Qarabag Media
Haqqımızda Əlaqə

Xalq Cəbhəsi Mütəllibovun devrilməsiylə xalqa nə qazandırdı?.. - Sultan Laçın


Tarix:11-03-2019, 14:43 Kateqoriya:Manşet / Yazarlar

Xalq Cəbhəsi Mütəllibovun devrilməsiylə xalqa nə qazandırdı?.. - Sultan Laçın Laçının işğalından sonra ən xoşbəxt günlərim AXC dövründə kəndlərimizin bir-bir geri alındığı günlər oldu, amma...

Azərbaycanın ilk Prezidentini “atəşə tutanda” öz günahlarınızdan da danışmağı unutmayın...


Hər il bu günlərdə ölkənin ilk prezidenti Ayaz Mütəllibov medianın 1992-ci ilin 5-6 mart olayları haqda suallarına cavab olaraq keçmiş Azərbaycan(!) Xalq(!) Cəbhəsi liderlərini suçladıqdan sonra qarşı tərəf də saytlarda , sosial şəbəkələrdə sabiq dövlət başçısının “qabırğası”na döşədikcə döşəyir. Üstəlik, bəzən özlərinin hakimiyyətə gəliş üsullarını, öz bir illik hakimiyyət dövrlərini, az qala, ideallaşdırmağa baş vururlar...

Allah və bəndənizi tanıyanlar yaxşı bilir, tələbəlik illərindən bəri, demək olar ki, bütün hakimiyyətlərə heç bir aparıcı partiyanın üzvü olmadan - təkbaşına, müstəqil bir vətəndaş, sonra da jurnalist kimi müxalifətdə dayanmış, nə Ayaz Mütəllibovu, nə Elçibəyi, nə Heydər Əliyevi, nə də İlham Əliyevi bütləşdirib. Daim vicdanım, qəlbimdəki Allahdan gələn ədalət hissi ilə davranmağa, yaşamağa çalışmışam. Yəni, sözüm ondadır ki, kimisə müdafiə və ya tənqid edəndə bunu hansısa konyuktur, karyerist, vəzifə, maliyyə, hökumətdən, ya xaricdən gələcək qrant maraqlarına görə, hansısa dostu, tanışı razı salmaq məqsədilə yox, sırf Allah rizası üçün etməyə çalışmışam. Etdiyim xəta və günahlara görə qoy Yaradan özü barəmdə qərar versin...

Xülasə, çox uzatmadan mətləbə keçək. 27 il öncə -1992-ci il martın 6-da ölkənin ilk Prezidenti Ayaz Mütəllibov faktiki istefa ərizəsini yazaraq və bunu bəyan edərək hakimiyyətdən getdi. Bundan sonra Ali Sovetin sədri Yaqub Məmmədov prezidentliyi icra etsə də, ölkədəki hərbi-siyasi, iqtisadi-sosial proseslərə faktiki təsir gücü AXC-nin əlində idi. Deyirlər ki, Mütəllibov Xocalı faciəsindən sonra xalqın coşan qəzəbi qarşısında hakimiyyətdə qala bilməzdi. Xocalıda 600-dən çox insanın qətlə yetirildiyi halda guya onun göstərişi ilə rəsmi qurum və KİV cəmi iki nəfərin ölməsi haqda informasiya yayıb. Elə yalnız bu, xalq qarşısında böyük cinayət və günahdır... Onda öncə gəlin görək, Xocalı faciəsinədək nələr baş vermişdi...

Bəndəniz Ayaz Mütəllibovun dövründə nə özü, nə yaxın qohumu vəzifədə olub. Və bu günədək ölkənin ilk Prezidentindən müsahibə, açıqlama, kitab və foto-şəkillərdən savayı heç nə almayıb. Amma ədalət naminə danışaq, kommunist, “Moskvapərəst” Ayaz Mütəllibovun ölkənin, keçmiş SSRİ məkanının ən gərgin, ən ziddiyyətli vaxtlarında, dövlətçiliyimizin XX əsrdə ikinci dəfə hələ yenicə doğulduğu, “südəmər körpəlik” çağlarında Azərbaycan üçün uğurlu addımları olmayıbmı? İqtisadiyyat, sosial təminat, ərazi bütövlüyünün müdafiəsi və s. sayəsində... Niyə onlardan da danışmırsız? Nəyə görə Dağlıq Qarabağ və ətraf bölgələrdə 20-dək Azərbaycan kəndinin erməni yaraqlılarından azad edilməsindən, “Həlqə”, Çaykənd əməliyyatlarından bəhs etmirsiz? Düzdü, həmin əməliyyatlar Mütəllibovun təkidli tələbi ilə Moskvanın- Qorbaçovun icazəsi və sovet ordusunun, SSRİ DİN Daxili qoşunlarının iştirakıyla həyata keçirilmişdi. O döyüşlərdə rəhmətlik Məhəmməd Əsədov başda olmaqla Azərbaycan milisi və “OMON”u, Vaqif Hüseynov rəhbəri olduğu MTN-nin əməliyyatçı və xüsusi təyinatlıları, o cümlədən Azərbaycanın o vaxtkı Baş prokuroru İsmət Qayıbov və onun bir sıra əməkdaşları, eləcə də AXC liderlərindən də İsgəndər Həmidov, onun ətrafında olan “bozqurd”lar, yenicə yaranan könüllü dəstələr də xeyli zəhmət çəkib. Ancaq gəlin, razılaşaq ki, bu, bütövlükdə hakimiyyətin uğuru idi. Və onu da düşünək ki, həmin strateji məntəqələr və ən əsası, Gəncə yaxınlığındakı Çaykənd, Azad, Qarabulaq, Todan və s. azad edilməsəydi, sonrakı daha geniş əməliyyatlar zamanı ermənilər hansı iri şəhərlərimizi, rayonlarımızı; Gəncəni, Göygölü, Goranboyu və s. ələ keçirə bilərdi. Ümumilikdə respublika üzrə 20-dən çox kənd erməni terrorçu birləşmələrindən azad edildi. Bəs o zaman Güney Azərbaycanı, Zəngəzuru, Göyçəni, Dərbəndi, Borçalını və s. azad etməyi - bütöv Azərbaycan ideyasını can-fəşanlıqla təbliğ edən Xalq Cəbhəsi niyə Mütəllibova Vətən, Qarabağ naminə birbaşa siyasi dəstək verərək erməni işğalçı və terrorçularına qarşı mübarizəni sona çatdırmağa çalışmadı? Əksinə, bəzi AXC lider və fəalları ölkədə və xaricdə “Azərbaycanda ermənilərin haqları tapdanır” kimi xəyanətkar bəyanatlar verdilər... İnciməyin, məntiqlə belə çıxır ki, bir sıra AXC liderlərinin məqsədi Azərbaycanın müstəqilliyi, Qarabağın azadlığı yox, yalnız və yalnız hakimiyyəti ələ keçirmək olub...

SSRİ boyda nəhəngin çökdüyü bir vaxtda hakimiyyətdə dayanmaq hər kəsin işi deyildi. Ancaq Qorbaçovla da, Yeltsinlə də faktiki siyasi qarşıdurma vəziyyətində olmasına rəğmən Ayaz Mütəllibov duruş gətirə bildi. Çünki o ərəfədə ətrafında kifayət qədər milli qeyrətli, müstəqil Azərbaycanın əsl milli dövlətçilik elitası hesab ediləcək Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev kimi şəxsiyyətlər var idi... Bu komandada yeganə çatışmayan bir sanballı Müdafiə naziri idi. O da olacaqdı... Fəqət, Mütəllibov və komandası hakimiyyətdə qalınca nə Qarabağı ermənilərə vermək, nə də ölkənin neft-qazını doyunca talamağa şərait yaranmayacağını görən super güclər və onun regiondakı erməni və ermənipərəst əlaltıları bir 20 Noyabr vertolyot terroru həmləsi ilə bu komandanı - milli dövlətçilik elitasını məhv etdilər... Və bundan sonra Ayaz Mütəllibov Prezident, dövlət başçısı olaraq, demək olar ki, tək qaldı və başını itirdi... Bundan istifadə edən hakimiyyətə can atan güclər erməni işğalı təhlükəsi, Rusiya, ABŞ və s. iri dövlətlərin təzyiqindən və ən əsası, Qarabağ amilindən, qaçqın düşən, əzizlərini itirən və bu təhlükələri gözləyən xalq kütlələrinin etiraz gücündən, enerjisindən yararlanmaqla ölkə başçısına göz açmağa imkan vermədilər... AXC liderləri, elə sıravi üzvlər də gözəl bilirlər ki, əgər Tofiq İsmayılov kimi dövlət katibi, Məhəmməd Əsədov kimi dövlət müşaviri, İsmət Qayıbov kimi Baş prokuror və s. sağ qalsaydı, onlar bəlkə də heç cür Mütəllibov hakimiyyətini yıxa bilməzdilər... Heç Xocalı faciəsi də baş verməzdi... Amma o da var ki, siz doğrudan da Azərbaycanı, xalqı sevirdinizsə, nədən, ən azı, 20 Noyabrdan, heç olmazsa, Daşaltı faciəsindən sonra “Öncə Vətəndir” deyərək tənha qalmış ölkə başçısına yardım edib, onunla güclərinizi birləşdirib torpaqlarımızın müdafiəsinə nail olmadınız. Mütəllibovun sözlərinə görə, o dəfələrlə bu haqda sizlərə müraciət edib. Özü də ki, həmin vaxt 4-cü sovet ordusundan geridə qalmış, hətta yerində qalan rus hərbi hissələrindən ələ keçirdiyiniz silah-sursat və texnikalar əsasən sizin nəzarətinizdə, sizin əmrinizdə olan alay və taborların əlində idi...


Yaxşı, dediklərinizlə razılaşaq; Mütəllibov Xocalı faciəsinin törədilməsində günahkardır. Xalq faciədən sonra ona qarşı bərk qəzəbli idi və o, bu qəzəb qarşısında istefa verməyə məcbur oldu. Yəni sizlərin təbirincə desək, ölkənin ilk Prezidentini Xalq Cəbhəsi yox, xalqın gücü devirdi. Elə isə təxminən iki ay sonra Mütəllibovu hakimiyyətə qaytaran kim idi – bu da xalq idi? Cəmi bir gün sonra onu yıxan da xalq idi? Belə çıxır ki, bu xalq hərdəmxəyaldı?.. Yaxşı, siz xalqın gücü ilə hakimiyyətə gəldiniz, siz xalqı Mütəllibovdan daha çox sevirdiniz, o Rusiyanın dediyi ilə oturub-dururdu, ona görə də onun dövründə Xocalı soyqırımı baş verdi. Mütəllibov Moskvanı və hakimiyyəti, AXC liderləri isə ilk növbədə xalqı, Vətəni, Qarabağı sevirdi. Bunlarla da razılaşaq. Bəs cəmi bir il 25 gün sonra Azərbaycanın dağlar qoynunda yerləşən təbii qalası- ərazi və əhali baxımından Xocalı rayonundan dəfələrlə böyük olan, Ermənistan və Dağlıq Qarabağ arasındakı ən strateji bölgəmiz olan Kəlbəcərimizin, Laçının şimal hissəsinin tamamilə işğalına niyə yol verdiniz? Və həmin işğal baş verəndə, 70-80 minə yaxın soydaşımız qaçqın düşəndə, onlarla dinc insan, yüzlərlə hərbçi həlak olanda, Daxili İşlər naziri İsgəndər Həmidov istisna, AXC liderləri niyə başda Prezident Əbülfəz Elçibəy olmaqla həmin xalq qarşısında günahını dərk edərək istefa verməyə cəsarət etmədi? Bəlkə elə `onda üzüsulu istefa versəydiniz, elə onda Heydər Əliyevi öz yerinizə dəvət etsəydiniz, o da yerini bərkidib, heç olmasa, sonrakı bir neçə rayonun işğalının qarşısını alardı?.. Amma siz bunu da etmədiniz və yalnız üç ay keçdikdən, hakimiyyət və əsasən hərbi qurumlar daxilindəki ziddiyyətlər gücləndikdən, özünüz Milli Qəhrəman etdiyiniz Surət Hüseynov üzərinizə gəldikdən sonra kürsülərinizdən əl çəkdiniz. Elçibəy dünyadan köçüb, ona görə də onun necə getdiyinə toxunmuruq... Bəs sevdiyiniz və sizləri sevib “hakimiyyətə gətirən xalq” nədən Gəncə hadisələri zamanı sizi yox, Surət Hüseynovu, bir az sonra da Heydər Əliyevi dəstəklədi?.. Əfəndilər, gəlin razılaşın ki, bu bir aksiomadır: hakimiyyətə kim gəlirsə, hansı yolla gəlməyindən aıslı olmayaraq deyir ki, “məni xalq gətirdi”. Və sizi xalq yox, Qarabağ, imperiyaya qarşı mübarizə, müstəqillik, demokratiya, türkçülük və s. dalğalarında eyforiyaya qapılaraq tərəfinizdən təşkilatlandırılmış kütlələr hakimiyyətə gətirdi. Sonda onlar da aldandıqlarını görüb arxanızdan çəkildilər...

Mütəllibovu qətiyyətsizlikdə, kadr siyasətini düzgün qurmamaqda qınayırsız. O, öncə dediyimiz kimi, 20 Noyabr faciəsindən sonra, demək olar ki, komandasız qalmışdı. Yalnız onu demək kifayətdir ki, illər öncədən Mütəllibova qarşı ziddiyyətli mövqedə olan Həsən Həsənov Baş nazir statusunda idi.. Bəs siz hər biri özündən deyən liderlərlərlə, ilk baxışdan möhtəşəm görünən, xalqın sevimliləri olanlardan ibarət komanda ilə gəlmişdiniz. O halda niyə bir ildən artıq hakimiyyətdə dayana bilmədiniz? Niyə hakimiyyət, ordudaxili ziddiyyətləri həll etməyə nail olmadınız?..

Dediyim kimi, yaşadığım, gözümlə gördüyüm gerçəkləri danan adam deyiləm. Adamın üstündə Allah var, bütün nöqsanlarla bərabər AXC hakimiyyəti dövründə də bir sıra uğurlu addımlar atıldı. O dövrdə bir azad ruhluluq, sərbəstlik vardı. Təəssüf ki, sərbəst və düzgün idarəçilik olmadığından bu azadlıq qısa müddətdə xaosa çevrildi... AXC hakimiyyətinin ali məktəblərə qəbulda test üsulunu tətbiq etməsi on minlərlə yoxsul övladının rüşvətsiz ali təhsilə yiyələnməsinə səbəb oldu.

Amma deməyin ki, Mütəllibov hakimiyyətdə qalsa idi, Azərbaycan müstəqilliyini itirəcəkdi. Əvvəla, 1992-ci il martın 2-də elə həmin Mütəllibov dövründə ölkəmiz müstəqil dövlət kimi BMT-yə üzv oldu, Nyu-Yorkda bayrağı qaldırıldı. Rusiya artıq yenidən bizi işğal edə bilməzdi. Beynılxalq razılaşma belə idi... İkincisi, bəs Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan necə sakitcə müstəqil oldu? Üçüncüsü də, nəyimizə gərək elə müstəqillik ki, öz doğma torpağımızın üzərində yaşamayacağıq, qaçqın damğasını on illərlə alnımlzda gəzdirəcəyik, olan-qalan ömrümüzü də bir qarın çörəkpulu, dolanışıq, ev, kredit, pensiya davasıyla keçirəcəyik?..

AXC hakimiyyəti dövründə Cənubi Qafqazda ilk olaraq Azərbaycandan rus qoşunlarının çıxarılmasına başlandı. Amma 1990-cı illərdən bəri dəfələrlə yazdığım kimi, bunu böyük uğur saymaq düzgün deyil. Çünki keçmiş sovet-rus ordusu tələm-tələsik, ordunun əməlli-başlı təməli qoyulmadan, hərbi kəşfiyyat, əks-kəşfiyyat yaradılmadın çıxarıldı, amma arxivləri bizim üçün hələ də bağlı və naməlum olan “KQB”, “QRU”-nun və s. yeni qurulan Milli Ordu daxilində və siyasət meydanında hər biri bir orduya bərabər generalları, agentura şəbəkələri qaldı. Şahin Musayev adlı birisi Mütəllibovun dövründən başlayaraq ölkəni barmağına sarıdı və sizin dövrünüzdə də əlinizdən buraxdınız, getdi. Etiraf etdiklərinə görə, indiki hakimiyyətin də onu Moskvadan həbs etdirib gətirtməyə gücü yetmədi. Halbuki, faktlara görə, həmin Ş.Musayev Daşaltı, Xocalı, Şuşa, Laçın faciələrinin törədilməsində önəmli rol oynadı...

AXC liderləri 1992-ci il fevralın 14-də Mütəllibovun MDB Birləşmiş ordu komandanlığına daxil olmasına imkan vermədi, əvəzində ordumuzun başına yeridilmiş Şahin Musayevlər öz işini gördü. Halbuki, bunun əksi olsaydı, çox güman ki, nə Xocalı soyqırımı baş verər, nə də Şuşa, Laçın asanlıqla əldən gedərdi... Rütbələr verdiyiniz digərlərinin də şəbəkələri bu günədək fəaliyyətdədir...

Sözügedən agentura şəbəkələri AXC hakimiyyəti dövründə əsasən on minlərlər igid oğul-qızımızın qanı, canı hesabına və o vaxtkı Müdafiə naziri Rəhim Qazıyevin təşkilatçılığı, rus general və komandirlərlə yaxın münasibətləri sayəsində azad edilmiş torpaqların yenidən işğal edilməsində önəmli rol oynadı. Halbuki, Laçının işğalından sonra bu günədək ruh yüksəkliyi ilə yaşadığım ən xoşbəxt günlərim yalnız AXC hakimiyyəti dövründə kəndlərimizin bir-bir geri alınması xəbərlərini eşitdiyim günlər oldu... Təəssüf...

Siz Ali Sovetdə hakimiyyətə gəlişinizi şadyanalıqla qarşılayanda Laçında ermənilər bizim evlərimizə od vururdu....

Amma onu da unutmayın ki, 1992-ci il mayın 17-18-də o zaman döyüş görməmiş, təcrübəsiz-filansız gənc bəndəniz (eləcə də digər on minlərlə laçınlı, şuşalı) doğma kəndinin müdafiəsi zamanı sonacan qorxunun üzərinə gedib bir dəstə terrorçu erməni ilə təkbətək çıxaraq Allahın möcüzəsi ilə qurtulub əlacsız şəkildə son dəfə torpağa sarılıb hönkür-hönkür ağlayanda, yanan evlərinin tüstüsünü görərək ürəyi partlamaq dərəcəsinə gələndə sizlər Bakıda- Ali Sovetdə hakimiyyətə gəlişinizi qutlayırdınız? Bəs onda 100 minə yaxın şuşalı, laçınlı niyə sizin gəlişinizə imkan verdi? Ona görə ki, onları təşkil edəcək əks güc, təşkilat yox idi. Halbuki, siz gerçək vətənpərvər olsaydınız, heç olmasa, Şuşanın işğalından sonra hədəf parlamenti, Prezident Aparatını yox, Şuşanın azadlığını seçərdiniz. Və Ayaz Mütəllibova, onu bəyənmirdiniz, Naxçıvanda olan ölkədəki bütün “KQB”, bəlkə də “QRU” agentura şəbəkələrini gözəl bilən mərhum general Prezident Heydər Əliyevə yalvaraydınız ki, gəlin, birləşək təcili bir koalisyon hökumət quraq, Şuşanı geri qaytaraq, Laçını qoruyaq, Xocalını azad etməyə çalışaq... Sonra seçki keçirdib hakimiyyətə kimin gələcəyinə baxarıq... Amma siz bunu da etmədiniz. Nəticə də göz qabağındadır. Bir il sonra müxalifətdə olduğunuz Heydər Əliyevi özünüz hakimiyyətə dəvət etməyə məcbur oldunuz. Və 26-cı ildir ki, 77 parçaya bölünmüş müxalifətdəsiniz. Hanı bəs o Meydandakı bir armud ağacına görə yığışan milyonlar sevgisi, hanı sizi hakimiyyətə gətirən xalq?.. Nədən nə siz birləşə bilirsiniz, nə də xalq ətrafınızda birləşib müstəqil(!) dövlətin itirdiyi 20 faiz torpağın azadlığını tələb edə bilmir?..

Gəlin, bircə suala öz içimizdə səmimi cavab verək: 1991-ci ildən ta ki 1994-cü ilin mayındakı atəşkəsə qədər hansı Prezidentin dövründə bölgələrimiz işğal olunmayıb? Yalnız bu suala cavabdan sonra kimləri mühakimə etməyi düşünək...

Suallar saysız-hesabsızdır. Allah şahiddir ki, bəndənizin heç kəslə şəxsi qərəzliyi-filanı yoxdur. Bütün deyilənlər on illərdir ki, onun və onun kimi on illərlə özgə qapılarında, yataqxanalarda yaşamağa düçar olan on minlərin qəlbini rahat buraxmayan suallardır. Lütfən, siz də harda ürəyiniz istəyir, bunlara səmimi cavab verin. Qoy gec olsa da, gerçəklər açılsın, sirr pərdələri qalxsın və torpaqlarımızın işğalına aparan yolu aydın görə bilək ki, bəlkə geri- onların azadlığına dönüş etməyi də bacaraq...

Bəndəniz kimi həqiqət axtarışında olanlar da bir gün torpaq dərdindən ürəyi partlamaqla, ya təsadüfən bir qəzaya düşməklə dünyasını dəyişəcək. Bütün hakimiyyətlər də dəyişəcək. Amma Haqq dəyişməyəcək. Və uzaqbaşı, Axirət günü sonsuz suallarla milyonlar, o cümlədən torpağı işğal edilmiş, erməni əsirliyinə, işgəncələrinə məruz qalmış, həlak olmuş, şəhid olmuş on minlər hakiomiyyət sahiblərinin yaxasından yapışacaq...

Bilirsiz, ən yaxşısı, nədir? Gəlin, jurnalistli-siyasətşili, iqtidarlı-müxalifətli, varlılı-kasıblı hamımız susaq, heç bir uğurumuzdan, qələbəmizdən danışmayaq. Çünki Kəlbəcər, Laçın kimi təbii qalaları, Şuşa, Ağdərə kimi gözəlləri erməni işğalı altında qalan vətəndaşların, xüsusən də kişilərin danışmağa haqqı yoxdur. İnşallah, Qarabağı azad edə bilsək, orada, bunu edə bilməsək də, Qiyamət günü Allah qarşısında doyunca danışarıq... Orada kimin haqlı-haqsız olduğu çılpaqlığıyla üzə çıxacaq, inşallah./Moderator.az/

Sultan Laçın

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı
Gözəl Bayramlı: “Əfv olunacağımı gözləmirdim”
İlin sonunadək 3700 köçkün ailəsi yeni mənzillərə köçürüləcək
Əli İnsanov geniş mətbuat konfransı keçirəcək
Cənub sərhədlərimizdə “böyük oyun”un izləri – TƏHLİL
İsveçdə yaşayan soydaşımızdan böyük uğur — Məşhur kluba transfer edildi
Təkamül nəzəriyyəsini Darvin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir
Tanınmış məhbuslardan kimlər əfv olunub? – SİYAHI
“Qərb İrəvana Qarabağla bağlı unikal model təklif edib” - POLİTOLOQ