Qarabag Media
Haqqımızda Əlaqə

Bakıda mənə edam hökmü oxundu


Tarix:4-03-2019, 22:28 Kateqoriya:Manşet / Araşdırma

Bakıda mənə edam hökmü oxundu Mühacir şairi Əli Usta Vulkan: “Azərbaycan hökuməti qısa zamanda böyük işlər gördü”

Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə çap etdiyi "Yeni Kafkasya” jurnalının 1927-ci ildə çap olunmuş 84-cü sayında "Vətən həsrəti” başlığı ilə bir yazı təqdim edilib.

Yazıda qeyd olunub: "Azərbaycanlı, bakılı, Nardaran kəndindən üçüncü Gəncə alayının dülgəri Əli Usta imzası ilə bir məktub aldıq. Əli Usta hazırda Şərqi Qarahisarda Alucra qəzasında yaşamaqdadır”.
Yazıda daha sonra Əli Ustanın vətən həsrətini əks etdirən iki şeiri təqdim olunub.

Kimdir Əli Usta?

Mühacir şair Əli Usta Vulkan 1897-ci ildə Nardaranda doğulub. Mühacirətdə xalq şairi Ali Volkan, Ali Usta adı ilə tanınıb. "Yeni Kafkasya” jurnalındakı təqdimatdan, eləcə də, 1939-cu ildə çap edilən "Azərbaycan xalq şərqi və maniləri” adlı kitabındakı bilgidən aydın olur ki, Əli Usta Azərbaycan Cümhuriyyəti Milli Ordusunun Gəncədəki üçüncü piyada alayında dülgər kimi çalışıb. Mühacirətşünas Nikpur Cabbarlıya görə, Usta təxəllüsü də dülgərliyinə görədir.

Əli Vulkan mühacirətdə "Azərbaycan xalq şərqi və maniləri” adlı kitab hazırlayıb. 1939-cu ildə İstanbulda çap olunan bu kitabda Əli Usta Azərbaycan bayatılarını, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əhməd Cavadın şeirlərini dərc edib. Həmin kitabın arxasında şairin özünün "Vətən uğrunda” adlı şeir kitabının tezliklə çap olunacağı qeyd olunsa da, araşdırmamız nəticəsində həmin kitaba rast gəlmədik.

Əli Vulkanın şeirləri 1928-ci ildə İstanbulda çap edilən, Azərbaycan mühacirəti ilə bağlı ilk şeir toplusu olan "İstiqlal uğrunda” məcmuəsində də dərc edilib. Kitabda Mirzəbala Məhəmmədzadənin onun şeirləri haqqındakı yazısı yer alıb.

Adapazarında yaşayan Əli Ustanın mühacirətdə "Azərbaycan” dərgisində şeirləri, məqalələri, xatirələri çap olunub. 2 avqust 1981-ci ildə vəfat edən Əli Ustadan geriyə Azərbaycan həsrəti, milli istiqlal mübarizəsi ilə bağlı xeyli şeir yadigar qalıb. "Azərbaycan” jurnalında şairin 13 şeiri dərc edilib.

***

Əli Vulkanın şeirləri Azərbaycan mühacirət mətbuatı ilə yanaşı, Krım, Şimali Qafqaz və Türkiyə mətbuatında da dərc olunub. Türkiyənin Bəyazid Dövlət Kitabxanasında apardığımız tədqiqat zamanı Əli Vulkanın bir müsahibəsinə rast gəldik. "Türk dünyası” jurnalında dərc edilən, Kul Mehmet imzası ilə təqdim olunan bu müsahibədə mühacir şair Türkiyəyə necə gəlməsindən danışıb.
"Rus cəhənnəmindən cənnət Türkiyəyə” başlıqlı həmin müsahibəni təqdim edirik:

***

Ötən aylarda bir gün Əli Vulkanı evində ziyarət etdim. Son günlərdə asma və bronxitdən əziyyət çəkirdi. Xeyli söhbətləşdik. Xanımı bir gecə əvvəl Əli bəyin istiliyinin qalxdığını, bayılmış bir şəkildə yatarkən birdən-birə otağından

Tarixmi yabançı, mənmi yalançı
Nə gəzər yurdumda alçaq yabançı.


şəklində fəryad eşidildiyini, övladları təlaşla içəri girdiklərində onu tər içində sayıqlayarkən gördüklərini söylədilər.

Bilmirəm, Əli Vulkanı tanıyırsınızmı? Ürəyi vətən həsrəti, türklük eşqi ilə yanan bu əvəzsiz, duyğulu, həqiqətən, türk olmağın qüruruna varmış azərbaycanlı vətən şairini 70 yaşına yetişdiyi bu günlərdə danışdırdıq, xatirələrinin bir qismini özündən dinlədik.

Əli Vulkan 1904-1905-ci illər arasında (müəllif yanlışlığa yol verib – D.Ə) Bakının şimal-şərqində, Abşeron yarımadasının sahillərindəki yüzlərlə kənddən birində – Nardaranda doğulub. Azərbaycanın istiqlal dövründə, 1918-ci ildə əsgərliyə aparılıb, Gəncə üçüncü piyada alayında hərbi xidmətdə olub.

Saysız-hesabsız mücadilənin içində olan Əli Vulkan 1924-cü ildə Türkiyəyə mühacirət etmiş, Türkiyə vətəndaşı olmuş, yenidən hərbi xidmət keçmişdir. Əli Vulkan 1930-cu ildə evlənmiş, 1932-ci ildə Azər, daha sonra Tomris və Nərgiz adlı uşaqları olub.

Böyük və gerçək türk vətəni Türkiyədə, doğulduğu başqa bir yavru türk vətəni Azərbaycanın həsrətini çəkən Vulkanın şairliyi Türkiyədə başlayır. Bir-birindən gözəl 50-yə qədər şeiri olan şairin şeirlərini şəxsən oxuduğunda, bir gənc həyəcanı içində olduğunu, gözlərinin aşırı nəmləndiyini görənlər ondan daha çox duyğulanırlar. Vulkana edilən hörmətin bir qətrəsi də buna görədir.

– Hörmətli Əli Vulkan. Sizi həssas, dərin, ürəyi vətən həsrəti ilə dolu, millətçi Azərbaycan xalq şairi olaraq tanıyırıq. Bizə Azərbaycandan çıxmağınızı, Türkiyəyə mühacirət etmənizi, oradakı son günlərinizin siyasi görüntüsünü anlada bilərsinizmi?
– 1917-ci il rus inqilabından sonra çarlığın əlində inləyən millətlər müstəqil dövlətlər qurmağa başladılar. Azərbaycanın öndə gələnləri Osmanlı hökuməti ilə Azərbaycanı qurtarsın deyə bir anlaşma imzaladı. 5-ci Qafqaz tüməni Nuri paşanın idarəçiliyində Azərbaycana girərək oranı rus və ermənilərdən təmizlədi. 1918-ci ilin 15 sentyabrında Osmanlı ordusu Bakını aldı. Bu ərəfələrdə Osmanlı Mudros müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Birinci Dünya Müharibəsinin qalib dövlətləri Osmanlının bir həftədə Azərbaycandan çıxmalarını istədi.

28 May 1918-ci ildə Azərbaycanda dövlət quruldu, xarici ölkələrə elçilər göndərildi, diplomatik əlaqələr təsis edildi. Azərbaycan ordusu təşəkkül etdi. Məktəblərdə dərslər türk dilində oldu. Azərbaycan hökuməti qısa zamanda böyük işlər gördü. Almaniya, İtaliya, Fransaya tələbələr göndərildi.

Bu ərəfədə Türkiyə İstiqlal savaşı içində idi. Kuvayi-Milliyyə və Kuvayi-İnzibatiyyə arasındakı mübarizəni fürsət bilən Rusiya Azərbaycanın sərhədinə əsgər yığmaqda idi. Ruslar Mustafa Kamal qüvvətlərinə kömək etmək bəhanəsi ilə Azərbaycandan yol istədilər. Bu hərəkətləri ilə kapitalist müttəfiq dövlətlərinin Anadolunu həm öz, həm də Yunanıstan arasında parçalanmasına qarşı olduqlarını göstərmək istəyirdilər. Halbuki məqsədləri neft ölkəsi Azərbaycanı işğal etmək, onu ərazilərinə qatmaq idi.

Mustafa Kamala kömək məsələsi Azərbaycan məclisində müzakirə edildi. Türkiyəyə kömək məsələsi mövzu olunca, istər millət vəkilləri, istərsə də xalq rusların Azərbaycandan keçmələrinə razı idilər. Türk qardaşlarına kömək üçün yol vermək normal bir hərəkətdir. Belə olduğu halda, yenə də parlamentdə mübahisələr oldu. Azərbaycan Milli Şurasının rəisi Məhəmməd Əmin Rəsulzadə kürsüyə çıxaraq "Rusdan türklərə dost olmaz. Sabah ölkəmiz Azərbaycan xarabazar olar. Əgər Anadoluya köməyə gedəcəklərsə, Novorossiyski və Odessa üzərindən də gedə bilərlər” dedi. Bu nəticədən sonra Rusiya Azərbaycana ultimatum verərək hökumətin çəkilməsini tələb etdi. Bu ərəfədə Azərbaycanda olan Xəlil paşa və əsgərləri rus qırmızı ordusunun Anadolunun yunan işğalından qurtarması üçün xalqa bəyannamə paylayır və "buraxın rus ordusu keçsin, məmləkətimizi yunan işğalından qurtarsın” deyirdilər.

Beləliklə, üç gün sonra çıxmaq şərtilə ruslar Azərbaycana girdilər, cəlladxanalarını qurdular, nazirləri, millət vəkillərini, ordu mənsublarını, ziyalıları öldürdülər. Azərbaycanda yağmalanma həftəsi başlandı. Ruslar bütün dükanları yağmaladılar, bir də Azərbaycandan çıxmadılar.
Bu qarışıqlıq vaxtı mən Gəncədə əsgər idim. Gəncənin öndə gələnlərini Bakıya göndərib edam etdirdilər. Azərbaycan xalqı bunu həzm edə bilmədi. Gəncənin tanınmışlarından Sarı Ələkbərlə 3-cü Gəncə alayının komandanı Cahangir bəy birlikdə üsyan etməyi planlaşdırdılar və 1920-ci il 22 may gecəsində rus əsgərlərinin üzərinə hücum etdilər.

Savaş bir həftə davam etdi. Bu müddətdə 7-8 min rus əsgəri qırıldı. Savaş əsnasında Gəncədəki erməni məhəlləsindəki ermənilər əsgərlərimizə arxadan hücum etdilər. Mən bu savaşın içində idim. Sol dizimdən süngü yarası aldım. Ruslar üstümüzə 10 min əsgər də göndərdilər. Qarşılıq verə bilmədik. Komandanımız "başınızın çarəsinə baxın” dedi. Ordu dağıldı. Bizlər Kür çayını üzərək Gürcüstana doğru keçdik.

Bir müddət orada qaldım. Bir il sonra ruslar Gürcüstanı da işğal etdilər. Azərbaycanın keçmiş bəhriyyə naziri Əliheydər Qarayev kürd taboru adlı bir tümənlə Tiflisə girmişdi. "Azərbaycanlılar bir həftə içində təslim olarlarsa, əfv ediləcək, Bakıya qayıda biləcəklər” deyə elan verdilər. Müraciət etdim. Öncə həbs etdilər, üç ay sonra qırmızı orduya götürdülər. Yaşım uyğun idi.

Gürcüstanın Lağıdağı ərazisindəki alaya göndərildim. Bir ara xəstəliyə tutuldum. Vladiqafqaza xəstəxanaya göndərildim. Xəstəxanada Atatürk və İnönünün rəsmlərini qəzetlərdə gördüm. Türkiyənin azad olmasından bəhs edirdilər. Bölüyümə qayıtdığım zaman tərxis olundum. Bakıya gəldim. "Gəncədə bizə güllə atdın” deyib ruslar məni tutub hərbi divana verdilər, həbs etdilər.
Mənə edam hökmü oxundu. Edama qədər hər gün Dağlı məhəlləsindəki karxanalarda daş qırmağa göndərdilər. Bir gün başçımız olan türk milisi ilə birlikdə qaçdıq. Orda-burda gizləndim. Bir gecə yük vaqonları ilə Şirvanın Kürdəmir bölgəsinə gəldim. Burada bir İran pasportu alaraq illərlə stansiyada hamballıq etdim. Bir gün orada Qaraqoyun ərazisində rejimə qarşı üsyan oldu. Mən də aralarına qarışdım.

Bir ay vuruşduq, Qarabucaq stansiyasının dəmiryolu körpüsünü dağıtdıq. Günlərlə Tiflisdən qatar gələ bilmədi. Nəhayət, atacaq kurşun və gülləmiz qalmadı, dağılışdıq, gizləndik. Bu ərəfələrdə Afyonkarahisarın Sülmənli kəndindən İbrahim adlı bir əsir mənə xəbər göndərdi. Türkiyəli 73 əsirin altısını "siz yerli türklərlə birgə hərəkət etdiniz” deyərək ruslar güllələmişlər. Qalanları həbsdə imiş. Mən çöldə olduğum üçün onların dərdlərini və vəziyyətlərini türk səfirinə bildirsəm, qurtuluş ümidləri olarmış. Bir gecə yük qatarı ilə Bakıya gəldim.

O zamanlar Türkiyə səfiri Mahmud Şövkət Əsəndal idi. Yanına getdim, məsələni anlatdım. "Mən indi Moskvadan vəziyyəti araşdıraram” dedi. Geri dönüb Kürdəmirin Xəlilli kəndinə gəldim. Yaxın dostum Şebinkarahisardan olan Zühdü əfəndi mənə bir kağız göndərmişdi. Bu kağız Sibirdə düşərgə komandanı tərəfindən azad edilmiş kazanlı bir əsirə verilib. Əsir geri dönərkən Sibir yolunda ölür, orada gömülür. Zühdü əfəndi də Sibirdən gəldiyi üçün bu hadisəyə şahid olmuş, ona verilən kağızı saxlamış. Mən bu sənədi mənim imiş kimi, Tiflisdəki türk konsulluğuna verdim. Azəri olduğum halda mənə kömək etdilər. Öncə Batuma, 25 iyun 1924-cü ildə Hopa yolu ilə əvvəlcə Girəsuna, sonra Şebinkarahisara vardım. 8 yanvar 1925-ci ildə Türkiyə vətəndaşı oldum.

– Azərbaycan türklərinin millətçiliyə önəm verdiklərini bilirik. Bugünkü Azərbaycanda milli bir axının varlığına inanırsınızmı?

– Bu gün bu məsələ bizə məchul kimi görünsə də, İkinci Dünya Müharibəsində almanlarla bir arada rus sürülərinə qarşı savaşan, sonra Türkiyəyə sığınan azəri türkləri bizlərdən daha qatı millətçidirlər. Bu da azəri türklərindəki milli ruhun heç bir ortamda gücünü itirməyəcəyini göstərir. Vətənimdir, vətənimdir, vətənim... Doğrasalar dilim, dilim, Azəridir mənim dilim.

– Azərbaycan hürriyyət mücadiləsində olmuş, sonra Türkiyəyə gəlmiş məşhurlar vardırmı, bugünkü vəziyyətləri necədir, onlara önəm verilibmi?

– İmperialist rus sürülərinin istilasından sonra Azərbaycan Milli Şurasının sədri (rəisi-cümhur) Məhəmməd Əmin Rəsulzadə, tarixçi yazar Mirzəbala, yazar Əbdülvahab Yurdsevər, yazar, millət vəkili Sadıq Aran, yazar Əli Azərtəkin, yazar Əjdər Qurtulan, millət vəkili Abbas Kazımzadə və daha bir çoxu Türkiyəyə gəldi, burada müxtəlif məsləklərdə çalışdılar. Bu çox dəyərli insanlara Türkiyədə lazımi qədər önəm və vəzifə verilmədi. Hətta bir çoxlarının məzarı da hazırlanmayıb, unudublar. Milli dəyərlərinin dəyərini anlaya bilməmək bizim xüsusiyyətimizdir hər halda...

– Bugünkü Azərbaycanda necə yaşayırlar?

– Bu gün Sovet İttifaqında kommunizm iflas etməkdədir. Bu səbəbdən Kommunist Partiyası İşçi Sosialist Partiyası şəklinə dəyişdirilir. Dövlət kapitalizmi fərdiyyətçilik sisteminə doğru gedir. Fərdlərin tarlası, bağı, bostanı, meşəsi bəhrəsiz hala gətirilib. Dövlət xəzinəsi iflas etdiyi üçün kolxozlar öz fərdlərinə yenidən yarım və ya bir hektarlıq kiçik ərazilər verib qurumuş, bəhrəsiz qalmış bağ, bostan və bu kimiləri yaşayışları üçün yenidən canlandırmağa başlayıblar.

Azərbaycanda göyərti, ət, yumurta, toyuq, süd az da olsa, əldə edilir. İşçi, sürücü, məmur – hamısı fərdi qazanc yoluna doğru yönəliblər. Rüşvət bütün ölkələri geridə qoyacaq qədər irəlidədir... Hürriyyət? O, təbii ki, yoxdur... Türkiyədə azadlığı bəyənməyənlər hürriyyətsizliyi Rusiyada görsünlər, hansı nemətə sahib olduqlarını anlasınlar.

Bakıda mənə edam hökmü oxundu

"Türk dünyası” dərgisi
Sayı 36-37. 1975-ci il
Hazırladı: Dilqəm ƏHMƏD

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib