Qarabag Media
Haqqımızda Əlaqə

Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR


Tarix:7-02-2019, 13:50 Kateqoriya:Manşet / Cəmiyyət

Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR Məktub

Sovet İttifaqı Qəhrəmanı
Əvəz Verdiyevin Laçındakı heykəlinə


Səni xatırlayanda xəcalətimdən

ölüb yerə girirəm, Həşimin oğlu!

Adamı xatırlayana

belə xəcalət verərlərmi, kişinin oğlu?!

Vətəni səni kimi sevəcəyimizə

and içirdik pionerə, komsomola keçəndə.

Tanrı hər şeyi görk elədi -

ağ yalanlarımız ağardı

gecənin üstünə səhər ağaran kimi...

Biz qaçdıq sən çiynində avtomat,

Laçın adlı yurdunla əsir düşdün.

Səndən bir az yuxarı - abidənin altda

Ana heykəli dizinin üstündə körpəsi

arxamızca baxa-baxa qaldılar.

Gözlərindən yayınaq deyə

çoxumuz Laçından gecə çıxdıq,

Elə o çıxan-bu çıxan -

nəfəsimiz üstümüzdə heçə çıxdıq.

Laçından çıxandan sonra bildim -

daş olsa da, heykəllər də qanır,

Heykəllər də içində çəkir,

içindən doğranır.

...Laçında qış soyuq olur,

əllərini ovuşdurmaq, isitmək istəyirsən.

Bir də salam yazmadım,

bilirəm, salamı oxumaq yox,

dilimizdən eşitmək istəyirsən!



Ürək söhbəti

Ayrılıq, dostum, aradan

sel aparan körpüdü,

Sənə iki yol qalır -

Ya geri qayıtmaq,

ya dizi qucağında

çayın qırağında oturmaq...

Birinciyə ürək lazımdı,

İkinci də ürək istər.

Baxır sən hansı ürəyə sahibsən...


Ayrılığın payız yağışı

xatirə mozaika

Kövrək xatirələr qaldı nə qədər, -

Heç bilmirəm pisdi, yaxşıdı, tellim.

Zəng edib dəstəkdə o hönkürməyin

Ayrılığın payız yağışıdı, tellim.

Taledən, yığvaldan ağzım yanıxdı,

Sevgini məlhəmtək ağrıma basdım.

Yanına gələndə səndən daha çox

Sənin təkliyini bağrıma basdım.


Özün bilirsən ki, çox sadəlövhəm

Mən günü bu gün də uşağam, tellim,

Həmişə bərk-bərk tapşırardın -

"Çənəndən öpməyə heç kəsi qoyma!"

Heç kimə deməyə üzüm gəlmədi,

Bilirsən ki, üzüyumşağam, tellim.

Hələ yadımdadı Nohurgölündə

Dedin ki, qorxuram - suya baxanda -

Bir yerdə sulara əksimiz düşür.

Bir də ki, yadıma sənin evində

Şamın işığında rəqsimiz düşür.


Kövrək xatirələr qaldı nə qədər, -

Heç bilmirəm pisdi, yaxşıdı, tellim.

Zəng edib dəstəkdə o hönkürməyin

Ayrılığın payız yağışıdı, tellim.

Yıxılasan

Əlibıçaqlı qova səni,

Qapı ağzında yıxılasan.

Nazlanır nazın nazdan naza,

Səni nazından yıxılasan.

Aşa bilmədim nə sədd qaldı?!

Ürək yenə də həsrət qaldı.

Kimsən, oxuyan? - cəsəd qaldı,

O avazından yıxılasan.

Sözün varmı, adam şəkilli?!

Həm dərdlisən, həm də fikirli,

Qışdan çıxıb dili şükürlü, -

İlin yazında yıxılasan.


Xatirələr sərgisi

Sənli xatirələrim olan yerə

baş çəkdim bu axşam,

Sətəlcəm adama titrətmə kimi

Bu cana sevginin əsəri gəlir...

Mənim başıma xeyir -

Hələ sevgidən məstəm, sərxoşam.

Məzara baş çəkənlər kimi...

Gözlərim doludu, əlləri boşam.

Saata baxıram - səkkizə qalır...

Mətbəx pəncərədən qaraltın keçir.

Yəqin, yenə çayın qaynayır

Mən olsam deyərdim - dur altın keçir.

Evinizin hər tərəfində

Xatirələrin sərgisi qalıb.

Həm iliyə işləyən qışın sazağı,

Həm yayın qovuran bürküsü qalıb.

Xatirəsiz bir yer yoxdu,

Bax burda bir dəfə dilin "gəl" - dedi,

Bax burda bir dəfə "bir ayaq saxla".

Deyirdin maşını tanıyırlar

daldaya çək, uzaq saxla!


İkimiz bir yerdə görünmədik heç

Tanrı verən eşqi gizlin yaşadıq.

Günahkar olsaq da bir onu billəm

Biz elə sevginin əslin yaşadıq.


Sən bir az təşərdin, bir az cilvəli,

Maşında güzgüdə dil çıxardırdın...

Elə gəlməliydim kimsə duymasın,

Qapıdan içəri girirdim sonra

Paltomun altından gül çıxardırdım.


Dağıldı dörd yana xatirələr

Küçədə, maşında, güzgüdə qaldı.

Yığıb topalaya bilmədik,

Heyif! Xatirələr sərgidə qaldı.


Əsgərlərimizə

Sizin qarşınızda ikiqat ollam,

Bu yurdun ən təmiz, duru yerisiz.

Vətənin gözünün dikənəcəyi,

Xalqın ürək qutu, qürur yerisiz.


Parçalanmış yurdu bir yerə yığmaq, -

Sizdən bundan özgə nə umuruq biz.

Bir Allah bilir ki, hər gələn gecə

Sizə umud olub göz yumuruq biz.


Nə qədər meydanı daraldı onun, -

Qoy şaxı açılsın - o bayraq üç rəng!

Onun bir adı da sevinc göz yaşı, -

Ondan gözəl olmaz gözümdə heç rəng!


Nə vaxt döyüş olur, torpaq qayıdır,

O bayraq sizinlə irəli gedir.

Əsgər yoldaşının son nəfəsidi -

Bax o da dayanmır, yaralı gedir.


İllərdi ürəkdə bir arzumuz var, -

Düşmənin burnunu əzəsiniz bir!

Tanrı çox görməsin - qalxsın bu töhmət-

Papağı yan qoyub gəzəsiniz bir!


Yan-yana sıx durun düşmən önündə,

Amandı sıranız olmasın seyrək!

Tağbənd körpülərin daşları kimi

Biri-birinizdən bərk yapışın, bərk.


Sizin qarşınızda ikiqat ollam,

Bu yurdun ən təmiz, duru yerisiz.

Vətənin gözünün dikənəcəyi,

Xalqın ürək qutu, qürur yerisiz.


Səni unutmaq olmur

Məhbusun illər sonra

unutmadığı təkadamlıq

məhbəs kimi,

Şimşəkdən sonra

ağlımıza gələn səs kimi

Səni unutmaq olmur.


Elə bilmə yad kimisən...

Güllərdə bildiyim ətir,

Meyvələrdə tanıdığım

dad kimisən

Səni unutmaq olmur.

Bir misal deyim, -

Çınqılda necə gəzər,

nəyi unutmaz ayağıyalın?!

Hər vaxt xatırlanan

ölüm kimisən, zalım,

Səni unutmaq olmur.

Təbəssüm

Şəkil göndərdin -

dodaqlarında bir topa təbəssüm

bir topa çiçək kimi...

Ovqatım təzələndi,

yoxa çıxdı incikliyim, umu-küsüm.

Dodaqlarında bir topa təbəssüm -

bir topa çiçək əvəzi,

Stola qoyulmaz, meydan istəməz,

Hər yerdə yanımdadı -

su istəməz, güldan istəməz.

Dodaqlarında bir topa təbəssüm -

bir topa çiçək kimi,

Ətri sardı dörd yanımı...

Təbəssüm küsü saxlamaz!

Şəhərin heç bir gül satanı

belə buket bağlamaz.


Bir qadın ola

Bir qadın ola, -

Sevib sonra dalaşasan,

Küsdürəsən, küsəsən...

Barışanda hönkürüb ağlayacaq qədər

səni sevdiyinin şahidi olasan.

Həm özünü qınayasan,

Həm də bığ altından güləsən,

Belə bir qadın ola

Özünü xoşbəxt biləsən...

Sevgi aclığı

Nə ad qoyulur qoyulsun -

bütün korluğum, aclığım

Sevgi adına korluğumun,

yanında heç nədi, tellim.

Bircə sevgi aclığım

sən olmayınca keçmədi, tellim.

Göz sevginin ardınca yaşarır, tellim,

Sevgi aclığı nəfəs aclığı kimidi

Almasaq içimiz boşalır, tellim!


Dua

Ağaclar barıynan,

dağlar qarıynan,

Göylər quşuynan xoş olur.

Tanrım, heç kəsi sevgisiz qoyma,

Sevgisiz bəndə lələk kimidi, -

içi bomboş olur...

Xallım

Tanrım elə şans tanıya,

Nazını mən çəkəm, xallım.

Mən varam - mən olan yerdə -

Sənin dərdlərin kəm, xallım.

Basdıqca yanına qədəm

Doğma adamtək ərk edəm, -

Səni öpüşə qərq edəm,

Zəhləni də tökəm, xallım.

Kim olar ki, sən busatda?!

Yaranmısan xoş saatda.

Həm sevgidə, həm həyatda

Mən tək oğlu təkəm, xallım!


Qarışqa qısqanclığı

Sənə zəng gəldi...

Nə bilim hansı qohumdan,

hansı kəmfürsətdən

görüş yarımçıq bitdi,

Çaya da vaxt olmadı...

Süfrə alt altdan qaldı, üst üstdən.

Ayrılanda bağının əncirindən

pay qoydun - üstü qarışqalı.

Mən də yarımçıq görüşün acığına

yolboyu qarışqasıyla yedim payını.

Qarışqalardan biri fürsət tapıb

dilimi dişlədi - verdi "vay"ımı.

Qarışqa ya sənin qisasını alırdı,

ya əncirinizin.

Əncir olmasaydı deyərdim qarışqa acdı,

Qohumlarının adı çıxıb,

Qarışqaların qohumlardan qısqancdı.

© Karabakhmedia.az

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb