Qarabag Media
Haqqımızda Əlaqə

Vəsf zamanı deyil, Afət! – Nəsimi yaradıcılığına böyük təhqir


Tarix:1-02-2019, 13:02 Kateqoriya:Manşet / Yazarlar

Vəsf zamanı deyil, Afət! – Nəsimi yaradıcılığına böyük təhqir

Biri ən az Nəsiminin özü qədər qəhrəmandır, digəri isə Nəsimiyə də, ədəbiyyata da, musiqiyə də xəyanət edir.

Mən bu yazını yazanda bəlkə 15-20 dəfə ayrı-ayrı cümlələr yazıb sildim. Nəhayət, bir yerdən başlamaq lazımdır deyib, elə öz hal-hazırda yaşadığım hisslərdən yazmağa başladım. Bu çıxılmaz vəziyyətə düşməyimin səbəbi ağlıma gələn cümlələrin hamısında birbaşa İmaddədin Nəsiminin adı olmasıdır.

Özümə, geyimimə, oturuşuma, rəftarıma, mimika və jestlərimə, hətta evimin səliqəsinə də həssaslıqla yanaşmağa çalışdım. Seçdiyim cümlələrin öz mübtədasına layiq olması üçün nə qədər tər tökdümsə, olmadı. İmadəddin Nəsimi mübtədasını şərh edəcək, onun şəninə, onun böyüklüyünə layiq olacaq heç bir tamamlıq, təyin, zərflik, xəbər tapmaq olmur. Buna görə şairin ruhundan, şeiriyyatından, ülvi amallarından, bizdə buraxdığı müqəddəs xatirələrdən üzr istəyirəm!

2019-cu il Azərbaycanda "Nəsimi ili" elan olundu. Hərçənd, bu vaxta qədər Nəsiminin Hələbdəki məzarını Azərbaycana gətirmək lazım idi. İndi İŞİD tərəfindən dağıdılmış, bəlkə də artıq ünvanı bilinməyən o məzar bu ölkənin ən gözəl yerində olmalı idi. Olmadı!

Nəsimi irsini araşdıran ədəbiyyatçılar, tarixçilər şairin bu ölkədə ayaq basdığı hər yeri tapmalı, dövlət də o yerlərdə abidə qoymalı idi. Şamaxıda təkcə büstü qoyulacaq biri deyildi İmadəddin Nəsimi. Hansı daş üstündə oturub bir qəzəl yazıbsa, həmin yerdə məqbərəsi salınmalı, ölkənin hər yerində turistlər üçün həmin ünvanı göstərən plakatlar vurulmalı idi. Bu da olmadı!

Belə ki, şairin 650 illik yubileyi şərəfinə 2019-cu il onun adını daşıdı. Bu barədə xəbərləri oxuyanda bir ümidin ucundan tutub sevindim ki, bəlkə az əvvəl qeyd etdiyim arzular gerçəkləşər. Nəsiminin qəzəllərinə yeni musiqi nümunələri bəstələnər və ifa olunar.

Hansısa müasir bəstəkar Nəsiminin həyatından opera yazar və teatrda səhnləşdirilər. Yaxud bu mövzuda tarixi teleserial çəkilər. Üstəlik, bütün bunların fonunda ədəbiyyata, musiqiyə, kinoya, teatra və digər mədəni sahələrə dövlət dəstəyi artar, mədəni inkişafımızın təməl daşları qoyular.

Mən bu arzuların içində elə Nəsiminin öz dili ilə desək, hərdəmxəyal olmuşkən, qəfil səs gəldi: "Məndə sığar ikən cahan, mən bu cahana sığmazam, mən, mən, mən..." Şaqraq hind musiqisinin arasında Afət Fərmanqızının səsi Nəsiminin məşhur qəzəlini oxuyurdu. Yerimdən dik atıldım. Gözlərimi ovxaladım, bədənimi çimdiklədim. Ya yuxuda olduğumu, ya da qulağıma qeybdən sarsaq səslər gəldiyini zənn etdim. Həqiqət imiş!

-Bir söz de mənə, Nəsimi! Vəsf elə məni, şair!

-Vəsf zamanı deyil, Afət!

-Ölümə gedirəm! Yalvarıram!

-Səni bu hüsnü-camalü, bu kamal ilə görüb,

Qorxdular Haqq deməyə, döndülər insan dedilər!

Elə həmin şaqraq hind mahnısında Nəsiminin qəzəlini eşidib Afət Fərmanqızı adını görəndə, başa düşdüm ki, bütün sirr "Vəsf zamanı deyil, Afət!" nidasında gizlənibmiş. Məlumdur, bu Afət də o Afət kimi Nəsimini sevir. Amma bu sevgilərin arasında ciddi fərq var.

Nəsimi dövrünün Afətləri onun böyük fəlsəfəsinə, nəhəng zəkasına, arzu və məqsədlərinə pərəstiş edir, hətta, adının çəkilməsi qəbahət sayılan dahiyə bəslədikləri yasaq sevgidən ölümə getməyi də gözə almışdılar! Bizim dövrün Afəti isə ilin "Nəsimi ili" elan olunması ilə Azərbaycanda nə vaxtsa belə bir şairin olduğunu xatırlayır, dərhal onun qəzəllərindən birinə şən mahnı düzəldib özünə toy tutmağa çalışır!

Biri bütün varlığı bahasına Nəsimi dühasına aşiqdir! Digəri Nəsimi adından istifadə edib şöhrət və pul qazanmaq üçün ona sevgisini dilə gətirir! Biri ən az Nəsiminin özü qədər qəhrəmandır! Digəri isə Nəsimiyə də, ədəbiyyata da, musiqiyə də xəyanət edir!

Nəsiminin Afəti hüsnü-camalı və kamalı ilə Haqqa bərabər tutulacaq ucalıqda idi. Şair onunla bərabər ölümə gedən xanımı Tanrı kürsüsünə əyləşdirmişdi. Afət Fərmanqızının Nəsimi qəzəlindən toy mahnısı düzəltməsi həm də özünü bu ucalığa sırımaq cəhdidir!

Amma hansı haqla? Hansı ixtiyarla? Mən Nəsiminin adı keçən bir məqalə yazacağam deyə, saatlarla tər tökürəm, həyəcan keçirirəm, min dəfə Nəsimidən üzr istəyirəm. Bu, nə rahatlıqdır ki, sən nəhəng İmadəddin Nəsiminin nəhəng qəzəlini asanlıqla toy mahnısına çevirib, sonra bir video çəkib rəqs də edirsən? Sən şairin neçə qəzəlini oxuyub təhlil etmisən? Heç olmazsa, oxuduğun həmin qəzəlin mənasını bilirsən?

Ayıbdır! Nəsiminin və onun fəlsəfəsinin müqəddəsliyinə and olsun ki, ayıbdır! Ümumiyyətlə, bu cür işlərə dövlət səviyyəsində baxılmalıdır. Bəzi sənətkarlara və sənət nümunələrinə toxunulmazlıq verilməlidir. Həmin sənətkarların yaradıcılığına müraciət ediləndə təyin olunmuş xüsusi komissiyadan icazə alınmalı və müsbət rəy aldıqdan sonra istifadə olunmalıdır.

Möhürlənmiş sənət nümunələri də yenidən istifadə ediləndə eyni komissiya bu işə nəzarət etməli, ərsəyə gətirilən iş ən az orjinalı qədər yaxşı olanda istifadəsinə icazə verilməlidir. Bu sənətkarlara və sənət nümunələrinə icazəsiz toxunulduqda həmin adamlar böyük məbləğlə cərimələnməli, müəyyən müddətə fəaliyyət qadağası almalıdırlar.

Yoxsa bu dərəbəylik, bu özbaşınalıqla hər yerindən duran Nəsiminin də, Füzulinin də və digər dahilərin də yaradıclığına xələl gətirəcək. Madəm, dövlət səviyyəsində bu işə nəzarət yoxdur, yaxşı olar ki, belə məsələlərə ictimai qınaq kifayət qədər ciddi olsun. İctimai qınaq insanların geyim-keçimində, şəxsi seçimlərində, yaşamaq istədikləri həyat tərzində deyil, məhz belə məqamlarda lazımdır!

Yanlış elmi məlumatların tirajlanmasının, yalan xəbələrin yayımlanmasının, sənət adı altında xalqa sırınan bayağı məhsulların qarşısının alınması üçün lazımdır ictimai qınaq! Elə bu baş verən biabırçılığın – Nəsimi yaradıcılığından bayağı istifadənin qarşısını almaq üçün qanun çərçivəsində heç nə etmək olmursa, mən əminəm ki, xalq öz mədəniyyətinə, öz dahisinə sahib çıxmaq istəsə, yayımlanmış bu bayağı məhsulu bütün mənbələrdən yox edə bilər! Necə ki, bu xalq Mikayıl Müşfiqin uçurulmuş büstünü öz yerinə qaytardı!

İmadəddin Nəsimi ruhuna və zəkasına, şeiriyyatına və fəsləfəsinə sayğılarla./sputnik/

Orxan BAHADIRSOY

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”