Qarabag Media
Haqqımızda Əlaqə

"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri


Tarix:13-11-2018, 13:32 Kateqoriya:Manşet / Cəmiyyət

"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Nizami Abbas oğlu Abbasov 1969- cu ilin mart ayının 13-də Laçın rayonunun Ələkçi kəndində anadan olub. 1986-cı ildə Nağdalı kənd orta məktəbini bitirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Şeirlər və hekayələr yazıb. 1987-89-cu illərdə, sovetlər birliyində, Omsk vilayətinin Omsk şəhərində hərbi xidmətdə olub. 1991-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun jurnalistika fakultəsinə daxıl olub, 1996-cı ildə bitirib. 1996-2000-illərdə Bərdə rayonunda eyni adlı qəzetdə korrektor, müxbir, şöbə müdiri vəzifələrində çalışmışıb. 2004-2014-illərdə Bərdə rayon Qaratəpə kəndində bələdiyyə sədri vəzifəsində işləyib. Hazırda şəxs sahibkarlıq fəaliyyəti ilə ilə məşğul olur.
Ailəlidir, 2 oğlu, 2 qızı var.
Uşaqlıq çağlarından şeirә vә kitab oxumağa maraq duyub. İlk şeirlәrini orta mәktәbdә oxuyarkәn yazmağa başlayıb.


* * *

Məndən küsüb, inciməyə nə var ki,
Bir kimsəyə xeyirim yox, nəfim yox.
Hər ritmindən, hər züyündən uzağam,
Oynatmağa qabalım yox, dəfim yox.

Heç nə verməz, ha ağzında dil əsə
Heç nə düşməz qayasından, yel əsə
Yüz büdrəmə bir duruşa görəsə,
Necə deyim, ömrü boyu səhfim yox.

Bu aləmdə tək sevgidən var, varım
Nə yüküm yox, nə ovsarım, sarvanım
Nə yerlərdə dəvələrnən karvanım,
Nə göylərdə durnalarnan səfim yox.

Soyuq tutub, buza dönüb istisi
Heç yaramır işə, inci-küsküsü
Nə ruhumu sarsıdacaq tüstüsü,
Nə damara işləyəsi "kayf"ım yox.

Bu həyatın zülümündən doymadım
Qumarına ömür qoydum, oynadım
Qır qazanda bu dünyada qaynadım,
Kəfkirinə yığılası kəfim yox.

Ömür elə dəmlə, qəmlə incidir
Zilə qalxsan, zili bəmlə incidir
Qiymətimi bu rəqəmlə incidir,
İki yazır sonucunda, keyfim yox.

* * *

Məndə bu dayanmış zaman yanından
Səyridir atını, keçir bu dövran.
Yapışıb buraxmır, zəli kimidir
Sümürür qanımı içir, bu dövran.

Çoxu doğrayandı, heç azı kəsmir,
Kəsir, ağız büzür, o nazı kəsmir,
Məndəki kol-kosu dəryazı kəsmir
Təzə pöhrələri biçir bu dövran.

Zəhərlər, yaxmacda yesən yağın sən,
Odunu söndürür- onda isinsən.
Qoşa şıllaq atır-ona qısınsan
Kim ki, təpikləyir qucur bu dövran.

İtirir-batırır qəbirin, olmur
Külünü üfürür, kömürün olmur
Atır sıldırımdan, hənirin olmur
Uçurur, dediyin;- uçur bu dövran.

Nə həyası yoxdu, nə də utanır,
Hər an bir parçanı qapır, qoparır
Açıqda öldürür, örtür aparır
Ölünü çıxarır, açır bu dövran.

Qışqırsan nə xeyri, xeyri susdu nə
Ölüm mələyi tək gəlir üstünə
Dəymir nə şilinə, nə şikəstinə
Qətlinə sağını seçir bu dövran.

* * *

Heç yanda, nə yerdə, nə göydə tapdım
Bu yolun əvvəli-sonu bilinməz.
Gəlişim hardandır, gedişim hara?
Bu səmtin duruşu, yönü bilinməz.

Necə sığal çəkir bu yaraşığa...
Eşqin əsirgəməz o aşiqinə
Nə arşına sığar, nə işığına
Ölçüsü, uzunu-eni bilinməz.

Umdum yəqin üçün səda gələcək
Yoxdu o biçimdə- yada gələcək
Ya keçmiş zamanam, ya da gələcək
İndiki zamanım ani, bilinməz.

Hesabı aparır sansıza doğru
Canlını daşıyır cansıza doğru,
Şişilir, şişirdir sonsuza doğru
Bu damı, axırı qını bilinməz.

Uçur burulğanı bir izə doğru
Vermir həqiqəti biruzə doğru
Qovur gecəsini günüzə doğru
Bu şəri bilinməz, danı bilinməz.

Acını döndərir, nifrət dəyişir
Zamanı çevirir, qismət dəyişir
Tərkibi dəyişir, surət dəyişir
Cismi bilinməzdir, canı bilinməz.

Quruyur toxumla pufa çevrilir
Adəmə, Həvvaya, Nuha çevrilir
Canlıya çevrilir, ruha çevrilir
Bəndəmi? bədəni, qanı bilinməz

* * *

Bir azdan qış gəlir, titrəyəcəksən,
Payız sazağında üşüyən çiçək.
Şaxtanın xofunda, qış nəfəsində,
Sevgi istisiylə yaşayan çiçək.

Umur ilahinin mərhəmətini
Hələ itirməyib təravətini,
Bu yaydan eşqinin hərarətini
O yaza mərdliklə daşıyan çiçək.

Dözüb, bu sevdanın yaşa yadında
Yaşa şaxtasında, yaşa odunda,
Gör nələr çəkilir eşqin yolunda
Közündə, donunda yaşa, yan çiçək.

Hər əzab, hər zillət boşuna imiş
İlahi, bu eşqin suçu nə imiş
Tanış ol, sevginin puçu nə imiş
Bu yolda eləcə boşa yan, çiçək.

Sığal çək ruhuma, o naza bir get
Qovuş, sevdalınla o yaza bir get
Barı əl-ələ tut, güdaza bir get,
Yarınla birlikdə, qoşa yan çiçək.

* * *

Qəribədir, olum-ölüm arası,
Ömür elə yumurtadı, lax kimi
Suyu dəhnə dağılanda kəsilir,
O dayanır, dəyirmanda çarx kimi.

Birdə dönüb sevinc olmaz bu kədər
Şeşdən sonra ya yek gələr, du gələr
İşdi, yenə olarmı ki, su gələr?
Yenilənər köhnə, təzə arx kimi.

Faciədir, saç gözlər yolunmasın
Göz gözləyər dərd əlindən dolmasın
Arzuladım, həsrətimdən olmasın,
Bir kimsədə sinəmdəki ah kimi.

Xatirələr xoş qalarmı talandan?
Ömür keçdi, həyat bitdi yalanda
Diləyirəm, qoy olmasın balamda,
Bu məndəki tale kimi, bax kimi.

* * *

Kasıblıqdan gileylənən dosta

Qoyur məngənəyə sıxır, çığırdır.
Tutur, çarmıxına çəkir kasıblıq
İçindən qudurmuş yalquzaq kimi,
Çəkir ciyərini, sökür kasıblıq.

Qaynayan qazanda üzdə kəf kimi
Yüzdə verəcəkdi, bircə nəf kimi
Dünyada ən ağır ahdı, nif kimi,
Dərd-səri üzündən tökür kasıblıq.

Harda ağır yük var üstünə düşür
Hardan hücum gəlir, postuna düşür
Barı yetişəndə bostana düşür,
Salır kotanını, əkir kasıblıq.

Miniyi gəlməyən dayanacaqdı
Kimi yeli vurdu-quruyacaqdı.
Əlini-üzünü qarsan ocaqdı
Saçını, saqqalı ütür kasıblıq.

Qoyunu uyudan tütək kimidir
Başını alladan dürmək kimidir
Özəyin qurd yeyən dirək kimidir
Tavandı, başına çökür kasıblıq.

Silinməz niskildir, dağ ürəyində
Hər zaman bir qorxu var iliyində
Hamı şax duranda, şux yeriyəndə,
Kasıbın belini bükür kasıblıq.

* * *

Necə bilim səsim sənə yetişib?
Bircə kərə çağırıma cavab ver.
Dönük verdin bəxtin məndə əvvəlin,
Heç olmasa axırına cavab ver.

Küt gedəni təndir çatdım yapmağa
Görüntüyə əl uzatdım, qapmağa
Dərd açılsa nə var çarə tapmağa,
Qalaq-qalaq sıxılına cavab ver.

Bəxtə-bəxtdə uduzmuşam yarışı
Qazanmışam alnımdaki qırışı
Büdrəmişəm, itirmişəm duruşu
Bir yaxın gəl, yıxılına cavab ver.

Hər günaha od vermisən, min şükür
Şeytanına baxıb, dedik cin şükür
Hər qaydadan, hər qanundan din şükür
Belə yanıb-yaxılana cavab ver.

Sən desəydin belə yaşa, nə vardı
Ağladaydın, axan yaşa nə vardı
Ayıq gözə, ayıq başa nə vardı
Mürgülünə, yuxuluna cavab ver.

Necə yazdı fələk, yazı yazanda
Azmayan da yolçu, yolun azan da
Qaynadırsan hamını bir qazanda
Bu qazanın paxırına cavab ver.

Tük versən də, sən bir bit də vermədin
İt elədin, tək bir küt də vermədin
Qoyun gəldə, qoyun getdə vermədin
Bu sürünə, naxırına cavab ver

* * *

Ürək istisinə qızınan azmış
Dilin soyuğundan donan çoxuymuş.
Verilən önürü başa vurmamış,
Ölüm qorxusundan ölən çoxuymuş.

Yaşatdığım eşqi yaşamadım da
Gülüşü istəmə yaş adamından
Sevgimi qəlbində yaşadanımdan
Sən demə süpürüb, silən çoxuymuş.

Yoxdu isti ocaq dərdə tənimdən
Aldım təsəllimi dərdə tənimdən
Mənimlə ortaqlı dərd çəkənimdən
Dərdimi unudub, gülən çoxuymuş.

Haramlıq içindən "halallıq" doğur
Üzsüz sifətlərdən nə hallar doğur
Suallar içindən suallar doğur
Nə qədər cavabsız bilən çoxuymuş.

Mənə dayaq olmaz axı həyandan
Nəfim yox, yeyirəm çoxun mayamdan
Ömrümün payına toxunmayandan,
Kəsib parçalayan, bölən çoxuymuş.

Bu həyatın qismətinə şükr elə
Öz tüstündür, kor ol, elə kor taşa
Qulağını şeşələyib dinşəmə,
Kəsilməmiş qulağınla kar yaşa.

Barmaq girməz, yaltaqları çivlənib
Carçıları səfehləşib, keylənib
Görürsən ki, balıq başdan iylənib,
Qorun elə çərçivəndə, dar yaşa.

Ahı çoxdu niskilimin, qəmimin
Arşın- arşın taxtı qalxır qənimin
Görmüsənmi? batırılan gəminin,
Kapitanı ömür sürsün dor yaşa.

At çiynindən biganəlik leşini
Burax getsin əfəlliyin peşini
Xoşa-xoşla aşırmırsa işini,
Zor həyatdır, zor gücünə zor yaşa.

Gözüm təkcə gözəllikdən doymadı
Çal-çəpəri həzz çəkməyə qoymadı
Bu dünyada yaşayışın olmadı
Axirətdə rahat uyu, gor yaşa.

* * *

Canım vətən, ətəyindən sallaşıb,
Hərisliklə hərə çəkir bir yana
Xırdaların quyruğundan yapışıb,
Zor gücüylə kələ çəkir bur yana.

Mürgülülər elə bilir yatırsan
Üzməyənlər elə bilir batırsan
Addımını qorxa-qorxa atırsan
Yol bir yana, tələ çəkir bir yana.

Vətən, dərddən, əzablardan yoğruldun
Tikələnib bölünməkdən yoruldun
Gah istidən, gah soyuqdan qovruldun
Yay bir yana, çillə çəkir bir yana.

Qumarınla oynayanlar nəf çəkir
Beş-üç harun villalarda kef çəkir
Kasıbların künc-bucaqda kif çəkir
Var bir yana, şələ çəkir bir yana.

Bu fələyin təkəridi, dığırla
Müşkül aşmaz keflə, çalla-çağırla
Damarından nöyüt axır, cığırla
Hələ axır, hələ çəkir bir yana.

Yorulanlar boşaldıblar quşqunu
Unudublar dallarında qoşqunu
Nankorların görə- görə daşqını
Çəkir səni selə, çəkir bir yana.

Minalandın, ayaq qopub, baş sınıb
Vətən daşın qəlpə-qəlpə, daş sınıb
Sürüyürlər, dırnaq qopub, biş sınıb
Namərd bilə- bilə çəkir, bir yana.

Doyulurmu, vətın sənin ətrindən
Yorulurmu danışılan dilindən
Ha çəkilir, yaxan çıxmır əlibdən
Şah bir yana, kölə çəkir bir yana

* * *
Gülürüksə bilməyin ki, kefdəyik
Dəmi qəmə, şəri toya qatmışıq.
Qarışdırıb gecələri gündüzə
İli rübə, rübü aya qatmışıq.

Gülüş üzdə hırıltıdı yalandan
Kədər umma saç-saqqalın yolandan
Şənlik toydan, yaş yasından olandan,
Kef-damağı aha, vaya qatmışıq.

Asan deyil yaşayasan gümannan
Yola çıxmaq çətin imiş dumannan
Dostluqların yüz faizi təmənna
Saxtalığı haqqa-saya qatmışıq.

Tüstümüzə kor olmuşuq, barışıb
Öz əlimiz yaxamızdan yapışıb
Kələfimiz ona görə qarışıb,
"Hay" sortunu zata, soya qatmışıq.

Kür dayansın ya topuqdan, ya dizdən
Fərqi yoxdur, yüyürürük yad iznən
"Net" yerinə "Da" deyirik, o üzdən,
Keyi səyə, səyi xaya qatmışıq.

Vec vermirik adət itə, ad itə
Dəb gəzirik, sıxılırıq adidə
Gənc nəsili xaraf, xilaf adətə
Sevə- sevə, öyə- öyə qatmışıq.

Bilən varmı qarışığın kimyasın?
Diri ikən bu ölünü kim yusun?
Dışarıdan gələn zəhər menyusun
Canımıza yeyə-yeyə qatmışıq.

* * *
Bu zamanda aldanmamaq çətindi
Qəbul etsən, aldanmağa nə var ki...
Mənliyini, qürurunu itirib,
Orda-burda yallanmağa nə var ki...

Bölüşməyə, sədəqəyə qıymasan
Halal-ümmət yaşamağa uymasan
Ağsaqqallıq məqamını duymasan
Saç-saqqalı çallanmağa nə var ki...

Allah sənə rəhmət etsin ay nənə
Ocaq bilib, pir deyirdin ailənə
Bilməyəsən ar-nam nədi, ailə nə,
Boşanasan, dullanmağa nə var ki...

Kişiləşib çıxan çoxdu cambaza
Fərq eləməz, ha söy, ha döy qammaza
Hər tənəni udub versən yambuza
Qalınlaşıb, qıllanmağa nə var ki...

Mənliyindir sərhəd çəkən tamaha
Sağlam addım təməl olar sabaha
Məqsəd üçün, dostu verib qabağa
Alçaq kimi qullanmağa nə var ki...

"Kişi" olub hər yalaqdan yal dadan
"Qoçaq" olub onu-bunu aldadan,
Saman altdan su yeridib daldadan
Üzə görə arranmağa nə var ki...

Vasqılaşar insan, əyər küt yesə
Qazancındır adın-sanın itməsə
Var ki, kişi abırını örtməsə
Abır atıb, varranmağa nə var ki...

* * *

Dolanışıq elə qatıb başımı,
İnan, düşmür fəsil yada, il yada.
"Qarışqa"nın təpiyinə dözmürəm,
Hələ düşmür o pəzəvəng fil yada.

Çıx qorxusu, gir qorxusu üzdürür
Gəl qorxusu, şir qorxusu gəzdirir
Tər qoxusu, kir qoxusu bezdirir
Necə düşsün gül qoxulu gül yada?

İtirmişəm bədəni də, başı da
Tərgitmişəm ağlamağı, yaşı da
Unutmuşam ocağı da, daşı da
Qorsuzdursa düşəcəkmi kül yada?

Doğma yaddır, doğmalaşır yad daşım
Oğulsansa, manqurdlardan yaddaş um
Unudulur nəsil-nəsil yaddaşım
Çətin düşər o didərgin el yada.

Köhnə çarxdı, ha yağlayım, nə fərqi
Ölənəcən yas saxlayım, nə fərqi
Ha sıtqayım, ha ağlayım nə fərqi
Kimdir baxan bu naləyə, fəryada?

***
Torpağı şumlayıb,mala çəkmişəm,
Səpib suvarmışam, bir tağa görə.
Nazını çəkmişəm hər tumurcuğun,
Tər çiçək xətrinə, yarpağa görə.
Səbir diləmişəm daralanına,
Təsəlli vermişəm yaralanına,
Payızın sisinə, qış boranına,

Dözmüşəm, çiçəkli bir dağa görə.
Dağıdıb cümləmi, söz-söz olmuşam.
Dəldikcə söz oxu, göz-göz olmuşam.
Çapıb talayanla üz-göz olmuşam,

Bəhrəsi mövsümi bir bağa görə.
Əza toplamışıq, can düzəltmişik,
Zatı yaramazdan qan düzəltmişik,
Yonub sap düzəldib, qın düzəltmişik,

Tiyəsi kəsərsiz yarağa görə.
Mən elə bilirdim uğur tapmışam,
Dumanı dağıdıb, cığır tapmışam.
Yadlar dost tutanda, dılğır tapmışam,

Dostluğa yönəlik sorağa görə.
Sarımsaq önürü diş-diş etmişik.
Hər sifət içində gərdiş etmişik.
Səcdəyə, təzimə vərdiş etmişik,
Müti qulu kimi bir ağa görə.

Yaramaz bu qədər səbir tapdamaq,
Gah diri tapdamaq, qəbir tapdamaq.
Lazımmı haq yeyib, fəqir tapdamaq?
Beş arşın boyunda bir ağa görə.

* * *
Səni unutmağım asan deyilmiş,
Sən məni unuda bildiyin kimi.
Səni xatirəmdən silə bilmədim,
Məni həyatından sildiyin kimi.

Nazını qəlbimin süz yarısına.
Baxışı məlhəmdi, döz yarasına.
Dözmək çox çətindir söz yarasına,
Yüngüy göynətmədi, çimdiyin kimi.

Yaralı qəlbində "uf"unu gördüm.
Sahilsiz gəmiydin, "Nuh"unu gördüm.
Sənin cismini yox, ruhunu gördüm,
Mənim varlığımı gördüyün kimi.

Dolu xatirəni boşaltmaq çətin,
Doğru yaşantıya daş atmaq çətin,
Səni ürəyimdə yaşatmaq çətin,
Asanmış basdırmaq, öldüyün kimi.

Sənə dərd tutumlu can ağlamışam,
Bütün əzalarla-cəm ağlamışam.
Mən sənin arxanca qan ağlamışam,
Sən mənim dalımca güldüyün kimi.

* * *
Qaya su saxlamaz, süzər yağışı,
Bir ovuc su tutan çalası ağlar.
Meşə şehi udar, nəmişi udar,
Çağlayan bulaqla talası ağlar.

Qeyrət ümidini börkə bağlayıb.
Yatmaqla döşəyim kilkə bağlayıb.
Qurdun ayağını tülkü bağlayıb,
Baxar durumuna, tulası ağlar.

Yoxdu bu gedişdə ümid, qandığı.
Dağıdıb millətdə ümid tamlığı.
Vayına oturub unutqanlığı,
Barışıq mərəzi, bəlası ağlar.

Torpaq boy-boy artsa, şəhid əkilər.
El sir-sir tökülər, sirdaş sökülər.
Qopar suvaq-suvaq, daş-daş tökülər,
Xalqın tarixinə qalası ağlar.

Ölü dərdlərimiz yaşla canlanar,
Bu ahdan göyərər daş da, canlanar.
Şəhid məzarında, daşda canlanar,
Ananın halına balası ağlar.

Bir ünvan itirdim, bir ad itirdim.
Səsi dərd inləyən bir ud itirdim.
Mən eşqlə birlikdə ümid itirdim,
Yaşımın gölündə sonası ağlar.

* * *
Mənim işim tək Allaha qalıbdır,
Bacarmıram yaltaqlığı, girməyi.
İstəsəm də deyəm, güləm, alınmır,
Həyat mənə unutdurub gülməyi.

Ya bərk tutum, ya əl üzüm bilmirəm.
Bu dərdlərə necə dözüm, bilmirəm.
Tək tanrıdan başqa təzim bilmirəm,
Bacarmıram, dəsmallayıb silməyi.

Tabut kimi hazırlanan beşiyin,
Özümüzə çəkdirirlər keşiyin.
Tıxadılar qulaqların deşiyin,
Qoymadılar eşitməyi, bilməyi.

Bu zurnaya necə deyim sındırın.
Vicdanımı odu qarsdı təndirin.
Boğazıma atılan bu kəndirin,
Sıyırtması öz əlimin külməyi.

Nə var idi uddular, doymadılar.
Çırtma çalıb bizləri oynatdılar.
Bizlə necə "qaraxal" oynadılar,
Uzatdılar necə bizə dürməyi.

Dillənənlər dillərini kəsdilər.
Əl qatanın qollarını kəsdilər.
Yaşamağın yollarını kəsdilər,
Öyrətdilər bizə, necə ölməyi.
* * *

Pir bildiyim, and içdiyim yalmurad,
Cinlər hörən yal olurmuş, sən demə.
İtilənib, ülgüc olan dəmirdən,
Yabılara nal olurmuş, sən demə.

Tökülməyə yol gözləyir didələr,
Fürsət güdür didilənlər, didələr.
Varlandıqca, pullandıqca gədələr,
Ta Rüstəmi-Zal olurmuş, sən demə.

Çın olunca bu dualar, zikirlər,
Daz başları çətin tutar çətirlər.
Doğru-dürüst söylənilən fikirlər,
Başa qeylü-qal olurmuş, sən demə.

Geci-tezi üzə çıxar danılan,
Əməlində gömüləcək anılan.
Öz xalqına dayaq kimi tanınan,
Quyruq imiş, dal olurmuş, sən demə.

Fəqir yıxdı, sandı divi yıxdığın.
"İgidliyi"-yesir evi yıxdığı.
Haramxorun haramlıqla yığdığı,
Qaymaq imiş, bal olurmuş, sən demə.

Mülkümüdür? mülkü bilib sığdığı,
Dədə-baba malı kimi sağdığı,
İz itirib, çırpışdırıb yığdığı,
Halal-zülal mal olurmuş, sən demə.

Doğulubsa, heç bir düdük pir deyil.
Ha qudursa tülkü, çaqqal şir deyil.
Mollasayaq düşüncəsi-ver deyil,
Hər bir halda al olurmuş, sən demə.

Tulapayı olub minnət neməti,
Harunlara haram cənnət neməti.
Bu millətin halal-ümmət neməti,
İtə-qurda yal olurmuş, sən demə.

* * *
Sənə doğru gəlməyə yol qoymadın,
İndi məni qınamağın nə xeyri.
Köhnə, nimdaş duyğuları yamıyıb,
Təzə kimi sırımağın nə xeyri.

Gözləməzdim gəlişini yenidən,
Köhnə hissim, duyğum verə yeni qəm.
O köhnəki gülüşünü yenidən,
Təzələyib sınamağın nə xeyri.

Dilə tutma qandırdığın könlümü.
Kül elədin yandırdığın könlümü.
Sən əzəldən sındırdığın könlümü,
Təzdən gəlib sarımağın nə xeyri.

Bu yol üstə yorulmağın əbəsdi.
Dondan-dona dəyişmisən ha...bəsdi.
Çiçəyini dərdimisən yolüstü,
Yolum üstə qarımağın nə xeyri.

Yaşayasan bülbül ömrü, gül ömrü.
Nəyə gərək yaşayasan kül ömrü.
Bada verib yaşamadan bir ömrü,
Qocalıqda yarımağın nə xeyri.

* * *
Təklülədə tək güllədə barıt nəm,
Tək tətiyin insafına qalmışam.
Son gümanım aşırımın o üzü,
Son gədiyin insafına qalmışam.

Əzəlimi əcəlimə gətirdim,
İşlərimi tam görməmiş bitirdim,
Qazancımı inamımda itirdim,
Bu itiyin insafına qalmışam.

İş naçardır, yolunda ki, sürtük var.
Hər fikrimdə, addımımda güdük var.
Şivkən düşüb, doğrandığım kötük var,
O kötüyün insafına qalmışam.

Ümid gəzir, pişik tutan torbada.
Bucağında yoxdur elin urva da.
Eşidirəm, qonşu deyir arvada,
"-Az dədüyün insafına qalmışam".

Oynamıram zamanın gərdişiynən,
İşim olmaz hakimlərin işiynən,
Düşmən olsun, işin düşsün kişiynən,
Bir düdüyün insafına qalmışam.

* * *

Satıldı, bölündü, parası getdi,
Daşı-daş üstündə qalmadı yurdun.
Oldu pərən-pərən, dağıldı itdi,
Yerində diribaş qalmadı yurdun.

Hələ də kasıbı eləcə acdı.
Başını götürüb qaçanlar qaçdı.
Nələr nöyüt çıxdı, nələr qaz uçdu,
Nədənsə büdcəsi dolmadı yurdun.

Barı bərk yapışaq beldən, yabadan,
Ulaqdan, qatırdan, atdan, yabıdan.
Nə üzlə deyək ki, dədə-babadan,
Köhnə sərhədləri qalmadı yurdun.

Mətdahlıq elədik şah dədəmizə,
Quyruq bulayırıq bir gədəmizə.
Düşdü ölü kimi cənazəmizə,
Heç kəs namazını qılmadı yurdun.

Çoxu kədiləndi, qurur qırmadı,
İçində qovrulan, üstün vurmadı.
Bir kəs haray çəkib, üzün cırmadı,
Yolunda saçını yolmadı yurdun.

* * *
Gündə bir xainin səsi ucalır,
Payla, qrant-qrant keçilir vətən.
Gündə bir şəhidin sorağı gəlir,
Hər gün oğul-oğul kiçilir vətən.

Buludu əlində, ayaz əlində,
Qışı, bol payızı, tər yaz əlində,
Satılı əlində, dəryaz əlində,
Hər gün bala-bala biçilir vətən.

Aşiq vətən deyir; "baş təcnis"ində.
Şəhidin vətəndir yas məclisi də.
Hər il saraylarda, kef məclisində,
Süzülür badəyə, içilir vətən.

Azının oyunu, çoxa can kimi,
Qaçırıq üstünə, yol azan kimi,
Ayağın itirmiş veteran kimi,
Vətənlər içində seçilir vətən.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi