Qarabag Media
Haqqımızda Əlaqə

Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"


Tarix:15-12-2018, 14:20 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"

Bu gün tanınmış azərbaycanlı şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi Ramiz Rövşənin (Rövşən Ramiz Məmmədəli oğlu) doğum günüdür.

1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Karabakhmedia.az saytı olaraq şairimizə uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır, oxucalara isə şairdən bir şeir parçası təqdim edirik:

Kim deyir yuxuda ölmək asandı

Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən
Səhər tezdən eşidirsən əzandı,
Yuxuda kirimişcə ölürsən.

Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.

Kim deyir yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.

Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.


* * *

Boşaldı dünyanın sən olan yeri…
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmərəm.
Baş alıb qaçaram gecələr ilə,
Uzun yollar ilə, küçələr ilə,
Dünyanın sən olan yerindən elə
baş alıb qaçaram, qaça bilmərəm.
Yenə də, açılar səhər qəfildən,
yenə də, sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerinə bir gün
yağış yağacaq.
Gecə köynəyində, ürkək-utancaq,
çıxarsan eşiyə, gözlərsən məni,
üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsan
yağan yağışa,
Əlimdən nə gələr?..
Məni bağışla!..
…Nə sən kiriyirsən, nə yağış kəsir,
yağışa qarışıb axarsan, kiri.
Ağlaya-ağlaya bu yaz gecəsi
əriyib yağışa çıxarsan, kiri.
Baxdıqca qorxuram
yağan yağışa,
Ağlaya bilmirəm…
Məni bağışla!..


Mən küsüb gedirəm...
Qoy hamı qalsın,

Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.

Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.

İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq… ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.

Mən sənin yanına uça bilərdim.
Uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
Açmıram, beləcə susub gedirəm.

Yandırıb gedirəm bu varağı da,
Bu şeirin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,
Məni qaranlıqda itirmə ancaq.

İlahi, küssəm də səninəm yenə,
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə,
Gedib çıxanacan üstümdə olsun...

Orda, bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında.
Oturub dincimi alaram bir az,
Boşluğa salaram ayaqlarımı.
Uşaqtək yellərəm ayaqlarımı,
Uşaqtək sevincək olaram bir az.

Bir ölüm işığı gəzər üstümdə,
Boşluqdan səs gələr: “Yubanma tez gəl!...
Sənə çoxdandır ki, bu yer üzündə
Hər şey maraqsızdı ölümdən özğə”.

İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni...
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni!

* * *
Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…

Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.
Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...

Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...


Yağış yuyur,gün qurudur

Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.

Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.


***

Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına, qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla…

Bağışla qapını döyə bilmirəm,
Bağışla sevirəm, deyə bilmirəm.
Özüm də bilmirəm, ah niyə bilmirəm,
Bağışla, bağışla, məni bağışla…

Bir sönən ocağın külünə yanma
Ömrümün ayına, ilinə yanma
Desəm ki sevmirəm gəl mənə inanma ,
Bağışla, bağışla, məni bağışla…
Bağışla məni…


Karabakhmedia.az










SON XƏBƏRLƏR
900-dən artıq qaçqın Suriyaya döndü
Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Yeni metrostansiyanın açılış tarixi bilindi
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi