatlar öyrəndim. Aydın oldu ki, işğal zamanı çoxlu ölən və yaralılar vardır. Həmin yaralıları gətiriblər “Köhnə poçt”dakı təzə yaşayış mənzilinin zirzəmsində təşkil edilmiş hospitala. Mən də hospitala getdim, ora çoxlu yaralı gətirmişdilər, meyidlər də var idi. Yaralılara tibbi yardım göstərilirdi, mən də başladım həkimlərə gücüm çatan qədər kömək etməyə. Bir rus uşağ var idi, ağır yara almışdı, mənə yalvarırdı ki, qoymayın öləm, bir ananın tək oğluyam, onun ağrıdan öləziləşmiş gözləri indi də yadımdan çıxmayıb. Yaralılara tibbi yardım baş həkim Elçin İsgəndərovun rəhbərliyi ilə olduqca yüksək səviyyədə təşkil edilmişdi. Bir çox həkimlər rayonu tərk etsələr də Elçin həkimin rəhbərliyi ilə Şakir həkim, Əvəz həkim, Arif həkim və adını unutduğum başqa həkimlər yaralılara cəsarətlə tibbi xidmət göstərirdilər...

...Şuşanın işğalı nəticəsində əhalinin və hərbiçilərin Şuşadan kütləvi surətdə çıxması Laçında olduqca pis əhval ruhiyyə yaratmışdı, müdafiəsiz qalan dinc əhali surətlə rayondan çıxmağa başladı.

...Ermənistan tərəfdən qrad tipli silahlardan Laçın şəhəri fasiləsiz atəşə tutulması nəticəsində bir neçə binalar dağıdılmışdı. …Fasiləsiz atəşlə şəhərdə bir neçə mühüm əhəmiyyətli obyekt, o cümlədən rayon daxili işlər şöbəsi, rayon mərkəzi xəstəxanası, rabitə qovşağının binaları və bir neçə yaşayış evləri dağıdılmışdı. Dinc əhali arasında ölüm halları var idi...

Şəhərə güclü raket zərbələri endirilən zaman biz “qonaq evinin” həyətində idik. Rayon İcra Hakimiyyətinin Başçısı Xanlar Məmmədov, rayon sovetinin sədri Səlim Səlimov, rayon maliyyə şöbəsinin müdiri Mirsiyaf müəllim və bir neçə adını unutduğum laçınlılar tez müsiqi məktəbi binasının təxminən 1 metr hündürlüyündə olan zirzəmisinə girdik. Zirzəmidən ancaq mərkəzi küçənin hərbi komissarlığa qədər olan hissə görünürdü. Bu anda rabitə qovşağı, Əvəz Verdiyev küçəsində yaşayış evləri, bizim lap yaxınlığımızda Məcid Quliyevin evinin həyəti raketlə vuruldu. Bu zaman Əli müəllimi (....Əli Məhərrəmov) hərbi komissarın yaşayış evinin qarşısında çaşmış vəziyyətdə qaldığını gördüm, tez özümü ona yetirib, zirzəmiyə gətirdim. Deməyəsən o, yaxınlıqda yaşayan bacısı qızıgilə, rəhmətlik Heydərov Xudayarın həyat yoldaşı Şölədən və uşaqlarından bir xəbər tutmağa gedirmiş. Aradan az keçmiş ATS binasını vurdular. Biz zirzəmidən çıxmadan küçəni diqqətlə izləyirdik. Bu zaman rabitə qovşağının qarşısından bir az aşağıda yolun ortasında bir nəfərin yaralının qoluna girərək onu aşağıya – bizə tərəf gətirməyə cəhd etdiyini gördüm. Tez zirzəmidən çıxaraq özümü ona köməyə çatdırdmaq üçün yüyürdüm. Rayon maliyə şöbəsinin müdiri, 60 yaşlı Mirsiyaf müəllim qorxu bilmədən mənimlə dabanbasma özünü yaralıya çatdırdı. Qoluna girərək onu sürətlə küçə aşağı xəstəxanaya tərəf apardıq. Mən, onun sifətinə baxdım, üzündə, boğazında göy rəngli xətlər var idi, güclə nəfəs alırdı. Diqqətlə baxanda tanıdım – Qasımov Fəxrəddinin oğlu idi. Hərbi komissarlığın qarşısında o bizim qollarımız üstündə canını tapşırdı. Sifətindəki göy rəngli çapıqlar qradın qəlpələrinin kəsdiyi yaralar imiş. Aptekin yanında milisin uşaqları bizə köməyə gəldilər, onu xəstəxanaya apardılar. Bizimkilər cavab zərbəsi ilə düşməni susdurmuşdular, raketlər şəhərə düşmürdü. Geriyə zirzəmiyə qayıtdıq və daha təhlükəsiz yer axtarmaq məqsədi ilə şəhərin aşağı hissəsinə getdik...

Mədəniyyət sarayının zirzəmisində qərarlaşdıq. Dinc əhalidən də raket zərbələrindən qorunmaq üçün orada xeyli adam özünə yer tapmışdı. Heç yadımdan çıxmır, birinci mən işıqdan mədəniyyət sarayının qaranlıq zirzəmisinə girəndə ilk əvvəl gözüm qaranlığa alışmadığından heç kimi görmürdüm, amma onlar məni görürdülər. Bir qadın sevinirmiş kimi mənim adımı ucadan çəkdi, burada olduğumu dedi, elə bilirdi ki, hamı qaçmış.. Sonra Bakıdan gələn Tahir Əliyev və başqaları gizli yığıncaq geçirəndə, mən oradan çıxası oldum. Həmin iclasda DQMV-nin Hadrut rayonu tərəfdən gələcək təhlükənin qarşısını almaq məqsədi ilə Laçın milis qüvvələrini Səfiyan-Fərəcan istiqamətinə göndərmək haqqında qərar qəbul edilmişdi. Hətda hərbi vəziyyət olduğu üçün deyilənə görə rayon icra hakimiyyəti başçısının da səlahiyyəti ancaq mülki işlərlə məhdudlaşdırılmışdı...
Mən, Xanlar müəllim, Səlim müəllim, Elçin həkim...“Köhnə poçt”da yenicə istifadəyə verilmiş 5 mərtəbəli yaşayış binasının zirzəmisində təşkil edilmiş hospitala getdik...

Bütün günü çalışmasına baxmayarq rayon icra hakimiyyətinin başçısı Xanlar Məmmədov Bakı ilə heç bir əlaqə yarada bilmirdi, nə respublika rəhbərləri, nə də müdafiə nazirliyindən telefon zənglərinə cavab verən olmadı. Nəhayət ki, uzun axtarışlardan sonra ölkə Prezidentinin köməkçisi Zərbəliyev soyadlı biri cavab verdi, vəziyyəti rəhbərliyə çatdıracağını və bir saatdan sonra əlaqə saxlamağımızı bildirdi.

Mən təklif etdim ki, gəlin bir qeydiyyat kitabı tərtib edək, kiminlə əlaqə saxlasanız qeyd edin ki, sonra məsuliyyətdən qaçmasınlar. Elə də etdik, kitabın qrafalarını mən tərtib etdim. Bir saatdan sonra Bakıya dalbadal zənglər edildisə də heç bir cavab verən olmadı. Nəhayət rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin İsgəndərovun zənginə respublika səhiyyə naziri (unutmuşam bəlkə də nazirin müavini) Rəhim Hüseynov cavab verdi və olduqca yanımcıllıqla bizim vəziyyətimizi yuxarılara çatdıracağını bildirdi. Tərtib etdiyimiz kitaba birinci Elçin həkim onun adını qeyd etdi...
Qarabağda məğlubiyyətimizin başlıca səbəbi mərkəzi hakimiyyətin, yəni Moskvanın açıq-aydın ermənilərin separatçılıq hərəkətlərini müdafiə etməsi və Azərbaycanın olduqca aciz rəhbərliyinin hadisələri vaxtında qiymətləndirə bilməməsi və cavab tədbirləri görmək iqtidarında ola bilməməsi idi.
Ermənistan Dağlıq Qarabağı özlərinə birləşdirmək üçün bütün cəbhələrdə hücuma keçmişdi. Hələ münaqişə hərbi münaqişəyə çevrilmədən əvvəllər bütün günü Yerevan televiziyası öz fikirlərini gizlətmədən bu məsələləri müzakirə edirdilər. Laçın – Şuşa yolunu öz nəzarətlərinə almaq üçün müxtəlif variantlar televiviziya ekranlarından səsləndirilirdi. Hər gün bizim rayonun üzərindən Dağlıq Qarabağa Ermanıstandan təyyarələrlə silah-sursat daşınırdı. Laçında əslən İrəvandan olan olduqca ziyalı, savadlı, qabiliyyətli təşkilatçı bir müəllim var idi. Rəhmətlik İsmayıl İsmayılovu laçınlılar yaxşı xatırlayırlar. O, erməni dilini təmiz bilirdi. Rayon rabitə qovşağının rəisi, mənim ağsaqqal dostum Fazil Abbasovla onu iş otağıma dəvət edirdim, o məlum məsələ ilə əlaqəsi olan bütün televerilişləri tərcümə edirdi və bütün məlumatları Bakıya – o zamankı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və “Kommunist” qəzetinə göndərsək də heç bir tədbir görülmürdü...

15 may 1992 ci il


“Köhnə poçt”dakı hospitalda bütün günü yaralılarla çalışan həkimlər yorulmuşdular, həm də ac idilər. Rayon icra hakimiyyətinin şöbə müdiri Tofiq Abdullayev haradansa bizim yanımıza gəldi, bizdə olan ərzaqın qıtlığını görüb, qayıtdı və yarım saat keçməmiş, bir qoyun şaqqası ilə geri qayıtdı. Mən gəncliyimdən “çölçül” olmuşam, Laçında tək-tək bulaq olar ki, orada özümüz biş-düş edib, “yeyib, içməyək”. Tez hospitalın həyətində mənim qohumum Şükürov Hüseynalının həyətdə olan ambar kimi otağından qazan və s. götürərək, Şakir həkimlə birlikdə həkimlərə bir ləzətli şalampur bişirdik...Bu Laçında yediyimiz axırıncı ləzətli tikə idi. Yeməyin ortasında Arif Paşayev də gəlib bizə qoşuldu və söhbətdə bizə dedi ki, bzi qalib gəldik. Düzü biz bu gəlişi və onun dediyi sözləri başa düşmədik. Bir az keçmiş eşitdik ki, Xalq Cəbhəsi Ayaz Mütəllibovu prezidentlikdən aşırıb. Arif Paşayev kimi çoxumuz sadəlövlüklə elə bildik ki, Ayaz getdi, AXC gəldi, bütün işlər düzələcək, ermənilərin hücumu dayandırılacaq. Lakin sonralar bunun əksini gördük...

...Hoçaz qayasının başının üstünə toplanan qara buludlar yağış yağacağını xəbər verirdi. Laçınlılar bilirdilər ki, Hoçaz qayasının başının üstünü bulud alanda hökmən yağış yağmalıdır. Lakin bu buludlar adi bulud deyildi, qap-qara buludlar idi, sanki dağlar qəm libası geyinmişdi. Bir az keçmiş güclü yağış başladı. Axşam çağı üfüqdə qızartı itməmişdi, amma hər tərəf qara rəngə boyanmışdı. Yağış dayanmadan yağırdı, adi yağış yox, qap-qara yağış yağırdı.

...Mən, öz evimiz bir az kənrda olduğundan, tək olduğuma görə gecələri Səlim müəllimlə və dostum Azər Məmmədovla Azərgildə qalırdıq. Gecə Səlim müəllim Xanlar müəllimlə bir yerdə yenicə istifadəyə verilmiş, 3 mərtəbəli yaşayış evinin zirzəmisindəki hospitalda onlar üçün ayrılmış bir kiçik otaqda hazırlanmış xəstə çarpayısnda yatası olduğundan mən evə getmək istədim, amma Elçin həkim mənə də yatmaq üçün bir yer təşkil etdi. Elə paltarlı uzandıq yerimizə, amma heç birimiz yata bilmirdik, hamı yerində qurcalanırdı. Gecə təqribən saat 3 radələri olardı, heç cürə yuxum gəlmirdi. Yaxınlıqdakı “Köhnə Poçt” adlanan meydana çıxdım, artıq yağış kəsmişdi. Şuşa yolundan gələn bütün hərbi texnika Laçın-Akara yolunun kənarında dayanmışdı. Hərbiçilərdən nə üçün dayandıqlarını soruşduqda cavab verdilər ki, artıq “Qala dərəsi” və “Onverst” kəndlərini (Laçın-Şuşa yolunun 10 kilometrliyində yerləşən erməni kəndləri) ermənilər tutdular. Artıq başa düşdüm ki, Laçının taleyi həll edilib, Laçının ətrafındakı bütün yüksəkliklər düşmənin əlinə keçmişdi. Qara yağışın mənasını indi başa düşdüm, təbiət ağlayırmış bizim günümüzə, Uca Tanrı bizi xəbərdar edirdi ki, Laçınımıza yaxşı oğul olmamışıq, nə siyasətçilərimiz, nə də biz sıravi əhali Vətəni qoruya bilməmişik, yağı düşmən qapının ağzını kəsmişdi. Ürəyimə damdı ki, bir daha qoca dağdağan ağacının altındakı bulağın yanına yığışa bilməyəcəyik, bazar günləri “şəhərin başı” adlanan meydanda köhnə mehmanxananın qarşısında dayanıb hündür telefon dirəyindən asılmış səsgücləndiricidən muğamata qulaq asa bilməyəcəyik... İlk ağlıma gələnlər hələlik bunlar idi...

Laçın – qara günlərin  qara yağışı...

Geriyə zirzəmidə yerləşən qərargaha qayıtdım. Gənclik dostum olan Səlim müəllimə yanaşıb vəziyyətin olduqca ağır olduğunu dedim. O, tez yerindən qalxıb mənimlə həyətə çıxdı və hərbi qərargaha – internat məktəbə getdik. Xanlar müəllim isə hospitalda qaldı, bizdən xəbər gözləməyə qərar verdilər.Yerli özünümüdafiə polkunun komandiri və digər zabitlər ön cəbhədə idilər. Bir az keçmiş komandir Arif Paşayev, Bakıdan yenicə korpus komandiri təyin edilmiş Elbrus Orucov və ANS-in reportyoru rəhmətlik Çingiz Mustafayev otağa daxil oldular. Onlarla birlikdə otağa girən polkun texniki təchizat üzrə komandir müavini uşaqlıq dostum Rəfael Məhərrəmov mənə çox sərt şəkildə burda nə gəzdiyimi soruşdu və mülki şəxs kimi tezliklə rayonu tərk etməyimi söylədi. Otaqda nə isə müzakirə etfiklərini görüb, mülki şəxs olduğum üçün həyətə çıxıb Səlim müəllimi gözləməyə başladım. Bu zaman qaranlıqda bir əsgər mənə yanaşdı, diqqətlə əsgərə baxanda onu rəhmətlik şofer İbişin oğlu olduğunu tanıdım. O da Rəfael kimi olmasa da, yumşaqlıqla vəziyyətin olduqca kritik olduğunu deyərək mənə ərazini tez tərk etməyi məsləhət bildi.

Təxminən bir saata yaxın Səlim müəllimi gözlədim. O, otaqdan çıxan kimi vəziyyəti mənə danışdı. Bütün hərbi qüvvələr Laçın - Şuşa Turşsuyu yolundan geri cəkilmiş, mövqe ancaq Laşın polkunun ümidinə qalmışdı. Sözsüz ki, yerli polk həm Ermənistan, həm də Dağlıq Qarabağ tərəfdən olan hücumları qeyri bərabər şəraitdə dəf etmək iqtidarında deyildi. Həmçinin respublika müdafiə nazirinin Laçın polkunun komandiri ilə münasibəti olduqca kəskin idi. O zaman respublikada siyasiləşmə yüksək həddə çatmışdı, ordunun siyasiləşməsi isə bizi böyük faciələrə doğru apardı...
Yuxarıda qeyd edilən o zamankı hadisələri qiymətləndirmək istiqamətində olan fikirlərim sözsüz ki, aradan illər keçəndən, hadisələrin necə deyərlər üzərinə işıq düşəndən sonra gəldiyim qənaətlərə əsaslanır.

Gecə saat 4-5 radələrində rayon rəhbərləri dinc əhalinin köçürülməsi ilə bağlı son göstərişlərini verdilər və hərbi komandirlərin göstərişinə əməl edərək avtomaşınına minərək Güləbirdə kəndinə getdik. Səlim müəllim isə anası kəndlərində olduğu üçün Xaçınyalına getdi.

Mən avtobobildə gedənlərin hamısını Güləbirdə sovxozunun direktoru Tahir Salahovun atası Hilal əminin evinə apardım. Bir az müzakirələr apardıqdan sonra Xanlar Məmmədov, Elçin həkim və mən Səfiyan-Fərəcan kəndləri istiqamətinə getdik ki, Hadrut tərəfdən olacaq hücumların qarşısını almaq üçün Bakıdan gələn AXC emissarlarının (daxili işlər naziri Tahir Əliyev) göstərişi ilə Səfiyan -Fərəcan zonasında müdafiədə dayanan
Laçın – qara günlərin  qara yağışı...polis alayına rəhbərlik edən, rayon polis şöbəsinin rəisi Akif Səlimovla görüşək. Yarı yolda, Quşçular adlanan yerdə onunla rastlaşdıq. O da Laçındakı vəziyyəti bildi. Akif olduqca ağıllı bir komandir idi və polis batalyonunun yüksək döyüş bacarığı qazanmasında onun xidmətləri əvəzsiz idi...Laçın polisinin döyüşçüləri sonralar bütün müharibə dövrü əsl qəhrəmanlıq nümunələri göstərdilər...

Qəzənfər Hüseynov
(Gündəlikdən hissələr)
08 may 1992 ci il

______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Rusiya Krımı 1991-dən bu yana istəyirdi" – Ukraynalı general
Ərəb şeyxi Ermənistanda kilsə təmir etdirib
PKK-nın Qara dəniz düşərgəsi ələ keçirildi
Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
Prezident bir qrup mədəniyyət xadiminə "Tərəqqi" medalı verib
Nazarbayev ömürlük Türk dünyasının fəxri lideri seçildi – PREZİDENTLƏRDƏN TARİXİ QƏRAR
Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?
İlanqaya
ABŞ prezidenti: "Azərbaycanda islahatlar istiqamətində xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq"
İran tibb tarixində ilk dəfə açıq ürək əməliyyatı keçirən şəxsiyyətin doğum günüdür
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
"Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?"
Müdafiə naziri genişmiqyaslı təlimlərin yekunu ilə bağlı xidməti müşavirə keçirdi
Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV
Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR
Təhsil Nazirliyi müəllimin döyülməsinə görə Baş Prokurorluğa müraciət etdi
Şərabdan şirin
Sürücülük etibarnaməsi ilə bağlı vacib – YENİLİK
İqtisadçı: “Bütün yaşlı şəxslər pensiya ala bilməyəcək”
ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİLƏ TARİXDƏ YAŞAYAN MÜTƏFƏKKİR
Fuad Abbasov təcridxanadan danışdı – Həbsinin əsl səbəbini açıqladı
Şəhid qardaşların atası vəfat edib
Paşinyan hərbi xidmətdə olan oğlunu təcili şəkildə Qarabağdan çıxartdı – Müharibə gözlənilirmi?
Azərbaycan müharibəyə hazırlaşır - Sensasion iddialar
Bakıda 33 yaşlı qadın özünü dənizə atıb
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir" – İsrail telekanalı
Rusiyalı turistlər QARABAĞDA – Laçın, Şuşa, Kəlbəcər, Xankəndi – VİDEO 2019
ABŞ-dan Türkiyə ilə bağlı - Şok qərar