Qarabag Media
Haqqımızda Əlaqə

Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır


Tarix:16-12-2018, 12:10 Kateqoriya:Manşet / Yazarlar

Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazırRüstəm Kamal,
filologiya elmləri doktoru, professor


Ramiz Qusarçaylı - 60

Ramiz Qusarçaylının şeirləri barədə düşüncələr…

Ramiz Qusarçaylı bu dünyanın insanlarına, hadisələrinə və öz ömrünə, gündəlik yaşam qayğılarına, tərcümeyi-halına Azərbaycan poeziyasının gözü ilə baxdı. Bu gün onun şair taleyi və şair statusu imkan verir ki, millətimizin, ölkəmizin taleyindən danışa bilsin və biz də ona inanaq.

Şair necə nəfəs alırsa, elə də yazır. Necə yazırsa, elə də yaşayır. Çünki onun ömür hekayəsi millət hekayəsinin içindədir. Şeirlərində rast gəldiyimiz “Mən” əvəzliyi həmişə “biz” mənasını ehtiva edib. “Mən”i ismin neçə halında hallandırsa da, əslində “biz”dən bəhs edir. “Biz”in məsuliyyətini cəsarətlə “mən” üzərinə götürür. “Mən” maskası altında içində yaşadığı zamanı və toplumun dərdini yazır. “Mən” şairin avto-bioqrafik, fərdi obrazını deyil, “indi sağlığında ölən şairlərin” ümumiləşdirilmiş obrazını ifadə edir.

Mənim söz pətəyim qurğuşun doğur,
Mənim taleyimdə güllə oynayır.


Poeziya həmişə “sofiya”dır, yəni canlı bilikdir, təbiətdən alınan bilikdir, əşyaların, nəsnələrin mahiyyətini tanımaqdır.Təbiət şeirlərində Ramiz özünü və xarakterini oxucuya tanıtmaq imkanı verir. Peyzaj şeirlərində belə onun sosial ehtirasını hiss edirsən.

Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qubarı
Tox toxa söylənir, ac aca,- qardı.


Hər şairin öz zamanı (psixi, sosial, fiziki) olur. Ramiz Qusarçaylının zamanı “gecə”dir. Gecə yarısı inanc düşüncəsində ruhların, mifik qüvvələrin fəallaşdığı məqamdır. Bəlkə Ramiz Qusarçaylı şeirlərinin mistik süjeti də bu üzdəndir? Gecə, gecə yarısı xatirə yaddaşında qalan zamanın adıdır.

Mən kənddən çıxanda gecə yarıydı,
Söyüdlər yol üstündə tellənirdilər.


Dəfələrlə fikir vermişəm: Ramiz həmişə gecə yarısı (qalıb səhər tezdən gedə bilsə də), “Şamaxinka”da taksiyə minib mütləq Qubaya, evinə qayıdır və çox güman ki, şeirlərini də gecə yollarda pıçıldayır. Şeirləri çiçəklər kimi gecənin bətnindən doğulur.Gecə sükutundan səsi boylanır.

Bir şeir ağladım gecə yarısı,
Bir şeir hönkürdüm… ağ vərəqlərə.


Ramiz də “göz” şeirlərinin baş qəhrəmanıdır. Göz görən, danışan və eşidən or-qandır. “Göz” çiçəklərin ətrini duyur. Göz səsi (musiqini) dinləyir. Həyatın dərki də,ölüm hissi də gözdən başlayır.

Noldu qərib yetim, qəribə yetim,
Ölümün gözündə çiçəklədinmi?


Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Bir gözəl şeri var (“Atamın xatirəsinə”)- atasının ölümünü mistik hadisə kimi, bir metaforik süjet kimi danışır. Ata ruhunun “bu dünya”dan “o dünya”ya keçidini onun gözlərindən izləyir və bu şeri yaşanılmış hadisə kimi varlığımıza, içimizə hopdurur.

Gözündən ölməyə başladı dünya,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri,
Gəlib gözlərində qışladı dünya.


Dünyanın çiçək mövsümü də göz yaddaşında qalıb. Çiçəkləmə, gülaçma onun sevimli stixiyasıdır. İnanırsan ki, Ramiz Qusarçaylı dünyasında daş da, qaya da çiçəkləyə bilər: “Daşlar da gözünə çiçək göründü”. Çiçəkləmə, güllənmə hadisəsi həm
canlılığın, diriliyin təbiətdə təzahür formasıdır, həm də şair üçün metaforik mənalar aktıdır.

Oğul-oğul çiçəkləndi,
Şəhid-şəhid ləçəkləndi.


Əsirlikdə, düşmən tapdağı altında qalmış yurd yerlərimizin ağrısının şairin dilində qarğışa keçməsi də bu metaforik yad-daşdan gəlir.

Yiyəsiz yurd yeri yavaş güllənir,
Bu yaz çiçəkləmə, ərik ağacım.


Şairin işi gizlini aşkar etmək və gizlətməkdir. Əgər ölünün, şəhid qəbirlərinin bu dünyada nə vaxtsa dirilmə, “çiçəkləmə” ümidi varsa, onu da şair təxəyyül “işi”mümkün edə bilir.

Torpaq daşıyıram kirpiklərimdə,
Bir gün gözlərim də çiçəkləyəcək.


Adama elə gəlir ki, bu poeziyanın qrammatik (dinamik) strukturu bütövlükdə fellərdən təşkil olunub. Hər misra, hər deyim sanki “hərəkətdədir”, burda isim, sifət mütləq “xəbər” olur.

Yığılaq bir, durulaq bir,
Yağıb torpağa birləşək.
Ozümüzə sarılaq bir,
Dönüb yumağa, birləşək.


Şeirlərin adlarına diqqət yetirin – böyük əksəriyyətinin tərkibi fellərdən, feli sifətlərdən ibarətdir. Əmr, xitab, hökm, nida-sual tipli deyimlərin sıxlığı şit, duzsuz epitetlərin mətnlərin mənalar dünyasına girməsinə imkan vermir. Şairin fel sevdası və ehtirası o qədər güclüdür ki, başqa sözlərə də “hərəkət”in enerjisini keçirir. Sözlərin, misraların bir-birilə ritmik əlaqəsi də, “nəfəs-nəfəsə verməsi” də felin təsir gücündəndir. “Bir ağız sevgi ağısı” şerində isə fellərin təkrarlanması bizə az qala məhkəmə-istintaq sorğu-suallarının atmosferini yaşadır.Fellərin ritmi bu gözəl şairin iç intonasiyasının və jestinin möhürüdür, emosiyasının obrazıdır. Rədiflərin, qafiyələrin məna yükünü də fellər çəkib gətirir. Məşhur “Qurudub göndərmə bənövşələri” şerində fellərin “zənciri” yaşantıların, ağrıların mükəmməl obrazını verir:

Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla.
Mənə də ölməyə bir az yer saxla,
Qurudub göndərmə bənövşələri.


Qusarçaylının ustalığı ondadır ki, fellərlə özünəməxsus təkrar effekti yaradır. Əgər müqayisə təbiri caizsə, bu təkrar effekti Qafqaz kişi rəqslərini xatırladır.Misra əvvəlində və sonunda fellərin sadalanması və sıralanması (anafora və epifora) isə artıq ovsun poeziyasının elementidir. Məsələn:

Nə yağır Təbrizə, Beyruta yağır,
Nə yağır Bağdadda heyrətə yağır,
Nə yağır Şuşada qeyrətə yağır,
Yağır, ərəblərin başına yağır,
Yağır, çeçenlərin başına yağır.
Yağır, əfqanların başına yağır,
Yağır, türkmanların başına yağır,
O taylı, bu taylı
qara yağışlar
Azərbaycanların başına yağır…


Ramiz Qusarçaylı bizim o şairlərimizdəndir ki, şeirdə hər sualın vaxtını və yerini dəqiq bilir və suallarını cəsarətlə, ürəklə səsləndirir. Və hər sualın cövhərində mütləq nida ehtirası, nalə (“Bəstənigar”, “Zəminxarə”…) coşqusu var.Bu cür suallara elmi ədəbiyyatda ritorik, bədii suallar da deyirlər. Və necə ad-lanmasına baxmayaraq, hər sualın öz vaxtı, öz məqamı olur, hər sual vaxtında səslənməlidir.

Bu yaz bənövşələr sənsiz qaldı ki,
Sevdiyin çay yeri çənsiz qaldı ki,
Çat düşən ürəyin dənsiz qaldı ki,-
Torpağın altında dərd ləklədinmi…


Ramiz Qusarçaylının şeirləri içində, misraları arasında, sözlərinin məsamələrində qəribə (və qərib!) bir qəm rüzgarı dolaşır. Mövsümlərin gəlişi, insanların günü-güzəranı, dağdan mehin əsməsi, ağacların çiçəkləməsi, aylı gecələrin sukutu onu kədər-ləndirir. Təbəssümündə belə qəmin, kədərin izharı var.

Kişilik və şairlik qüruru qoymasa da, Ramiz səsində də, sözündə də dərdi, gileyi, kədəri gizlədə bilmir: “Hər giley oxunmaz üzümdən indi”. Axı, şeri, poeziyanı aldada bilməzsən! Onun sosial, satirik poeziyası, sevda lirikası qəmdən nəm çəkir. Qar obrazı bu kədər ovqatının rəsmini çəkmək üçün dəqiq seçilibdir:

Ağ yaza oxşayır qışın gəlişi,
ağaclar bu səhər ağ yarpaqlayır.
Baxıram,
baxışım qara ilişir,
Dönürəm, – gözümü işıq bağlayır…


Sərt, güclü sosial tembrə malik olan şeirlər zərif poetik detalların və obrazların vəhdətidir. Məhz sərtliklə zərifliyin sirli harmoniyası bu şeirləri uzunömürlü və dözümlü edir.

Ayın könülsüz işığı
Lillənər arxın içində.

Yaxud:
Quru ağacların sarıköynəyi
Asılıb səsinin budaqlarından…


Ramiz Qusarçaylı Azərbaycanın namuslu şairlərindən biridir. Çünki ömür şərəfini və yaradıcılıq ləyaqətini qoruya bilib. Onun vətəndaş əxlaqı və milli mənəviyyatı şeirlərinə, şeirlərinin fəlsəfisi isə əxlaqına dərindən yansıyıbdır.

Torpağın üstündə diz çökməmişəm,
Altında uzanıb ölüm, bəsimdi.


“Şair-cavabdır”, yəni dünya filosof üçün sual bəhanəsidirsə, şair üçün cavab imkanıdır. Səhv etmirəmsə, M.Svetayeva belə deyirdi. R.Qusarçaylı bu məmləkətin əsl şairi kimi öz məsuliyyətini və cavab hissini heç vaxt unutmadı! Bu torpağın taleyini öz taleyindən heç vaxt ayırmadı. Ona görə də onun yüksək vətənpərvərlik və vətəndaşlıq poeziyasına, sevgi lirikasına hə-mişə inanmışıq../"Ədalət" qəzeti.-2018.-15 dekabr.-S.15/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”