Qarabag Media
Haqqımızda Əlaqə

Məhərrəmliyin mahiyyəti


Tarix:19-09-2018, 11:36 Kateqoriya:Manşet / Yazarlar

Məhərrəmliyin mahiyyətiKərbəla faciəsi İslam tarixində çox böyük hadisə, hətta deyərdim ki, dönüş nöqtələrindən biridir.

Məhz buna görə də, hər il bəzi müsəlman ölkələrində bu gün xüsusilə qeyd edilir - mərsiyələr və rövzələr oxunur, sinə döyülür. Ki, bu adətlərə tarix səhifələrində İslamaqədərki dövrlərdə də rast gəlinir. Aşura günü müşahidə edilən bir "adət" də zəncir vurmaq, qılıncla baş yarmaqdır... Bəs görəsən, ortada Quran ayələri, hədislər və məşhur din alimlərinin rəyləri var ikən əsrlərdir müsəlmanların heç cür əl çəkmədikləri, hətta haram hökmündəki bu "adətlər" niyə günümüzədək yaşayır?

Bəli, Aşura günü Əhli-Beytə zülm edilib və bu faciə həqiqi müsəlman olan hər kəsi kədərləndirir. Ancaq biz müsəlmanlar bu günlərdə doğru-yanlış, həqiqi-uydurulmuş - fərq etməz, ayinləri icra edərkən Allahın hökmlərini unuduruq. Axı müsəlman üçün Onun ayələrinin fövqündə heç bir fətva, adət-ənənə dayanmır, dayanmamalıdır. İmam Hüseynə duyduğumuz sevgi, hörmət, ehtiram nə qədər gözəl olsa da, Allah sevgisi, hər şeydən əvvəl Onun buyruqlarına əməl etmək bizim borcumuz olmalıdır. Təəssüf ki, elmi-texnoloji tərəqqinin, bəlkə də, pik həddinə yaxınlaşdığı XXI əsrdə müsəlmanlar arasında hələ də qılıncla baş yaranlara, zəncir vuranlara, özünə xəsarət yetirənlərə rast gəlirik. Halbuki Allah Qurani-Kərimin "Bəqərə" surəsinin 195-ci ayəsində buyurur: "(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". Buradan belə aydın olur ki, hər bir müsəlman Allah-Təalanın insana əmanət etdiyi canı qorumağa borcludur. Heç bir müsibət insana canına qəsd etməyə bəraət qazandırmır. Ən acınacaqlısı isə odur ki, "Aşura özünəqəsdçiləri" bu hərəkətləri İmam Hüseyn yolunda etdiklərinə inanırlar. Bu düşüncənin nə qədər yersiz və faydasız olduğunu sübut etmək çox asandır. Əvvəla, hansı "Aşura özünəqəsdçisi" iddia edə bilər ki, İmam Hüseynin, onunla birlikdə haqqı qorumaq üçün Kərbəla çölünə gəlmiş, orada şəhid olmuş, yaxud yaralanmış, əsir düşmüş din fədailərinin orada yaşadıqlarını özünə xəsarət yetirməklə yaşaya bilər? Hansı ağıl, hansı məntiq sahibi deyə bilər ki, qılıncla baş yarmaq, özünü zəncirlə döymək İslamın, onun Peyğəmbərinin, Əhli-Beytin şəninə yaraşan davranışlardır? Hansı düşüncə sahibi iddia edə bilər ki, İmam Hüseyn bu gün sağ olsaydı, belə cahil hərəkətləri görüb bəyənərdi?

Təəssüf ki, bəzən yas tutmaqda da ifrata varan müsəlmanlara rast gəlirik. Halbuki bu barədə də Məhəmməd peyğəmbərin qoyduğu bir şəriət vardır: digər müsibətlər kimi, ölüm də Allahın hökm etdiyi hadisədir və bu hökmə üsyan etmək olmaz, onu səbirlə qarşılamaq lazımdır. Doğrudur, ölüm həm dünyasını dəyişən, həm də onun yaxınları üçün ağır dərddir. Ancaq biz bəşəriyyətin ən nümunəvi insanı qismində gördüyümüz Rəsulullahın həyatına baxsaq, bu məsələdə necə davranmalı olduğumuzu görərik. Cahilliyə dövründə ərəblərdə bir adət vardı. Belə ki, kiminsə başına müsibət gələndə qadınlar bir yerə toplaşaraq ağılar deyər, üzlərini və paltarlarını cırar, saçlarını yolar, ağlayardılar. İslamın bərqərar olmasından sonra Həzrət Məhəmməd bu hərəkətləri qadağan etdi: "Yanaqlarınızı cırmayın. Üst-başını cıran, cahiliyyə duası ilə dua edən bizdən deyildir". Hədislərdən birində deyilir ki, bir qadın Rəsulullahdan soruşur: "Ya Rəsulullah, bizim sənə asi olmayacağımız yaxşı əməl nədir?" Məhəmməd peyğəmbər deyir: "Matəm etməyin". Bu cavabı eşidən səhabələr Həzrət Peyğəmbəri oğlu İbrahim ölərkən ağlayan gördükdə təəccüb edirlər. Əbdürrəhman ibn Əfv soruşur: "Sən də ağlayırsan, ya Rəsulullah?" Rəsulullah cavab verir: "Ey ibn Əfv, bu mərhəmətdir!" - və ağlamağa davam edir. Sonra isə buyurur: "Gözümüz yaş tökər, qəlbimiz hüzn çəkər. Ancaq Rəbbimizi razı etməyəcək söz söyləmərik. Ey İbrahim, bizdən ayrılmağından hüzn çəkirik". Bu hadisə bir daha sübut edir ki, İslam dünyasını dəyişən insan üçün yas tutmağı qadağan etmir, ancaq hər şeydə bir ölçünün tərəfdarı olan dinimiz bu məsələdə də həddi gözləməyin tərəfdarıdır. Çox təəssüf müasir dövrdə də bəzi insanlar düşünürlər ki, hətta azyaşlı uşaqlarını da cəlb etdikləri Aşuranın əsas məqsədi ağlayaraq savab qazanmaq, bu yolla günahlardan arınmaqdır. Təsəvvür etmək belə çətindir ki, günümüzdə Aşura günü insanları ağlamağa məcbur etməyi, Kərbəla vaqiəsini teatrallaşdırılmasını (şəbih), guya saxladığı əzanın bir məscidin hüdudlarına sığmadığını iddia edərək bunu küçə yürüşlərinə çevirməyi vacib sayanlar da var. Əlbəttə, belələrinin məqsədi bəllidir: özünü kiməsə göstərmək, başqalarını getdikcə daralan xurafatçı dairələrinə cəlb etmək, öz uydurma davranışlarını dini ayin kimi qəbul etdirmək və s. Halbuki Məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməli, əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalı, təziyə məclislərində uşaqların iştirakına yol verilməməlidir.

Sevindirici haldır ki, son illər aparılan ciddi maarifləndirmə işləri sayəsində bu gün dindarlarımızın əksəriyyəti din adından istifadə edən belə qrupların əsl niyyətini anlayır və onların ardınca getmir. Çünki o görür ki, Vətəni Azərbaycan müsəlman ölkələri arasında bir ilkə imza ataraq keçmişdən qalan zərərli dini adətləri və əlamətləri dəf edib, onun əvəzində mütərəqqi, insani, humanist addımlar atmağa başlayıb. Bir neçə ildir, Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmliklə bağlı fətvalarında baş yarmağın, qan tökməyin doğru hərəkətlər olmadığı, Aşura əzadarlığının qanun çərçivəsində keçirilməsinin zəruriliyi qeyd olunur, dindən sui-istifadə edərək Məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırılır, Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etmək tövsiyə olunur, insanlar qanvermə aksiyasında fəal iştiraka çağırılır. Özü də qanvermə aksiyası təkcə paytaxt Bakıda yox, respublikanın bir çox şəhər və rayonlarında yerləşən böyük məscidlərdə də təşkil olunur. Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, onun müavinləri, o cümlədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da həmin aksiyalarda məmnuniyyətlə iştirak edir. İnsanlar qan verməklə xəstələrə yardım edir, daha humanist, daha xeyirli addım atırlar. Artıq bəzi müsəlman ölkələrinin başlatdığımız bu ənənədən istifadə etməsi bir daha sübut edir ki, Azərbaycan dövləti heç bir sahədə, o cümlədən, din sahəsində özgələrin fikirlərinə, uydurma fətvalarına ehtiyac duymur. Əksinə, Azərbaycan dövləti Prezident İlham Əliyevin simasında başqalarına bir çox məsələdə yol göstərir, İslam dünyasının qarşısında duran çətin sualların həllində aparıcı qüvvə kimi iştirak edir və bütün bunları edərkən hər hansı "məqsəd" güdmür. Çünki siyasəti səmimidir və dinin hər zaman pak qalması, ülvi dəyərlərə xidmət etməsi, siyasətə alət olmaması onun ən ümdə məqsədlərindəndir.

Səyyad Aranlı










SON XƏBƏRLƏR
Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır
Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan