Qarabag Media
Haqqımızda Əlaqə

"Cavab verdim ki, a kişi, erməni bizi Gorusdan pulemyotla atəşə tutur..." - Ramiz Cəbrayılovla müsahibə


Tarix:3-12-2018, 23:22 Kateqoriya:Manşet / Müsahibə

"Cavab verdim ki, a kişi, erməni bizi Gorusdan pulemyotla atəşə tutur..." - Ramiz Cəbrayılovla müsahibə

”İşğal altındakı torpaqlarımızda kənd təsərrüfatı, tikinti, tibb, turizm və s. sahələr üçün faydalı olmayan bircə qarış yer yoxdur...”

Laçın rayon ictimaiyyətinin tanınmış nümayəndələrindən biri olan Ramiz Cəbrayılov Moderator.az əməkdaşıyla geniş söhbətində hələ 1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən baba-nənələrinin, körpə atasının başına gətirilənlər, eləcə də doğma rayon və kəndinin dəfələrlə yandırılması və 1992-ci ilin mayındakı son işğalı haqqında, 1988-ci ildən bəri Laçın rayonu və Dağlıq Qarabağ ətrafında baş verən, bilavasitə şahidi olduğu hadisələr barədə maraqlı epizodlar nəql edib...
Əvvəli burada

- Bizə göstərdiyiniz 1911-ci ilə aid bu sənəd kimə məxsus olub?

- Bu pasport rəhmətlik babam Məşədi Qəhrəman bəy Cəbrayılbəy oğluna çar Rusiyası hökuməti tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən sənəddir. Öncə dediyim kimi, babam 1905-1906-cı illərdə işğalçı ermənilərə qarşı vuruşub. Təəssüf ki, 1917-ci ildə atam dünyaya gəlməmişdən az əvvəl o dövrdə müalicəsi olmayan bir yoluxucu xəstəlikdən dünyasını dəyişib. 90 ildən çox yaşamış və Bakıda məcburi köçkünlük illərində dünyasını dəyişmiş rəhmətlik atam Məhərrəm Cəbrayılov Qəhrəman babamın 1911-ci ildə 35 yaşında aldığı köhnə rus hərfləri ilə yazılmış pasportunu qoruyub saxlayıb. Pasportun səhifələrindən birində sənəd verilərkən babamın 35 yaşında olduğu, digər bir səhifədə isə dininin, inancının “Məhəmmədilik”, yəni müsəlmanlıq olduğu da qeyd edilir. Bu, elə babamın adının önündəki “məşədi” titulundan da bəlli olur. Və o da aydın görünür ki, pasportda rus dilində yazılıb: “Yelizavetpol(Yelizavetpol -Gəncənin çar Rusiyası dövründəki adı) quberniyası, Zəngəzur uyezdi(qəzası), Bağırbəyli kəndi(Laçın rayonu Ağanus kəndi ərazisinin keçmiş adı)...”

Babam danışarmış ki, bizim dədə-babalar əsrlərdir, bu torpaqlarda, məhz Bağırbəyli kəndində yaşayıb. Deməli, müsəlman, Azərbaycan türkünün övladı olan Məşədi Qəhrəmanbəy Cəbrayılbəy oğlu qeyd edilən ərazidə hələ 1876-cı ildə anadan olub...

Bu cür sənədlər bir daha sübut edir ki, nəinki indiki Laçın və digər ətraf rayonlarla bərabər sonradan “Dağlıq Qarabağ” adlandırılmış erməni işğalı altındakı ərazimiz, eləcə də Zəngəzur, Göyçə, İrəvan, Basarkeçər və s. mahalları da Azərbaycanın tarixi-hüquqi torpaqları olub. Babamın pasportuna 2011-ci ildə Ağcabədidəki Taxtakörpü qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüşü zamanı cənab prezident İlham Əliyev də çox maraqla baxdı və belə sənədlərin qorunub saxlanlmasının vacibliyini vurğuladı...

- Uşaqlıq, gənclik illərinizdə yəqin ki, qonşuluqdakı Şuşa rayonunun Qaladərəsi və Kirov kəndlərinə gedib-gəlmisiz. Onların münasibəti necə idi azərbaycanlılara?..

- Əlbəttə, ermənilərin sonralardan – yəni çar Rusiyası dövründə köçürülüb məskunlaşdırıldığı qonşu kəndlərə hərdən gedib-gəlirdik. O kəndlərdəki, cavanlar, xüsusən də yaşlı ermənilər, hələ Sovet hökumətinin o kəshakəs vaxtında, bizlərə baxanda sanki bir düşmən görürdülər. Bu, açıq-aydın hiss olunurdu. Biz böyüklərimizdən onların niyə belə münasibət bəslədiklərini soruşanda cavab verirdilər ki, fikir verməyin, onlar ermənilərdir... O da yaxşı yadımdadır ki evlərimizdə, həyətlərimizdə fəhlə, usta kimi işləyən ermənilər, hərdən bizim süfrədə yemək yeyəndən sonra rəhmətlik nənəm onların yediyi qab-qacağı ayrıca yuyub dəfələrlə üzərlərinə salavat çəkərdi. Soruşardım ki, ay nənə, niyə belə edirsən. Deyərdi ki, ay bala, ermənilər kafirdir, onların ağızları, əlləri dəyən hər şey murdarlanır –gərək paklana... Təəssüf ki, o dövrdə belə məsələlər gənc nəslə kütləvi şəkildə anladılmırdı, aşılanmırdı. Əksinə, öncə dediyim kimi, partiya, komsomol orqanları vasitəsilə bizlərə ermənilərlə “qardaşlıq”, “dostluq” hisləri təlqin edilirdi. Halbuki, böyüklərimiz yaxşı bilirdi ki, bu millətin əksər nümayəndələrinin qəlbində əsrlərlə formalaşmış, nəsildən nəsilə keçən və müxtəlif xarici güclər tərəfindən öz siyasi,iqtisadi maraqları üçün daha da körüklənən nifrət hissi, işğalçılıq niyyətləri var...

Və nə yazıqlar ki, biz bir xalq olaraq yalnız Sovetlər dönəminin son illərində “Ermənistan” adlandırılan Qərbi Azərbaycandakı torpaqlarımızdakı soydaşlarımız son nəfərinədək qovulduqdan, tarixi-hüquqi torpaqlarımızın daha 20 faizinin işğalı başlandıqdan sonra ayıldıq... Bildik ki, erməni elə 1905-1906-cı illərdəki, 1918-ci ilin martındakı həmin nankor, qatil, qaniçən ermənidir... Şaumyanın, Andranikin, Amazaspın, Lalayanın ruhunda tərbiyə almış, torpaqlarımız sayəsində “Böyük Ermənistan” qurmaq niyyətli ermənidir... Amma gec oldu, torpaqlarımız işğal olundu...

Əlbəttə, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində gec-tez o torpaqlarımız erməni tapdağından azad ediləcək və biz yenə də o gözəl, əvəzolunmaz yurdlarımıza qovuşacağıq...

Amma hələlik bu saat –torpaqlarımızın, doğma Laçınımızın, Şuşamızın, Kəlbəcərimizin, Ağdamımızın... işğalından bir qərinə vaxt keçdiyi günlərdə bizi, məni o torpaqların həsrəti hər gün, hər gecə, hər dəqiqə yandırır... Dünyanın çox ölkələrini gəzmişəm, o cümlədən Avropanın bir çox ən mənzərəli dağlıq yerlərində olmuşam. Lakin Laçının, Şuşanın təbiətinin gözəlliyini xatırladacaq ikinci bir məkan görə bilmədim(kövrəlir)...

İşğal altındakı torpaqlarımız, o cümlədən yaxından bələd olduğum, gəzdiyim Laçın torpağının hər bir gülü, çiçəyi, hər bir ağacı, daşı, qayası, bulağı ölçülməz qiymətə malik idi. Bu baxımdan o torpaqlar dövlətimizə milyonlar, milyardlar qazandıra bilərdi. Bütün bunları düşünəndə belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikasının rəsmi statistikada deyildiyi kimi, 20 faiz yox, 40-50 faiz torpağı erməni işğalı altındadır....

- Hansı baxımdan belə bir qənaətə gəlirsiniz?

- Burada söhbət yararlı, yəni qiymətli yeraltı, yerüstü sərvətə malik, əkinə-biçinə, meşə örtüyü, otlaq, yaylaq və s. üçün yararlı torpaqlarımızdan gedir. İşğal altındakı torpaqlarımızda, xüsusən Laçın, Şuşa, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdərə kimi dağlıq bölgələrimizdə kənd təsərrüfatı, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, eləcə də tikinti, dağ-mədən sənayesi, metallurgiya, tibb, əczaçılıq, kurort-müalicə, o cümlədən turizm sahələri və s. üçün faydalı olmayan bir qarış, bir santimetrlik yer yoxdur... Məhz bu baxımdan, demək olar ki, əgər respublika üzrə belə kriteriyalar üzrə yararlı torpaqları hesablasaq, bu cür torpaqlarımızın 40-50 faizi işğal altındadır... Misal üçün, Kəlbəcərin, Laçının İstisu mineral su mənbələri bu gün dünya şöhrətli Karlovı-Varının sularından dəfələrlə faydalı və qiymətli sudur. Meşələrimizdə, çəmənlərimizdə dünyanın minlərlə ən nadir növlərindən olan otlar, güllər, ağaclar, meyvələr yetişirdi... Bu gün Bakının, digər şəhərlərimizin bazarlarında satılan meyvələrin heç birində bizim o meyvələrin dadına çatacaq dad görmürük... Bunları düşünəndə biz bir daha Qarabağın timsalında Azərbaycanın tacını, cənnət-məkanını itirdiyimizi anlayırıq...

-Ramiz müəllim, bu il Ermənistandakı və Azərbaycanın işğal altndakı torpaqlarındakı ermənilər təntənə ilə “Qarabağ Azadlıq Hərəkatının” 30 illiyini qeyd edirlər. Yəni, ermənilərn işğal planları daha öncələrdən hazırlansa da, məhz 1987-1988-ci illərdən onlar bu məkrli niyyətlərini açıq şəkildə biruzə verməyə, ilk mitinqlərini keçirməyə başladılar. O illərdə siz Laçın rayonunda sovet dövrü üçün mühüm vəzifələrdən birində Azərbaycan Komsomolunun rayon komitəsinin birinci katibi vəzifəsində çalışırıdınız. O vaxtkı hansı səhvlərimiz bu günkü duruma düşməyimizə, yəni torpaqlarımızın 20 faizinin işğalına gətirib çıxardı?..

- Səhvlərimiz də çox olub, Moskvanın qorxusundan xalqına açıq xəyanət edənlər də… Yaxşı yadımdadır, o zamankı Azərbaycan rəhbərliyi sovetlərin qondarma beynəlmiləlçilik ideologiyasına uyğun olaraq hərəkət etməklə xalqımızı, az qala, ermənilərin ayaqları altına atmağa çalışırdı. Bir məşhur mahnı var: ”Səni sevəcəyəm, sən sevməsən də…” Bakıda rəhbərlikdə əyləşənlər sanki belə bir prinsipə, daha doğrusu, prinsipsizliyə uyğun olaraq bizləri, xüsusən, Dağlıq Qarabağ daxilində, ətrafındakı və Ermənistanla sərhəd rayonların rəhbər partiya və komsomol işçilərini ermənilərin qarşına yüyürməyə, onlara baş əyməyə məcbur etməyə çalışırdılar…

Təsəvvür edin ki, 1988-ci ilin fevralında Sumqayıt hadisələri yenicə baş verib; məlum olduğu kimi, xarici kəşfiyyyatların dəstəyi və ermənilərin öz əli ilə törədilib, yəni özləri özlərinin qətlini təşkil ediblər və bütün dünyaya car çəkiblər ki, Azərbaycan bizə qarşı soyqırım törədir… “Ermənistan” adlanan Qərbi Azərbaycandakı soydaşlarımızı vəhşi üsullarla bezdirib qədim, doğma torpaqlarından qovmağa başlayıblar… Artıq hamının qəlbini kədər basdığı, sovet rejiminin hələ mövcud olduğu bir vaxtda hiddətini öz içində boğmağa məcbur olduğu bir vaxtda bir gün Bakıdan mənə zəng gəldi ki, Ramiz müəllim, sabah fəallardan ibarət bir geniş nümayəndə heyəti ilə gedin Ermənistanın sizinlə qonşu olan Gorus şəhərinə, oradakı komsomol təşkilatının rəhbərliyi və fəalları ilə mehriban, dostluq münasibətləri təbliğ edən bir görüş keçirin… Hiddətlə cavab verdim ki, a kişi, erməni bizi Gorus rayonundan pulemyotla atəşə tutur, nəinki Dağlıq Qarabağın, ətraf rayonların, o cümlədən Laçının Ermənistan torpağı olması haqda təbliğat aparır, siz isə deyirsiz ki, gedin onlarla görüşün, deyin-gülün. Mən bu işə qol qoya bilmərəm…Əgər lazımdırsa, qoy ermənilər bizə zəng etsin ki, gəlirik sizinlə görüşə… Xülasə, həmin tədbiri təçkil etmədim və getmədim. Buna görə, Bakıdan mənə çox təzyiqlər oldu…

- 1988-1990-cı illərdə Azərbaycanın 1-ci katibi olmuş Əbdürrəhman Vəzirov haqqında ziddiyyətli fikirlər səslənir. Bəziləri deyir ki, bu adam sırf Moskvanın və Ermənistanın mövqeyini müdafiə edən biri olub, digərləri isə deyir ki, yox, Vəzirovu yaxşı başa düşməyiblər o, xalqını sevən bir rəhbər olub… Siz, yəqin ki, Vəzirovun apardığı iclaslarda, tədbirlərdə iştirak etmiş, onun çıxışlarının birbaşa şahidi olmusuz. Sizin fikriniz necədir?

- Mən öz gördüklərimin, şahidi olduqlarımın əsasında birmənalı şəkildə deyə bilərəm ki, Vəzirov Moskvanın diqtəsi ilə oturub-duran, ermənilərin mövqeyini müdafiə edən, Azərbaycan xalqına xəyanət edən bir məxluq olub. Bir neçə misal çəkim,özünüz nəticə çıxarın…

Bir dəfə səhv etmirəmsə, 1989-cu il idi, Bakıdan xəbər gəldi ki, sərhəd və Qarabağ ətrafı rayonların büro üzvləri sabah Mərkəzi Komitəyə toplaşsın, Vəzirov iclas keçirir. Xankəndindən Bakıya gedən dəmiryolu xətti artıq münaqişə səbəbindən Ağdam tərəfindən bağlanmışdı, kəndlərimiz ara-sıra atəşə tutulur, ermənilər tək-tək adamlarımızı qətlə yetirir, girov götürür, heyvan sürülərini aparırdı. Vertolyotlar gözümüzün qabağında Ermənistan istiqamətindən Dağlıq Qarabağa yaraqlı, silah-sursat daşıyırdı. Biz Bakıya böyük bir ümidlə gedirdik ki, nəhayət, Azərbaycan rəhbərliyi bunların qarşısını almaq istiqamətində bir qəti tədbir görməyi planlaşdırıb. Yadımdadır ki, rəhmətlik general Valeh Bərşadlı və Nəsirov soyadlı digər bir general da Laçında idi, onlarla bərabər vertolyotla gəldik Bakıya. Mərkəzi Komitənin iclas zalında toplandıq. O zaman xalq arasında “bambılı” ləqəbi ilə tanınan Vəzirov zala daxil olan kimi Ağdamın o vaxtkı 1-ci katibi Aydın Quliyevi ayağa qaldırıb yarı rus, yarı Azərbaycan dilində onu təhqir edərək, ”neqodyay”, “svoloç” kimi ifadələr işlədərək soruşdu ki, siz nə cürətlə Ağdamdan “Stepanakert”ə(Xankəndi) gedən dəmiryolunu bağlamısız, bilirsiz “Stepanakert”də yaşayan ermənilər kimdir... Heç kəs dinmədi. Vəzirov əl-qolunu əndrəbadi formada oynadaraq özü cavab verdi:”Onlar Azərbaycan Sovet Sosialist Respublikasının vətəndaşlarıdır!.. Siz onları blokadada saxlamısız…” Öz-özümə düşündüm ki, bu nə danışır, guya Xankəndindəki, Dağlıq Qarabağdakı ermənilər Azərbaycanı tanıyır… Bu sözlərin ardınca Vəzirov Ağdam rayon 1-ci katibinə qəti xəbərdarlıq etdi: “ Sabah saat 6-dək sənə vaxt verirəm, Xankəndinə dəmiryolu açılmasa, partiya biletini alıb özünü də həbs etdirəcəm…”

İcladakı belə bir başlanğıcdan sonra digər rayonlardan gələn rəhbərlər ermənilərin son illər yaratdığı problemlərlə bağlı heç səsini də çıxarmadı… Əksinə, Gədəbəyin o vaxtkı 1-ci katibi(adını unutmuşam) söz alıb dedi ki, yoldaş Vəzirov, biz Ermənistanın qonşu Krasnoselsk rayonu ilə mehriban, dostluq əlaqələri qurmuşuq, mütəmadi olaraq gedib-gəlirik, sosializm yarışları təşkil edirik.. Bunu eşidəndə üzü gülən birinci katib sevinclə dedi:”Vot tak, malatsı!”(“Bax belə, afərin!”)…

Bir dəfə də o vaxtkı Dzerjinski, indiki Şəhriyar adına klubda Mərkəzi Komitənin plenumu idi, mən də iştirak edirdim. Vəzirov Statistika Komitəsinin o vaxtkı sədrini ayağa qaldırıb biabır etdi ki, sən iki nəfər erməni əməkdaşı niyə işdən çıxarmısan… Halbuki, həmin vaxt Ermənistandan 100 minlərlə soydaşlarımız qovulub çıxardılmışdı, aralarında öldürülənlər, işgəncəyə məriz qalanlar olmuşdu. O günlərdə Laçının sərhəd kəndlərində ayaqları don vurmuş, xəstələnmiş Ermənistan qaçqınlarının qarşılanıb yerləşdirilməsində şəxsən mən də iştirak etmişdim… Rəhbərimiz, birinci katibimiz isə bir neçə nəfər erməninin işdən çıxarılmasına görə hoqqa çıxarırdı. Bax, məhz belə mərkəzi və yerli rəhbərlərin manqurtluğu, açıq ermənipərəstliyi, eləcə də laqeydliyi, səhlənkarlığı ucbatından biz o illərdə erməni separatçı hərəkatının qarşısını ilkin mərhələdə ala bilmədik…

(Davamı var)

Sultan Laçın
__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi