Qarabag Media
Haqqımızda Əlaqə

“Bəlkə daşı-divarı bəzəmək yerinə ayağımızın altını bərkidək?.. - Axı çökürük!..”


Tarix:8-01-2019, 16:00 Kateqoriya:Manşet / Yazarlar

“Bəlkə daşı-divarı bəzəmək yerinə  ayağımızın altını bərkidək?.. - Axı çökürük!..” Yolkamızın ucalığı ilə yox, mənəviyyatımızın ucalığı, maaşlarımızın yüksəkliyi ilə fəxr etməliyik...

Sultan Laçın


...Bir gün Kəbə Evinin hacibləri(qapıçı, xidmətçi) dövrün xəlifəsi Ömər ibn Əbdüləzizin(717-720-ci illər) qəbuluna gələrək müraciət edirlər ki, özündən öncəki xəlifələr kimi Kəbənin yeni, daha bər-bəzəkli, bahalı örtüyünün hazırlanması və bunun üçün pul ayrılması barədə əmr versin. Xəlifə onlara belə cavab verir:

-Mən hesab edirəm ki, Kəbənin örtüyünə xərclənəcək məbləğ ac qarınları doyuzdurmaq üçün xərclənməlidir. Çünki bu iş Allah Evinin örtüyündən də vacibdir...

Tarixi faktlar da göstərir ki, dünyaya məhz bu cür, əsl müsəlman hökmdarı kimi yanaşması sayəsində xəlifə Əbdüləzizin apardığı iqtisadi islahatlar nəticəsində əhalinin yaşayış səviyyəsi qalxdı və xilafətdə praktiki olaraq miskin qalmadı. İnsanlar elə yaxşı yaşayırdılar ki, zəkat verməyə yoxsul tapmaq çətin olurdu. Məmur özbaşınalığını aradan qaldırmaq üçün o, bütün dövlət məmurlarının məvacibini qaldırdı. Bundan əlavə, xilafətin bütün əyələtlərinə Ömərin bu əmri göndərilmişdi: "Kimə zülm edilibsə, yanıma icazəsiz girsin". Maraqlısı budur ki, qanun şikayətçinin məsаfədən asılı olaraq, 100 dirhəmdən 300 dirhəmə qədər olan yol xərclərinin ödənilməsini də nəzərdə tuturdu...

Alim və tədqiqatçılar tam təminata götürülmüşdülər. Ömər hesab edirdi ki: " Maliyyə problemləri elmi axtarışları yayındırmamalıdır".

Ömər ədalətsiz idarə edənləri və dövlət vəsaitlərini israf edən əmir və məmurları vəzifədən kənarlaşdırırdı. Dinindən asılı olmayaraq borclu olan hər xilafət sakini dövlətin təşkil etdiyi xüsusi fondların hesabına borcunun verilməsi zəmanətini alırdı. Ailə qurmaq istəyib, buna imkanı olmayan hər kəs xəzinədən lazımi məbləği alırdı... Və s. və i.a.

...Bu gün dünyada və təəssüf ki, daha çox bir sıra müsəlman hesab edilən ölkələrdə o qədər israfçıılığa, yersiz, mənasız xərclərə yol verilir ki... Vaxtilə xəlifə Ömər ibn Əbdüləzizin xilafətdəki acları doyurmağı örtüyünü dəyişməkdən üstün tutduğu Kəbənin ətrafında nə qədər möhtəşəm tikililər ucaldılıb, neçə məscidlər, müqəddəslərin məzarları qızıla, brilyanta bəzlənib. Amma Fələstində, Yəməndə, Suriyada, Əfqanıstanda, İraqda, Liviyada, neçə-neçə Afrika ölkəsində və s. milyonlarla müsəlman, körpə, uşaq, qadın, qoca aclıqdan, susuzluqdan əzab çəkir, dünyasını dəyişir... Yəməndə müharibədən, aclıqdan, susuzluqdan, xəstəlikdən zülmlər çəkən binəva müsəlmanın nəyinə lazımdır ki, Dubayda Bürc xəlifəsi, Malayziyada filan göydələn dünyada ən uca tikililərdir...

Nə yazıqlar ki, Azərbaycan da Şərq dünyasını da ağuşuna almış bu mənasız zahiri gözəllik yarışmalarından kənarda qalmır... Elə hər şey qadınlarımızın gözəlliyinə münasibətdən başlayır. Türk, müsəlman qadınlarını lütləndirib milyonlarla yad kişinin önünə çıxarırıq ki, bunlar arasında “ən gözəl”ini seçin... Amma batini gözəllik çoxumuzu əsla maraqlandırmır; şəhvət və şöhrət hissi hər şeyi üstələyir...

Halbuki, ön planda xalqın dolanışığı və mənəvi yüksəlişi olmalıdır. Əgər rayonda yaşayan bir yoxsul ailə sahibi ayda 80-100 manata qənaət edib uşağı ilə bərabər Bakı bulvarına gəlib Bayraq meydanına gedə bilmirsə, onun nəyinə lazımdır ki, burada ucaldılmış Azərbaycan bayrağı dünyada ən ucalardan biridir və ya paytaxtımızdakı yolka MDB məkanında ikincidir... (Hələ Bakının özündə yaşayanların xeyli hissəsi də ayda-ildə bir dəfə övladlarıyla şəhərə gəzməyə çıxmağa cürət edir)...

Yaxud, 30 ilə yaxındır, torpağını, dədə-baba evinin xarabalığını, dağını, meşəsini, çəmənini görmək eşqi ilə ürəyi infarkt olan vətənpər qaçqının, köçkünün paytaxtdakı 33(!) mərtəbəli “alov qüllələri”nin möhtəşəmliyi, gözəlliyi nəyinə gərəkdir... Onu maraqlandırmır ki, bayrağımız dünyada ikinci, yolkamız MDB-də ikinci yeri tutur. Ona Murovun, Dəlidağın, Kirsin, İşıqlı dağın, Hoçazın, Sarıbabanın, Ziyarət dağının gözəlliyi lazımdır... O qaçqın da, ölkəmizin hər bir qeyrətli vətəndaşı da həmin Azərbaycan bayrağının adı çəkilən zirvələrdə dalğalanacağı günü gözləyir...

Əlbəttə, şəhərlərə, o cümlədən Bakıya zahiri gözəllik, təmizlik gərəkdir. Şəhər xaricdən gələn qonaqları cəlb etməlidir ki, büdcəmizə gəlir gətirən turistlərin sayı artsın. Fəqət, öncə ac qarınları doyurmaq gərəkdir. Bayrağımızın, göydələnlərimizin ucalığından öncə mənəviyyatımızın, əxlaqımızın, həmçinin, qazancımızın, maaşımızın yüksəkliyi vacibdir... Və Allah gözəlliyi, təmizliyi sevsə də, israfçılığı, haramçılığı sevmir...

Son 15-20 ildə Azərbaycanda vacib, əhəmiyyətli tikinti, təmir işləri ilə yanaşı, kifayət qədər lazımsız, yersiz xərclərə də yol verilib və bu gün də həmin tendensiya davam edir. Təəssüf ki, burada korrupsioner məmurların haram gəlir götürmək üçün məsələn, yolların asfalt, səkilərin daş örtüyünün uzaqbaşı, 2-3 ildən bir dəyişdirilməsinə şərait yaratmaq, filan tikintinin tenderini udub oradan milyonlar “qatlamaq” marağı da özünü göstərir...

Hansısa yüksək vəzifəli məmur bizimlə razılaşmırsa, buyursunlar, dərviş-libas olaq, yanımıza da bir neçə neytral, obyektiv, gözükölgəli olmayan xarici mütəxəssis götürək və Bakıdan başlayaraq şəhərlərimizi, yollarımızı, küçələrimizi, səkilərimizi gəzək, binalarımıza, parklarımıza və s. bir-bir baxaq və harada israfçılığa, artıq xərclərə yol verildiyini göstərək...

Məlumunuz olsun ki, biz sözü kimlərəsə yarınmaq, kimlərəsə bədxahlıq etmək niyyəti ilə deyil, yalnız Allah rizası üçün deyirik. Bəli, şükür Allaha, Azərbaycanda yaxın ətrafdakı Suriya, İraq, Əfqanıstan və s. kimi xaos, qırğın hökm sürmür. Amma kifayət qədər problemlər var. Sözsüz ki, ən böyük problem torpaqlarımızın işğaldan azad edilməsidir. Bunu da beynəlxalq güclərin ümidinə buraxmışıq. Amma digər problemləri müstəqil(!) ölkə kimi özümüz həll etmək iqtidarındayıq. Bunlar əsasən mənəvi və iqtisadi, kommunal sahələrdədir. Mənəvi-əxlaqi sahəyə dəyər vermək üçün televiziyalardakı verilişlərə, barlardakı, gecə klublarındakı, otellərdəki, sauna, massaj salonlarındakı və s. hoqqalara baxmaq kifayərdir. Demək olar ki, 30-40 ilin Azərbaycanı ilə müqayisədə ciddi çöküş gedir...

İqtisadi sahədə neft-qazdan gələn gəlirləri, bayrağımızın, yolkamızın ucalığını müəllimin, həkimin, alimin və s. zəhmət haqqı ilə, eləcə də aqrar sahənin inkişafı ilə obyektiv müqayisə etsək, yenə çöküş getdiyini görərik...

Kommunal sahədə son onilliklərdə xeyli texnoloji uğurlar əldə edilib. Amma paytaxta və digər iri şəhərlərimizə, rayon mərkəzlərinə bir az yağış, qar yağan kimi “yeraltı” problemlər üzə çıxır. Yəni, yağış kanalizasiya sistemi ölkədə bərbad vəziyyətdədir...

O günləri Sumqayıtda 50-60 ildi təmir olunmamış, dəyişdirilməmiş kanalizasiya xətləri ucbatından çökən bir yolu görəndən sonra bir daha əmin oldum ki, bu sahədə sözün əsl mənasında çökürük. Belə hallar son illər, son aylar Bakıda da dəfələrlə baş verib... Odur ki, beynimə ani olaraq bir çağırış gəldi: “Bəlkə üz-gözümüzə, üst-başımıza, çölə-bacaya, daşa-divara bəzək vurmaq yerinə, ayağımızın altını bərkidək. Axı çökürük!..”

Bunu sadə, ibtidai savadlı bir vətəndaş, dağda çoban da anlayır ki, qeyd etdiyimiz lüzumsuz tikililər-filanlara, təmirlərə, korrupsiya əməliyyatlarına, hər bayramda-tədbirdə göyə sovrulan atəşfəşanlıqlara çəkilən milyonlar hesabına şəhərlərimizin kanalizasiya sistemini də yüksək səviyyədə qurmaq, eləcə də rayonlarda kənd təsərrüfatının inkişafına, maaşlarımızın, pensiyalarımızın indikindən azı 3 dəfə çox artımına nail olmaq mümkün idi. Yəni həm gerçək, həm məcazi mənada ayağımızın altını bərkidə bilərdik...

Məddahlar, yaltaqlar baş qaldıra bilər ki, əşşi, bunlar kimdir e, gözləri Azərbaycanın inkişafını götürməyən xarici, daxili güclərlə əlbirdirlər. Möhtərəmlər, İmamlardan biri buyurur ki, mənim əsl dostum günahlarımı, səhvlərimi gizlədərək məni yalandan tərifləyən yox, onları üzümə söyləyib məni doğru yola yönəldəndir... Bizlər üçün Allahdan sonra ən yaxın dost dövlətimiz, xalqımızdır. Odur ki, gördüyümüz, anladığımız nöqsanları deməyi özümüzə borc bilirik... Gerisi isə təqdiri-ilahidir... Və sizin dediyinizin əksinə, ölkədəki səhv və nöqsanları, günahları, haramçılıqları, korrupsiya, məmur özbaşınalığı və s. hallarını gizlətdikcə onlar toplaşaraq düşmən güclərin əlində ölkədə xaos yaratmaq üçün partadılacaq "bomba"ya çevrilir...
__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"