Qarabag Media
Haqqımızda Əlaqə

Laçında tapşırın torpağa məni...


Tarix:11-10-2018, 23:04 Kateqoriya:Manşet / Cəmiyyət

Laçında tapşırın torpağa məni... Aydın müəllimlə tanışlığımızın yaşı elə ağrılarımın, köçkünlüyümün yaşı qədərdi.
26 il əvvəl özgə bir məktəbdə, yad divarlar arasında qarşılaşanda ikimizin də dərdi bir idi. Vətənsizlik.


İkimiz də qərib bir şəhərin sakinlərinə çevrilmişdik. Onun hüznü gözlərindən oxunurdu yüzlərlə elindən ayrı düşən insanlar kimi. Sakit, həlim davranışları ilə uşaqların ürəyinə yol tapa bilmişdi.

Bir gün öyrəndim ki, Aydın müəllim gözəl şeirlər yazır, amma heç kimə oxumur... Hər kəsdən gizli saxladığı bir söz xəzinəsi var əslində.

Bir şeirini oxumağını istədim mənim üçün. Oxudu və mən onda anladım ki, hər kəs şeir yaza bilməz, hər kəs kağıza köçürə bilməz duyğularını.

Və hər kəs şair olmaz. Kimdir şair? İçindəki ağrıları, harayı gözəl bir musiqiyə çevirən, amma ruhunda gizli acılar bəsləyən kədərli bir insandır. Şairin əvəzinə sözləri, kəlmələri danışar. Hislər bir çiçəkdə, bir yağış damcısında, sərin bir mehdə, bir uşağın gülüşündə, bir qadının baxışlarında yol tapar başqalarının ürəyinə bəzən...

Aydın müəllimin ruhunun, həssas qəlbinin, yorğun illərinin tərcümanı idi şeirləri.

Hər kəsdən gizlin saxlayıb oxumadığı o şeirlər mənim Vətən həsrətimə məlhəm olmuşdu bir vaxtlar. İki il hər dərsdən sonra mütləq bir şerini oxuyardım.

Mən o zaman bildim, Aydın müəllim həm də Azərbaycan folkloru, aşıq yaradıcılığı ilə çox yaxşı tanış olan, zəngin söz ehtiyatına malik bir insandı.

İllər sonra Aydın müəllim bütün şeirlərini “Sabahım Laçındı” adlı kitabında toplayıb, oxucularına təqdim edib. Sevinirəm. Çünki müəllimim deyir ki, onun şeirlərinin işıq üzünə çıxmasında mənim də payım var.

Aydın müəllim Laçının Pircahan kəndində anadan olub. Uşaqlığı, gəncliyi o yerlərdə keçib. Təbiət vurğunu, gözəllik aşiqi, sevgi şairidi o....

Dağların əzəməti, meşələrin, çəmənlərin gözəlliyi, çiçəklərin ətri onun qələmi ilə daha yaxşı vəsf olunur.

Nə müddətdir həsrətini çəkirəm,
De, hardasan, ay bənövşə, hardasan?
Özün kimi zərif qızlar, gəlinlər
Dərib taxmaq istər döşə, hardasan?

Çiçəkli yaylağı, Başyurd, Uzunyal,
Zirvəyə diklənən o cığır, o yol.
Niskilim var ürəyimdə bolhabol,
Yandı canım bu atəşə hardasan?


Aydın müəllim qərib şairdir. Şeirlərinin çoxu ürəyinin fəryadıdır.

Həsrətin çəkdiyim dağlar
Könül sizsiz şad olarmı?
Biz ki əkiz yaranmışıq
Doğma dönüb yad olarmı?

Ağrı, niskil çəkən könlüm,
Dərd zəmisin biçən könlüm,
Qəm şərbətin içən könlüm,
Uçubdu, abad olarmı.


Onun şeirlərində təkcə Laçın həsrəti yox, Kəlbəcər yanğısı da var. Çünki Aydın müəllimi gənclik illəri Kəlbəcər rayonu ilə sıx bağlayır.

Dağlar boyda dağ gətirdin özünlə
Qüdrətdən qalanı kimə tapşırdın?
Köpüklənib sıldırımdan tökülən
Düm ağ şəlaləni kimə tapşırdın?

Ona yaraşıqdı qarı, qırovu,
Niyə tərk elədik qoca Murovu?
Bacılar, analar düşmən girovu
Perikmiş balanı kimə tapşırdın?


Sözə, musiqiyə aşiq olan bu insanın qələmindən çıxan hər kəlmə insanın ürəyinə yatır...

Nə gözəl yaraşır çəmən, dağ yara,
Şirin həsrəti ilə Fərhad dağ yara.
Çəkmə sinəm üstə düyün, dağ, yara
Əzab verməz, zülm eyləməz yar yara.


Aydın müəllim həm də yazır ki,

Taleyin yükünü tək daşımışam,
Çəkdikcə dedilər, çək, daşımışam.
Aydınam bu qədər yük daşımışam
Qaçqınlıq ən ağır şələmdir, baba.


Şair ən çox sevdiyim şeirlərindən birində isə belə deyir:

Soruşsalar nəyim qalıb Laçında,
Deyim, Laçınımda gör nəyim qalıb.
Əlimin qabarı, alnımın təri
Süfrəmdəki halal çörəyim qalıb.

Laçınsız nə həyat, Laçın qanımdır
Onsuz keçən günlər ah-amanımdır.
Özümlə gətdiyim quru canımdır
O dağlarda vuran ürəyim qalıb.

Xınalı kəkliyin xınası hanı?
Qurumuş göllərin sonası hanı?
Bəs bala əliyin anası hanı?
Bilsən neçə arzum, diləyim qalıb.


Qədimoğlunun Vətən niskilli şeirləri çoxdur. Doğma yurdundan ayrı düşüb, torpaq həsrəti çəkən bu insanın təkcə bir arzusu var. Laçında dəfn olunmaq....

Ölsəm bu yerdə dəfn eləməyin,
Laçında tapşırın torpağa məni.
Bükün gül-çiçəyə, yarpağa məni
Laçında tapşırın torpağa məni.

Kişiliyin, mənliyimin dalınca
Toy-düyünün, şənliyimin dalınca
İtirdiyim gəncliyimin dalınca
Göndərin dağlara sorağa məni
Laçında tapşırın torpağa məni.


Şeir sözün unudulmayanıdır, ölümün əlindən nələrisə xilas etməkdir. Ən gözəl sözlər şeir biçimində söylənənlərdir və ən uzun yaşayan sözlər də şeir qəlibinə girərsə, yaşaya biləcək..... (İsgəndər Pala)

Şairlər şeirləri ilə hüzünlənər, şeirləri ilə xoşbəxt olarlar. Aydın müəllimin yazdıqları da həm özünə, həm də özgələrinə təsəllidir.

Qələmin, ürəyin var olsun, əziz müəllimim! Çox yaşa, yaz, yarat! Yaz ki, biz də sənin o dəyərli kəlmələrinin işığında bir gün evimizə, elimizə yol ala bilək. Laçında torpağa tapşırılaq......

Aydın Qədim oğlu Abbasov 1935-ci ildə Laçın rayonu Pricahan kəndində anadan olub. 1949 -cu ildə Pircahan kənd 7 illik məktəbini əla qiymətlərlə bitirib və həmin ildə Laçın şəhər Pedoqoji məktəbinə daxil olub. 1953-cü ildə Pedoqoji məktəbdə təhsilini uğurla başa çatdırıb. 1953-cü ildən Kəlbəcər rayonunun Milli kənd məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1954-cü ilin oktyabrında hərbi qulluğa çağırılıb, 3 il hərbi qulluqdan sonra yenidən əvvəlki iş yerinə qayıdıb. Daha bir neçə il Kəlbəcərdə işləyib. 1959-cu ildən Azərbaycan Respublikası Maarif Nazirliyinin əmri ilə Laçın rayon xalq maarif şöbəsinin sərəncamına göndərilib və Laçın rayonunun müxtəlif kənd məktəblərində müəllimlik fəaliyyətini davam etdirib. 1970-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1975-ci ildə institutu uğurla bitirərək tarix ixtisasına yiyələnib. 1992-ci ildə Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğala məruz qalanadək Pircahan kəndində ixtisası üzrə işləyib və müxtəlif vəzifələrdə çalışıb.

Qönçəgül KAMALQIZI










SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ