Qarabag Media
Haqqımızda Əlaqə

Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin son deportasiyasından 30 il ötür


Tarix:24-11-2018, 00:21 Kateqoriya:Manşet / Tarix

Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin son deportasiyasından 30 il ötür

Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının otuz ili tamam olur. Ötən yüz ilə nəzər salsaq görərik ki, xalqımız erməni separatçıları tərəfindən vaxtaşırı, beynəlxalq hüquq normalarına zidd, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və qeyri-insani rəftarla müşayiət olunan etnik təmizləmə siyasətinə və ağır işgəncə, təcavüz və zülmlərə məruz qalıb. Ermənilərin törətdiyi vəhşilik nəticəsində yüz minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə ağır işgəncələr görüb, vəhşicəsinə qətlə yetirilib, onların yaşadıqları bir çox şəhər və kəndlər xarabalığa çevrilib. Bədnam ermənilər tərəfindən ən yaxın tarixdə Azərbaycan türklərinə qarşı 1905-1907, 1918-1920, 1948-1953, 1988-1992-ci illərdə ümumilikdə dörd dəfə soyqırım və deportasiya həyata keçirilib. Ermənilərin məkrli siyasəti nəticəsində azərbaycanlılara qarşı həyata keçirilən 1905-1907-ci illərin qanlı aksiya və deportasiyası, 1918-ci ilin martında Stepan Şaumyanın başçılığı ilə daşnak-bolşevik qüvvələrinin Bakıda və ətraf bölgələrdə etdikləri dəhşətli soyqırım, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından, doğma ata-baba yurdlarından kütləvi surətdə deportasiyası və son olaraq 1988-ci ildən başlayaraq Ermənistanda “Türksüz Ermənistan” şüarı altında etnik təmizləməsi başlanıb.

1987-ci il aprelin 24-də ermənilərin Yerevan yaxınlığında yerləşən Masis rayonu ərazisindəki azərbaycanlı qəbiristanlığına basqını ilə başlayan hadisələr, sonradan Ermənistanın bütün rayonlarında soydaşlarımıza qarşı hakimiyyət orqanlarının təzyiq və təhqirləri ilə müşayiət olunub. 1988-ci il noyabrın 13-də Spitak rayon rəhbərliyi, erməni silahlı dəstələri hüquq mühafizə orqanları əməkdaşlarının bilavasitə iştirakı ilə azərbaycanlı əhalinin evlərinə basqınlar ediblər. Basqın nəticəsində 40-dan çox azərbaycanlı xüsusi vəhşiliklə qətlə yetirilib, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur edilib. Baş verənlərdən hiddətlənən Azərbaycan xalqı noyabrın 17-dən dekabrın 4-ə qədər Bakıdakı Azadlıq meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər keçirməyə başlayıb. Bir milyonadək insanın iştirakı ilə 18 gün davam edən aksiya Ermənistandan azərbaycanlıların kütləvi deportasiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına SSRİ-nin və o vaxtkı respublika rəhbərliyinin göstərdiyi laqeyd münasibətə kütləvi xalq etirazına çevrilib. Noyabrın 24-dən azərbaycanlıların Ermənistandan deportasiyası və ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıdan sonra ölkəmizin bölgələrində də aksiyalara start verilib. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti aksiyaların qarşısını almaq üçün Bakı, Gəncə və Naxçıvanda xüsusi vəziyyət və qadağan saatı tətbiq etsə də paytaxt şəhərimiz Bakıda mitinqlər dekabrın əvvəlinədək davam edib. Lakin öz havadarlarına güvənən erməni siyasətçiləri azərbaycanlıların etirazlarına əhəmiyyət verməyərək, 27-29 noyabr tarixlərində Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlıların deportasiyasını davam etdiriblər. Bu deportasiya terror və qətllərlə də müşayiət olunub. Üç gün ərzində erməni silahlı dəstələri tərəfindən 33 azərbaycanlı qətlə yetirilib. Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü son mərhələyə qədəm qoyub.

1988-ci ilin soyuq noyabr-dekabr aylarında Ermənistan ərazisində yaşayan 182 min azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınındır), 18 min kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə Komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiya edilib. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin yarımçıq qalmış istintaq materiallarında isə bildirilib ki, Ermənistan hökuməti tərəfindən həyata keçirilən deportasiya əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilib. Qətlə yetirilənlər arasından 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarkdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaq olub. Ümumiyyətlə, 1905-1907, 1918-1920, 1948-1953, 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyası nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı bu ölkənin Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz olunub.

Həmin illərdə baş verən deportasiyalar, qırğınlar, arxiv və istintaq materiallarında əksini tapmaqla yanaşı, hadisələrin canlı şahidlərinin də xatirində silinməz izə çevrilib. Qanlı-qadalı günləri yaşamış belə insanlardan biri Cəmil Qurban oğlu Abdullayevdir. O, 1936-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 1953-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji Məktəbin dil-ədəbiyyat fakültəsinə daxil olub. 1961-ci ildə adı çəkilən təhsil ocağını bitirib. Məzun olduğu vaxtdan 2011-ci ilə kimi pedaqoji sahədə çalışıb. Azərbaycan tarixindəki son iki deportasiyanı öz həyatında yaşamış C.Abdullayevin yetirmələri arasında ölkəmizin tanınmış alimləri, ziyalıları, həkim və müəllimləri var. Ermənistandan deportasiya olunan qocaman müəllim C.Abdullayev SSRİ dövründəki repressiya və deportasiyaları, erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamları, xüsusən də Göyçə mahalında baş verən qırğınları ürək ağrısı ilə xatırlayır. Şəhid atasının sözlərinə görə, o qanlı-qadalı günlərdə cəllad Andronikə məxsus silahlı dəstə Şişqaya, Zod və digər kəndlərdə günahsız müsəlman əhalini minbir işgəncə ilə qətlə yetirərək cəsədləri “Sümüklü dərə” deyilən yerdə toplu halda basdırıblar: “Sovetlər dövründə kəndin adlı-sanlı adamları Sibirə sürgün edilib. Hüseynqulağalı (Nərimanlı) kəndinin adlı-sanlı adamlarından Hacı Alı, Hacı Vəli, Hacı Mərdan, Qlava Balı, Məşədi İsmayıl, Məşədi Mehdi, Məşədi Tanrıverdi, Molla Nəcəf, Molla Əli, Molla Nəbi, Seyid Rəhim və başqaları olub. Onların əksəriyyətini sovet rejimi dövründə ermənilərin məlumatı əsasında “qolçomaq” , “kulak” adı ilə həbs edib, Sibirə göndəriblər. Həbs olunanlar sırasında Məşədi İdris, Kalvayı Mehdi, Hacı Mehdi oğlu Bəşir, Balı oğlu Bəşir, Molla Nəcəf oğlu Qasım da olublar. Onlardan təkcə Molla Nəcəf oğlu Qasım 18 illik ağır, məşəqqətli həbs həyatından sonra geri dönə bilib. 1918-1919-cu illərdə cəllad Andronikin dəstəsi Göyçə mahalına hücum edəndə Şişqaya kəndində qanlı faciə törədiblər. Onlar hiyləyə əl ataraq, barışıq adı ilə bir kəndin camaatını tövləyə doldurub diri-diri yandırıblar. Zod kəndinə soxulan ermənilər isə mərd və qəhrəman oğlanlarımız tərəfindən məhv edilib. Onların başçıları Sulikov da burada qətlə yetirilib. Bu döyüşdə Hüseynqulağalı igidlərinin şücaəti danılmazdı. Amma Çar Rusiyası ilə birləşən ermənilər 1919-cu ildə Göyçə sakinlərini yerindən çıxara biliblər. Hüseynqulağalı kəndinin sakinləri əvvəlcə yaylaq yerinə, sonra isə Kəlbəcərə pənah gətiriblər. Kəlbəcərlə Göyçənin arasında da ermənilər xalqımıza qarşı dəhşətli soyqırımı həyata keçiriblər. Həmin ərazidə “Sümüklü dərə” deyilən bir yer var. Orada ermənilər yüzlərlə azərbaycanlını amansızcasına qətlə yetirib toplu halında basdırıblar. Hüseynqulağalı camaatı sovet rejimi bərqərar olandan sonra Azərbaycanda məskunlaşıb qalmaq istəyiblər. Amma həmin dövrdə Nəriman Nərimanov kəndin ağsaqqallarından Qlava Balı, Molla Nəcəf, Kalvayı Musa oğlu Qəhrəmana məsləhət görüb ki, tarixi torpaqlarımızı heç kimə verməyək. Onun sözünə əməl edən camaat təcili geri qayıdıblar ki, ermənilər evlərə dolub yurda sahiblik etməsinlər. Bundan sonra camaat N.Nərimanovun şərəfinə Hüseynqulağalı kəndini Nərmanlı adlandırıblar. Lakin N.Nərimanovun ölümündən sonra ona “xalq düşməni” damğası vuraraq ləkələmək istəyiblər. Onun adına nə var idisə, hamısını dəyişdiriblər. Əsərlərini oxumağı, məktəblərdə tədrisinə qadağa qoyublar. 1934-35-ci illərdə ermənilər Nərimanlı kəndinin adını da dəyişdirməyə cəhd ediblər. Amma kənd sakinlərinin ciddi-cəhdlə buna mane olması erməniləri qərarından daşındırıb. Kənd adını 1988-ci ilədək qoruyub saxlayıb”.

Nərmanlı kəndindən II Dünya müharibəsində 312 nəfərin iştirak etdiyini diqqətə çatdıran C.Abdullayev cəbhəyə yola salınanlardan 167-sinin həlak olduğunu, 60-nəfərin isə əlillik dərəcəsi alaraq geri qayıtdığını bildirib. C.Abdullayev Qərbi azərbaycanlıların, o cümlədən Nərimanlı sakinlərinin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənə qarşı fəal mübarizə apardıqlarını bildirib. Qeyd edib ki, Qarabağ döyüşlərində təkcə Nərimanlı kəndindən 17 nəfər şəhid olub: “Qarabağ müharibəsində də Nərimanlı kəndinin gəncləri mətanətlə vuruşublar. Ərazi bütövlüyümüz uğrunda kənddən 17 nəfər şəhid olub. Onlardan 12-nə mən dərs demişəm. Dərs dediklərimin hərəkətləri, davranışı, hansı partada oturmaları hələ də gözlərim önündə canlanır. Onlardan Alıyev Nəsrullah, Musayev Pərviz, Abbasov Sidqi, Əliyev Sahib, Məmişov Şükür, Mahmudov Eldəniz, Müseyibov Bağman, Balıyev Rabil, Rüstəmov Sarvan, Əliyev Vüsət, Quliyev Fərahimin adını ehtiramla yad edirəm. Mən hələ dərs dediyim və ailə qurmamış şəhidlərin adlarını qeyd edirəm ki, onların yarımçıq qalan ömürləri insan olan kəsi odsuz-alovsuz yandırıb yaxır. Bu şəhidlərdən biri də – Abdullayev Şövqiyar mənim ciyərparamdır. O, hələ uşaq ikən ailənin “ağsaqqalı” kimi özünü tanıdıb, qeyri-adi əxlaqı və davranışı ilə hamının diqqətini cəlb edib. Ermənilərə qarşı qəhrəmanlıqla vuruşub və 23 yaşında “Azərbaycanın Milli Qəhrəmanı” kimi yüksək və şərəfli ada layiq görülüb. Mən Nərimanlıdan olan şəhidlər Gürzalı Musayev, Xasay Mahmudov, Məzahir Məmmədov və digərlərinin müqəddəs ruhları qarşısında baş əyirəm. Ümid edirəm ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə gec-tez işğal altındakı ərazilərimiz düşməndən azad olunacaq, deportasiya və soyqırımlarda, döyüşlərdə həlak olan insanlarımızın qanı yerdə qalmayacaqdır”.

Rufik İSMAYILOV
_________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi