Qarabag Media
Haqqımızda Əlaqə

Xocalı – Alı kişinin alın yazısıdı...


Tarix:26-02-2019, 19:10 Kateqoriya:Manşet / Yazarlar

Xocalı – Alı kişinin alın yazısıdı...Xocalı yazda əriyən qarın isinməsi üçündü...

Xocalı təkcə Alı kişinin deyil, hər bir azərbaycanlının alın yazısıdı.

Alı kişi Xocalıda öldürülən Mələk adlı bir qızın atasıdı. Özü ölməyib, Sumqayıtda müəllimlik edir. Xocalı haqda uşaqlara dərs keçir, yəqin hər kəlməsinin sonunda Mələyin və onun 2 yaşlı qızı Natəvan haqda da söz açmaq istəyir. Ancaq onların adlarını çəkəmmir, gözü dolur. 27 ildir o, bu dünyada gözü dolu gəzir…

Xocalıda ölənlər təkcə onun ölüləri deyil. 613 nəfərdi onlar. Alı kişi 613 nəfərin ruhi çəkisini çiyninə almaqdan qorxur və elə qorxa-qorxa da öz içinə çəkilib dərd çəkir...

Xocalıda ölənlərin sağ qalanlarından da sonradan ölənlər çox olub. 1-ci Qarabağ savaşında, maşın qəzasında… Qəfildən ürəyi dayananları da bu siyahıya əlavə etmək olar.

Ürək avtomobilin mühərriki kimidi, oksigen qəbul etməsə, dayanır və həmin an bir insanın həyatı qırmızı işıq kimi stopa düşür…

1992-ci il fevralın 26-ı da stopa düşüb və biz azərbaycanlıların qan yaddaşı adlı faylına köçürülüb.

O gün də hava eynən bu günkü kimi beləydi, sakit və bir az dumanlı...

İndi də 2019-cü il fevralın 26-da düz 27 il sonra azacıq duman var, havadan yağış nəfəsi gəlir.

O illərin nəfəsi də düşüncəmizdə özünə yer tapammır, rəngini də bilinmir, bozlaşıb.

AzNews.az xəbər portalının ofisinin pəncərəsindən görsənən həyət də boza çalır. Mətbuat prospektində səhərin bu alatoranlığında maşınlar yol gedir, təkərlərinin səsi qulağımızı deşir.

O avtomibillərdə gedən sərnişinlərin isə qulaqları heç nə eşitmir, çünki eşitmək üçün radio yandırılmayıb. Bilirlər ki, Xocalı soyqırımının ildönümüdü. Bu dərdi öz içlərində çəkirlər, eynən mənim kimi…

Xocalıdan yazı yazmaq elə bil ölümə bərabər olan şeydir, çünki Xocalı haqqında yazı yazan insan 613 dəfə ölməsə, cümlələrindən qan dama bilməz, 487 dəfə yaralanmasa, mübtədasının başı silkələnib ayağı şikəst qalar, 1275 dəfə əsir düşməsə, elə hey cümlələrinin sonunda üç nöqtələr olar. Əsirlikdə olan insanlarımızın da taleləri belə müəmmalıdır...

Şəhərin səkilərində gedən insanları görmürəm, yəqin onların da üzlərində bir yazıqlıq var, sanki öz hay-küylərini içlərində boğublar. Bəlkə bu, havanın dumanlı olmasıyla bağlıdır. Bəlkə də yox. Yəqin bu gecə erməni və rus tandeminin Xocalıya hücum edib qətliam törətdikləri haqda düşünürlər.

1992-ci ilin insanları Xocalıda qətliam olacağını düşünə bilərdilərmi?

Düşünürdülər, çünki dəfələrlə Xocalıdan Bakıya teleqramlar, məktublar, telefon zəngləri gəlirmiş ki, bizi ermənilər qıracaq, kömək edin. Düzdür, kömək edənlər olurdu, ancaq bu məhəllə xarakteri daşıyırdı.

Düşünülmüş, hərbi taktikaya söykənən bir müdafiə planı yoxuydu. Bu heyifi heç onda da heç kimdən almadılar, heç indi də kimdənsə alınacağına inanmıram, çünki Xocalı qətliamının ssenari müəllifləri və oyunçuları bəllidir. Özləri üçün gəzirlər bu dünyada...

"Vətən harayı" abidə kompleksi önündə düşüncələr

Bakıda Xocalı qətliamını xatırladan bir abidə kompleksi var. Onu 1993-cü ildə inşa ediblər, ancaq zaman-zaman böyüdüb daha zəhmli bir görkəmə gətiriblər. Qəm-qüssə içində boğulan Ana ölmüş körpəsini əlində tutur. Abidə kompleksinin isə qara və boz rəngi insanda qəribə bir assosiasiya yaradır. Ona yaxınlaşmaq üçün ətrafa yenicə döşənmiş gül-çiçəyin arasından gərək keçəsən, ancaq bu gediş sonda abidəyə çökmüş zəhmliliyi bir balaca azaldır. Bəlkə arxitektorlarımız burada ölümlə sevincin bir sintezini yaradıblar.

Ayağımın addım səsini özümdən başqa heç kəs eşitmir, sonra sərin meh gəlir. Ancaq bunu donub qalmış Ana eşitmir. O, hələ heç nə eşitmir. Yatır. Bayırda güllə səsləri eşidilsə də yatır. Körpəsini də sinəsinə sıxıb. Eynən bu heykəldə olduğu kimi. Hələ Ananın bundan xəbəri yoxdur. Heç olmayacaq da. Çünki güllə onu elə yatdığı yerdəcə haqlayacaq. Güllə ona dəyməyəcək, körpəsinin kürəyinə sancılacaq və orda tab gətirməyib bayıra çıxacaq. Körpə kürəyi onun üçün balaca məkandır. O, genişliyi xoşlayır. Bayırda isə onu Ana ürəyi gözləyir. Bəlkə heç güllənin də bundan xəbəri yoxdur. O, sadəcə olaraq ürək doğramaq üçün yeni yerlər axtarır. Və tapır. Güllələr həmişə zalım olur.

Alı kişinin qızı Mələk də belə ölüb. Güllə onun kürəyinə dəyib və çölə çıxmayıb. Çölə çıxan onun qanı olub. Süzülə-süzülə 2 aylıq uşağının üzünə tökülüb. Ana yerə uzananda hamı elə bilir ki, 2 aylıq Lamiyə də ölüb. Sonradan Lamiyəni ermənilər Füzuliyə gətiriblər və rəhmləri gəlib öz əsirləri ilə dəyişiblər.

Mələyin ölən 2 yaşlı qızı Natəvan isə baldızının qucağında olub. Erməninin tək gülləsi onların hər ikisini eyni anda öldürüb.

"...Meşələr qışda öləziyən Günəşə odun atmaq üçündü"

Bu şeir şair Qulu Ağsəsə aiddir. Qulu da elə Xocalının bu yanında Abdal-Gülablıda dünyaya gəlib. Yəqin bu şeiri yazanda yaxşı günləri var imiş. Abdal-Gülablı da, Xocalı da sağ imiş. İndi isə hər ikisi "ölüb". Elə Qulu Ağsəsin də ayaqüstə quru canı qalıb. Kənd-obası tar-mar olan bir şair nədən ötrü yaşayır bilinmir. Bəlkə yaşayır ki, o şeirə yeni bir nizam versin.

"...Xocalı yazda əriyən qarın isinməsi üçündü"

Necə də poetik səslənir. Xocalıda elə istilik hardandır, görəsən, onu öləziyib ölməyə qoymayan nədir İlahi? Bəlkə orda şəhid olan 613 nəfərin ruhudu Xocalını üşüməyə qoymayan...

Xocalı faciəsini ilk dəfə eşitdiyim yer indi də durur. Ora Mətbuat prospektinin Bakı Dövlət Universitetinin üzü yuxarı qalxan yolun kəsişməsindəki səkidir. Yenə də orda dayanıb o anları xatırlayıram. 1992-ci ilin 26 fevralında "Azərbaycan" nəşriyyatına gedirdim. Elə indi dayandığım yerə çatanda üzü nəşriyyatdan bəri gələn bir jurnalist həmkarıma rast gəldim. Onunla əl-ələ görüşdüm. İndiki kimi hafizəmdədir. "Səhər" qəzetində çalışan həmkarım üzümə baxmadan ağlamsındı: "Bu gecə Xocalını tutublar". Və əlimi buraxmayıb bir anlıq ikimiz də yerimizdə donub qaldıq. Mənim sualım isə çox qısa oldu. "Ölən çoxmu olub?". "Hələ bilinmir, deyirlər ki, 2 nəfər ölüb". Və özü öz cavabına inanmayıb başını yellədi: "Orda minlərlə adam varıydı, 2 nəfərin ölümünə inanmıram. Milləti qırıblar". Ondan ayrılıb nəşriyyata gəldim. Orda da dəqiq bir məlumat deyən yoxuydu, ancaq axşama kimi cəbhə bölgəsindən alınan xəbərlərdə yüzlərlə adamın öldüyü üzə çıxdı...

Həmin gün Xocalı itkisi ikiyə endirilmişdi. Nədən görəsən? Xalqa təskinlik vermək üçünmü? Səbəbi bilinmir? Bilinən odur ki, o informasiyanı yayanlar indi sağdır. Nə qarınlarına yaba girməyib, nə də başlarına daş düşüb. Heç gözləri də çıxarılmayıb.

Belə insanlar müharibəyə getmir. Güllə onlardan uzaq gəzir. Onlar yaşamaq üçün gəlib bu dünyaya...

Yenə şair ürəyi...

Onların yerinə isə Qulu Ağsəs ölmək istəyir. Ölüm belə şirindisə, qoy bir dəfə də onların özləri ölsün. İlin-günün bu vaxtında şair itirmək zamanımız deyil, ancaq iki gün öncə, daha dəqiq desək, 2014-cü il fevralın 24-də şair Tofiq Abdin öldü. Öldü ki, bu gecə Xocalı faciəsini eşitməsin...

Sağ-salamat ölsəydim-

üst-başını

cığır basmış yol kimi…

Qəfil bir söz eşitsəydim-

dil açan lalın ilk dəfə

dediyi "sakit ol" kimi…

Sakit ol!

Və o soyqırım haqqında yenidən oxu. Oxu ki, bir daha belə qətliamlar başımıza gəlməsin. Başımıza gələn isə həmişə öz başımıza görə gəlir.

Xocalı tarixi bir cümlədə

Qədim Azərbaycan yaşayış məskəni olan Xocalıda e.ə. XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyətinin ilk abidələri - daş qutu və kurqanlar tapılıb.

Soyqırıma aparan yol

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri - Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və faciəli hadisələrindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Badbiyar, Xatın, Liditse, Sonqimi faciələri ilə eyni səviyyədə durur. Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsidir. 1990-cı ildə şəhər statusu Xocalıda 1991-ci ildə 7 min nəfər yaşayırmış. Bu şəhərdə 1988-ci ilin sentyabrın 18-də Xankəndindən, 1988-ci ilin noyabrında Ermənistandan qovulmuş azərbaycanlılar, 1989-cu ildə isə Fərqanədən qovulmuş məhsəti türkləri məskunlaşmışdılar.

Dağlıq Qarabağda yeganə təyyarə meydanı Xocalıda yerləşirdi

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etmişlər. Xocalıya artilleriya və ağır hərbi texnikadan atəş açılmış, şəhərdə güclü yanğınlar başlamış, şəhər tamamilə alova bürünmüş, yerlə yeksan edilmişdir.

Qaranlıq, müdhiş bir gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşılaşdılar. Çarəsiz ana öz qucağında 6 aylıq körpəsini boğdu, bir yaşlı körpə döşləri kəsilmiş anasının qanlı döşlərini acından ağlaya-ağlaya sordu, qız-gəlinlər əsir düşdülər, girov oldular, həftələrlə meşələrdə onlarla insan acından, soyuqdan tələf oldu.

613 nəfər şəhid oldu

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalıda şəhid olan Milli Qəhrəmanlarımız

1. Əlif Hacıyev 22 nəfərlik dəstə ilə düşmənin hücumlarının qarşısını üç dəfə ala bildi. Vəziyyətin çıxılmaz olduğunu görən cəsur döyüşçü düşmən əlinə keçməsin deyə, son anda aeroportun dispetçer məntəqəsini partlatdı. Sonrakı döyüşlərdə o, qəhrəmancasına həlak oldu.

2. Cəsur komandir Tofiq Hüseynov erməni yaraqlılarına müqavimət göstərərək onlarla dinc sakinin Ağdam istiqamətində təhlükəsiz əraziyə çıxmasına şərait yaratdı. Döyüşün gedişində mərmisi bitən Tofiq sonuncu qumbarasını sinəsinə sıxdı. O, özü ilə bərabər xeyli erməni quldurunu məhv etdi.

3. Aqil Quliyev fevralın 18-dən Xocalının müdafiəsində iştirak edirdi. Könüllülərin rota komandiri olan cəsur döyüşçü onlarla erməni işğalçısını məhv etmişdi. Həmin gecə o da, qəhrəmancasına həlak oldu. Onların hər üçü "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşlər.

Qatilləri tanıyın!!!

Xocalı faciəsi zamanı dinc sakinləri vəhşicəsinə qətlə yetirən, evləri yandırıb qarət edən 366-cı moto-atıcı alayın heyəti aşağıdakılardır:

Zarvigorov Yuri Yuriyeviç, Çitçiyan Valeriy Asaakoviç, Ayriyan Vaçaqan Grigoryeviç, Ohanyan Seyran Muşeqoviç, Arutyunov Alexander Alexandroviç, Akopyan Narses Grantoviç, Arutyunan Vladislav Vladimiroviç, Baylaryan Armen Volodiyeviç, Ayrapetyan Vaçik Gurgenoviç, Mirzoyan Vaçik Grantoviç, Şixanyan Andrey Artyuşeviç, Xaçaturyan, Abramyan.V.V, Baylaryan Sergey Yurikoviç, Danilyan Armen Barinoviç, Avanesyan, Zaxaryan, Bagdasaryan Valeri, Kisabayyan Grigoriy Akopoviç, Arsutamyan, Amelyan Garik, Avenesyan Robik, Arutyunan Kamo, Musaelyan, Sarkisyan Alexander, Osipov Yuri, Simonyan Valeri, Petrosyan Aşot, Nabikix Yevgeniy, Lixodey İqor İvanoviç, Miroşinçenko İgor, Smagin, Kuznetsov Andrey, Garmaş Viktor, Belyazin, Mirmehdiyev, Fotimski, Bugayenko, Potapov, Krut, Savintsev, Dobranski, Bobolev, Minin, Tevosyan, Bogaçev, Kurçatov, Maftullin, Kuzmanoviç, İvanov, Matayev.

Bu siyahıdakı Mirmehdiyev, görəsən hansı millətin nümayəndəsidir?

Son söz əvəzi

Son sözün yerində nə yazsaq, yenə də son söz ola bilməz, çünki ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə əlaqədar Azərbaycan Respublikası prokurorluğunun 287 nəfər barəsində həbs-qəti imkan tədbiri seçməyinə baxmayaraq hələ də onlardan bir nəfər də olsun, tutulub ədalət məhkəməsinə verilməyib.

Deməli, Xocalı qətliamının qanı yerdə qalır...

Yer bütün qətliamların şahidi olub...

…Xocalı yazda əriyən qarın isinməsi üçündü.

P.S. Xocalıda görəsən qar yağıbmı, yağıbsa, onun yazda əriməsini gözləməliyik, Xocalının isinməsi üçün…

Xocalını xocalılar ora qayıdandan sonra isidə bilər. O isitmə günü yüz faiz gələcək…

Gün var, bir əsrə bərabərdir. 27 il də bizim üçün sanki bir əsr oldu…

Babək Göyüş

_________________________________________________________________________________________________________












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ