Qarabag Media
Haqqımızda Əlaqə

“Atamın son sözü bu oldu ki, Laçın azad ediləndə sümüklərimi aparıb orada dəfn edin...”


Tarix:6-12-2018, 23:48 Kateqoriya:Manşet / Müsahibə

“Atamın son sözü bu oldu ki, Laçın azad ediləndə sümüklərimi aparıb orada dəfn edin...”Laçın rayon ictimaiyyətinin tanınmış nümayəndələrindən biri olan Ramiz Cəbrayılov Moderator.az əməkdaşıyla geniş söhbətində hələ 1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən baba-nənələrinin, körpə atasının başına gətirilənlər, eləcə də doğma rayon və kəndinin dəfələrlə yandırılması və 1992-ci ilin mayındakı son işğalı haqqında, 1988-ci ildən bəri Laçın rayonu və Dağlıq Qarabağ ətrafında baş verən, bilavasitə şahidi olduğu hadisələr barədə maraqlı epizodlar nəql edib...

Əvvəli burada

-Ramiz müəllim, heç iştirak etdiyiniz tədbirlərdə o vaxtkı 1-ci katib Ə.Vəzirovun Azərbaycanın mənafeyinə uyğun gələn bir çıxışını eşitmədiniz?..

-Xeyr. Qətiyyən... Bu adamın hər kəlməsi ermənilərin, Moskvanın xeyrinə idi. Yadınızda deyil, bir dəfə televiziya ilə də yayımlanmış çıxışında dedi ki, yoldaşlar, muştuluğumu verin, ermənilər Bakıya qayıdır...

Elə öncə bəhs etdiyim plenumdakı çıxışının davamında Ə.Vəzirov gözlənilmədən üzünü zala tutub sevinclə dedi, ki, yoldaşlar, sizi təbrik edirəm, axır ki, Qarabağ məsələsinin həlli yolunu tapdıq. Bütün zal bir anlıq diqqət kəsildi ki, 1-ci katib, nəhayət, Vətənimiz üçün bir faydalı söz deyəcək. Vəzirov isə dedi ki, bəs Moskva Dağlıq Qarabağda Xüsusi Komitə yaradılması haqda qərar verib, yoldaş Arkadi Volski də həmin komitənin rəhbəri təyin edilib. Bundan sonra Qarabağdakı bütün məsələləri yoldaş Volski həll edəcək və Qarabağı həmişəki kimi Azərbaycanın nəzarətinə qaytaracaq... Hamı qaldı mat-məəttəl ki, bu nə danışır...

Ancaq o bədbəxtin ya ağlı kəsmirdi, ya özünü bilməzliyə qoyurdu ki, Qorbaçov Volski vasitəsilə Dağlıq Qarabağın Azərbaycanla olan-qalan ilişgilərini də qopararaq o torpaqların tamamilə ermənilərin əlinə keçməsinə şərait yaradacaq...

Bir daha təkrar edirəm, Kamran Bağırov, Ə.Vəzirov kimi yarıtmaz rəhbərlər və onların bəzi yarıtmaz kadrları bu gün Qarabağın işğal altında qalmasına məsuliyyət daşıyırlar. Vəzirovun kadrlarından Mərkəzi Komitənin katibi Telman Orucov da ermənilərin xeyrinə olan addımlar atırdı. Məsələn, 1988-1989-cu illərdə ermənilərin Ermənistandan qovduğu soydaşlarımız öncə əsasən Dağlıq Qarabağ, o cümlədən Şuşa ərazisinə toplaşmışdılar. Onlar özləri xahiş edirdilər ki, bu yerlərin təbiəti də elə Zəngəzurun, Göyçənin təbiətinə uyğundur, bizə şərait yaradın, buralarda məskunlaşaq. Lakin təəssüf ki, Telman Orucov özü şəxsən bu işə rəhbərlik edərək Ermənistan qaçqınlarını milislərin vasitəsi ilə, zor gücünə yerləşdikləri ərazilərdən, eləcə də Şuşadan çıxarıb digər rayonlara göndərdi. Halbuki, qaçqın soydaşlarımızın Dağlıq Qarabağda yerləşdirilməsi oradakı azərbaycanlı əhalinin say tərkibinin xeyli artmasına və yerli soydaşlarımıza da dəstəkləri nəticəsində ermənilərin separatçılıq hərəkatının qarşısının alınmasına gətirib çıxarmaqla Qarabağ məsələsinin ilkin mərhələdə həllinə şərait yarada bilərdi...

-Amma yəqin ki, o dövrdə də, sovet hakimiyyətinin mövcudluğuna rəğmən partiya və komsomol orqanlarında Vətənini, xalqını gerçəkdən sevən qeyrətli məmurlarımız da olubdu?

-Bəli, əlbəttə, olub. Məsələn, sizə şahidi olduğum bir misal çəkim. Bildiyiniz kimi, 1988-1990-cı illərdə Laçın rayonu ərazisində “Qayğı” adlanan qəsəbə salınırdı. Həmin qəsəbənin yeri çox düzgün seçilmişdi. Çünki strateji bir məkan idi. Belə ki, Ermənistanla Dağlıq Qarabağın erməni kəndləri arasındakı ən qısa məsafə həmin ərazidən keçirdi. Birbaşa avtomobil yolu olmasa da, ermənilər Şuşanın Kirov və Qaladərəsi kəndlərinə o yerlərdəki dalda dağ cığırlarıyla keçməklə tədricən silah-sursat daşımağa çalışırdılar. Odur ki, o məkanda qəsəbə salınması ermənilərin planlarının qarşısını almağa hesablanmışdı. Artıq 1989-1990-cı illərdə isə tikinti gedən ərazi Ermənistan istiqamətindən atıcı silahlardan atəşə tutulurdu. Yəni hər an təhlükə gözlənilirdi. Buna rəğmən komsomol zərbəçi tikintisi elan edilmiş “Qayğı” qəsəbəsinin tikintisinə Azərbaycanın komsomol təşkilatlarından və ali məktəblərindən ən vətənpərvər, qorxmaz gənclər toplaşmışdı. Həmin gənclərə də o dövrdə Azərbaycan komsomolu Mərkəzi Komitəsi təşkilati şöbəsində seksiya rəhbəri kimi çalışan, sonradan- 2001-2005-ci illərdə isə Azərbaycanın İqtisadi İnkişaf naziri olmuş Fərhad Əliyev rəhbərlik edirdi. O, Laçına komsomol zərbəçi dəstəsinin komandiri kimi gəlmişdi. Və mən Laçında Fərhad müəllimin o qanlı-qadalı illərdə, o güllələr altında, gecə-gündüz, yayın qızmarında, qışın sazağında “Qayğı” qəsəbəsinin tikintisində hansı zəhmətlər çəkdiyinin şahidi oldum...

Bəli, Fərhad müəllim kimi vətənpərvər, millətsevər, prinspial və cəsarətli rəhbər işçilərimiz, məmurlarımız xeyli idi. Lakin bütövlükdə Azərbaycanın idarəçilik sistemi birbaşa Moskvanın əmrləri ilə idarə olunan, müticəsinə Kremlin, Qorbaçovun qarşısında baş əyənlərin əlində olduğundan biz erməni separatçılığına, millətçiliyinə qarşı mübarizədə ciddi uğur əldə edə bilmədik. Və mən bunu həmişə deyirəm: əgər Ulu Öndər elə 1987-ci ildə Moskvada Siyasi Bürodan istefa verən kimi Azərbaycana rəhbər gələ bilsəydi, Vətənimizin başına bir belə faciələr gəlməz, torpaqlarımız işğal olunmazdı...

-O illərdə ermənilərin Heydər Əliyevə mənfi münasibəti barədə nələrinsə şahidi olmuşdunuz ki?..

-Bəli, dəfələrlə. Sizə bir epizod danışacam. Zənnimcə, bu artıq hər şeyi deyəcək... Dəqiq yadımdadır, 1987-ci il oktyabrın 21-i idi. Həmin gün Moskvada Sov.İKP MK Siyasi Bürosunun plenumu keçirilirdi. O dövrdə hər gün Bakı vaxtı ilə gecə saat 10-da Moskvadan “Vremya”(“Zaman”) xəbərlər proqramı verilirdi. O gün axşam biz Laçın rayon partiya komitəsinin 1-ci katibi rəhmətlik Xanlar Məmmədovla işlə əlaqədar getdiyimiz Səfiyan kəndindən mənim “Niva” markalı xidməti maşınımla geri dönürdük. Xanlar müəllim dedi ki, komsomol, çalışaq saat 10-dək rayon mərkəzinə çataq ki, “Vremya”ya baxaq, görək, plenumda hansı qərarlar verilib. Mən avtomobilimdə ehtiyat üçün daim “Sapfir” markalı kiçik ölçülü televizor saxlayırdım. Odur ki, 1-ci katibə dedim ki, Xanlar müəllim, narahat olmayın, Laçına çatmasaq da, maşında televizor var, xəbərlərə baxacağıq. Bu minvalla saat artıq 10-a 2-3 dəqiqə qalmış biz hələ Laçının 10-15 kilometrliyində Ermənistanın Gorus rayonunun Gorunzur(Kornidzor) və Dığ(Texnadzor) kəndləri ilə üzbəüz yerləşən “Tikanlı Zəmi” deyilən yerə çatırdıq. Maşını saxlayıb televizoru qoşduq. İnanın ki, “Vremya” başlayıb plenumun qərarları və Heydər Əliyevin öz ərizəsi ilə Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi barədə xəbər səslənən kimi Gorus rayon mərkəzində və adı çəkilən erməni kəndlərində Bakıdakı atəşfəşanlıqlarla müqayisə olunacaq böyük bir atəşfəşanlıq başladı. O anlarda dərhal belə qərara gəldim ki, deməli, ermənilər öncədən Ulu Öndərin Kremldə tutduğu yüksək vəzifələrdən istefa verəcəyini biliblər... Və Heydər Əliyevin istefasından bir ay keçməmiş erməni lobbiləri SSRİ-də, Avropada, Amerikada Qarabağ məsələsəni gündəliyə gətirdilər. Deməli, ermənilər üçün ən keçilməz sədd, sipər məhz Heydər Əliyev idi... Ona görə o, vəzifədən çıxdığı günü onlar atəşfəşanlıq, toy-bayram edirdilər...

-Ramiz müəllim, 1988-ci ildən hazırda işğal edilmiş digər bölgələrimiz kimi, Laçında da sadə insanlar, xüsusən gənclər ermənilərin separatçı-işğalçı niyyətlərinə qarşı kifayət qədər dirəniş göstərirdi. Rayonda milis taboru ilə yanaşı, özününüdafiə dəstələri, respublikada ilk alaylardan biri yaradılmışdı və s. Bəs nəticə niyə belə oldu?..

-Bilirsiz, öncə dediyim kimi, ayrı-ayrı fədakar insanlar həm rəhbərlikdə, həm yerlərdə xeyli idi. Amma ümumi sistem əvvəlcə Moskvanın tabeliyində işlədiyindən, müstəqilliyimizin ilk aylarında, illərində isə hakimiyyətsizlik və hakimiyyət uğrunda mübarizə şəraitinə tabe olduğundan xalqın bütün əziyyətləri hədər getdi və torpaqlarımız, o cümlədən Laçın işğal edildi...

Bəli, Laçın gəncləri də fəal idi... Hələ öncə haqqında bəhs etdiyimiz Qorbaçovun göstərişi ilə Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsinin rəhbəri təyin edilmiş Arkadi Volski 1989-cu ildə Dağlıq Qarabağ və ətraf bölgələrdən SSRİ Ali Sovetinə deputat da seçilmişdi. O dövrdə yalnız Laçın rayon komsomol komitəsi xüsusi plenum keçirərək Azərbaycan seçiciləriinin etimadını doğrultmadığına, ölkəmizə qarşı xəyanətkar mövqe tutduğuna görə A.Volskinin deputatlıqdan geri çağırılmasıyla bağlı SSRİ Ali Sovetinə və baş katib Qorbaçova müraciət ünvanladı. Həmin plenumda Azərbaycan Komsomolu Mərkəzi Komitəsiinin nümayəndələri Kamal Mədətov və Elmar Zeynalov da iştirak etdilər. Yəni, Azərbaycan komsomolunun rəhbərliyi də, Laçın rayon partiya komitəsinin 1-ci katibi rəhmətlik Xanlar Məmmədov da bizə birmənalı dəstək verdi. Bu, rayonumuz, həm də respublika üçün tarixi bir hadisə idi və mətbuatda da geniş işıqlandırıldı. Lakin təəssüf ki, o dövrdə Volskini “seçmiş” digər 15-20 rayon da bizə dəstək vermədi. Odur ki, məktubumuza Qorbaçovdan cavab da gəlmədi...

Yəni, o illərdə ayrı-ayrı fərdlər, qruplar istisna, ermənilərin məkrli planlarına qarşı sistematik, planlı iş görən yox idi. Amma bu gün cənab Prezident başda olmaqla Qarabağın azadlığı üçün həm siyasi, həm iqtisadi, həm hərbi müstəvidə planlı işlər görülsə də, nəinki Moskvada, Parisdə, Vaşinqtonda da dünənki Volskilərin daha geniş və “modern” formada davamçıları var. Hesab edirəm ki, artıq 26-cı ildir ki, ATƏT-in Minsk qrupu adlanan bir qurum Arkadi Volskinin Xüsusi İdarəetmə Komitəsinin ermənipərəst missiyasını Avropa və dünya miqyasında “uğurla” davam etdirir. Bu qurum yalnız ermənilərin xeyrinə vaxt keçirməklə, Azərbaycan xalqının başını qatmaqla məşğuldur. Bu gün mediadakı informasiyalardan da bəlli olur ki, Minsk qrupunun həmsədrləri olan Rusiya da, Fransa da, ABŞ da nəinki işğalçı, separatçı erməniləri yerində oturtmağa, əksinə, hər vasitə ilə onlara dəstək verməyə çalışır. Hər üç ölkənin rəsmi və qeyri-rəsmi nümayəndələri, alimləri, həkimləri, deputatları, incəsənət və iş adamları və s. Azərbaycanın işğal altındakı ərazilərinə mütəmadi səfərlər edir, müxtəlif tədbirlərdə iştirak edir və hətta onları təşkil edir, tikinti, təmir-bərpa işləri aparır, işğalçı ordu hissələrinə yardım edir, yeraltı-yerüstü sərvətlərimizin istismarıyla məşğul olurlar və s.

Digər tərəfdən, orta məktəb şagirdi də bunu dərk edər ki, Minsk Qrupunun həmsədri olan hər üç dövlət: ABŞ, Rusiya və Fransa dini baxımdan xristiandır. Ona görə də, kim nə deyir-desin, onların xristian Ermənistanı qoyub, müsəlman, türk dövləti olan Azərbaycana dəstək verməsi ağlasığan deyil... Yəni, ATƏT-in Minsk qrupu xristian klubundan başqa bir şey deyil...

-Bilirik, Laçından, doğma kəndinizdən ayrıldığınız son günlərdən danışmaq çətindir, sizin üçün...

-Nəinki çətindir... Dəhşətli bir əzabdır, əzab... 1992-ci il mayın 16-17-də Laçında, kəndimizdəki son günləri xatırlayanda keçirdiyim hissləri danışmaqla təsəvvür etmək mümkün deyil. Sanki həmin gün təbiət də, kənddəki ev heyvanları, it-pişik, mal-qara da yüz illərlə bu məkanda yaşamış insanların bilinməz müddətə buradan getməyinə yas saxlayırdı, şivən qoparırdı. Bir həftədən çox idi, işıqlar yanmırdı, gecələr kənd qatı zülmət içində idi, göydən sanki qara rəngli leysan bir yağış tökürdü... Elə bil, o dilsiz-ağılsız inəklər, qoyunlar, itlər, toyuq-cücələr öz mələşmələri, hürmələri, çığırtları ilə sanki deyirdilər ki, ey insanlar, bu gözəl yurdunuzu tərk edib haraya gedirsiniz...

...Evdən çıxdığımız son məqamda kiçik qardaşıma dedim ki, itimizi zəncirdən aç, yazıqdır, bağlı qalmasın... Hələ dinclik vaxtlarında o it iki dəfə qonşu erməni kəndindən gəlib evimizin yanından atla keçən kolxoz sədri Sərkisyan Qrişa ad-soyadlı erməniyə hücum edərək onun atını parçalamışdı. Artıq münaqişə başlananda bəlli oldu ki, həmin Qrişa erməni kəndindəki separatçıların lideri imiş... Yəni, sanki it də ermənilərin kəndimizə məkrli niyyətlərlə gəldiyini hiss edirdi... Xülasə, qardaşım itimizi zəncirdən açanda mən maşının qapısını açıq qoyub əyləşmişdim. İt həmişəki kimi açılan andaca kənara qaçmadı, maşının yanına gəldi və qabaq ayaqlarını qaldırıb dizlərimin üstünə qoyub başladı əllərimi yalamağa... Ona təpinəndə keçib çöməltmə oturdu maşının qarşısında və tərpənmədi... Sanki o dilsiz-ağılsız heyvan da deyirdi ki, ay etibarsızlar, bu torpağı, biz heyvanları yağı düşmənə qoyub hara gedirsiz... İnanırsız ki, biz o heyvanı bir təhər kənara qovub maşını sürdükdən sonra o it arxamızca 5-6 km-dək qaçdı... Sükan arxasında göz yaşları məni boğdu... O gün əlacsızlıq, acizlik, ayrılıq, həyəcan, utanc duyğularının biri-birinə qarışıb tüğyan etdiyi dəhşətli bir mənzərə idi... Heç vaxt gözümün önündən getmir, heç vaxt...

-Ramiz müəllim, yəqin, gündüzlər iş-güc başınızı qatır. Amma gecələr Laçını, Ağanusu düşünmək daha əzablı olur?..

-Elə bir gecə yoxdur ki, mən xəyalən Laçına qayıdıb kəndimizin cığırlarını, dağlarını, meşələrini, bulaqlarını, Laçın rayon mərkəzinin küçələrini qarış-qarış gəzməyim... Filan yerə gedən yolda neçə döngə vardı, həmin döngələrdə hansı qaya, daş, qumlaq, dərə vardı, hansı dərədə hansı bulaq vardı, hansı yolun kənarında böyük bir ağac vardı, hansı ağacın dibində gözəl yaşıllıq vardı, həyətimizin filan küncündə filan ağac əkilmişdi və s. və i.a. İnanın ki, bəlkə də bir gecə hiss etsəm ki, kəndimizdə hansısa yerin adını unutmuşam, başıma hava gələr...

Adətən insan yuxuya getməzdən öncə ya bu dünyada uzaq yerdə olan, yaxud həyatdan köçmüş əzizini yuxuda görməyi arzu edir. Mən isə hər gecə, üzr istəyirəm, yatağıma girəndə Yaradandan diləyirəm ki, ay Allah, nə olar, yalvarıram, elə et, bu gecə Qarabağı, Laçını, doğma kəndimizi, evimizi yuxuda görüm. Və o məkanlar yuxuma girdiyi gecə özümdə bir rahatlıq tapıram...

Ümidsiz yaşamaq insanın sonudur. Yenə də deyirəm, böyük imidlə yaşayıram ki, nəhayət, biz torpaqlarımıza qayıdacağıq. Amma mənim çiynimdə hazırda iki böyük yük var. Birincisi, torpaqlarımızın işğaldan azad edilməsi üçün bir vətəndaş olaraq əlindən gələni etmək...

İnsanın əsl vətəni onun doğulduğu yerdir. Mənim üçün əsl doğma vətən Azərbaycanın Laçın rayonunun Ağanus kəndidir. Hazırda yaşadığım yer isə paytaxtmız Bakıdır. Sözsüz ki, Azərbaycan hamımız üçün ümumi vətəndir və hər bir qarışı bizim üçün əzizdir. Ancaq doğulduğun məkana sevginin daha güclü olması insan fitrətindən gələn təbii bir haldır. Özü də insan yaşlaşdıqca doğulduğu yurdun torpağı, hər daşı, hər ağacı sanki maqnit kimi onu özünə çəkir...

Atam 92 yaşında dünyasını dəyişdi və son gününədək də şüuru, düşüncəsi, yaddaşı əvvəlki qaydada idi...Bəlkə də rəhmətlik Laçında yaşasaydı, 92 yox, 112 il yaşayardı. Çünki o yerlərin havası, suyu, meyvəsi və s. bir bambaşqa həyat cövhəri idi... Dünyasını dəyişəndən bir gün qabaq atam məni yanına çağırdı ki, oğul, mən gedirəm, and iç ki, bir vəsiyyətim var, onu mütləq yerinə yetirəcəksən. Cavab verdim ki, ata, birincisi, belə şey danışma, nə getmək. İkincisi də, sənin hər sözün bizim üçün qanundur, buyur, eşidirəm. Düzü, mən gözləyirdim ki, atam, nə isə ailəmizlə bağlı, anamla bağlı bir vəsiyyət edəcək... Amma onun dediklərini eşidəndə tüklərim biz-biz oldu. Atam dedi ki, oğul, mən o günü görə bilmədim, amma inşallah, siz görəcəksiniz Laçının azad edildiyi günü... Laçın alınandan sonra mənim sümüklərimi burada qoyma qala, aparıb kəndimizdə -Ağanusda basdır... Dedi, səni and verirəm Allaha, bu vəsiyyətimi unutma...

Deməli, insan dünyadan köçdüyü son anlarda belə övladları, ailəsindən çox torpağının, dədə-baba yurdunun taleyi haqda düşünür.... Atama verdiyim söz mənim çiynimdə ən böyük yükdür. Və gecə-gündüz Allaha dua edirəm ki bizə şərait yarat, torpaqlarımızı azad edək və mən atama verdiyim vədi yerinə yetirim...

Məni narahat edən digər məsələ odur ki, 1991-1993-cü illərdə Qarabağdan, o cümlədən Laçından çıxmış insanların çoxu Azərbaycanın digər şəhər və bölgələrində ailə həyatı qurub, onların həmin yerlərdə övladları doğulub və bu gün artıq onlar da ailə qurmaq üzrədir... Mənim, üzr istəyirəm, bir övladım var, 1995-ci idə Bakıda doğulub. Özümü və ailəmi Vətənə kifayət qədər bağlı, Qarabağ, Laçın, Şuşa həsrəti ilə yaşayan bir ailə hesab edirəm. Bizim ailədə elə bir gün olmaz ki, o torpaqlarımızla bağlı söhbət getməsin. Övladım da vətənpərvər böyüyür, ata-ana yurdları ilə daim maraqlanır. Amma diqqət edirəm ki, övladımdakı o yurdsevərlik, Qarabağa, Laçına olan sevgi biz böyüklərdəki qədər deyil. Birdən buna görə daxilən narahat oluram, yanıram. Və sonra düşünürəm ki, bu, təbii haldır. Ovladımın gerçək gördüyü doğma yurdu, Laçın, Şuşa yox, Bakıdır... Və bu gün mən ondan narahatam ki, o torpaqlarda doğulub yaşamış bizim orta və yaşlı nəsil də tədricən dünyasını dəyişir, say baxımından azalırıq. Və o da təbiidir ki, işğal altındakı torpaqlarımızda son 26-27 ildə doğulan ermənilər bizim gənclərdən fərqli olaraq o yerləri özlərinə əsl vətən hesab edirlər... Eyni zamanda o torpaqlardakı bizə aid olan tarixi izləri, abidələri məzarları və s. tamamilə məhv edirlər, yoxa çıxarırlar... Əgər Qarabağın azad edilməsi məsələsini biz bu gün həll edə bilməyib gələcək nəsillərin boynuna yükləsək, qorxuram ki, Qarabağ da, Şuşa da, Laçın da, Kəlbəcər də... ermənilərə peşkəş edilmiş İrəvanın, Göyçənin, Zəngəzurun taleyini yaşasın... Odur ki, bu gün nənki didərginlər, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad edilməsi məsuliyyətini öz üzərində daim hiss etməlidir...

Şükürlər olsun ki, bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin indiki geosiyasi dünya gerçəkliyi çərçivəsində çox ötkəm xarici siyasəti var. Amma onu da qəbul etməliyik ki, ermənilərin arxasında Rusiya, ABŞ, Fransa kimi nəhənglər və onların ərazisində fəaliyyət göstərən erməni lobbiləri dayanır. Buna görə problemin həllinin gecikməsinin səbəblərini də anlamaq gərəkdir. Ancaq yenə də ümidimizi itirməyək. Allah cənab Prezidentə cansağlığı versin. Bizim bu gün o torpaqları azad etmək qüdrətində olan, müasir silahlanma ilə yanaşı, yüksək vətənpərvərlik əhvali-ruhiyyəsinə malik ordumuz da var....Biz inanınırıq ki, cənab prezident Qarabağın azadlığı üçün əlindən gələni edir və inşallah, azad torpaqlarımıza, Şuşamıza, Laçınımıza dönəcəyimiz gün yetişəcək...

Söhbətləşdi: Sultan Laçın










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"