Qarabag Media
Haqqımızda Əlaqə

Jurnalistin vətəni


Tarix:20-04-2019, 00:03 Kateqoriya:Manşet / Yazarlar

Jurnalistin vətəni

Eşidirəm deyirlər jurnalist vətənpərvər olmamalıdı, çünki vətənpərvərlik jurnalistin işinə pis təsir göstərir.

Bunu deyənlərin gətirdiyi misalı da görürəm. Deyirlər hesab elə jurnalist öz ölkəsinin hərbi nazirliyinə müsahibə almağa gedib, təsadüfən orda gözü stolun üstündə müharibə planına sataşıb, beləliklə, ölkəsinin hərbi hücuma hazırlaşdığından, o hücumun günündən, saatından da xəbər tutub, indi bu jurnalist vətənpərvərliyinə salıb o xəbəri yaymasa, daha bunun harası jurnalist oldu.

Pis misal deyil, amma jurnalistikada vətənpərvərliyi sınağa çəkməkdən ötrü zəif misaldı.

Mənim öz misalım var. Hesab elə jurnalistsən, gedib ölkənin sərhədində keşik çəkən əsgəri çəkirsən, bu vaxt görürsən sərhədin o tayından düşmən ordusunun əsgəri sürünə-sürünə sənin əsgərinə yaxınlaşır, nişan alıb atəş açmağa hazırlaşır. Çəkilişi davam elətdirəcəksən, yoxsa çığırıb öz əsgərini xəbərdar eləyəcəksən ki, düşmənin ona sarı yaxınlaşdığından xəbər tutsun, özünü ölümdən qorusun?

Əgər jurnalisti vətənpərvərlik duyğusunu qırağa qoymağın, yoxsa qoymamağın düzgün olub-olmadığı məsələsi üstündə düşünməyə məcbur eləmək istəyiriksə, onda onu mən dediyim kimi nəzəri situasiyalara salmalıyıq.

Jurnalistin müharibə zonasında öz millətinin qətlə yetirilmiş körpəsini çəkəndə hönkürməsi heç vaxt qeyri-peşəkarlıq ola bilməz. Mən demirəm ki, jurnalist qətlə yetirilmiş körpələri çəkəndə hönkürməlidi. Yox, bunu heç vaxt demək olmaz, ən azı ona görə ki, hər şey təbii olmalıdı, insan belə vəziyyətdə ağlamaya da bilər, saxtakarlıq nəyə lazım? Mən eləcə onu deyirəm ki, jurnalistin öz millətinin qətlə yetirilmiş körpəsini çəkəndə hönkürməsi heç vaxt qeyri-peşəkarlıq ola bilməz. Hələ orasını demirəm ki, bu səmimi hönkürtü bəlkə də onun bu çəkilişə əlavə eləyə biləcəyi hər bir izahdan daha böyük izahdı.

Doğrudan da fikirləşəndə jurnalistikayla vətənpərvərlik arasında ziddiyyətlər tapmaq olur. Amma maraqlıdı ki, mən təcrübədə heç vaxt vətənpərvərliyin jurnalistikaya mane olduğunu görməmişəm. Heç eşitməmişəm də ki, kimsə yaxşı jurnalist ola bilərmiş, amma vətənpərvərliyi buna mane olub. 20 ildi jurnalistikadayam, vətənpərvərliyinə görə pis jurnalistə çevrilən adama rast gəlməmişəm.

Əksinə, mən yaxşı jurnalistlərin hamısının vətənə can yandırdığını görürəm. Jurnalistikada uğur qazana bilməyənlərin arasında vətəni jurnalistikada uğur qazanmış adamdan da çox sevən adamlar ola bilər, amma onların heç birinin uğursuzluğunun səbəbi vətənpərvərlikdə deyil.

Vətənpərvərliyin jurnalistikaya mane olduğu haqda nəzəri situasiyalar (misallar) qurmaq olar. Amma həyatda belə situasiyalara ya heç rast gəlinmir, ya da çox az rast gəlinir. Vətənpərvərliyin jurnalistikaya stimul verdiyinə aid misallar vətənpərvərliyin jurnalistikada stimulu zəiflətdiyinə aid misaldan qat-qat çoxdu.

Mən 20 ildi jurnalistikadayam, hələ bir dəfə də olsun vətənpərvərliyin mənə mane olduğunu duymamışam. Amma bu 20 ildə bir çox yaxşı yazını, təvazökarlıqdan uzaq olsa da deyim, məhz vətən sevgisiylə, vətən yanğısıyla yazmışam.

Niyə nəzəriyyəyə qapılırıq ki? Gəlin bir-bir özümüzdən və başqa jurnalistlərdən soruşaq: vətənpərvərlik sənə mane olubmu? Görək neçə fakt üzə çıxacaq? Çıxacaqsa da o, nə dərəcədə ciddi, əhəmiyyətli bir fakt olacaq?

Sonra da özümüzdən və başqa jurnalistlərdən soruşaq: vətənpərvərlik sənə kömək eləyibmi? Görək neçə fakt üzə çıxacaq və çıxanların hansı biri qeyri-ciddi, əhəmiyyətsiz fakt olacaq?

Niyə biz Azərbaycanda yeddi əsgərin öldürülməsini İraqda yüzlərlə, minlərlə əsgərin öldürülməsindən çox işıqlandırırıq? Dünyada Azərbaycan kimi torpağı işğal olunmuş neçə ölkə var. Amma biz niyə o ölkələrdən arabir, Qarabağdansa gecə-gündüz yazırıq? Niyə biz Azərbaycanda Kür çayının daşmasına Yaponiyadakı sunamidən çox yer ayırırıq? Niyə Bakıda bir binanın uçması bizim günlərlə baş xəbərimiz olur, yoxsa o günlərdə dünyada bir binanın uçmasından daha ağır hadisə baş vermir? Niyə İranda yalnız azərbaycanlı məhbusların aclıq eləməsindən yazırıq? Bəlkə ona görə ki, İranın zindanlarında başqa millətlərdən olan məhbuslar heç vaxt aclıq eləmirlər? Niyə Moskva bazarlarında taciklərin döyülməsi bizdən ötrü uzaqbaşı bir xəbərdi, azərbaycanlıların döyülməsisə hadisədi? Niyə Gürcüstan prezidenti öz ölkəsinin neçə şəhərinə gedir, bundan heç kəlmə də kəsmirik, amma elə ki azərbaycanlılar yaşayan bölgəyə gəlir, başlayırıq dalbadal xəbərlər verməyə? Tiflisdə bəlkə də gündə yüz iclas keçirilir. Amma niyə gürcülər yüz iclas keçirir, fikir vermirik, azərbaycanlılar bir iclas keçirəndə o dəqiqə diqqət yetiririk?

Bütün bunların hamısı vətən hissinə görə deyilmi? Ola bilər, bunun hər birinin kökündə vətən sevgisi dayanmır, amma hər birinin, hamısının kökündə dayanan odu ki, Azərbaycan bizim vətənimizdi. Əgər belədisə, onda Azərbaycan jurnalistinə onun vətəninin Azərbaycan olduğunu unutdurmağa nə ehtiyac var? Bu, jurnalistikaya nə xeyir verə bilər?

60 ildən çoxdu İsrail-Fələstin münaqişəsi hökm sürür. Əgər hansısa azərbaycanlı jurnalist bu 60 ildə yalnız o münaqişəni işıqlandırmaqla məşğul olsaydı, mən buna pis baxmazdım. Amma bu o demək deyil ki, bu 60 ildə bir dəfə də olsun İsrail-Fələstin münaqişəsinə toxunmayan, yalnız Azərbaycanın qayğılarına diqqət yetirən azərbaycanlı jurnalist vətənpərvərliyin qurbanı olub!

Eşidirəm deyirlər jurnalist vətənpərvər olmamalıdı, çünki vətənpərvərlik jurnalistin işinə mane olur. Eşidirəm, amma görmürəm. Ona görə də inanmıram. Eşitdiyindən çox gördüyünə inanmaq jurnalistin həm də peşə borcudu.

Azər Qaraçənli
31 oktyabr 2013-cü il

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”