Qarabag Media
Haqqımızda Əlaqə

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?


Tarix:19-04-2019, 23:09 Kateqoriya:Manşet / Cəmiyyət

“Jurnalisti öz torpağına Ermənistan ərazisindən aparmaqla “qələmini sındırmaq”, utandırmaq niyyəti güdülür”

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də Moskvada baş tutan görüşün yekunlarında yaxın gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəlinib ki, burada media və qeyri-hökumət təşkilatları mənsublarının qarşılıqlı səfərləri də nəzərdə tutulub.

Versus.Az məsələyə jurnalistlərin münasibətini sorğulayıb:

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?“Utanc hissi ilə Qarabağa getmək - YARAŞDIRMAMALIYIQ”

Tahirə Qafarlı
(versus.az):

“Torpağı işğal altında qalan jurnalist kimi özümə sual verirəm: “bu gün nəyə görə işğal altında qalan torpağıma turist səfəri etməliyəm. Bu səfərim dünyaya hansı mesajı verə bilər. Bu, ölkəmin işğala, soyqırımına məruz qoyulmasını, erməninin hələ də terror əməllərindən əl çəkmədiyini təbliğ edib, haqqımızın bərpa olunmasına xidmət edə biləcəkmi? Təbii ki, “yox!”

Görünür ki, maraqlı güclər Qarabağ danışıqları ilə bağlı vəziyyəti olduğu kimi saxlamağa çalışırlar. Lakin işğal faktının aradan qaldırılması ilə bağlı konkret addımların atılması yada düşmür. Beynəlxalq güclər nədənsə işğalçı dövlətə qarşı hər hansı sanksiyanı tətbiq edib, onu yerində oturtmaq istəmir. Bu dəfə “xalq diplomatiyası” ideyası altında danışıqlar ətrafında manipulyasiya aparırlar. Bu səfərdə bizi “məğlubiyyətimizlə doydurmaq” niyyəti güdülür. Heç şübhəsiz ki, torpağını itirmiş jurnalisti də öz torpağına məhz Ermənistan ərazisindən aparmaqla onun “qələmini sındırmaq”, utandırmaq niyyəti güdülür. Terrora, hücuma, soyqırımına, işğala məruz qoyulan xalqın nümayəndəsinin haqqı özünə qaytarılmadan, ədaləti bərpa etmədən ona “sülhə gəl!” deyilməsi nə dərəcədə məntiqlidir? Emossiyalara qapılıb, “öz torpağımdır, gedə bilərəm, amma Azərbaycandan”, deyənlər də olacaq. Onları anlayıram. Amma sizi inandırıram ki, buna da gərək yoxdur və bu səfərlə torpağı düşməndən geri almaq mümkün deyil. Əksinə, bu səfərlə erməni separatçılarının dünya qarşısında demokratik, sülhsevər xalq olmasını nümayiş etdirmiş olacaqsan. Özün isə əzilmiş, rəzil görkəm alacaqsan, qürurun yenə tapdanacaq.

Əgər bir “vətən əsgəri” kimi, işğal edilmiş ərazinə gedib öz girovunla görüşəndən sonra onu azad edə bilməyəcəksənsə, növbəti dəfə Qarabağdan məğlub qayıdacaqsan. Özünü təkrar-təkrar məğlub etməmək üçün belə səfərlərdən qaçmaq lazımdır. Dünya da bilməlidir ki, mən torpağıma onu düşməndən azad edərkən ayaq basacam.

Sual edirəm - məqsəd sülhdürsə, nəyə görə onu pozan əsas səbəb aradan qaldırılmır və sərhəd bütövlüyü təmin olunmur. Nəyə görə, bunu həyata keçirməli olan Minsk qrupu bu məsələdə acizlik nümayiş etdirir. Və nəyə görə məni öz torpağıma hansısa əcnəbinin hazırladığı “səyahət turu” ilə aparmağa çalışır?! Torpaqlarımızı bizdən qoparan güclər, indi də bu yolla bizi məğlubiyyətimizə inandırıb, çismimizi çoxdan tərk etdiyimizi göstərməyə çalışırlar. Əgər güclər ədaləti bərpa etmək istəyirlərsə, birinci növbədə torpaqlarımızı terrorçu quldurlardan təmizləməli, yurdundan didərgin salınan əhalini öz evinə qaytarmalıdır.

Bu gün isə utanc hissi ilə Qarabağa gedib, erməni quldurunun qarşısında başıaşağı dayanmağı özümüzə yaraşdırmamalıyıq. Əsla, bu fürsəti düşmənə, onun havadarlarına verməməliyik. Kimsə bunu edəcəksə, demək ki, “dişsiz” siyasətin, “dişsiz” qurbanlığıdır”.

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “Nə sonuc verəcək - MƏCHUL”

Elçin Alıoğlu
(milli.az):

“Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də Moskvada baş tutan görüşün yekunları ilə bağlı bəyanat maraqlıdır. Belə ki, S.Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. Görüş iştirakçıları yaxın gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Həmin razılaşmaya görə, media və qeyri-hökumət təşkilatlarının mənsublarının qarşılıqlı səfərləri də var. Sözün açığı, bu səfərlərin adekvat nəticəsinə inanmıram. Ermənistanda şəxsən mənə qaranlıq və maraqlı olan hansısa olay, məqam yox ki, araşdırmaq üçün İrəvana yollanmaq həvəsində bulunam. "Failed state", yəni "itirilmiş dövlət" olan Ermənistanın rəhbərləri və baş çoban Nikol Paşinyan olmayan "uğur"larından, marionet "müstəqillik"dən, kvazidemokratiyasından danışa bilərlər. Danışırlar da. Lakin məsələ elə danışıqlarda qalıb. Dağlıq Qarabağ münaqişəsi kimi. Danışıqlar onillərdən bəri nəticə vermirsə, media mənsublarının adamları danışdırmaları nə sonuc verəcək - məchul.

Hə, o ki ola jurnalistlərin Ermənistana və ya erməni işğalında olan Dağlıq Qarabağa aparılmasına - mümkündür. Lakin bunun sonrası var ki, o da ibarətdi erməni jurnalistlərin Azərbaycana gəlişinə şərait yaradılmasından. "Xalq diplomatiyası" idefiksdir, uydurmadır və təkliflər sırf diplomatik "xoş-beş" təsiri bağışlayır mənə”.


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?“Belə sülh - LAZIMDIRMI?”

Azər Rəşidoğlu

(müstəqil jurnalist):

“Mən münasibətimi dəfələrlə bildirmişəm. Elmar Məmmədyarov erməni jurnalistlərin Bakıya gəlişinə razılaşıb. Bu addım Moskvanın təzyiqi ilə edilir.

Bir rejissor tamaşa qoyur və ermənilərə müraciətlə - siz də şəhid vermisiniz, gəlin, barışaq deyir. İndi də jurnalistləri qucaqlaşdırırlar.

Ərazisi işğalda olan bir xalqa belə sülh lazımdırmı? Şəxsən mənə dəfələrlə belə səfərlərdə iştirak təklif edilib və heç bir vaxt razılaşmamışam.

Xalq diplomatiyası savaş bitəndən sonra reallaşa bilər”.


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “Qəti şəkildə - ƏLEYHİNƏYƏM”
Araz Zeynallı

(yenicag.az):

“Jurnalistlərin və ictimai sektor təmsilçilərinin qarşılıqlı səfərlərinin qəti şəkildə əleyhinəyəm.

Ermənilərlə istənilən təmasımız yalnız silahla olmalıdır. O cümlədən, xarici işlər naziri Elmar Məmmədyarovun bu məsələni müzakirə etməsini də pisləyirəm.

Danışıqların tək predmeti Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması olmalıdır.

Diplomatlarımızın ritorikası da bu mövqeyə uyğun seçilməlidir”.


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “İşğalçı ölkənin nəzarəti altında – İSTƏMƏZDİM”

Cavid Şahverdiyev

(avrasiya.net):

“Azərbaycan jurnalistləri Qarabağa yalnız Azərbaycan sərhəddindən, azad və sərbəst keçə bilərlər.

Bu da o zaman ola bilər ki, torpaqlarımız işğaldan azad edilsin.

Mən jurnalist kimi öz torpağıma razılaşdırılmış formada, işğalçı ölkənin izni ilə gedəcəyəmsə, lazım deyil.

Mən istəyirəm ki, Qarabağıma istədiyim zaman heç kimin izni olmadan gedim, necə ki, başqa bölgələrə sərbəst gedib reportajlarımızı hazırlayırıq.

İşğalçı ölkənin nəzarəti altında öz torpağıma getmək istəməzdim.”


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “Jurnalist səfərlərinin əhəmiyyəti - OLMAYACAQ”

Namiq Mailov

(region plus):


“Əslində, münaqişələrin dinc yolla həlli üçün jurnalist səfərlərinin böyük önəmi var. Bu, ortaq nöqtələrin tapılması, tərəflər arasında etimad mühitinin yaradılması üçün lazımdır.

Lakin indiki halda etimad mühitinin yaradılması jurnalistlərin gediş-gəlişindən yox, münaqişəni doğuran səbəbin, yəni işğal faktının aradan qaldırılmasından asılıdır.

Ermənistan dövləti bu istiqamətdə kiçik də olsa addımlar atmasa, iradə nümaiş etdirməsə, jurnalist səfərlərinin heç bir əhəmiyyəti olmayacaq. Odur ki, Azərbaycan dövləti də, mediası da insanları ədalətli sülhə hazırlayacaq, təslimçi sülhə yox.

Xatırlayırsınızsa, bizim Dağlıq Qarabağdan olan ziyalılarımız bir dəfə belə bir xoş məram nümaiş etdirmişdi. Erməni tərəfi buna adekvat qarşılıq verdimi? Mən özüm Xankəndində doğulub böyümüşəm. Ata yurdum isə Laçındadır. Mən Laçına Ermənistandan keçməyi özümə təhqir hesab edərəm. Bizim Qarabağa Ermənistandan keçməyimiz elə işğal faktı ilə barışmağımız demək olardı.

Əgər İrəvan öz cəmiyyətini sülhə hazırlamaqda qərarlıdırsa, özündə güc tapıb insanlara izah etməlidir ki, işğala son qoyulmasa Ermənistanın gələcəyi yoxdur. Bu baxımdan mən erməni jurnalistlərinin Azərbaycana gəlib-getməsinin əleyhinə deyiləm. Qoy gəlib ən azından Azərbaycanla Ermənistanın arasındakı iqtisadi uçurumu öz gözləri ilə görsünlər və erməni xalqının işğalçılıq siyasətinin qurbanı olduğunu anlasınlar.

Nə qədər ki, erməni cəmiyyəti sülhə hazır deyil, biz gedib oradan Azərbaycana hansı mesajları gətirəcəyik? Adamların doğma yurdlarının, məzarlıqlarının işğal altında qaldığını təkrarən xatırlatmaqla onları sülhə hazırlamaq olarmı?

Əvvəlcə bu yurdlar qayıtmalı, insanlar öz ata-babalarının məzarlarını ziyarət etdikləri üçün Dilqəmlə Şahbazın taleyin yaşamamalıdır ki, jurnalistlər də qarşılıqlı səfər edib cəmiyyəti sülhə hazırlaya bilsin.

Odur ki, nə qədər ki, Ermənistan torpaqları dinc yolla azad etməyə hazır deyil, mənim üçün Qarabağa aparan yeganə yol Cocuq Mərcanlıdan keçir”.


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?“Dövlət tərəfindən təşkil olunsa - ALQIŞLAYIRAM”

Əmrah Fəqanoğlu

(ictimai tv):

“Qeyri-dövlət qurumlarının jurnalistlərin belə səfərlərini təşkil etməsinə münasibətim mənfidir.

Çünki bəzən belə səfərləri təşkil edənlərin hansı məqsədə qulluq etmələri bəlli olmur.

Amma dövlət tərəfindən təşkil olunsa, alqışlayaram”.

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “Bu layihə mənasız və - NƏTİCƏSİZ”

Anar Tağıyev

(report.az):

“Bu təklif tərəflərin son danışıqlarında irəli sürülüb.

Məqsəd xalqlar arasındakı münasibətlərdə mövcud olan gərginliyi aradan qaldırmaqdır.

Əslində bu, əvvəllər də mövcud olub.

Yəni bəzi jurnalistlər Ermənistana və Dağlıq Qarabağa səfərlər etdilər. Nəticəsi isə "ortada"dır.

Buna görə də bu layihəyə mənasız və nəticəsiz baxıram”.


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?“Münasibətim çox - MƏNFİDİR”

Vilayət Muxtar

(cebhe.info):

“Buna münasibətim çox mənfidir. Baxmayaraq ki, mən də işğal olunmuş Laçın rayonundanam. Təbii ki, o torpaqları görmək, gəzmək istəyirəm.

İşğal amilinin buna imkan verməməsi təəssüfedicidir. Amma hesab edirəm ki, işğal faktı aradan qaldırılmadan belə səfərlərin təşkili heç də məqsədəuyğun deyil.

Jurnalistlərin və ya hansısa digər ictimai sektor nümayəndəsinin Qarabağa getməsi əslində işğalçının əlinə oynayan amil olacaq.

Biz niyə öz torpaqlarımıza qonaq kimi getməliyik? Qarabağ onsuz da bizim torpaqdır. İşğal amilini aradan qaldırdıqdan sonra öz torpaqlarımıza rahat şəkildə gedərik, gəzərik. İndi isə bir növ öz torpaqlarımıza getmək üçün ermənilərdən icazə almış kimi oluruq.

Ümumiyyətlə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə onların təbirincə desək, əldə olunan razılaşmaları məqsədəuyğun hesab etmirəm. Aprel döyüşlərindən sonra belə bir razılaşma Ermənistanın zəifləyən mövqeyini gücləndirir”.


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?“Erməni bayrağı altında səfər - ETMƏRƏM”

Ramil Cəbrayıl

(karabakhmedia.az):

“İndiyə qədər sülh danışqılarında heç bir razılaşma əldə olunmayıbsa, “Xalq diplomatiyası”, jurnalistlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi bundan sonra da nəticəsi olmayan səmərəsiz danışıqlar prosesinin bir hissəsi olacaq.

Bir jurnalist kimi mənə Qarabağa səfər etmək təkif olunarsa, əlbəttə qəbul etmərəm.

Mən, məğlub ölkənin vətəndaşı olaraq, erməni bayrağı altında doğulduğum torpağa səfər etmərəm”.


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “Məğlub dövlətin jurnalisti nəyə görə - GETMƏLİDİR?”

Nahid Canbaxışlı

(veteninfo.az):

“Azərbaycanlı jurnalistləri işğal altında olan torpaqlarımıza Azərbaycan sərhədlərindən keçib gedəcəksə, təbii ki, mümkündür. Amma Ermənistana gedib oradan Dağlıq Qarabağa gediləcəksə, mənə elə gəlir ki, Azərbaycan dövlətini, xalqını sevən, onun dəyərlərinə hörmət qoyan hər hansı bir jurnalist bu addımı atmaz.

Bu, birbaşa bizim Dağlıq Qarabağı itirdiyimizi, Ermənistan qarşısında acizliyimizi göstərər. Zamanla buna bənzər təşəbbüslər olub. Xatırlayırsınızsa, “xalq diplomatiyası” adı altında Polad Bülbüloğlu, Azərbaycan musiqi gimnaziyasının rəhbəri İrəvandan Şuşaya getmişdilər. Mən o vaxt onlara aciz xalqın nümayəndəsi kimi baxmışdım, özümüzü hörmətsiz gördüm.

Bütün bunlardan dolayı, bu dəfə də kimlər gedəcəksə, artıq məsuliyyət onların üzərindədir. Digər tərəfdən, gedib nə edəcəklər ki? Gedib dağılmış, viran edilmiş torpaqları görəcəklər? Zatən ermənilər şəkilləri çəkib yayırlar. Başqa nəyi görmək istəyəcəklər? Hə, getdilər işğal altında olan Dağlıq Qarabağa, “salam-məlik, gəlmişik”, nə olsun? Axı məğlub dövlətin jurnalistləri nəyə görə Qarabağa Ermənistandan getməlidir?”



Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “Müsbət nəsə olacağını - DÜŞÜNMÜRƏM”

Nəsimi Paşayev

(müstəqil jurnalist):

“Nə məqsədlə aparılır?

Əsas sual budur.

Jurnalistlərmi dəyişəcək vəziyyəti? Yoxsa başqa bir planmı var?

Açığı mən müsbət nəsə olacağını düşünmürəm.

Əgər bir planın içində Rusiya və Ermənistan varsa, bu səfər də onların kirli niyyətlərinə xidmət edəcək”


Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR? “Hər şeyi görmək – LAZIMDIR”

Elməddin Muradlı

(ucnoqta.az):

“Dağlıq Qarabağ və ətraf rayonların hamısı Azərbaycanın tarixi torpaqlarıdır. Bura Ermənistandan yox, birbaşa Azərbaycan ərazisindən getmək olar.

Belə bir səfərin ümumilikdə əleyhinə deyiləm. Amma düşünürəm ki, əgər belə bir səfər olarsa, Azərbaycan jurnalistlərinin də mövqeyi nəzərə alınar. Orda saxlanılan əsir və girovlarımızla görüşməyimiz təmin olunar, ən azından öz torpaqlarımızı görmüş olarıq. Yəni vəziyyətlə yerindəcə tanış olmuş olarıq.

Bu, həm də bizim üçün vacib bir məsələdir. Ona görə ki, yerləşdirmə siyasəti Ermənistan tərəfindən daim davam etdirilir və çox vaxt da inkar edilir. Odur ki, gedib o ərazilərdə hər şeyi görmək lazımdır.

Ümumilikdə sülh prosesi üçün atılan addımlardır. Bunu ölkənin siyasi liderləri müəyyənləşdirib. Hər halda, cəmiyyətin də buna hazırlığı üçün belə səfərlərin təşkil olunmasına pis baxmıram. Sadəcə olaraq, baxır bu səfər necə həyata keçirilir. Ermənistanın mövqeyi kimi yox, hər iki tərəfin mövqeyi kimi olsa məlum oldu”.

Arzu Zeynallı,
Versus.Az

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar