Qarabag Media
Haqqımızda Əlaqə

Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ


Tarix:18-04-2019, 14:23 Kateqoriya:Manşet / Müsahibə

Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ “Kiminsə mənimlə münasibətinə görə kitablarımı oxuduğunu bilsəm, ölüb yerə girərəm”

Modern.az saytının “Bizimkilər” rubrikasının bu dəfəki qonağı jurnalist, yazıçı Şərif Ağayardı.

Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub.

1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının Tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panorama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. 2000-2003-cü illərdə "Yeni Azərbaycan" qəzetində mədəniyyət və ədəbiyyat yazarı kimi fəaliyyət göstərib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub.

2003-cü ildə "Səhra məsnəvisi" adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən "Kərpickəsən kişinin dastanı" povesti və “EL” nəşriyyatında "Aftafalı antrakt" proza kitabı, 2011-ci ildə "Haramı" romanı, 2013-cü ildə "Zero" nəşriyyatının "Cib kitabları" seriyasından "Pozuq fotoşəkillər" şeirlər kitabı və "Yazıçı" nəşriyyatında "Xanım T." hekayətlər kitabı, 2015-ci ildə "Gülüstan" romanı, 2016-cı ildə "Arzulardan sonrakı şəhər" romanı çap edilib.

2008-2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib.

Hazırda Kulis.az saytında redaktor kimi fəaliyyət göstərir.

- Şərif bəy, əvvəl müəllim işləmisiniz, daha sonra yolunuz jurnalistikaya düşüb. Niyə müəllim olmağı jurnalistikaya dəyişdiniz?

- Yazmaq istəyirdim. Müəllim işlədiyim mühitdə nəinki yazmaq, heç yaşamaq üçün də imkan yox idi. Fikirləşdim ki, imkansızlıqdır, imkansızlıqdır, heç olmasa gedim Bakıda yaşayım bu imkansızlığı. Bakıda heç olmasa nəyəsə ümid vardı.

- 6 kitabınız çap olunub. Kitablarınızı hansı ardıcıllıqla oxumağımı tövsiyə edərsiniz? Və hansı səbəbə?

- Altı olub artıq? (gülüş) Əməlli-başlı qrafomanam ki! Hər balda tarixi ardıcıllıqla baxmaq daha yaxşı olar. Amma yenə də seçim özünüzündür. Oxumasanız da olar. Amma müsahibə götürmək istəyirdinizsə, mütləq ən azı bir kitabımı oxumalıydınız.

- Sizin jurnalistikaya başladığınız dövrlə indiki dövr arasında fərqlər nədir?

- Əsas fərq saytlar və sosial mediadır. İndi hamının yazmaq imkanı var. 90-ların axırında belə deyildi. Mən ilk dəfə türklərin ədəbiyyat saytlarındakı forumlara qatılanda heyran qaldım. Dedim, görəsən, bizdə bu, nə zaman mümkün olacaq? Yaxşı ki, uzun çəkmədi. Məncə, mətbuatımız sürətlə yenilənə bildi.

- Laçınsızlıqdan danışmağınızı istərdik... Laçınsızlıq sizə nə öyrətdi?

- O gün Laçında, bizim kəndin üstündəki gözəl təbiətdə çəkilmiş bir video paylaşdılar, inanılmaz soyuqqanlılıqla baxırdım. Hətta özüm buna xeyli təəccüb elədim. Deyəsən, yazılar məni ovuda bilib. Mən o ağrıların xeylisini yazıb canımdan çıxarmışam. Yazmasam, çətin olardı. Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür. Burda yalnız sadə işğal faktından söhbət getmir.

- Mənfi və müsbət cəhətləriniz nələrdir?

- Adam özü bu suala səmimi cavab verə bilmir. Özümü pisləsəm təvazökarlıq oyunu, tərifləsəm eqoistlik kimi görünəcək. Hamı kimi mənfi və müsbətdən ibarət çoxrəngli, çoxçalarlı, bəzənsə ziddiyyətli xarakteri olan adamam. Ən müsbət cəhətim ləyaqətə xüsusi əhəmiyyət verməyimdir. Məncə, hər kəs ləyaqətli olmağa borcludur. İnsanın bundan böyük dəyəri yoxdur.

- Bəzən yazarların sayının çox olması ilə bağlı tənqidi fikirlər səsləndirilir. Siz bu fikirlərlə razısınız?

- Nə qədər çox olsa, o qədər yaxşıdır. Yazarların çoxluğundan narahat olmaq yaxşı əlamət deyil. Mən prosesi sevirəm. Prosesi nəticədən də çox sevirəm. Çünki proses olmasa, nəticə heç olmaz. Məsuliyyət hissini itirmədən mümkün qədər oxumaq və yazmaq lazımdır. Kəmiyyət əvvəl-axır keyfiyyətə keçəcək.

- Yaşlı nəsil gənc nəslin mütaliəyə az vaxt ayırmağından şikayətlənir. Gənclərin kitaba marağını artırmaq üçün nələr edilməlidir?

- Müxtəlif üsullar var. Lakin hər şeydən əvvəl ölkədə kitab sənayesini qurub, kitab oxumaq imkanlarını asanlaşdırmaq lazımdır. Bunsuz heç nəyin həlledici əhəmiyyəti olmayacaq.

- Tam səmimi cavab verməyinizi istərdik. Ailənizdə sizin kitablara maraq necədir? Kitablarınız sizin diqqətinizlə oxunur, yoxsa özləri istəyir?

- Əsla və əsla nə yaxın dostlarımdan, nə qohumlarımdan kitablarımı oxuyub-oxumadıqları haqda heç nə soruşmuram. Bu barədə çox ciddi komplekslərim var. Kiminsə mənimlə münasibətinə görə yükə düşüb kitablarımı oxuduğunu eşitsəm, bilsəm, hiss etsəm, ölüb yerə girərəm. Yalnız kimsə mənimlə kitablarım haqqımda danışmaq istəyəndə sual verə bilərəm. Hə, bir də məni tərifləyən olanda, deyirəm, dediklərini mən bilirəm, yaz, qoy hamı bilsin (gülüş). Təbii ki, yeni yazdığım əsəri oxumaq üçün göndərdiyim və fikrini öyrənmək istədiyim dostlar istisnadır. Oğlumun, qızımın mənə yazıçı kimi münasibətini son iki ildə - ad günlərimdə yazdıqları statusları oxuyanda bilmişəm. Bunacan bilmirdim və açığı maraqlanmırdım da. Bilirsən, bu dünyada dəhşətli faktlardan biri də övladın atanı yazar kimi bəyənməməsi və bunu gizləmək məcburiyyətində qalmasıdır. Mən buna imkan yaratmamışam. Dostlarıma da, qohumlarıma da, övladlarıma da istədikləri təqdirdə məni rahatlıqla sevməmək şansı vermişəm. Sevgiyə qalanda, hər zaman özümə qarşı sevgi görmüşəm. Məni yazıçı kimi olduğumdan da çox ciddiyə alıblar. Hər tərəfdə. Yazdığıma inanıblar. Onu sevərək oxuyublar. Özümə ən az inanan özüm olmuşam. Amma yazmaqdan usanmamışam. Çünki başqa şansım olmayıb.

- Belə fikirlər var ki, yaradıcı insanlar spirtli içkiyə meylli olurlar...

- Elədir. Yaradıcı adamda megapiksel güclüdür. Daha dərin görür, daha dərin eşidir, daha dərin hiss edirlər. Ona görə içkiyə, bəzən daha pis vərdişlərə meylli olurlar. Böyük istedad o zaman reallaşa bilir ki, böyük iradə ilə şərtlənsin. İradə yoxdursa, böyük istedad yalnız bədbəxtlik gətirir.

- Bir yazar olaraq siz kimləri, hansı əsərləri oxuyursunuz?

- Daha çox nəsr oxuyuram. Roman. İndi əlimdə Sahilənin “Şeyx”, Kənan Hacının “Sonuncu dərviş”, Tanpınarın “Aydakı qadın” romanları və Hararinin “Homo deus”u var. Eyni vaxtda oxuyuram.

- Kitablarınız müzakirəyə çıxarılanda tənqid olunurmu? Olursa, daha çox hansı məqamlar tənqid olunur?

- Tənqid də olunur, təqdir də, təhlil də. Yazdıqlarıma lap ilk gündən tənqidçilərin həssas münasibəti olub. Bu gün də belədir. Amma ümumilikdə bizim müəlliflərə qarşı bir önyarğı müşahidə edirəm. Bu, tənqidçilərdə də var, oxucularda da, elə yazıçıların özündə də. Özümüzə qarşı qəddarıq. Halbuki, maraqlı əsərlər yazılıb və bu gün də yazılır. Bir az xoşməramlı olmalıyıq. “Bizdən heç nə çıxmaz” kompleksini yenməliyik.

- Yazar olmağınıza təsir edən amillər nə olub?

- Başqa şansım yox idi. Yazmaq məni xilas edirdi. Taa o vaxtacan ki, onun həm də sənət olduğunu anladım. Onda da geri qayıtmaq gec idi artıq. Olan olmuşdu.

- Sənət olduğunu anlayandan sonra xilas etmədi?

- Xilas etməyə gərək qalmadı. Həyatın da sənət kimi bir oyun olduğunu və bütün dərd-ağrıların da əslində şərti məna daşıdığını başa düşdüm. Bu, əla duyğudur. Özümü böyük sənətin kandarında hiss edirəm. Amma məni bura gətirib çıxaran oxuduqlarımdan çox, çəkdiyim mənəvi ağrılar olub. Mənə görə, yaradıcı adamı ağrılar yetişdirir. Mütaliə, bilik və təcrübə bu ağrıları sənətə çevirməyə kömək edir

- Laçına getmək şansınız olsa, ilk baş çəkəcəyiniz ünvan hara olar?

- Heç vaxt bu haqda düşünməmişəm. Görünür, Laçına qayıtmağın bütün problemlərin həlli olmadığını dərk etmişəm. “Arzulardan sonrakı şəhər”də qəhrəman öz yurduna qayıdır, lakin heç nəyin əvvəli kimi olmadığını görür. Bir çaya iki dəfə düşmək olmaz. Laçın həm də məndən əbədi uzaqlarda qalan bir zamandır. Eyni zamanda bir daha görməyəcəyim maraqlı insanlardır. İnşallah qayıdarıq o torpaqlara, amma bu, mənim gözlədiyim ən böyük sevinc olmayacaq.

- Bəs nədir o böyük sevinc?

- Bilmirəm. Bəlkə də heç yoxdur. Amma ona can atmaq məni xoşbəxt edir. Həm yazıçı, həm insan kimi.


Qafar AĞAYEV
________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında