Qarabag Media
Haqqımızda Əlaqə

“Hamı Zəngilana qayıdacaq...” - Şərif Ağayar yazır


Tarix:29-10-2018, 18:53 Kateqoriya:Manşet / Yazarlar

“Hamı Zəngilana qayıdacaq...” - Şərif Ağayar yazırXəbər verdiyimiz kimi, oktyabrın 29-da Zəngilan rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 25 il keçir. Karabakhmedia.az bu münasibətlə Şərif Ağayarın yazısını təqdim edir:

Qaldığımız yataqxanada Köçəri adlı bir kişi yaşayır. Zəngilanlıdır. Yaşı 80-i aşıb mən bilən. Saçları və bığları ağappaqdır. Bığlarının ortası siqaret çəkməkdən sapsarıdır. Başının ortası isə keçəl... İri və ümidsiz gözlərinə qəfil yaxalansan ildırım vurar səni.

Köçəri dayını on ildən artıqdır ki, tanıyıram, ancaq bu on ildə ondan eşitdiyim sözləri yazası olsam bir səhifə eləməz. Tütün sarısı bığları elə bil ağzını da əbədi olaraq qapayıb. İsti havalarda stulunu yataqxananın qarşısında əyləşib laqqırtı vura-vura əcəlini gözləyən qoca qaçqınlara yaxın qoyur və yalnız siqaret tüstülədir. Bir də hərdənbir boğazını arıtlayır. Elə ürəkdən arıtlayır ki, deyirsən bu dəqiqə bir “Segah” qaldıracaq. Amma oxumur da! Eləcə iri gözlərini söhbət edənlərin sifətinə dikib dayanır. Heç deyəsən adamlara da qulaq asmır.

Bəzən siqaret istəyirsən. Elə hövsələ ilə əlini cibinə aparır ki, lap zəhrin yarılır. Onda zaman çox gec irəliləyir – bu uzun müşahidələrdən sonra gəldiyim qənaətdir. Amma son vaxtlar xeyli düşüb Köçəri dayı... Gözləri balacalaşmasa da bir az geri çəkilib, işığı öləziyib.

Ömrüm boyu cəmi bircə dəfə danışdırmaq istəmişəm bu kişini:

“Əşşi, de görüm Həkərinin qızıl balığından doyunca yeyə bildin?”

“Hı!” – eləyib qəribə tərzdə gülümsədi. Bığları dartındı. Sifətində inanılmaz sevinc peyda oldu və uzun müddət donub qaldı. Bilmədim bu səslə dediyimi təsdiq edir, yoxsa inkar.

Hər halda bu gözlənilməz jest Köçəri dayı barədə məni daha dərin qüssəyə saldı.

Son aylar yaddaşını tamam itirib. O günü çörək almağa gedəndə azıb, geri qayıda bilməyib. Kiməsə yaxınlaşıb qaldığı binanı soruşmağa ar eləyib. Bəlkə heç soruşa bilməyib. Yataqxananın nömrəsi də, adamların adı da yadından çıxıb. Küçədəki təsadüfi cavan uşaqlar kömək ediblər, əlindən tutub məhəllə sakinlərinə göstəriblər: “Bu kişini tanıyırsız?”

Təsadüfən yataqxanamızda qalan bir müəllimə rast gəlib onlara və əlindən tutub evə gətirib.

Bundan sonra bir dəfə də itdi Köçəri dayı. Bu dəfə də binanın qabağında dayanan taksiçilərdən biri tapıb gətirdi. Dedi, saat 9 radələri, əlində bir sellofan kulyok Qurd qapısına tərəf gedirdi. Bildim ki, azıb. Maşına oturdub gətirdim.

Köçəri dayı sonuncu qar yağanda da itdi! Bütün yataqxana əhli töküldü küçələrə. Polisə xəbər verdik, taksi sürücülərinə hay saldıq, tanış-bilişə zəng vurduq... Saat 12-dək bir nəticə hasil olmadı. Binanın ağsaqqalları qərar gəldilər ki, hardasa yıxılıb ölüb! Sonra Köçəri dayının qohumlarını qınamağa başladılar:

"Bilirsiz belədi, dükana niyə göndərirsiz?”

Xəstə qadını xırıltılı səslə ağladı:

“Təpəsinə daş düşsün, eşidir ki, adamı! Deyir evdə qala bilmirəm, ürəyim sıxılır!”
Təxminən bir saat sonra həyətdən ambulans vıyıltısı eşidildi. Bəli, gələn, daha doğrusu, gətirilən Köçəri kişiydi. Ölməmişdi. Amma doğrudan da haradasa yıxılmışdı. Üst-başı palçıq idi. Əlində, həmişəki kimi sellofan kulyok, kulyokun içində bir çörək, yüz qıram pendir, üç-dörd dəst dovğa pencəri vardı. Əlləri donsa da kulyoku atmamışdı. Dili ağzında çönmürdü yazıq kişinin. Odur ki, heç kimə heç nə deyə bilmədi. Həkimlər sakitləşdirici iynə vurub onu rahat buraxmamızı tövsiyə etdilər. Dağılışdıq.

İki gün sonra səhər işə gələndə Köçəri dayını koridordakı cırıq kresloda oturub siqaret çəkən gördüm.

“Sabahın xeyir, Köçəri dayı, həmişə ayaq üstə!”

Yaddaşını tamamən itirdiyini düşündüyümüz bu balacaboy kişi qəflətən ayağa qalxdı və ümidsiz gözlərini üzümə zilləyib sayıqlayırmış kimi danışmağa başladı:

“Hamı Zəngilana qayıdacaq, məni burda atacaqlar. Orda mənim dörd gözlü evim var, həyətində ərik ağacları...”

Darmadağın oldum.

Onu sinəmə sıxıb dedim:

“Köçəri dayı, nə qədər ki, mən sağam, burdan heç bir qurumsaq Zəngilana qayıda bilməz! Ürəyini buz kimi saxla!”

Dedim və tütün iyi verən bığlarının saralan yerindən öpdüm...

Şərif AĞAYAR
2013

_________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək