Qarabag Media
Haqqımızda Əlaqə

Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA


Tarix:19-11-2018, 13:03 Kateqoriya:Manşet / Tarix

Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA

Xüsusilə də Çaldıran vuruşmasını Səfəvilər dövlətinin hərbi – siyasi tarixinin mühüm mərhələsi hesab etmək olar. Bu araşdırmada Səfəvi Osmanlı münasibətlərinə dair maraqlı məqamları nəzərinizə çatdırcağıq. Şah İsmayılın dövlətinin taleyi üçün Çaldıran vuruşmasının həlledici nəticələri olmasa da, Səfəvilərin Kiçik Asiya şiələrindən zərbə qüvvəsi kimi istifadə etmək niyyətlərinin mənasızlığını göstərdi. I Sultan Səlim hələ müharibə başlamazdan əvvəl arxadan – Anadolu şiələri tərəfdən olan təhlükəni ləğv edə bildi.

Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” kitabında qeyd edir ki, Çaldıran vuruşması 1514-cü il avqustun 23-də səhər, qızılbaş ön süvari dəstəsinin – Sarı Pirə Ustaclının başçılıq etdiyi qorçılərin şiddətli hücumu ilə başlandı. Türklər ağır itkilərə məruz qalsalar da, Osmanlıların ön dəstəsi Səfəvi süvarisinin hücumunu dəf edə bildi.

Salnaməçilərin məlumatlarına görə, bu döyüşdə I Şah İsmayıl və qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Məsələn, döyüşün qızğın çağında İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə tanınan Əli bəy Malquçoğlu ilə üz-üzə gəldi. İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki, baş dəbilqə ilə birlikdə iki hissəyə parçalandı, şahın qılıncı isə onun sinəsini dəldi.

Vuruşmanın ən böhranlı anında top mərmiləri İsmayılın döyüşçülərinin sıralarını seyrəltdiyi bir vaxtda Fars hakimi Xəlil Sultan Zülqədər özbaşına döyüş meydanını tərk etdi və öz dəstəsi ilə birgə qaçdı. Lakin şah düşmənin məhvedici atəşi qarşısında geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir – birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa məcbur oldu. Bu zaman Şah İsmayılın atı müvazinətini itirdi və üzərindəki döyüşçü ilə birlikdə yerə sərildi. Türk əsgərləri İsmayıla tərəf atıldılar. Lakin şahın həyatı üçün bu çətin anda o, şaha “zahirən və geyimi “ ilə çox oxşayan Sultanəli Mirzə Əfşar tərəfindən xilas edildi. O, “mənəm şah” – deyə qışqıraraq irəli qaçdı və düşmənin əsgərlərini də öz arxasınca apara bildi. Bu zaman özünü yetirən Xızır ağa Ustaclı adlı bir qızılbaş İsmayıla başqa bir at gətirdi. Şah həmin atın üzərində döyüşə atıldı.

Səfəvi salnaməçilərinin məlumatlarına görə, Çaldıran vuruşmasında hər iki tərəfdən 5 min nəfər döyüşçü həlak olmuşdur. Onlardan 2 min nəfərinin qızılbaş, 3 min nəfərinin isə türk olduğu göstərilir. Lakin biz bu rəqəmin düzgünlüyünə heç cür inana bilmərik. Məsələn, Şərəfxan Bidlisi yalnız qızılbaşların itkisinin 5 min nəfər süvari olduğunu göstərir ki, bu, həqiqətə daha yaxındır.

Osmanlı tarixçiləri əksinə, bu rəqəmləri həddən artıq şişirdirlər. Onlardan bəziləri türklərin 30-40 min nəfər, qızılbaşların isə bundan iki dəfə artıq itki verdiyini göstərirlər. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı
Pirə Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xüləfanı itirdilər. Osmanlı sərkərdələrindən Həsən paşa, Malquç oğlu, Üveys bəy, Süleyman bəy həlak oldular.

Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini müasirləri müxtəlif səbəblərlə izah edirlər. Burada əvvəlki qələbələrdən arxayın düşən və tərslik edərək öz sərkərdələrinin ağıllı kəlamlarını eşitməyən Şah İsmayılın cəngavər xasiyyətini, şahın gecə həmləsi fikrindən daşındırmış Durmuş xanın özünə güvənərək, keflənib lovğalanmasını və s. göstərmək olar.
Şah İsmayıl yalnız canlı qüvvə baxımından deyil, texniki təchizat cəhətdən, silahlanma cəhətdən Sultan Səlimdən geri qalırdı. Səfəvilərdə artilleriya demək olar ki, tamamilə yox idi. Səfəvilərin əsas qüvvəsi olan qızılbaş tayfa süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi qarşısında aciz idi. Bundan əlavə, Osmanlı ordusu hərbi nizamın və
döyüşün aparılması taktikasında Avropa sistemini də mənimsəmişdi. Deməli, İsmayılın məğlubiyyətini şəxsi səbəblərlə deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan təşkili və silahlanması, onun odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə əlaqələndirmək lazımdır.

Çaldıran Səfəvilər dövlətinin hərbi – siyasi nüfuzuna ciddi zərbə endirdi və son nəticədə onun geniş əraziləri itirməsinə gətirib çıxardı.

Səfəvilərlə Osmanlılar arasında mübarizə XVII əsrin əvəllərində də davam edib. Tarix elmləri namizədi, Tofiq Nəcəfli araşdırmasında qeyd edir ki, XVI yüzilliyin sonunda I Şah Abbasın həyata keçirdiyi hərbi islahatlar nəticəsində mərkəzi hakimiyyətdən asılı olan və odlu silahlarla təchiz edilmiş güclü nizami ordu yaradıldı. Ölkə daxilində siyasi sabitlik bərpa olundu. Səfəvi dövləti iqtisadi və hərbi cəhətdən möhkəmləndi. I Şah Abbas dövlətinin tarixi sərhədlərini bərpa etmək, xüsusilə dövlət üçün böyük iqtisadi əhəmiyyəti olan Azər¬bayjan ərazisini Osmanlı işğalından azad etmək üçün müharibəyə ciddi hazırlıq gördü. Onun keçirdiyi bütün islahatlar Osmanlı dövlətinin məğlub edilməsi siyasəti ilə sıx bağlı olmuşdu. 1603-1607-ci illər Səfəvi-Osmanlı müharibəsində Səfəvilərin Osmanlı ordusu üzərində qazandığı qələbələr nətisəsində Azərbaycan ərazisi işğaldan tamamilə azad olundu. Osmanlı sultanları I Əhməd və I Mustafanın itirilmiş əraziləri geri almaq məqsədilə Səfəvi dövlətinə qarşı başladığı yeni müharibələr uğursuzluqla sona yetdi. I Şah Abbas Osmanlı işğalından azad edilmiş əraziləri Səfəvi dövlətinin tərkibində saxlamağa nail oldu.

Səfəvilər öncə 1624-cü ilin 12 yanvarında Bağdad şəhəri Səfəvi ordusu tərəfindən ələ keçirildi. Səfəvi ordusu tərəfindən öncə Kərbəla, ardınca isə Mosul və Kərkük ələ keçirildi. Y.Öztunanın fikrincə, 5 il öncə başa çatan Səfəvi- Osmanlı müharibəsi yenidən başladı. Bu, Osmanlılara Səfəvilər arasında baş verən savaşların ən uzunu, ən qanlısı və ən mühümü olmuşdu.

Osmanlı sultanı IV Murad itirilmiş əraziləri geri almaq məqsədilə Hafiz Əhməd Paşanı Diyarbəkrə hakim təyin etdi və ona zəbt olunmuş torpaqları Səfəvilərdən geri almaq barədə göstəriş verdi. M.Saraya görə, IV Murad I Şah Abbasa məktub göndərərək sülhün şərtlərinə əməl etməsini və Bağdad şəhərinin Osman¬lılara qaytarılmasını tələb etmişdi. Ardınca da baş vəzir Çərkəz Mehmed Paşa Bağdad üzərinə göndərilmişdi. Lakin bu zaman Ərzurum valisi Abaza Mehmed Paşa üsyan qaldırdığı üçün baş vəzir öncə bu üsyanı yatırmaq və sonra da Bağdad üzərinə yürüş etməyi qərara almışdı. Bu zaman Çərkəz Mehmed Paşanın ölümü nəticəsində hər iki məsələ həll edilməmiş qalmışdı.

Osmanlı ordusu Hafiz Əhməd Paşanın rəhbərliyi altında 1625-ci ilin 13 noyabrında Bağdad şəhərini mühasirəyə almışdı. Tərəflər arasında baş verən döyüşlər bir nəticə vermədikdə sülh danışıqlarına başlanılmışdı. Lakin başlanan danışıqlar gözlənilən nəticəni vermədiyi üçün Hafiz Əhməd Paşa ordusunu Bağdaddan geri çəkmək məcburiyyətində qaldı. Bu hadisə ilə bağlı Y.Öztuna yazır ki, uzun müzakirələrdən sonra tərəflər arasında barışıq bağ¬lanmasına və Hafiz Əhməd Paşanın Bağdaddan çəkilib getməsinə razılıq alındı. Barışığın şərtlərinə görə, Nəjəf, Kərbəla və Hillə böl¬gə¬ləri Səfəvilərə veriləcək, Səfəvi şahı da Bağdadı Osmanlılara qay¬taracaqdı. Lakin yeniçərilərin üs¬yan qaldırması ilə bağlı olaraq baş vəzirin mühasirəni dayandıraraq geri dönməsi nəticəsində I Şah Ab¬bas Bağdadı osmanlılara verməkdən imtina etdi. Şah Osmanlı elçisi Mustafa Ağaya «sərdar Bağ¬dad üzərindən çəkilib getdi, gedən əsgərə qala vermək bizim şanımıza sığmaz» demişdi. Beləliklə, Bağdadın 8 aya yaxın mühasirəsindən sonra Osmalı ordusu 1626-cı ilin iyulunda geri çəkilməyə məcbur oldu.

Bağdad uğrunda 1624-1626-cı illər növbəti Səfəvi-Osmanlı müharibəsi I Şah Abbasın qələbəsi ilə başa çatdı.

Beləliklə, XVII yüzilliyin II rübündə Səfəvi- Osmanlı müna¬sibətlərinin müasir Türkiyə tarixşünaslığında tədqiq səviyyəsinin araşdırılması belə qənaətə gəlməyə imkan verir ki, Türkiyə tarixçiləri problemi işıqlandırarkən başlıca olaraq dövrün Osmanlı tarixçilərinin əsərlərindən faydalanmışlar. Osmanlı mənbələrinin verdiyi məlumatlar dövrün fars dilli qaynaqları ilə müqayisəli şəkildə istifadə edilmədiyi üçün Türkiyə tarixçiləri XVII yüzilliyin II rübündə baş verən Osmanlı–Səfəvi müharibələrinin səbəblərini, IV Muradın hərbi yürüşlərini, döyüş əməliyyatlarının gedişini çox za¬man Osmanlı dövlətinin mənafeyinə uyğun olaraq işıqlandırmağa çalışmışlar. Ayrı-ayrı konkret hadisələrlə bağlı fikir ayrılığının olmasına baxmayaraq, Türkiyə tarixçilərinin əsərlərində verilmiş zəngin fakt materialları tarixşünaslığımızda öz əksini lazımi səviyyədə tapmamış məsələlərə aydınlıq gətirilməsi üçün mühüm əhəmiyyətə malikdir.

Araşdırmaçı Qiyas Şükürov “Osmanlı Səfəvi münasibətləri və Çaldıran döyüşü” adlı dissertasiyasında qeyd edir ki, Osmanlı-Səfəvi münasibətlərinin əsasının Şah İsmayılın Ərzincan səfəri sırasında qoyulduğu ehtimal olunur. Şeyx İsmayılın Ərzincanda olduğu günlərdə bir çox türkmən qəbilələrindən əsgər toplayan Şeyx İsmayıl II Bəyazidə xahiş məktubu yazmış və ustaclı qəbiləsindən geriyə qalan qoca, qadın və uşaqların qorunmasını Osmanlı padşahından xahiş etmişdir. Padşah da öz növbəsində cavab məktubu yazmış, amma Şeyx İsmayıla nə dediyi haqqında məlumatımız yoxdur. Lakin II Bəyazid şeyxin Osmanlı dövlətindəki fəaliyyətlərindən narahat olmuş və şeyxin tərəfinə keçənlərin zərərsizləşdirilməsi yönündə səy göstərmişdir. Bu məsələ Şərur müharibəsində taxtdan düşmüş və eyni zamanda Ağqoyunlu şahzadəsi olan Əlvənd bəy ilə Bəyazid arasındakı məktublaşmalarda aydın şəkildə görülür. Şah İsmayılın tərəfdarlarını “yağı qızılbaş tayfası’’ adlandıran Osmanlı padşahı, Ağqoyunlu şahzadələrinin gücünü ətrafında birləşdirmək yolu ilə bu tayfanı zərərsizləşdirə biləcəyini düşünmüş və bunun üçün çalışacağını bildirmişdir.

İlk Osmanlı elçisi 1505-ci ildə səfəvi sarayına getmişdir. Məhəmməd Çavuş Balaban adlı bu elçi səfəvi sarayında yüksək səviyyədə qəbul edilmişdir. Balabani, yeni bölgələrin fəth edilməsilə bağlı Şah İsmayılı təbrik etmiş və ona çeşidli hədiyyələr birlikdə Osmanlı padşahının iki məktubunu da vermişdir.

Şah İsmayıl üçün Osmanlı elçisinin xüsusi əhəmiyyəti vardi. Çünki padşah, İsmayılı şah kimi tanıdığını, Səfəvilərlə diplomatik əlaqələrin dostluq prinsipləri əsasında yaradılmasını bildirirdi.

***

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Səfəvilər dövləti: qürur yerimiz” layihəsi çərçivəsində hazırlanıb.

Karabkhmedia.az










SON XƏBƏRLƏR
Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır
Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan