Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ - III YAZI


Tarix:14-01-2019, 00:01 Kateqoriya:Manşet / Cəmiyyət

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ - III YAZI

Dünyəvi və dini elmlərlə bağlı müzakirələrdə mütərəqqi ideyaları müdafiə edən Həsən bəy Zərdabi qeyd edirdi ki, yaxşı olardı din alimləri peyğəmbərlə bağlı həmin hədisin hikmət mənasına diqqət yetirə idi: «İslam alimləri yaxşı edərdilər ki, zikr olunan ayeyi-şərifəyə verilən mənaların cümləsindən zikr olan hikmət mənasını da verəydilər…». Onun fikrin¬cə, Məhəmməd peyğəmbərin (s.) elmi-əbdan hədisinin mənası bəllidir, sadə¬cə məqsəd «bizim elmi-əbdandan bixəbər qalmağımızın səbəblərini bəyan edib onun əlacını xalqa aşkar etmək idi». Zərdabi onu da qeyd edir ki, o dünyəvi elmləri kimdən öyrən¬mək və tərəqqi etməklə bağlı müsəlman başbilənlərinə sual versə də, heç kimdən cavab ala bilməmişdir. Onun fikrincə, bu elmlərdən bixəbər olmağı xalqa bəyan etdikdən sonra, onun əlacını öyrənməmək işləri daha da pisləşdirə bilər. Dini və dünyəvi elmlərlə bağlı «Əkinçi» qəzetində başlanan mü¬b¬ahisələrə etiraz edənlərə cavab olaraq Zərdabi bildirir ki, qəzetdə mübahisələrin olması zəruridir və onun vəzifəsidir və mümkün deyil müsəlmanların bir qəzeti olsun, o da nağıl yazsın!

Zərdabi “Əkinçi”də Əhsənül-Qəvaid təxəllüs ilə yazdığı məqalələlərində də dünyəvi elmlərin öyrənilməsinin vacibliyinə daha çox önəm vermişdir. Bir az dəqiqləşdirsək, Zərdabi bu imza altında dini elmlərlə dünyəvi elmlərdən hansının vacibliyi mübahisəsində öz fikirlərini daha dolğun və açıq şəkildə ifadə etmişdir. Zərdabiyə görə, əslində burada əsas məsələ peyğəmbərin belə bir bölgüsünün hikmətini axtarıb tapmaq lazımdır. Çünki Məhəmməd peyğəmbərin (s) hədislərində də açıq şəkildə işarə olunmuşdur ki, zamanla ayaqlaşmaq üçün müsəlmanlar dini elmlərlə yanaşı, dünyəvi işlərdən də xəbərdar olmalıdırlar. Zərdabi yazır: «Fəlihaza elmi-əbdan və əqli-məaş ki, cəmi ümuri-kəmaliyə bu iki sözün təhtindədir, biz camaata əmr elədik ki, o vaxtda biz camaatda elmi-əbdan əqli-məaş təhsil eləyək, ta ki sair millətlər miyanında dolanaq, bisaman qalıb payimal olmayaq». Ancaq biz müsəlmanlar Peyğəmbərin (s.) bu sözlərinə əməl etmədiyimiz üçün bu gün digər millətlərin arasında cahil, bisaman və qafil vəziyyətində qalmışıq.

Zərdabi yazırdı ki, müsəlmanlar ikiüzlü ruhanilərin sözlərinə inanaraq, behişt, huri və qılman ümidilə yalnız dini elmləri öyrənir və ona əməl etməyə çalışır, beləliklə, elmi-əbdandan uzaq durmaqla özlərinə bu dünyada zülm edirlər. Onun fikrincə, dünyəvi elmləri öyrənmək ona görə lazımdır ki, dünyaın işindən xəbərdar olub, insan bu dünyaya da bağlansın və əmək sərf eləsin. Bu dünyada o millətlər tərəqqi edirlər ki, dünyəvi elmlərdən xəbərləri var, daim öz üzərlərində çalışıb yeni-yeni kəşflərə imza atırlar. Peyğəmbərin də bu sözləri deməkdə məqsədi odur ki, müsəlman yalnız axirəti düşünüb dini elmləri öyrənməsinlər, həm də bu dünyanın işindən xəbərdar olmaq üçün dünyəvi elmləri öyrənib daim tərəqqi etsinlər. Zərdabiyə görə, son əsrlərdə peyğəmbərin bu hikməti unudularaq müsəlmanlar cəhalətə, avamlığa qərq olmuşlar: “İnsaf deyil, insan elmi-əbdan və əqli-məadan bixəbər və bu aləmin saneindən qafil olub ya sinfi-bəşərdən bir şəxsi bu aləmə sane bilib, qiyamət mövqufunda desin ya leytəni küntü türabən (nə olaydı ki, mən torpaq olaydım). Hükəma deyiblər: vücud naqisi-ədəm tərəfdən yaxşıdır. Əgər bir kəs elmi-əbdan, əqli-məaşda vücudi-naqis ola, ondan yaxşıdır ki, elmi-ədyan və əqli-məadda ədəm sərf olsun». Deməli, insan dini elmlər öyrənib özünü cəhənnəm atəşindən qoruduğu kimi, cəhalət odundan xilas olmaq məqsədilə dünyəvi elmləri də bilməlidir. Dünyəvi elmlər öyrənib millətinə xeyir vermək isə zəhmət tələb edir. Bunu bacarmayanlar, yaxşlıqdan tezliklə vaz keçib yamanlığa qədəm qoyurlar.

Zərdabiyə görə, müsəlmanlar dünyəvi elmlərlə yanaşı, eyni zamanda əqlə ya da əqli-məaşa (məişətə aid olan əql) da diqqət yetirməlidir. Onun fikrincə, əql deyilən bir şey yalnız mənəvi deyil həm də maddidir: “...əql də işlədib cəhalət torpağın üstündən götürüb təhsili-kəma səbəbilə bağati-hirfət və əşcari-sənaət əmələ gətirir ki, xalq bəhrəmənd və məşğuli-nəfbərdarlıq olurlar, mütəfəriq və pərişan olmazlar. Pəs lazımdır əqli-məaşi işlədib ülumi-əbdan əxz etmək. Əvvələn, əql və şürb möhtacdır ülumi-ziraətə. Hifzi-səhhət, dəfi-mərəz möhtacdır ülumi-təbabətə. Məlbusat və sair mayəhtaclar möhtacdır ülumi-sənaət və ticarətə və qis əla haza (sən bunu qalanlara uyğunlaşdır) hər əməl üçün onun elmi lazımdır əl elm sümməl-əməl (əvvəl elm, sonra əməl). Əl-əməl və bilaelm və vabalün (əməl elmsiz vəbaldır). İnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsili-üluma. Ütlübül-elmə min əl məhdi-iləlləhdi (elm tələb elə beşikdən qəbrə kimi). Amma nəinki gərək bir adam cəmi ülumi öyrənib bilsin, bu məhaldır və heç birin tamama yetirmək olmaz. Lazımdır hər kəs bir elmə ki şüru elədi, onu müntəhaya yetirsin, yəni onun cəmi üsul və fiqhin bilib məqami-ictihada yetişsin ki, sonra özü o elmdən bir elmi-digər ixtira edib ya o elmə rövnəqi-təmam versin ki, cəmi ülum bir-birindən iqtibas olub artar və bunların hamısı möhtacdır əmniyyətə”.

O, hesab edirdi ki, əgər insanda əql olsa çox şeyə sahib ola bilər, ancaq əql olmasa heç bir şeyə də malik olmayacaq. Zərdabiyə görə, iki qism şəxsə də aqil deyirlər: 1) əziyyət çəkib elm ixtira edənlərə, və 2) onu görəndən sonra təhsil edib öyrənənlərə. Deməli, elm ixtira edən alim, həmin elmi ixtiranı öyrənən isə mütəəlimdir. Zərdabi yazır: “Bu xəyal ilə o kəslər ki, əllərində cəvahir var, onlarla bietnalıq edib, sözlərini guşi-istimaə almazlar, təfavüt odur ki, aqil cahili tanıyıb aqilanə sözləri ona deyir və cahil qüruri-cəhalət səbəbilə eşitməyəndə aqilin ürəyi ona yanır, amma aqilanə sözlər cahilin istedadı o məraitibə olmamaq səbəbilə onun təbiətinə çətin və idrakına uzaq gəlir və o sözlərdən onun təbiəti incidib ürəyi büğz bağlayıb qəti-nəzər bietinalıqdan savayı biehtiramlıq və bəlkə qəsdi-həlak edər. Pəs lazımdır təfəkkür, təəqqül çırağını ələ alıb insaf gözü ilə baxmaq ki, aya ülumi-mütəkəssirənin cəvahirləri ki, əqlin nişanələrindəndirlər, əldə bir zad var ki, əql hesab etmək olsun, ya cəhalətin susuzluğu həvayi-nəfsin şurəzarın saf su göstərir? Necə ki, əql bir şəcərəyi-teyyibədir ki, yaxşı əməllər onun nişanəsidir, həmçinin cəhl də bir şəcəri-xəbisədir ki, yaman əməllər onun nişanəsidir. Gərək təhsili-elm ilə nuri-əqil tapıb yaxşı-yamana təvafüt qoymaq”.

Azərbaycan Türk mütəfəkkirinə görə, məhz elmin, təhsilin vacibliyini anlayan müsəlmanlar övladlarına məifət və tərbiyə verməyi düşünürlər. Zərdabiyə görə, hər bir müsəlman uşağına təhsil vasitəsilə savad və tərbiyə verməlidir ki, böyüyəndə elm və ədəb sahibi olsun. Çünki yalnız elm və tərbiyə millətin tərəqqisinə səbəb ola bilər. O yazır: «Pəs insana vacibdir ki, elm ilə işlərə iqdam və ciddi-cəhd etsin, ta əməl fayda versin və hər bir tayfada olan yaxşı elmləri öyrənsin. Bəd əz on ki, məlum oldu ki, təqazayi-zəmanəyə binaən ülumi-əbdandalıq vacibdir. Pəs ülum və əfali-mütəkəssirə qanuni-səltənət və sənaət və ticarət və ziraət və məadin və qeyri və bunlardan ötrü fabrika və maşınlar bina etməkdən tutub ta kəfduz, bəlkə ədna mərtəbəyi-pinəduzluğa qədər. Elə ki, ər biri öz qayda və qanununda təreqəyi-həqq və niyyəti-xalis və rəhmani ilə məhz millətin ümuri-əbdan və məaşları rövnəqlənib, özgələrə möhtac olmadığından ötrü oldu və əqrazi-şeytani daxil olmadı».

Zərdabi onu da vurğulayırdı ki, son əsrlərdə din alimləri millətə və onun övladlarına sənət, sənaye, siyasət, dövlət haqqında bilik verməkdənsə, ancaq onları dini nağıllarla, dini əfsanələrlə aldadıblar. Onun fikrinə görə, bunun nəticəsində də dünyada ən mühüm iki qardaşlıqdan bir millət qardaşlığıdır ki, ancaq bizdə varlı varsız hər kəs öz haqqına razı olmamasına baxmayaraq bir-birinə inanmır: “Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-əqvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sədi, Leyli-Məcnun, Yusif-Züleyxa və hətta Qaani oxudub elmi-kəmal əvəzinə eşqbzalıq, cürəkeşlik, həzliyyat elmləri örgədirlər. İnsafən bizim xalq ziyadə bahuşdur ki, elmi-tərbiyət görməmək ilə genə belə dolanır”. Çünki, üstəlik, din üləmaları müsəlmanları qandırıblar ki, insanın alınına yaxşı-yaman, izzət-zillətdən nə yazılıb o mütləq olacaqdır. Yəni elm və təhsil etməyin heç bir xeyiri yoxdur. O yazır: «Bu söz bizim başımıza girib. Ondan bizi mollaya qoyublar, bizə Hafiz kitabını, «ikillik şərab və on dörd yaşında sevgili» - dərsini oxudublar. Şüəra bizlərə belə dəlalət edib. Üləmalarımız daim dünyanı məzəmmət ediblər. Münəccimlərimiz deyib sitarə (ulduzlar) hər nə göstərə onu görəcəksiniz. Dərviş deyib gərək əhli-kəsvət olasan, ta ülumi-kimya və qeyrisinə biduni-təhsil kəşf olsun».

Başqa millətlərin tərəqqi tapıb məmləkətlərində qayda-qanun yaratdıqları halda, müsəlman xalqlarının tənəzzül içində olduğunu görən Zərdabi yazırdı ki, əsas məqsədi yalnız elmdən danışmaq deyil, həm də dövlətin inkişafını qarşısını alan səbəbləri - ədalətsizliyi, qanunsuzluğu, nizamsızlığı göstərməkdir. Mütəfəkkir hesab edirdi ki, siyasət, cəmiyyət, iqtisadiyyat kimi sahələrdən xəbərsiz Şərq millətləri geridə qalıb, qərblilər isə inkişaf edib. O yazır: «Qərəz, gün-gündən dünya abad olur və xalq ziyadələndiyinə darısqal yerlərdən genişliyə yeriyir, necə ki, bir vaxt elm Məşriqdə olduğuna, Məşriq abad olub, xalq Məğribə çəkilib və elm o yerlərdə işlənib. Məşriqdə xalq eyş, məcalis, badə və sadəyə məşğul oldular və şüərasilə təməinə əfali-məzburi nəzm edib küli hizbin bima lədeyhim fərihun babətindən o əşarlardan kitablar yazıb, özləri oxumaqdan başqa məktəbxanalarda ətfala əsbabi-tədris elədilər. Belə ki, əlhal genə məmuldur. Bəs ki, adət olub onun eybini deyəndə inciyirlər. İndi Məğrib kamil və darışlıq olub. Xalq yeriyəcək Məşriqə. Onlar elm sahibi olduğuna ümuratı dolandıracaqlar».

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"