Qarabag Media
Haqqımızda Əlaqə

“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”


Tarix:13-11-2018, 21:27 Kateqoriya:Manşet / Yazarlar

“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”Pis kişi – haqqı-hüququ tapdanandır, psi kişi –torpağı düşmən tapdağı altında qalandır...

Sultan Laçın


...Hər il 12 noyabr Konstitusiya günü gələndə yadıma Novruzəli kişi düşür... Naxçıvan yurdunun qeyrətli və ziyalı oğlu rəhmətlik Mirzə Cəlilin Novruzəlisi... “Poçt qutusu”ndakı Novruzəli...
Yadınızdadırsa, o gözəl və ibrətamiz hekayə bu cümlələrlə başlayır:” Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi...”

Hekayədə təsvir edilən olaylara görə, Vəli xan irəvanlı dostu Cəfər ağaya məktubu məhz noyabrın 12-də yazmış və İtqapan kəndinin sakini Novruzəliyə verib poçt qutusuna salmağı tapşırmışdı...
Mirzə Cəlil sadə, səmimi, Allaha, Qurana, Peyğəmbərə(s) ürəkdən inanan, amma eyni zamanda sadəlöhv, avam, savadsız, haqqını-hüququnu bilməyən, özünü ağalara, bəylərə daim borclu bilən, onların təəssübünü canla-başla çəkən Novruzəli obrazını 1903-cü ildə yaratmışdı... Hələ Azərbaycanın çar Rusiyasının müstəmləkəsi olduğu dövrdə... Bəy, xanlarımızın da tədricən kölələşərək rus naçalniklərin qarşısında yallanan, yalmanan, haram içkilərdən içərək dindən-dondan çıxıb meymunluq edən Qurbanəli bəylərə, yuxarılara xoş gəlmək üçün öz xalqına qənim kəsilən kəndxuda Xudayar bəylərə döndüyü bir dönəmdə...

Düz 92 il sonra -1995-ci il 12 noyabrında isə 4 il öncə müstəqilliyi(!) bərpa edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Həmin 93 il ərzində bir dəfə özümüzə müstəqil dövlət qurduq... Novruzəliləri ayıltmağa, cəhalətdən, savadsızlıqdan, uzaqlaşdırmağa çalışdıq. Azda olsa, nail olduq buna... Nə yazıqlar ki, cəmi 23 ay sonra “mason-filan” adlanan sələmçi, dələduz dünya güclərinin cildini dəyişərək bolşevik-kommunist qılafına bürüdüyü Rusiya imperiyası yenidən Vətənimizi işğal etdi... Bu dəfə guya Novruzəliləri xanların, bəylərin zülmündən qurtaran “ədalətli” sovet hökuməti varlıların, ziyalıların, əsl din xadimlərinin çoxunu ağına-bozuna baxmadan sürgün etdirdi, güllələtdi. Kəndlilərə, muzdurlara, fəhlələrə isə savad, təhsil, elm verdirib işə-gücə qoydurtdu, partiyaya keçirtdi, onların arasından kolxoz sədrləri, zavod direktorları, hətta rayonların, respublikanın 1-ci katibləri də yetişdi... Fəqət, sovet hakimiyyəti eyni zamanda onları sözün əsl mənasında manqurtlaşdırdı, beyinlərini qondarma marksizm-leninizm, materializm, darvinizm ideyalarıyla doldurdu. Canlarına 1920-ci illərin vətəndaş qırğını, 1937-ci ilin repressiya xofunu yeritdi... Və ən başlıcası, Allahsızlar İttifaqına üzv edib, allahsızlaşdırdı, imansızlaşdırdı, dinsizləşdirdi, ateistləşdirdi... Aralarından xeyli cürətliləri, şəxsiyyətlilərini isə II Cahan savaşında qırğına verdirdi. Sovetlərin “siyasi cəhətdən savadlı” briqadir, partkom, katib Novruzəliləri indi digər həmkəndlilərini, soydaşlarını, xüsusən bəy, xan, zadəgan nəslindən olanları əmrləri altında işlətməyə, alçaltmağa başladı... Bununla belə, vəzifəli Novruzəli özü də özündən yuxarılardan, Mərkəzi Komitədən, Moskvadan qorxmağa başladı... Və hələ eramızdan əvvəldən bu coğrafiyanı işğal edən hər bir imperiyanın təlqin etdiyi, , qanımızla, genimizlə keçərək sovetlər dönəmində daha da güclənən həmin “ağa” “naçalnik” vəzifəli qorxusunu, vəzifə xəstəliyini öz övladlarının, qohum-əqrəbasının da canına yeritdi... Onları “irəli çəkməyə” partiyaya, keçirtməyə, babat vəzifəyə qoymağa çalışdı. Eyni zamanda “ağsaqqal” nəsihətləri verdi: “Bala, bir tikə çörəyini tapmısan, başını aşağı sal, xımır-xımır ye... Nəyinə lazım qonşunun, iş yoldaşının başına nə gəldi... Nə deyirlər –ud... Dinmə... Səsini çıxartma... Özünü pis kişi eləmə...”

Yəqin ki, bu sətirləri oxuyan hər kəs böyüklərin, ata-anaların dilindən bu cür ifadələri eşidib və bu gün də eşidir... Dünən bizləri naçalniklər, pristavlar, partkomlarla, katiblərlə, “NKVD”, “KQB” ilə qorxudanlar bu gün də hansısa rüşvətxor, savadsız bir vəzifəli ilə qorxudur...

Bu minvalla xan, bəylərin az-çox qoruduğu ağsaqqallıq, ağbirçəklik institutu sovet dövründə, təəssüf ki, son müstəqillik dövründə də aşındı, deformasiyaya uğradı... Ağsaqqal da öz övladını haqsızlığa baş əyməyə, mütiliyə, köləliyə sürükləyərmi? Məsələn, direktor, prokuror, rəis olan oğlunun başqalarının, məzlumların haqqını tapdamasına göz yumaraq yalnız öz kreslosunu qorumağı nəsihət edərmi?..

Halbuki, keçmişlərdə əsl, müsəlman, türk dədələri oğullarına belə nəsihətlər verərdi: “ Oğul, Peyğəmbərimiz buyurub ki, ölüm qarşısında olduğunu bilsən də, haqqı de! Daim məzlumun, yoxsulun, zəifin haqqını qorumağa çalış!.. Hər zaman doğrunu söylə!.. Haqsıza, allahsıza baş əymə!..”
Son iki əsrdə müsəlman, türk düşmənlərinin cəhdləri sayəsində inanc sistemimiz, mənəvi dəyərlər sistemimiz büsbütün dəyişdi... İndiki Novruzəlilərin də keçmiş Novruzəlilərdən çox fərqi var...

Mirzə Cəlilin Novruzəlisi avamlığından özünü haqlı hesab edib erməni, rus məmurlara dirəniş göstərdi, amma indiki savadlı novruzəlilər haqlı olduqlarını bilə-bilə onların haqqını tapdayanların qarşısında baş əydilər... İndiki Novruzəlilər xidmət etdiyi ağalarına səmimi xidmət etmədilər, ona kələk gəldilər... İndiki Novruzəlilər haqqını tapdayan ağalara sözünü deməyə cəsarət etməyib əvəzində biri-birilərinə kələk gəldi, biri-birisini çəkidə, qiymətdə, aldatdı, biri-birindən rüşvət tələb etdi...

Bir yandan Azərbaycan adlı bu məkanın tarixinə baxanda, bu xalqın əsrlərlə neçə-neçə imperiyanın tapdağı altında qaldığını, bir yandan özünün nəfsinə sahiblik edə bilməyən harınlarının zülmünə tuş gəldiyini təsəvvürümə gətirib qınamıram. Amma bir yandan da olan faktı deməyə məcburam: xüsusən XX əsrin ortalarından bəri əksər böyüklərimiz bizlərə mübarizə deyil, köləlik yolunu göstərdi... Bu da son 27 illik müstəqillik dövründə də öz mənfi nəticələrini biruzə verdi...

Müstəqil (!) dövlətin Ana Yasası varsa, həmin ölkənin hər bir azad(!), müstəqil(!) vətəndaşı da öz konstitusyon haqqını-hüququnu bilməli və buna riayət etməyi eyni ölkədə yaşadığı digər vətəndaşlardan, xüsusilə, bütün səviyyəli məmurlardan, iş adamlarından tələb etməlidir...

Əgər vətəndaş hər hansı bir məmurun özbaşınalığını, dələduzluğunu, rüşvətxorluğunu, görürsə, bilirsə, niyə ondan qorxmalıdır, niyə ona baş əyməlidir? Məgər Quranımıza, Ana Yasamıza əl basaraq hər bir vətəndaşın haqqını-hüququnu qorumağa and içmiş ölkə prezidenti daim, xüsusən 2011-ci ildən bəri çıxışlarında korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına, kölgə iqtisadiyyatına qarşı mübarizədə hər bir vətəndaşın dövlətə dəstək olmasını istəməyib? Neçə naziri, icra başçısını və s. işdən azad edib cəzalandırmayıb? Elə isə vətəndaş belələrinə qarşı mübarizədən niyə çəkinməlidir?.. Niyə rüşvətxorluğa, korrupsiyaya qarşı kütləvi mübarizə başlanıb bu bəlanın minimal səviyyəyə endirilməsinə nail olunmur? Ona görə ki, aşağılarda Novruzəli, yuxarılarda Qurbanəli bəy, Xudayar bəy xislətlilər hələ çoxdur və bu ölkəni daim özbaşınalıq, avamlıq, cahillik hökm sürən bir Danabaş kəndi kimi görmək istəyənlər var?.. Bu məmləkətdə nəinki məmura, məktəb direktoruna, rəisə, başçıya, adi avtobus sürücüsünə, süpürgəçiyə, kartof satana haqlı sözünü deməkdən çəkinənlər xeylidir. Görürsən, bayram günləri rayona gedən bir avtobusda gediş qiymətini,az qala, ikiqat qaldıran sürücüdən bir neçə nəfərdən başqa heç kəs bunun səbəbini soruşmur, gedib avtovağzal növbətçisinə, rəisinə şikayət etmir.
Ata oğulu, arvad ərini, qardaş-qardaşı dümsükləyərək “nəyinə lazım, ağıllı çıxmısan”, “bir-iki manatdan ötrü özünü pis kişi eləmə”, “ağrımayan başına buz bağlama” kimi “nəsihətamiz” ifadələr işlədərək susurlar... Və yaxud birinin müəllimə qızı işlədiyi məktəbdə direktor hər müəllimdən ayda 20 manat pul yığır, özü qaydasıyla dərs keçmir, savadsız ərinin adına ixtisası olmayan fəndən əlavə dərs yazdırır və s. Üstəlik, soyuq aylarda sinif otaqlarının qızdırılmasını təmin etmir. Müəllimə evdə atasına bunları danışıb deyir:” Sabah o direktordan tələb edəcəm ki, siniflərə soba qoydursun, istiliyi təmin etsin, artıq mən soyuqlamışam...” Ağsaqqal(?) ata nə desə, yaxşıdır:” Qızım, nəyinə lazım, başını aşağı sal, bir təhər döz, əynini qalın elə, hamı necə, sən də elə, özünü pis kişi eləmə....”

Və yaxud bir gənc “Qarabağa azadlıq” şüarıyla keçirilən mitinqə getmək istəyir, evdə ata-anası, yaxud böyük qardaşı düşürlər üstünə ki, ayə, nə var, Qarabağı azad edən çıxmısan, nəyinə lazım, başçı-filan eşidər, xoşuna gəlməz, yanında pis kişi olarıq, qaxıl otur evində...

Bu, artıq bilirsiz, nə deməkdir? Bu o deməkdir ki, özünü pis kişi eləmə, dinmə- qoy haqqını tapdasınlar, səni mənən və cismən əzsinlər, başına kül qoysunlar...

Amma bu müasir Novruzəlilər analamırlar ki, haqqını, hüququnu tələb edən pis kişi deyil. Pis kişi aldadılıb qoyun yerinə qoyulandır, pis kişi zülm altında əzilən, alçaldılan amma cınqırını çıxarmayandır, pis kişi haqqı-hüququ tapdanandır, pis kişi – torpağı düşmən tapdağı altında qalandır...

Sultan Laçın

Mənbə: moderator.az










SON XƏBƏRLƏR
Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır
Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan