Qarabag Media
Haqqımızda Əlaqə

"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA


Tarix:18-04-2019, 14:41 Kateqoriya:Manşet / Siyasət

"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA

"2020-ci ildən sonra Cənubi Qafqaz da Qərblə Rusiya arasında qarşıdurma xətti olacaq"

"Azərbaycanla Avropa Birliyi arasında yeni sazişinin imzalanması ərəfəsində Paşinyanın Avropa Şurasında ölkəmizin əleyhinə fikirlər səsləndirməsi təxribatdır"

"Xarici işlər nazirlərinin Moskva görüşünün təşkili ilə Kreml təşəbbüsü əlində saxlamaq istəyir"

Bildiyiniz kimi, bugünlərdə Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib. Lakin bu görüş də öncəkilərdən bir o qədər də fərqlənməyib. Belə ki, görüşün sonunda qəbul edilən bəyanatdan da göründüyü kimi, bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı ciddi irəliləyiş, konkret nəticə əldə olunmayıb.

Qeyd edək ki, Məmmədyarovla Mnatsakanyanın görüşündən sonra erməni ekspertlər tərəfindən müxtəlif şərhlər səsləndirilib. Bununla bağlı ordu.az-da gedən informasiyada deyilir ki, ekspertlərin bir qismi münaqişənin sülh yolu ilə tənzimlənməsinin o qədər də qeyri-real olmadığını, digərləri isə tərəflərin mövqelərinin bir-birindən ciddi fərqləndiyinə görə, münaqişənin yeganə həll yolunun müharibə variantı olduğunu vurğulayıblar. Məsələn, Rusiya xarici işlər nazirinin bu danışıqlarda iştirakının bir "əlamət" olduğunu iddia edən Ermənistan xarici işlər nazirinin keçmiş müavini, fövəladə və səlahiyyətli səfir Arman Navasardyan hesab edir ki, əgər Sergey Lavrov danışıqlara gedirsə, deməli hər hansısa bir təklifi var. "Ermənistan tərəfinin danışıqlarda Qarabağın (qondarma qurum-red.) təmsil olunmasında təkid etməsini nəzərə alsaq, bu danışıqlarda hər hansısa bir irəliləyişin əldə oluna biləcəyini deməkdə çətinlik çəkirəm" deyən Navasardyan əlavə edib ki, yaxın gələcəkdə dəyişiklik gözləmək tezdir. Erməni politoloq Armen Vardanyan isə bu qənaətdədir ki, xarici işlər nazirlərinin görüşündən böyük irəliləyiş gözləmək olmaz. O, həmçinin Rusiya tərəfinin ayrıca, ikili gündəliyini "Lavrov planı" adı altında irəli sürməyə səy göstərdiyini qeyd edib: "Bu barədə yalnız ABŞ-ı təmsil edən sabiq həmsədr Riçard Hoqland bəyan edib. O bildirmişdi ki, Lavrov planı əvvəlki "Madrid prinsipləri"nə uyğundur. Burada yalnız bir fərq var ki, bu da statusun qeyri-müəyyən vaxta qədər təxirə salınmasıdır. Elə bu səbəblərə görə də plan Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən təxirə salınıb". 2016-cı ilin aprel ayından sonra Vyana, daha sonra Sankt-Peterburq görüşlərini xatıladan Vardanyanın sözlərinə görə, daimi gündəliklə yanaşı, Rusiya hər dəfə öz gündəliyini də irəli sürür: "Danışıqlar prosesi müəyyən mənada dalana dirənmiş vəziyyətdədir. Hazırda danışıqların nə barədə aparıldığı məlum deyil. Hazırda iki variant var: ya Qarabağ adından Ermənistan çıxış etməli, yaxud da qeyri-formal danışıqlar davam etdirilməldir. Hazırda Ermənistanın danışıqlara hansı seçimlə getdiyini demək çətindir. Hətta biz bunun danışıqlar, yoxsa sadəcə görüş olduğunu belə bilmirik".

"Paşinyan hərbi əməliyyatların yenidən başlaması ehtimalından, Azərbaycanın müharibə təhdidindən qorxuya düşüb"

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Şurasında çıxışı zamanı səsləndirdiyi fikirlər onu göstərir ki, artıq düşmən tərəfi qorxuya düşüb: "Aydın şəkildə hiss olunur ki, Paşinyan hərbi əməliyyatların yenidən başlaması ehtimalından, Azərbaycanın müharibə təhdidindən qorxuya düşüb. Məhz bu səbəbdən də o, dərhal Avropaya üz tutaraq onlardan kömək, Azərbaycanı dayandırmalarını istəyib. Çünki onun çıxışını diqqətlə incələdikdə buna dair psixoloji nüansların olduğu diqqət çəkir. Bunu Paşinyanın 2016-cı il yanvar müzakirələrini aprel döyüşlərinin prelyüdiyası kimi misal çəkməsi təsdiq edir. Bununla da Paşinyan narahatlığını ifadə edib ki, indi də Azərbaycan Dağlıq Qarabağdakı işğalçı qoşunlara qarşı hərbi əməliyyatlara başlaya bilər. Odur ki, Ermənistanın Azərbaycanın müharibə xəbərdarlığından qorxması açıq şəkildə hiss olunur".

"Rusiya danışıqlar prosesindəki həlledici mövqeyini itirmək istəmir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Moskvada baş tutan görüşə gəlincə, politoloq hesab edir ki, məhz bu görüşlə Kreml təşəbbüsü əlində saxlamaq istəyir: "Prezidentlərin Vyana görüşündə nazirlərin mütəmadi ünsiyyəti davam etdirmələri qərara alınmışdı. Lakin bununla yanaşı, Paşinyan Avropa Şurasında yenidən sərsəm fikirlər səsləndirərək bildirib ki, format yenilənməli, Dağlıq Qarabağdakı erməni icması da danışıqlar prosesinə tərəf kimi daxil olmalıdır. Həmçinin, o, deyib ki, sənəd vacib deyil, vacib olan insan həyatıdır. Əgər insan həyatı onun üçün vacibdirsə, Dağlıq Qarabağda azərbaycanlılar soyqırıma məruz qalıb, öz torpaqlarından didərgin düşüb. Ermənilər isə orda yaşayır, azərbaycanlıların isə hüquqları pozulub. Odur ki, insan həyatı dedikdə bunlar da nəzərə alınmalıdır. Qeyd edim ki, xarici işlər nazirlərinin Moskva görüşünün təşkili ilə Rusiya təşəbbüsü əlində saxlamaq istəyir. Aydın şəkildə görünür ki, Kreml danışıqlar prosesindəki həlledici mövqeyini itirmək istəmir. Rusiya prosesi özü idarə etmək istəyir. Ona görə də nazirlərin Moskva görüşü təşkil olunub".

"Regionda müşahidə olunan diplomatik hərəkətlənmələr Dağlıq Qarabağ məsələsi və Azərbaycanla Avropa Birliyi arasında yeni sazişinin imzalanması ilə bağlıdır"

Nəzakət Məmmədova bu qənaətdədir ki, Azərbaycanla Avropa Birliyi arasında yeni tərəfdaşlıq sazişinin imzalanması ərəfəsində Ermənistanın baş nazirinin Avropa Şurasında ölkəmizin əleyhinə fikirlər səsləndirməsini birbaşa təxribat kimi dəyərləndirmək lazımdır: "Paşinyan Avropanı təhrik etmək istəyir ki, Azərbaycanla o şərtlərlə saziş imzalayın ki, orda Ermənistanın mənafeyinə zərər gəlməsin. Burda isə əsas mübahisə məsələsi odur ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması həmin sazişdə təsbit olunmalıdır. Bununla yanaşı, Avropa Birliyi münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həllinə dəstəyini bildirməlidir. Bax, bu iki məqamın həmin sazişdə əksini tapması Azərbaycan üçün olduqca mühümdür. Onu da nəzərinizə çatdırım ki, son günlər regionda müşahidə olunan diplomatik hərəkətlənmələr hamısı Dağlıq Qarabağ məsələsi, hərbi əməliyyatların başlama ehtimalı və Azərbaycanla Avropa Birliyi arasında yeni tərəfdaşlıq sazişinin imzalanması ilə bağlıdır. Əminəm ki, son günlər baş tutan səfərlər məhz bu iki faktorun üzərində qurulub. Nazirlərin səfərinə gəlincə, bundan xüsusi bir şey, hansısa real nəticə gözləmirəm. Çünki bu illər ərzində dəfələrlə bu tip səfərlər reallaşıb və buna rəğmən, hələ də ortada konkret nəticə yoxdur, heç bir irəliləyiş əldə olunmayıb. Hesab edirəm ki, yalnız dövlət başçılarının görüşlərindən nəsə gözləmək olar".

"Paşinyan anlayır ki, inqilab olmadan Dağlıq Qarabağdakı separatçıları hakimiyyətdən yola sala bilməyəcək"

Politoloqun fikrincə, Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallıq nümayiş etdirsə belə, hər hansı konkret nəticənin əldə olunması mümkün deyil: "Onsuz da Qərb həmişə çalışır ki, bu məsələ öz həllini tapsın. Lakin Rusiya Qərbə prosesə müdaxilə etməyə belə, imkan vermir. Çünki Kreml bu münaqişəni öz monopoliyasında saxlayır. Ümumiyyətlə, Rusiya açıq-aşkar deyir ki, Cənubi Qafqaz mənim təsir dairəmə daxildir. Bu səbəbdən də Moskva Cənubi Qafqaza müdaxiləni özünün milli maraqlarına müdaxilə, hətta zərbə kimi dəyərləndirir. Qərb bunu başa düşsə də, dəfələrlə münaqişənin həllinə dair cəhdlər edib. Ancaq bununla yanaşı, anlayır ki, Cənubi Qafqaza həddən artıq müdaxilə Rusiya ilə böyük qarşıdurmaya gətirib çıxara bilər. Ona görə də Qərb bu regiona o qədər də müdaxilə etmir. Hazırda Qərbin Rusiya ilə cəbhə xətti Ukrayna və Suriyadan keçir. O cümlədən, Venesuelada da onların qarşıdurması baş verdi. Bəlkə də 2020-ci ildən, yəni Gürcüstandakı parlament seçkilərdən sonra Cənubi Qafqaz da Qərblə Rusiya arasında qarşıdurma xətti olacaq. Ancaq hələlik Paşinyan da balanslaşdırılmış siyasətə keçməyə çalışır. Artıq o da başa düşür ki, ritorika, meydanda deyilən sözlər real hakimiyyətdə olduqda deyilən sözlərlə tamam fərqlənir. Odur ki, o, Rusiyanı inkar edib, birdəfəlik ata bilməz. Məhz buna görə də indi o da balanslaşdırılmış siyasətə üstünlük verir. Amma daha çox ağırlığı Qərbə verir. Ümumiyyətlə, görünən odur ki, Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir. Düşünürəm ki, o, Rusiyanın dəstəklədiyi separatçılarla bacarmadığını görüb belə bir varianta əl atmaq niyyətindədir. Paşinyan istəyir ki, Qərb ölkələri Qarabağdakı erməni QHT-lərinə yardım etməklə, onları öz tərəfinə çəksin. Heç kimə sirr deyil ki, inqilab vaxtı Paşinyanın arxasınca gedən Qərbin, ABŞ-ın maliyyələşdirdiyi QHT-lər idi. Tam əminəm ki, Paşinyan eyni prosesi Dağlıq Qarabağda da tətbiq etmək istəyir. Yəni artıq rəngli inqilab ssenarisi hazırlanır. Paşinyan anlayır ki, inqilab olmadan Dağlıq Qarabağdakı separatçıları hakimiyyətdən yola sala bilməyəcək".

Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar