Qarabag Media
Haqqımızda Əlaqə

Sürgündə bitən müəllim ömrü — Cabbar bəy Vəlibəyov - 125


Tarix:8-11-2018, 23:46 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Sürgündə bitən müəllim ömrü — Cabbar bəy Vəlibəyov - 125Görkəmli maarif xadimi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı (indiki Ağdam rayonunun I Baharlı kəndi) kəndində anadan olmuşdur. Ata babam Cabbar bəy Vəlibəyov tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınan Baharlı tayfasının layiqli nümayəndəsidir. Qaraqoyunlu, Qütbşahlar dövlətlərinin qurucuları baharlılardır. Məqalə görkəmli maarif xadiminin anadan olmasının 125 illik yubileyi münasibətilə işıq üzü görmüş “Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbinin tarixi” (Bakı, 2018) adlı monoqrafiyam əsasında hazırlanmışdır.

Cabbar bəy Vəlibəyov ilk təhsilini ruhani məktəbində alaraq ərəb və fars dillərini, şəriət elmlərini öyrənmiş, sonralar Şuşa realnı məktəbini bitirmişdir. I Baharlı kəndindəki evində məktəb açaraq, 1913-cü ildə yeni tipli məktəbin əsasını qoymuşdur. Burada o, şagirdlərə şəriət elmlərini, ərəb və rus dillərini, tarixi, riyaziyyati, Azərbaycan ədəbiyyatını tədris etmiş, ehtiyacı olan yoxsulları dərs ləvazimatı ilə təmin etmişdir. Onun gözəl əl qabiliyyəti olduğu üçün istedadlı rəssam kimi də tanınmışdır.

Cabbar bəy Vəlibəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə də müəllimlik fəaliyyətini I Baharlı kəndində açdığı məktəbdə davam etdirmişdir.
Cabbar bəy Vəlibəyov Sovet hakimiyyətinin ilk illərində bəy, ziyalı, dindar olduğu üçün yeni hökumətin yerli nökərləri tərəfindən təqib olunmuşdur. Kollektivləşmə adı altında torpaqları, mal-qarası müsadirə olunmuş Cabbar bəy Vəlibəyov haqqında o dövrün mətbuat səhifələrində böhtan dolu yazılar dərc edil¬mişdir. O, Sovet hakimiyyəti illərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdiri işləməklə yanaşı, pedaqoji fəaliyyətini I Baharlı kəndindən başqa Ağdam rayonunun Qiyaslı, Güllücə və başqa kəndlərində də davam etdirmişdir.

I Baharlı kəndi 1930-cu ildə yaranmış Ağdam rayonunun tərkibinə verildikdən sonra da Cabbar bəy Vəlibəyov yaratdığı ibtidai təhsil ocağının müdiri vəzifəsində çalışmışdır. O, 1937-ci ilə kimi Ağdam rayonunun I Baharlı kənd məktəbinin müdiri işləmişdir.

1935-ci ildən başlayaraq Cabbar bəy Vəlibəyova hücumların sayı artmaqda idi. Yerli mətbuat səhifələrində görkəmli pedaqoqun əleyhinə dərc edilmiş yazılar, ədalətsiz ittihamlar onun tutulmasının başlanğıcı oldu. Ən böyük “günahı” isə bəy, ziyalı, dindar olması idi. Cəmiyyətdə tutduğu mövqeyinə, prinsipiallığına görə Cabbar bəy Vəlibəyov Azərbaycan tarixinin qara səhifələrindən sayılan 1937-ci il repressiyasından xilas ola bilməmişdir. İmperiyanın yerli nökərləri Cabbar bəy Vəlibəyovu həyatından artıq sevdiyi Vətəninə xəyanətdə ittiham edərək onun həbsinə nail ola bilmişdilər. 11 oktyabr 1937-ci ildə evində axtarış aparıldığı zaman bütün yazıları, kitabları müsadirə olunmuş, özü isə 44 yaşında “xalq düşməni” kimi Sibirə sürgünə göndərilmişdir. 19 noyabr 1941-ci ildə, 48 yaşında orada dünyasını dəyişmişdir.

Cabbar bəy Vəlibəyov 29 noyabr 1957-ci ildə Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.

Azərbaycan xalq təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərmiş Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovun 1993-cü ildə anadan olmasının 100, yaratdığı məktəbin 80 illik yubileyi münasibəti ilə həyatı və pedaqoji fəaliyyətini əks etdirən məqalələr çap olunmuş, radioda veriliş səslənmişdir. 1913-cü ildə əsasını qoyduğu Ağdam rayonunun I Baharlı kənd tam orta məktəbinə Cabbar bəy Vəlibəyovun adı verilmiş, Ağdamda 25 may 1993-cü ildə tədbir keçirilmişdir. Hazırda doğu I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır.

Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun (Baharlı) "Qırmızı taxtapuşlu bina" adlı ata-baba yurdu haqqında xatirələri 1993-cü ildə "Dalğa" qəzetində çap olunmuşdur. O, atasına həsr etdiyi "Atama ithaf!" şeirində yazmışdır:

Cabbar bəy, keçsə də ömrüm sürgündə
Müəllim şöhrətin durur bu gün də
İyirmi yaşında açdığın məktəb
Adını daşıyır yüzilliyində.
(21.II.1993-cü il)


Cabbar bəy Vəlibəyovun anadan olmasının 110 illik yubileyi münasibətilə bu sətrlərin müəllifinin 2003-cü ildə "Azərbaycan müəllimi" qəzetində məqaləsi çap edilmişdir. O, görkəmli pedaqoqun anadan olmasının 120, əsasını qoyduğu I Baharlı kənd tam orta məktəbin 100 illik yubileyi münasibətilə yazılmış "Cabbar bəy Vəlibəyov və davamçıları" (Bakı, 2014), "Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi" (Bakı, 2015) adlı monoqrafiyanın, kitabçanın müəllifidir.
Bu il Cabbar bəy Vəlibəyovun anadan olmasının 125 illik yubileyi tamam olur. Azərbaycan xalq təhsilinin inkişafına ömrünü şam kimi əritmiş görkəmli maarif xadiminin həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.

Orxan Zakiroğlu (Baharlı)










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək