Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağın qara bağrı...


Tarix:21-11-2015, 10:06 Kateqoriya:Manşet / Yazarlar

Qarabağın qara bağrı... Atatürk çağırışı hesab etdiyimiz “ya şəhid ol, ya qazi!” kəlməsi əsl həqiqətdə Xətai qələmindən yol gəlir. Atatürk öz məmləkətinin ölüm-dirim savaşında yurdun bütün vətəndaşlarına üz tutub, “ya öl, ya əsgər ol, ayrı yol yoxdur!”-deyir. Əsgər olmadınsa, onsuz da ayaq altda tapdanıb öləcəksən. Olmazmı əsgər olub həyatını qılıncla qoruyasan, həlak olanda da əsgər kimi həlak olasan?!”

“Bu fani dünyada heç kimə əbədi həyat qismət deyil, hamı gələri, gedəri, ötəri, itəridir. Ancaq kişi kimi yaşamaq istəyirsənsə qaziliyi, şəhidliyi özünə həyat yolu seçməlisən.” Bax bu idi Xətai babamızın həyat kredosu. Əsgərliyi tərcümeyi-hal, şəhidliyi əxlaq norması kimi qəbul etdiyindən həmişə zəfərlər, qalibiyyətlər onunla olurdu. Axı o, ana dilimiz və torpaqlarımızın bütövlüyü üçün çalışıb həmişə.

Hazırda Vətənimizdə Xətai qüdrətli, Babək qeyrətli ər oğullarımız saysız-hesabsızdır. Qarabağ savaşında döyüşdən-döyüşə püxtələşərək, düşmənin göz dağına çevrilən igidlərimiz də az deyildi. Bilal Əhliman oğlu Məmmədov kimi.

Bilal Məmmədov 1963-cü ildə Ağdərənin Sırxavənd kəndində doğulub. O Sırxavənd ki, zaman-zaman erməni quldurlarının hücumlarına məruz qalıb... O Sırxavənd ki, tarixlərin yaddaşında əcdadlarımızın ruhunu yaşadır... O Sırxavənd ki, neçə-neçə söz xiridarlarına, mədəniyyət xadimlərinə, memarlara, sənət sahiblərinə, alimlərə qucaq açıb, onları dünyaya tanıdıb... Neçə-neçə igid oğullar yetişdirib bu torpaq. Yaz-yay aylarında istirahət emək istəyən aran camaatı həmişə Sırxavəndi seçiblər. Çünki, saf mineral suyu, çiçək ətirli havası, diş göynədən bulaqları, təmiz beçə balı, füsunkar meşələri ilə hər gələni ovsunlayıb bu ulu yurd. Elə buranın insanları da əlçatmaz dağlar kimi uca, əyilməz və möhtəşəmdirlər. Axı mayası saflıqdan, paklıqdan yoğrulanın ömrü uzun, süfrəsi bol, aqibəti xeyir olur. Allahtala burada təbiətlə insanların arasında bir oxşarlıq yaradıb elə bil. Hər ikisi bir-birinin tamamı, bir-birinin davamıdır sanki: məğrur, yenilməz...

Orta təhsilini də elə həmin kənddə alıb Bilal. Sovet ordusu sıralarında hərbi xidməti başa vurandan sonra Bakı Yeyinti Sənaye Texnikumuna daxil olub. Elə həmin vaxtdan təhsili və işi ilə bağlı paytaxtda yaşamağa məcbur olan Bilal özü üçün yaxşı həyat şəraiti qurub.

Hərdən kəndə gedər, uşaqlıqda qoyun-quzu otardığı al-əlvan yamaclara doyunca tamaşa edər, öz əlləri ilə əkdiyi ağacların meyvəsindən dadar, sinif yoldaşları, məhəllə uşaqları ilə görüşər və köhnə xatirələri yada salıb kənd həyatının dadını çıxarardı. Ancaq təəssüflər olsun ki, bütün bu xoş günlərin də sonu gəlib çatdı.

Erməni vandalları Qarabağda qiyam qaldırmaqla, nəinki Sirxavəndin, hətta bütün məmləkətin nizamını pozdular. Sanki, Qarabağın qara bağrı yarıldı. Axar sular bulandı, dağların dumanı tozla əvəzləndi. Süfrəmizin başında bəslədiyimiz quyruğu qarnında olan ilanlar dil açdı. Murdar nəfəslər Qarabağ səmasını çirkaba buladı. Xankəndindən közərməyə başlayan ocağın alovu artıq hər yanı yandırmaqda idi. Kəndlər, qəsəbələr erməni quldurları tərəfindən talan edilir, viran qoyulurdu. Bütün bunlara dözmək üçün yalnız kor olmaq lazım idi. Artıq, çaxnaşmalar ara vermir, gün-gündən qurbanların sayı artırdı. Hər kəsin səbr kasası aşıb-daşırdı.

Qarabağda baş verən toqquşmalar Bilalı rahat buraxmadı. Rahat həyat şəraitindən, işindən imtina edərək şəhər həyatına son qoyub,”Vətən, səslə oğlunu!” deyərək, birbaşa cəbhə xəttinə yollandı.

Ana südün, dağ çiçəyin öyüdüm,
Ay nurunda, gün nurunda öyüldüm.
Səhvlərimin zindanında döyüldüm,
Mən Xətai qürurundan böyüdüm
Tarixlərə çıraq bildim yolunu-
Vətən, var ol, Vətən, səslə oğlunu!

Ağacınam ayaq üstə yuxusuz
Əlacınam qadağasız, qorxusuz
Leylaçınam görə bilməz duyğusuz
Möhtacınam yüz sınaqsız, sorğusuz
Neyə tutum, göydən asım yolunu-
Vətən, var ol, Vətən, səslə oğlunu!

Durnaların həsrətimi daşıdı,
Bir oğlunam Araz dərdi yaşadım.
Göyərməyən ürəyimin başıdı,
Mən sabahı min ümidlə yaşadım,
İnamlara qalxan etdim yolunu-
Vətən, var ol, Vətən, səslə oğlunu!

(təəssüf ki, şeirin müəllifini unutmuşam)

İlk döyüş yoluna Sırxavənddən başlayan Bilal, qısa zaman kəsiyində bütün növ silahlardan istifadə etməyi öyrəndi, çevikliyi, bacarığı, qorxmazlığı ilə yoldaşlarından fərqləndi. Quldurların torpaqlarımıza xaincəsinə basqını, əmisinin, dayısının vəhşicəsinə qətlə yetirilməsi Bilalda qisas hissini min qat artırdı. Silah-sursatın çatışmazlığı onu bir an belə qorxutmadı. Tanışların, dostların hesabına qısmən də olsa silah əldə edə bildi. Və ən əsası əsgərlər arasında döyüş ruhunun alovlanmasına kömək oldu.

Xaçınçay yolu istiqamətində hücumları gün-gündən genişləndirən ermənilərin yalnız bir məqsədi vardı: azərbaycanlılar (türklər) yaşayan kəndlər arasındakı əlaqəni kəsmək. Ancaq düşmənin bu hiyləsini əsgərlərimiz vaxtında başa düşmüşdülər. Ona görə də cavab çox sərt olmalı idi ki, düşmənin gözü qırılsın. Belə də oldu. Bilalın çevik planı və gözlənilməz addımı nəticəsində geri oturdulan quldurlar həm canlı qüvvə, həm də texnika sarıdan ağır itki verərək geri çəkildi.

Əvvəlki döyüşlərdə əsgərlərimizin gücünə bələd olan düşmən, məhz Sırxavəndi darmadağın etmək üçün qarşı posta xeyli qoşun toplamışdı. 50-yə qədər tank, PDM, 2 vertolyot və xeyli silah-sursat dolu yük maşınları hücuma hazır vəziyyətdə idi. Əsgərlərimizin isə ehtiyat anbarında üç avtomat darağından başqa heç nə yox idi.

Nəhayət, ilk atəş səsləri eşidilməyə başladı. Erməni-rus hərbi birləşmələri güclü texnikanın və canlı qüvvənin köməyi ilə kəndi üç tərəfdən mühasirəyə aldı. Dördüncü tərəf isə onsuz da təhlükəli idi. Döyüşçülərimiz silah-sursat qıtlığına baxmayaraq, bütün imkanlardan istifadə etməyə çalışırdılar. Ölüm-dirim savaşı gedirdi. Yaşlıları, uşaqları gizli yollarla əhatə dairəsindən uzaqlaşdırmaq xeyli çətinləşmişdi. Qız-gəlinlər də silaha sarılıb əsgərlərimizə kömək edir, düşmənin qarşısından bir addım belə geri çəkilmirdilər. Bütün bunlara baxmayaraq, güclü müqavimət qarşısında tab gətirmək mümkün deyildi. Düşmənin saysız-hesabsız tanklarının gurultusu dərələrdə əks-səda verir, vahimə yaradırdı. Ordumuzun geri çəkilməkdən başqa çarəsi yox idi. Mənfur düşmən yavaş-yavaş irəliləyirdi. Artıq evlərin bir çoxu alova bürünmüşdü. Qışqırıq, hay-haray səsləri qulaq batırırdı.

...Sırxavənd ömrünün son dəqiqələrini yaşayırdı. Aman Allah, bu dəhşətə dözməkmi olar?! Boy atıb böyüdüyüm, barından-bərəkətindən qıdalandığım, bulaqlarından içdiyim, şır-şır çaylarında çimdiyim, ətirli güllərini qoxladığım, şehli çəmənliklərində gəzdiyim, yaylaqlarında at çapdığım o yurdu düşmənə təslim etməkmi olar?! Bəlkə də bu bir xəyanətdir... bəlkə də yox... Elə isə, hələ 1988-ci ildə Qarabağda savaşın cücərtiləri özünü göstərəndə ermənipərəst vəzifəli rusların göstərişi və köməyi ilə bütün azərbaycanlılardan məcburən odlu silahlar niyə yığıldı?! Bəlkə də ermənilərə işləyən o mənfur qüvvələr yerli əhalini silahsızlaşdırmaqla ermənilərin üstünlüyünə rəvac verirdilər. Bu bir çox bəlkələrdən uzaq bir həqiqət idi.

Artıq Sırxavənddən atəş səsləri kəsilmiş, kənd ermənilərin caynağına keçmişdi. Düzü, həmin gün erməni quldurları da xeyli itki vermişdi. Bizim itkilərimiz də az deyildi. Çox təəssüf ki, bu acı həqiqəti yaşamalı olduq.

...Qəhrəman eloğlumuz Şirin Mirzəyevin (sonralar Azərbaycanın Milli Qəhrəmanı oldu) komandanlığı altında itirilmiş kəndlər uğrunda döyüş başlandı. Döyüş başlanmazdan əvvəl “sənə və sənin kimi qeyrətli əsgərlərimizə çox güvənirəm Bilal və inanıram ki, bir neçə saat ərzində itirilmiş o 7 kəndi geri qaytaracağıq”-deyə, Şirin sılahdaşlarını süzdü. Və bir daha inandı ki, bugünkü plan baş tutacaq...

Qorxmaz, cəsur döyüşçümüz Bilal Məmmədov söhbətimiz boyu ancaq və ancaq cəbhədaşlarından,- Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin, Yelmar Edilovun, bölük komandiri Bəhmən Məmmədovun və neçələrinin igidliyindən, rəşadətindən ağız dolusu danışdı.

Özü haqqında zərrə qədər söz demədi. Ancaq elə bilirəm ki, Şirin Mirzəyevin “Bilal, sənə güvənirəm”, Yelmar Edilovun “Bilal, sən mənim sağ əlimsən” deməsi və döyüşdən-döyüşə daha da ruhlanan, el arasında şəninə şeirlər, bayatılar qoşulan Bilal üçün bu elə əsl qəhrəmanlığın qiyməti idi. Bütün tapşırıqları layiqincə yerində yetirdiyinə görə “Şərəf” döş nişanı, “Azərbaycan bayrağı” ordeni, fəxri fərmanlar, pul mükafatları alan Bilal Məmmədov 2008-ci ildə “Vətən uğrunda” medalı ilə də təltif olundu. Bu onun döyüş bacarığına cəsarətinə, qorxmazlığına, yurda bağlılığına verilən qiymət idi.

Qanlı döyüşlərin canlı şahidi, əfsanəvi qəhrəmanlıqlara imza atan Bilal Məmmədovun döyüş və ömür yolu gələcək nəsillərə bir vətənpərvərlik dərsidir. İnanırıq ki, bu yol yeniyetmə və gənclərimiz üçün örnək olacaq və hər kəs nümunə götürəcək.

Əziz qardaş, sən və sənin kimi türk oğulları saysız-hesabsızdır. Yenidən ayağa qalxacaq Azərbaycan ordusunun bir əsgəri kimi torpaqlarımızın geri qaytarılması üçün əlinizdən gələni əsirgəməyəcəyinizi bilirəm. Çünki azadlıq bayrağını Sırxavənddən tutmuş ta Laçına qədər əlçatmaz dağların zirvəsinə taxmaq və düşmənlərin torpaqlarımızdan ayaqlarının kəsilməsi gününü görmək böyük şərəfdir. O şərəfə çatmaq sənin, mənim və hər birimizin arzusudur. Və elə bu arzularla o uca dağlarda görüşmək ümidi ilə...
Səni min yaşa, qardaş!

Ötərxan ELTAC










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB