Qarabag Media
Haqqımızda Əlaqə

Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV


Tarix:9-11-2018, 14:02 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV

"Ermənilər 5 gün bir dəstə hərbçi ilə yox, tənha əsgərlə döyüşdüklərini biləndə mat qalmışdılar"

“Qarabağda xalqın öldürüldüyü bir vaxtda, ana-bacılarımızın şərəfi təhqir olduğu bir zamanda sakitcə evdə otura bilmərəm”

Bu gün Bayraq Günüdür. Əziz, gözəl, mənalı bayrağımızın. Asimanın rənginə, həyatın yaşıllığına, şəhidlərimizin qanına boyanmış bayrağımızın.
Deyirlər, Putin qəhrəman Mübarizimizi Remboya bənzədib. Lakin Rembo əfsanə, Mübariz isə real qəhrəman, haqq yolunda şəhiddir və bununla da istənilən əfsanədən ucada durur. Azərbaycan torpaqları uğrunda mübarizədə misilsiz qəhrəmanlıq göstərən bir igidimiz də var – Natiq Qasımov. Ən azı canını qurban elədiyi bayraq günündə gənc ömrünü bayrağa fəda edən bir qəhrəmanımızın, bayraqdarımızın, ələmdarımızın hekayəsini xatırlamalı, sonrakı taleyindən xəbərsiz olduğumuz vətən oğlumuzun əziz xatirəsini yad etməliyik.

Natiq Qasımovu, erməni təcavüzkarlarıyla təkbaşına 5 gün mübarizə aparan qəhrəmanımızı tanıtdıran bircə fotoşəkil oldu. Rus jurnalisti Konstantin Smirnov Natiq Qasımovun cəsarəti və qorxmazlığı barədə ətraflı şəkildə yazıb. Fotoşəkildə oğlan silahlı ermənilərin müşayiəti ilə bayrağımızı aparır. Foto 1992-ci ildə “Oqonyok” jurnalının aprel nömrəsində (№ 14 -15) , Konstantin Smirnovun “Qorxu” məqaləsində çap edilib. Məqaləyə italyan fotomüxbiri Enriko Sarzaninin çəkdiyi foto əlavə edilib. Fotoda Natiq əks edilib, o iki saqqallı erməni yaraqlısının əhatəsində qürurla irəliləyir. Beş gün ərzində kilsədə onlarla vuruşanın cəmi bir nəfər olduğundan xəbər tutanda ermənilər havalanmışdılar.

Onun haqqında keçmiş, yaxud da indiki zamanda danışmaq mümkün deyil. Bu fotoşəklin çap edilməsindən sonra onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də, Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində doğulub. Bir müddət keçdikdən sonra ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçüblər.O, qaynaqçı ixtisası üzrə peşə məktəbini bitirdikdən sonra SES-də, ardından “Kosmos” kinoteatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissəsində hərbi xidmətini başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdaraq, evdə 20 gün qaldıqdan sonra könüllü şəkildə cəbhəyə yollanıb.

Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb, cəbhə yoldaşlarının rəğbətini qazanıb, 1992-ci ilin əvvəllərində evə qayıdıb. Xocalı faciəsi onun sonrakı həyatının başlanğıcı olub. Cəbhədən qayıdan Natiq Xocalı soqırımından sonra özünə gələ, rahatlıq tapa bilmirdi. Valideynlərinə yazdığı məktub da buna şəhadət edir. Atası Səlim Qasımov: “Evdə tapdığımız məktubdan bəlli oldu ki, Natiq Yaqub Rzayevin “Qarabağ şahinləri” dəstəsində döyüşməyə yollanıb. Evə məktublarında yazırdı ki, Qarabağda xalqın öldürüldüyü bir vaxtda, ana-bacılarımızın şərəfi təhqir olduğu bir zamanda sakitcə evdə otura bilmərəm”.

1992-ci il martın əvvəllində 31 nəfərlik şəxsi heyəti olan “Qarabağ şahinləri” Ağdam rayonunun Xramort kəndi yaxınlığındakı mühüm yüksəkliyi ələ keçirmək əmrini alır. Əmr yerinə yetirilir, “şahinlər” qədim alban kilsəsində yerləşirlər. Komandirlə bir neçə əsgər yoldaşı döyüşdə həlak olurlar. Bəziləri hərbi hissəyə geri qayıdırlar. Kilsədə Natiqlə onun altı yoldaşı qalırlar. Onlar arxadan kömək gözləsələr də, yardım gəlmir. Ermənilər aramsız hücumlarla mövqelərini geri qaytarmağa çalışırlar. Ermənilərin ikigünlük cəhdləri uğursuzluqla nəticələnir. Onlar hər dəfə qüvvə itirərək geri çəkilirlər. Natiqin yoldaşları həlak olurlar, o isə sərfəli strateji mövqedən istifadə edərək döyüşə davam edir. Ermənilər kilsədə tam bir batalyonun olduğunu düşünüb, əsirlərdən və Xocalı girovlarından istifadə etmək istəyirlər. Xocalıların birinə bildirirlər ki, kilsədəkilər təslim olmasa, o zaman bütün əsirləri güllələyəcəklər. Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərovu bu tələblə kilsəyə göndərirlər.

BAYRAĞI VƏ POSTUMU TƏRK EDƏ BİLMƏRƏM

Xocalı hadisələri zamanı əsir düşmüş Cəfər Cəfərov Natiqi sonuncu dəfə görənlərdəndir. Cəfər müəllimin xatirələri: “Ermənilər mənə dedilər ki, sizin türklər bizim kilsəmizi ələ keçiriblər, adamlarımızın çoxunu öldürüblər. Ermənilər məni meşəyə gətirdilər. Sağ tərəfdə dağılmış dağıdılmış bir tikili vardı, ÜZƏRİNDƏ ÜÇRƏNGLİ BAYRAĞIMIZ DALĞALANIRDI. Mənə dedilər ki, onları təslim olmağa razı sala bilsən, səni və qalan 20 əsiri azad edəcəyik. Əgər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri də güllələyəcəyik. Ermənilər kilsənin 200 metrliyindəki qayalıqların arxasında və kolluqlarda gizləndilər. Mən sürünə-sürünə kilsəyə getdim. Əsgərlərimizin bir neçəsinin cəsədini gördüm. Kilsədən tüstü çıxırdı. İslanmış üçrəngli bayraq kilsənin üzərində ağır-ağır dalğanırdı. Kilsəyə çatanda ana dilimdə dedim: “Burada kim var, mən Xocalı əsiriyəm, məni sizin yanınıza yollayıblar”. Öskürək və şıqqıltı eşitdim. Zorla eşidiləcək səs məni çaırdı. Səsin gəldiyi tərəfə getməyə başladım. bacadan düşən işıqda avtomat, əl pulemyotu və çoxlu miqdarada patron gördüm. O, üzü üstə uzanmışdı. Ona yanaşıb, yaralı olub-olmadığını soruşdum. Zorla eşidiləcək səslə yaralanmadığını söylədi, məndən su istədi. Su yox idi, ona bir neçə loxma quru çörək verdim. Könülsüz yedi... Yoldaşlarını soruşdum. Cavab verdi ki, komandir altı əsgərlə birlikdə onu bura yollayıb. Üçünü ermənilər öldürüb, qalanlarından xəbəri yoxdur. Beş gün təkbaşına qalıb. Soruşdum ki, niyə qaçmayıb? O dedi ki, komandirə söz verib ki, bayrağı və postu tərk etməyəcək, kömək gözləyib, amma heç kim gəlməyib. Ermənilərin tələbini Natiqə çatdırdım. Hiss etdim ki, dediklərim ürəyincə deyil. Dedi ki, ikicə gülləsi qalıb, amma sona qədər vuruşacaq. Xahiş etdim ki, məni vursun, qoy ölümüm öz əsgərimizin gülləsindən olsun. Bir anlığa düşünüb dedi ki, yaxşı, tutaq ki, mən sizi güllələdim, niyə mənə görə 20 nəfər ölməlidir? O, havaya atəş açdı, ermənilər tərəfə qışqırıb onları çağırdı. Ermənilər əvvəlcə tərəddüd etdilər, yaxınlaşmağa cəsarət etmirdilər. Məni görən kimi hamısı qaçıb gəldi. Natiqin üstünü axtardılar. Bu bir neçə gündə onun təkcə vuruşduğuna inana bilmirdilər. Kilsəni fasiləsiz atəşə tutmağa başladılar. Kilsədə heç kimin olmadığını görüb çaş-baş qaldılar və qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız saqqallıların arasında gedəndə əcnəbi jurnalistlər onun şəklini çəkdilər. Sonra bildim ki, fotoşəkili “Oqonyok” jurnalında veriblər. Ermənilər bizi BTR-də Əsgəran qalasına gətirdilər. Məni polis şöbəsində “KPZ”-yə saldılar, Natiqi isə hərbi komendanta apardılar. Sonra daha Natiqi görmədim. 1992-ci il martın 14-də bizi, 21 nəfər əsiri Ağdam yaxınlığındakı qəbiristanlıqda dəyişdirdilər”.

“O, BEŞ GÜN SUSUZ VƏ ÇÖRƏKSİZ , BAŞI ÜZƏRİNDƏ ÜÇRƏNGLİ BAYRAĞIN DALĞALANDIĞI AlBAN KİLSƏSİNDƏ QALMIŞDI... ”

“Biz Xankəndindən Əsgərana yollandıq. Oradan sistemli şəkildə atışma səsləri gəlirdi. Silahlı saqqallıların “BTR”-i ilə qarşılaşdığımız üçün Əsgərana qədər gedib çıxa bilmədik. Əldə edilən informasiyaya görə, bir neçə gün bundan əvvəl qarşə tərəf dağlarda kənd ələ keçirmişdi. Ermənilər onları getməyə məcbur etmişdilər. Lakin kilsədə Azərbaycan Milli Ordusundan olan “boyevik qrupu” qalmışdı. Onlar kilsəni azad etməyə getmişdilər. Kilsədəki azərbaycanlıların sayı heç kimə bəlli deyildi, amma onlar artıq iki nəfər itirmişdilər. Ermənilər gözyaşardıcı qazdan tutmuş qumbaraya qədər ən müxtəlif vasitələrdən istifadə etsələr də, məqsədlərinə nail ola bilməmişdilər. Biz onları izləməyə başladıq. Təəssüf ki, hadisə yerinə çata bilmədik. Maşınımız dağın ətəyində ilişib qaldı və “BTR”-i gözdən itirdik. Nə həmin gün, nə də ertəsi günü ermənilər kilsəni ələ keçirə bilmədilər, yalnız üçüncü cəhddə kilsənin sağ qalmış yeganə müdafiəçisini təslim olmağa məcbur etdilər. Əsir düşmüş gənc hisdən qapqara olmuşdu. O, kilsədə beş gün ac-susuz qalmışdı”...

“Oqonyok” jurnalındakı məqalədən sonra Natiqin qohumları redaksiyanı ziyarət ediblər. Müxbirin sözlərinə görə, o, Qarabağdan gedəndə Natiq hələ sağ imiş. K.Smirnov Natiqin yaxınlarına onun axtarışında kömək edəcəyini vəd edib, amma sonra naməlum səbəblərdən ünsiyyətdən imtina edib.
Düşmənə bayraq verməyən vətən oğlu... Ermənilərin inkar etdikləri əsir və girov götürülmüşlər siyahısında Natiq Qasımovun da adı var. Çoxsaylı müraciətlərə baxmayaraq, erməni tərəfi bu günə qədər Natiqin taleyinin necə olduğunu Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir. Mingəçevirin Şəhidlər Xiyabanında, itkin düşənlərin rəmzi məzarları arasında onun adı 17-ci nömrədə yazılıb.

Bu gün “səviyyəli” media cəngi oynatmaqla, mütrib stilistləri reklam etməklə məşğuldur. Qanunsuz, kriminal münasibətlərini sevgi adlandırıb özlərini fədakar qələmə verənləri xalqa qəhrəman kimi təqdim edir. Olsun. Mutant dünyagörüşləri xalis insanların varlığına kölgə sala bilməz. Bayrağımız və bayraqdarlarımız, dövlətçiliyimiz həmişə var olacaq. Bu pafoslu şüuar deyil, minillərin sınağından çıxmış həqiqətdir.

Harada, nə vaxt ucada dalğalanan Azərbaycan bayrağı görsəniz, Natiq Qasımovu xatırlayın. Dostlarınıza, övladlarınıza onun barəsində danışın. Qoy saxta obrazları yox, həqiqi qəhrəmanlarımızı ideal hesab eləsinlər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək