Qarabag Media
Haqqımızda Əlaqə

Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”


Tarix:22-10-2018, 13:16 Kateqoriya:Manşet / Araşdırma

Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”

Karabakhmedia.az oxucularına “Ustad” jurnalının 19-cu sayından “Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”” yazını təqdim edir.

XXI əsr Azərbaycan kinematoqrafiyasının mühüm işlərindən biri də “Əli və Nino”dur. Qurban Səidin eyniadlı romanı əsasında çəkilən film xarici kino nümayəndələri ilə yerli heyətin birgə layihəsi kimi də əhəmiyyətlidir. 104 dəqiqəlik filmin büdcəsi 20 milyon dollar təşkil edib. 2015-ci ildə Britaniyanın “PeaPie Film” kino şirkəti tərəfindən çəkilişləri başlayan “Əli və Nino” 2016-cı ildə ABŞ-ın “Sundance” beynəlxalq film festivalı çərçivəsində “Premyera” kateqoriyasında nümayiş olunub.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifisə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

Əsər

1937-ci ildə Vyanada alman dilində çap olunan “Əli və Nino” romanı qısa müddətdə bestsellərə çevrilir. Populyarlığına və 33 dilə tərcümə olunmasına baxmayaraq uzun müddət postsovet məkanına naməlum qalıb. Digər tərəfdən baxdıqda, Qırmızı Orduya qarşı mübarizədən bəhs edən əsərin sovet oxucusuna gəlib çatmamasında elə də böyük qeyri-adilik yoxdur. Əsər Azərbaycan dilinə çevrildikdən sonra maraqla qarşılandı. Həm Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması dövrünü əhatə edən hadisələrin təsviri, həm də bu hadisələr fonunda fərqli dinə, mədəniyyətə malik iki gəncin sevgi mübarizəsi baxımından rezonans doğura bildi.

Filmin mövzusu

“Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, XX əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

I Dünya müharibəsi zamanı ölkəsində rusların hakimiyyəti altında yaşayan bakılı müsəlman Əli Xan Şirvanşir əsilzadə, Nino Kipianisə gürcü ortodoks şahzadəsidir. Əli və Nino hələ məktəb illərindən bir-birlərinə aşiqdirlər, məktəbi bitirən kimi ailə qurmaq haqqında düşünürlər. Əli müasir düşüncəli, insanlar arasında dini ayrı-seçkilik etməyən, tolerant, ancaq eyni zamanda, vətənini, torpağını hər şeydən çox sevən gəncdir. Əlinin atası Səfər xan oğlunun gürcü qızla evlənmək istədiyini öyrəndikdə bunu çox sakit qarşılayaraq izdivaca razılığını verir.

Ancaq qəfildən çarın alman kayzeri, Avstriya imperatoru, Bavariya, Prussiya, Saksoniya kralı və başqalarına qarşı elan etdiyi müharibə xəbəri yayılır. Əli “bu, mənim müharibəm deyil ki” söyləyərək cəbhəyə getməkdən imtina edir. Üstəlik, təhsilini Moskvada davam etdirmək planından da vaz keçir. Əlinin yeganə düşüncəsi Ninoyla evlənməkdir. Çünki bu müharibə onun vətəni, torpağı uğrunda aparılan mübarizə deyil… Bu müharibə “onunku” deyil.

İki ayrı dinə sitayiş edən gəncin ailə qurmaq arzusuna tolerant münasibət göstərən Səfər xandan fərqli olaraq, Ninonun atası knyaz Kipiani bu nikaha bir o qədər razı görünmür. Halbuki, Əli onun süfrəsində dininə zidd olsa da, Kipianiyə görə şərab belə içmişdi. Kipiani qızını Əliyə verməyə etirazının olmadığını, ancaq müharibənin bitməsini gözləməyi deyir. Bundan qəzəblənən Əli bütün ürəyini Kipianilərin dostu, zadəgan erməni Məlik Naxararyana açıb tökür. “100 il əvvəl olsaydı, Kipianilər belə şans üçün ayağımdan öpərdi. Atam mənə güləcək. Müharibə 20 il də davam edə bilər” – deyən Əlini Məlik sakitləşdirərək Kipianiyə bu evliliyin həm siyasi, həm də ölkə baxımından əhəmiyyətli olacağını başa salacağını deyir. Əslindəsə erməni zadəganın məqsədi gözü düşdüyü Ninonu qaçırmaqdır.

Kipianilərdə müsəlmanlara münasibət birmənalı deyil. Ninonun anası Əlini “vəhşi müsəlman” adlandırır, qızını onun hərəmxanasına düşməməyə çağırır. Ninosa ta əvvəldən Əlidən yeganə xanımı olacağı vədini alıb.

Məlik Ninoyla bağlı məkrli planını operaya getdikləri gün həyata keçirməyə çalışır. Operadan qayıdarkən avtomobilində Ninoya sevgisini etiraf edən Məlik onu qaçırır. Ancaq Ninonun qaçırıldığını görən Səid Mustafa bunu Əliyə xəbər verir. Əli qəzəbli halda atına minərək Məliyin arxasınca düşür. Avtomobilin önünü atıyla kəsən Əli Məliklə əlbəyaxa davaya çıxır. Yaralansa da, düşmənini öldürməyi bacarır. Erməni zadəganın ailəsi hadisədən sonra Əlinin başına pul qoyur. Dostları, ailəsi Əlini Dağıstana qaçırmalı olurlar. Kipianilərsə Səfər xanın yanına gələrək qızlarıyla daha heç kəsin evlənmək istəməyəcəyini, bu səbəbdən onların dərhal ailə qurmalı olduqlarını deyirlər. Səfər xan bununla razılaşmayaraq Əlinin İranda olduğunu deyir. Nino valideynlərinin onu Moskvaya oxumağa göndərmək planıyla razılaşmayaraq gizlicə Dağıstana qaçır, orada Əliylə ailə quraraq xoşbəxt yaşamağa başlayır. Ninonun atası tez-tez məktublar yazır, onlara Avropaya getməyi məsləhət görür. Ancaq cütlük belə fikirdən tamamilə uzaqdır.

Günlərin bir günü Səfər xan oğlunun yanına gedərək Bakıda vəziyyətin dəyişdiyini, artıq çarın olmadığını, Naxararyanların şəhərdən qaçdıqlarını, geri qayıtmalarına maneə qalmadığını deyir. Səfər xan gəliniylə mehriban münasibət quraraq ona Əlinin anasının boyunbağısını hədiyyə edir.

Əli və Nino Bakıya qayıdarkən Azərbaycan öz müstəqilliyini elan etmə ərəfəsində idi. Bu səbəbdən Əli artıq “öz savaşı”nın başladığını qəbul edir, ölkəsinin ruslardan azad olunması üçün döyüşə gedir. Əli elə bu ərəfədə Ninonun “Oğlumuz olarsa, adını Əli qoyacağam” deməsilə körpəsi olacağını öyrənir. Hamilə xanımını İrana, qohumlarının yanına göndərir. Ancaq İran həyatı Nino üçün əzablı günlərdən başqa heç nə demək deyil. İrandakı həyat tərzinə, şəriət qaydalarına uyğunlaşa bilməyən Nino niqab bağlamaq istəmədiyi üçün saraydan çölə addımını atmır.

Ruslara qarşı mübarizədən sonra Xalq Cümhuriyyəti qurulur. Bu zaman Əli Ninonu yenidən Bakıya gətirir. Onların qız övladı dünyaya gəlir. Baş nazir Fətəli Xan Xoyski (Halit Ərgənc) Əli Xan Cavanşiri Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edir. Ancaq bu müstəqillik uzunömürlü olmur. Bir qədər sonra rus ordusu Bakını mühasirəyə alır, parlament buraxılır. Əli bu dəfə müharibənin daha da ciddiliyini dərk edir, Ninoyla qızı Tamaranı Tiflisə, Kipianilərin yanına göndərir. Ninoya söz verir ki, onu mütləq arzusunda olduğu Parisə aparacaq. Ancaq Əli və silahdaşları ruslarla döyüşdə qəhrəmancasına həlak olurlar.

Detallar

Çəkilişlər əsasən İçərişəhərdə – Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında, Asəf Zeynallı küçəsində və Türkiyədə aparılıb.

Film üçün Azərbaycan Atçılıq Federasiyasına məxsus atlar, eləcə də nadir növ Qarabağ atlarından istifadə olunub.

Filmlə bağlı maraqlı faktlardan biri də istifadə olunan avtomobillərdir. Ekran əsərində 1914-cü il istehsalı “Dodge” avtomobillərindən istifadə olunub. Onlardan biri Kipiani ailəsinə məxsusdur.

Filmdə Birinci Dünya müharibəsi, 17-ci il inqilabı, AXC-nin yaranması və süqutu fonunda yaşanan eşq hekayəsi, aparılan mübarizə uğurlu dekorasiyalar fonunda təqdim edilib. Bakının XX əsrin əvvəllərindəki mənzərəsi canlandırılıb: Parlament binasının, Şirvanşahlar sarayının dekorasiyası, Qafqaz dağlarının müxtəlif rakurslardan görüntüsü uğurla hazırlanıb. Üstəlik, filmdə Tehran və Tiflisdə baş verən hadisələr də Azərbaycanda lentə alınıb. Bütün təsvirlər Bakının qədim küçələrində, Dağıstan aulu Xınalıq kəndində, Gədəbəydə lentə alınıb.

Filmdə çatışmayan cəhətlər

Böyük tarixi detalları, mədəni koloriti göstərmək üçün 104 dəqiqə xronometraj çox az müddətdir. Ekran əsəri iki hissədən ibarət çəkilə, İran, Dağıstan və Bakının inqilabdan əvvəlki mədəni xüsusiyyətləri daha geniş təsvir oluna bilərdi. Filmdə mədəniyyət, adət-ənənələr anlamaq üçün kifayət qədər göstərilib, onları hiss etmək üçünsə kifayət etmir. Şərq mədəniyyəti, tarixi haqqında film əslində bu barədə məlumatı olmayan tamaşaçı üçün Şərq anlayışını tam aça bilmir.

Filmdə ikinci dərəcəli personajlar Əli və Nino obrazlarının kölgəsində itib-batır. Məsələn, Bakı messenatı Hacı Zeynalabdin Tağıyevin inqilabdan sonrakı kübar həyatı, faciəvi taleyi bir qədər geniş təsvir oluna bilərdi.

Filmdə qəhrəmanların şəhərdən-şəhərə getmələrinin səbəbi tam anlaşılmır. Kadrdan-kadra keçid sürətlə baş verdiyindən bəzi hadisələrin izahı göstərilmir. Misal üçün, Ninonun niyə İrana getməsi əsəri oxumayan tamaşaçı üçün qaranlıq qalacaq.

Hadisələrin tələsik təsviri onların axıcı təsvirində əlaqənin itməsinə səbəb olub.

Xarici xəbər portallarında filmi Kapadiyanın uğursuz işi, hislərini tam ifadə edə bilmədikləri üçünsə “Əli” və “Nino”nu Adamla Mariyanın uğursuz rolu adlandıranlar da az deyil.

Filmdə AXC-nin çölün düzündə hərbi düşərgədə elan edilməsi, üçrəngli bayrağın dalğalanması (üçrəngli bayraq 1918-ci il mayın 28-də yox, yarım il sonra yaranıb) yol verilmiş səhvlərdəndir.

Əlinin dostlarının, özünün vurulması səhnələrindəsə aktyorların üzündəki iztirab ifadəsi tamaşaçıların gözlədiyi qədər olmur. Emosiya çatışmazlığı digər obrazlarda da özünü göstərir.

Aktyor heyəti

Adam Bakri rejissor Hani Əbu-Əssadın “Ömər” filmində oynadığı baş rola görə tanınır.

Mariya Valverde Rodriqer “Melissa: intim gündəlik”, “Borcia”, “Deşik”, Bolşevikin zəifliyi”, “Səma səviyyəsindən 3 metr yüksəkdə” və “Səma səviyyəsindən 3 metr yüksəkdə. Mən səni istəyirəm” filmlərindən tanınan ispaniyalı aktrisadır.

Mendi Patinkin “Toni” (1980) və “Emmi” (1995) mükafatları laureatı, eləcə də üçqat “Qızıl qlobus” nominantı (1984, 1995, 2013) olan amerikalı müğənni və aktyordur.

Konni Nilsen danimarkalı aktrisa və modeldir. Aktrisa 2000-ci ildə Ridli Skottun “Qladiator” filmindəki Lutsilla və rejissor Brayan De Palmanın “Marsa missiya” elmi-fantastik filmində Terri Fişer roluna görə tanınıb.

Rikkardo Skamarço italiyalı aktyordur.

Humayun Ərşadi iranlı aktyordur. O, İtaliyada memarlıq təhsili alıb və bu sahə üzrə çalışıb. İranın yeni dalğa rejissoru olan Abbas Kirostaminin “Albalı dadı” filmindəki baş roluna görə tanınıb.

Əsad Bub 1980-ci ildə Fransanın Oriyak şəhərində anadan olan mərakeşli aktyordur. İlk dəfə rejissor Nabil Ayukun “Lolanın istədiyi hər şey” filmində Lora Remsi ilə birlikdə çəkilib.

Numan Acar türk aktyoru və film rejissorudur. Türkiyənin məşhur “Menekşe ilə Halil” serialında rejissor qismində çalışıb.

Halit Ərgənç türk serial, film və teatr aktyorudur. Uzun illər teatr səhnəsində fəaliyyət göstərsə də, daha sonra “Hiç yoktan aşk”, “Ölümün el yazısı” televiziya filmləri, “Böyle mi olacaktı”, “Kara Melek”, “Dedem Golfret ve Ben”, “Esir şehrin insanları”, “Zerda”, “Aliye” kimi seriallarla həm Türkiyədə, həm də Azərbaycanda populyarlıq qazanıb.

Heykəl

Qurban Səidin “Əli və Nino” əsəri əsasında 2010-cu ildə Tamar Kvesitadze tərəfindən Batumidə azərbaycanlı oğlanla gürcü qızın eşq hekayəsini əbədiləşdirilib. Maraqlı konstruksiyası olan heykəlin hündürlüyü 7 metrdir. Hər axşam avtomatik olaraq bir-birinə “qovuşan” heykəllər bir neçə saniyə sonra yenidən ayrılır və bu ritual hər 8-10 dəqiqədən bir təkrarlanır. 7 ton ağırlığı olan heykəlin hazırlanması 5 milyon dollar başa gəlib.

Karabakhmedia.az

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək