Qarabag Media
Haqqımızda Əlaqə

Biz nə istəyirik? - Aydın Məmmədov


Tarix:16-01-2019, 01:09 Kateqoriya:Manşet / Yazarlar

Biz nə istəyirik? - Aydın MəmmədovAydın Məmmədov,
türkoloq, dilçi, tənqidçi


Əhədi kəsilmiş atları güllələyirlər, elə deyilmi?

Elə hey yadıma bir Amerika filmi düşür. O filmin adı belədir: “Əhədi kəsilmiş atları güllələyirlər, elə deyilmi?” Görənlərin yaxşı yadındadır: bu filmdə müəyyən pul məbləği, prizdən ötrü müxtəlif təbəqələrə məxsus, həyatda artıq bütün arzu və ümid­lərini itirmiş, bəlkə də gündəlik yemək puluna belə imkanı olma­yan adamlar – qadınlar, yaşlılar, cavanlar səhərdən axşama kimi dayanmadan rəqs edirlər.

Get-gedə onların sıraları seyrəkləşir, gücsüzlər aradan çıxır, axıra təkcə bir cüt gənc qalır: əhədi kəsil­miş cütlük. Və filmin axırında belə bəlli olur ki, həmin elan olun­muş prizin özü də müəyyən mənada illüziya imiş. Bu filmə mən dəfələrlə baxmışam və bu film çoxdan nümayiş etdirilsə də keçən uzun vaxt ərzində dəfələrlə onun üzərinə qayıtmışam.

Son vaxtlar isə o, demək olar ki, hər gün, hər səhər, hər axşam yadıma düşür. Və mənə belə gəlir ki, biz illüziyadan, xəyaldan başqa bir şey olmayan hansısa bir ənam uğrunda, hansısa bir uduş uğrunda sə­hərdən-axşama kimi rəqs edən o zavallılara bənzəyirik.

Bizə nə vəd olunub? Biz nə istəyirik? Bizə vəd olunan şeyin mahiyyətini, qiymətini, dəyərini özümüz üçün düzgünmü müəy­yənləşdirmişik? Və yaxud dəli kimi hayqıra-hayqıra, qışqıra-qışqıra, bir-birimizi itələyə-itələyə, dümsükləyə-dümsükləyə gah yavaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sürünə-sürünə işığına getmiş olduğumuz o arzu özü bizim üçün tam aydındırmı? Ma­hiyyətini bilirikmi? Bilirikmi ki, bu bizim, doğrudan da, həya­tımız boyu arzuladığımız, gözlədiyimiz o böyük arzudur, yoxsa bu da milyon-milyon arzularımız kimi bir yol dolanbacında, bir dalanda qismətimizə çıxandan sonra dişimizə vurub ayaqlarımı­zın altına tullayacağımız və üstündən adlayıb keçəcəyimiz arzu­lardan biridir?

Yüz minlərlə sualımız var. Və bu sualları elə bil dünya bir dərd kimi, bir sər kimi, bir yağış kimi, qar kimi atıb bi­zim üstümüzə. Biz də bu sualları çuvallarımıza yığır, qucaq-qu­caq, anbar-anbar toplayırıq. Və Allahın bir insaflı bəndəsi də yoxdur desin ki, ay İnsan, bu qədər sualları dağ anbarı yığmısan üst-üstə, bəs onların hansı birinin cavabını tapmısan? Və yaxud cavabını tapmağa iqtidarın, ağlın və gücün var?

Dünyanın materialist dərkinin təbliğindən aldığımız dərslə­rimizi, inamlarımızı və ümidlərimizi günlərin bir günü yolun or­tasında qoyduq. Nə idealistə çevrilə bildik, nə materialist təlimin­dən uzaqlaşa bildik. Həmin yolun ortasında allahsızlığımız da da­vam edir, yeni peyda olmuş münəccimlərə, o münəccimlərin yüz min cadugərliyinə, qabiliyyətinə inamımız da.

Nə dünəndəki kimi dünəndəyik, nə sabahdakına adlayıb keçə bilirik, yolumuzun or­tasında daş kimi qıvrılıb qalmışıq, arxadan gələn itələyir, irəlidə gedən isə dabanı ilə vurub yenə fırladır bizi yolun ortasına. Beləcə quruyub qalırıq, qaldıqca da sualların qalağı artır, cavabını tapa bilmirik, başımıza döyüb allahımızdan ümid istəyirik.

Ulu Tanrı da, deyəsən, gücsüzlüyümüzü və qüdrətsizliyimizi görüb, bizim başımızın üstündəki göy nahiyyəsindən çıxıb gedib hansısa bir yerə. Ağıllı başları, səmimi ürəkləri, öz qiymətini bilənləri idarə eləmək, onların arzularını yerinə yetirmək üçün.

İçimizdəki bu tufanla, bu tüğyanla evimizdən çıxıb işə gəlir, işimizdə özümüzə qərar tuta bilmirik. İşimizdən də başıalovlu, dünyanın bütün dərdləri ilə, həmkarlarımızın ürəyimizə vurmuş olduğu xəncər yarası ilə, dil yarası ilə, intriqa yarası ilə, içimiz- çölümüz dolu, belimiz bükülmüş halda qayıdırıq evimizə.

Evi­mizin qapısını açıb içəri keçirik, bir mənzilin qayğısı sual olub sualların dalına düzülür: “Paltar aldınmı? Çörək gətirdinizmi? Bazara getdinizmi? Həkimdən dərman tapdınmı? Rayona zəng etdinmi?” və ilaxır. Birtəhər bu sualların hər birindən yaxa qurta­rıb, birinə “hə”, birinə “yox” cavabı verib, bir səbət, bir zənbil sualın əlindən əsəbiləşib, kəlləmizə vura-vura süfrəmizə qoyulan alayarımçıq, yarısoyuq-yarıisti çörəyimizi yeyib, yerimizə uzanıb dünyanın bütün yükü beynimizdə qəribə bir yuxuya gedirik. İla­hi, yuxuda da hiss edirik ki, bu dünyada insan üçün ən böyük ra­hatlıq və nemət olan yuxu kimi bir şeyin də dadı qaçıb, yuxumuz elə bil ki, narkoz altında yatan xəstənin uyumasıdır, özündən get­məsidir. Bir insan yuxusu da yata bilmirik, ilahi.

Bir insan yuxusu da gözlərimizi elə bil ki, qamarlayıb özünün ağuşuna ala bilmir. Beləcə, özündən getmiş, yarıbihuş halda qarma-qarışıq yuxularla sabah adlanan üzüntülü bir dünya qapısını açır, ayağa durur, tələm-tələsik yenə də dünyanın mənzil boyu suallarını çiynimizə alıb, qapımızdan çıxıb, şəhər adlı böyük bir dünyanın, qalmaqa­lın, qələbəliyin içindən keçib dünənki iş yerimizə, dünənki intriqaların, sözlərin, söhbətlərin yuvasına qayıdırıq. Başımız o qədər qatılır ki, içimiz o qədər göynəyir ki, burulğanlar o qədər bizi sağdan-sola, soldan-sağa, yuxarıdan-aşağı, aşağıdan-yuxarı fır­layır ki, bir an da, bir dəqiqə də olsun düşünə bilmirik ki, eyvah, axı bu hədər gedən anlarımız, dəqiqələrimiz, saatlarımız üst-üstə yığılıb Allahın bizə vermiş olduğu qısaca bir ömrü təşkil edir.

Axı bu ömür OLUMLA başlasa da, onun ÖLÜM adlı bir nöqtəsi var. Və bu qalmaqalla, bu qeylü-qalla biz əslində hər gün, hər saat, hər dəqiqədə olum nöqtəsindən ölüm nöqtəsinə san yaxınla­şırıq. Ölümdən sonra isə hələlik bizim üçün bəlli heç nə yoxdur. Bəlkə də nə isə var, amma bildiyimiz odur ki, ölümdən o yana nə olacağı bizim üçün qapqaranlıqdır. Bizsə saniyələrlə, dəqiqələrlə, günlərlə, aylarla, illərlə vidalaşa-vidalaşa, əhdi kəsilmiş atlar kimi sürünə-sürünə, qalxa-qalxa, yıxıla-yıxıla, dura-dura OLUM adlı çıxış nöqtəsindən ÖLÜM adlı bir nöqtəyə hey yaxınlaşırıq.

Amma bunu nə ağlımız dərk edir, nə ürəyimiz hiss edir. Bircə hansısa nöqtələrin birində nəfəsimiz kəsilib, əlimizlə sancan ürəyimizin üstünə qeyri-ixtiyari toxunanda canımızdan bir qorxu keçir: “Nə verərsən?”, “Nə verəsən?” Bir şair demişkən, nə verəsən, kəsib yolumuzu o bədheybət varlıq deyəcək: “Salaməleyküm, gəlmişəm, çatmışam, sən də artıq mənzil başındasan”.

"Azadlıq” qəzeti, 4 iyun 1991-ci il










SON XƏBƏRLƏR
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü