Qarabag Media
Haqqımızda Əlaqə

Səsi çatan o taya əli yetmədi Şəhriyarın...


Tarix:19-09-2018, 01:58 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Səsi çatan o taya əli yetmədi Şəhriyarın...

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda
Səlam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.


O taylı, bu taylı Azərbaycanın böyük şairi Şəhriyar. Bütün türk dünyasının sevimlisi, nisgil, göz yaşı, həsrətlə adı qoşa çəkilən Şəhriyar.

Hələ sovet Azərbaycanından hamımızın həsrət ünvanı kimi baxdıgımız o tayı bir də Şəhriyarla tanıyıb sevmişik. Bir zamanlar biz türklərin paytaxt şəhəri olan Təbrizi, milli yaddaşımızı oyadaraq bizə təkrar sevdirən Şəhriyar olub. Səsindəki həsrət və yanğıya kövrəldiyimiz, sanki bir hissəsi kəsilmiş, yaralı torpağı şeirlərində bütövləşdirən şairdir Şəhriyar. Ürəyimizdə yara açan tikanlı məftillərin ağrısını-acısını “Heydərbabaya salam”la unutmuşuq. Uşaqdan böyüyə hər kəsin dilinin əzbərinə çevrilib Heydərbabasına ünvanladığı mənzum şeiri. O taylı, bu taylı Azərbaycanın azadlıq arzularını əks etdirən Vətən şeirləri bir himn kimi dolaşıb dillərdə.

Məhəmmədhüseyn Şəhriyar 1907-ci ildə Təbrizin Qaraçəmən elinin Xoşginab kəndində vəkil Hacı Mir Ağa Xoşginabinin ailəsində dünyaya gəlib. Atası şeir və musiqini şox sevən biri olub. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən tez-tez oğlu Şəhriyar üçün oxuyarmış. İlk təhsilini Xoşgonab kəndində Molla İbrahimdən almışdı. Orta məktəbi Təbrizdə bitirmiş, 1922-ci ildə Tehran Universitetinin Tibb fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində Surəyya adlı bir qızla dərin eşq yaşayır. Lakin bu sevgi yollarında qızın yüksək rütbəli məmur qohumuyla üz-üzə gəlir. O, gənc tələbəni tutduraraq zindana atdırır, sonra isə Nişapura sürgünə göndərir. Doğma və yaxınlarından ayrılıq Şəhriyara nisgil gətirir, təqib və təhdidlər onu çətin sınağa çəkir.

Yaradıcılığa farsca şeirlər yazmaqla başlıyıb, bu dildə təkrarsız, gözəl əsərlər yaradıb. Nizami, Rumi, Xəyyam, Hafiz, Sədi, Şəms Təbrizi, Saib Təbrizi poeziyası ilə hələ gənc yaşlarından tanış olub. Ötən əsrin 19-20-ci illərindən etibarən istedadlı bir şair kimi tanınan Şəhriyar klassik şeirın bir çox şəkillərində əsərlər yazıb. Ədəbiyyatı gözəl sənət inciləri ilə-qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirib. Məhəbbət lirikasının dahiləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisə oluna bilən sevgi şeirlərinin müəllifidir Şəhriyar.

Yaradıcılığa Behcət təxəllüsü ilə başlamış, sonra Hafiz divanından fal açmaqla Şəhriyar təxəllüsünü götürmüşdür.

Məhəmmədhüseyn Şəhriyar Azərbaycan şeirinin ən yüksək zirvəsinə ucalıb.

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrıllığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?


Azərbaycan şeir aləmində Şəhriyar qədər ayrılığın, nisgilin, həsrətin rəsmini çəkən ikinci bir şair tapmaq çətindir. O sadə xalq dilində yazılmış əsərlərilə milyonların qəlbində taxt qurub. Xalqı ilə yaşadı, onun kimi düşündü, onun kimi məhrumiyyət çəkdi, kədərləndi, onunla birgə sevindi Şəhriyar.

Uşaqlığı Heydərbaba dağının ətəklərində, Xoşginabda, Şəngilavada, Qaraqurşaq kəndində, Qaraçəməndə keçən şair mühitinin zəngin etnoqrafik çalarları, qaynar həyatı, rəngarəng milli adət-ənənələrini dünya şöhrəti qazanmış “Heydərbabaya salam”mında əbədiləşdiridi. Şəhriyarın Azərbaycan türkcəsində ilk əsəri olan “Heydərbabaya salam” mənzum şeiri 1954-cü ildə Təbrizdə nəşr olunduqdan dərhal sonra bu əsərə ilk səs verən qardaş Türkiyə elindən Məhəmməd Əmin Rəsulzadə oldu. O, Türkiyədə nəşr olunan “Azərbaycan” dərgisində “Ədəbi bir hadisə” adlı uzaqgörən bir məqalə yazdı.

Bütöv Azərbaycan həsrətilə alışıb yanan, “Qırx ildir ki, dustağam mən, qaralar içrə ağam mən” deyən şair ömrü boyu Qüzey Azərbaycanı görə bilməsə də, bu yerlərin xəyalı ilə yaşamış, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə və digər şairlərlə məktublaşmış, əsərlərində tez-tez Bakını, Sabiri, Səməd Vurgunu yad etmişdir. Süleyman Rüstəmə cavab məktubundan olan bu sətirlər hər bir Azərbaycan övladının qəlbini titrədir:

Səsin mənə nəfəs oldu,
Qəbir yenə qəfəs oldu.
Bir balaca həvəs oldu,
Dedim yenə durum yazım,
Özumə bir qəbir qazım.
Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də sözündən öp,
Mən də təkəm sizə qurban,
Tək canım hammıza qurban.

Türk ellərinə, türk millətinə, türk (Azərbaycan) dilinə vurğunluğunu ifadə etdi şerlərində.

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dili qatsan bu, əsil dil, əsil olmaz,


- deyərək dilimizin qüdrətindən bəhs etdi.

Azərbaycan türkcəsində yazdığı əsərlərindən qürurlanaraq başqa bir şeirində “Türki bir çeşmə isə, mən onu dərya elədim” dedi Şəhriyar.

Doğma Türkiyəyə xəyalən səfər edərək bu yurda sevgisini, özləmini də belə dilə gətirdi:

Gəlmişəm nazlı Hilal ölkəsinə,
Fikrətin incə xəyal ölkəsinə.
Akifin marşı yaşardıb gözümü.
Baxıram Yəhya Kamal ölkəsinə.
Mən də Azər balası, Türk oğlu,
Qonağam doğma qarındaşlarıma.

“Həyat vəfasızdır” deyirlər. Haçansa payız rüzgarı əsir, qarşısına çıxan hər şeyi süpürüb aparır. Əcəl gözlənilməzdi, qaşla gözün arasındadır, görə bilmirik. Dünya gəlimli-gedimlidir. Ulu Dədə Qorqudumuz da elə bu öyüdlə Oğüz övladlarına dərs verirdi, “Torpaq almamış, yer gizlətməmiş kamınızı alın, yaxşı ad qoyun” - deyə. Əcəl xəbəri də özü kimi gözlənilməz olur. Heç kim ölümə inanmaq istəmir, inana bilmir. O ki qala Şəhriyar. Zəngin ədəbi irsi ilə yalnız o taylı, bu taylı Azərbaycanın deyil, dünyanın Azərbaycanlılar yaşayan bütün ölkələrində dərin məhəbbətlə sevilən ustad şair Məhəmmədhüseyn Şəhriyar. Heç özü də inanmazdı ki, bir gün həyatın dolanbaclarında, döngə və dolaylarında gözləyən ölüm mələyi onu öz qanadlarına alıb aparacaq. Və bir gün ildırımlar onsuz çaxacaq, ağ buludlar köynəklərini onsuz sıxacaq, novruz gülü, qar çiçəyi, min illər oldugu kimi, yenə qar altından boylanaraq günəşi salamlayacaq:

Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim gözəllərin necə oldu?
Bilməz idim döngələr var, dönüm var
İtkinlik var, ayrılıq var, ölüm var.


1988-ci ilin sentyabr ayının 18-də Tehranın Mehr xəstəxanasından duyulan acı xəbər qəfil küləklərin pəncərəyə çırpıldığı kimi ayrılığın, itkinliyin tül pərdələrini də üzümüzə çırpdı. Dünyaya gələn bir gün getməlidir. Süleymana qalmayan dünyadı bu, dogru. Amma kam almadı, nisgili, həsrətilə köçdü bu dünyadan Şəhriyar! Bu nisgil, bu həsrət təkcə özünün olsaydı, nə vardı ki, bu o taylı, bu taylı bütöv Azərbaycanın, taleyin hökmü ilə müxtəlif ölkələrə səpələnmiş dünya Azərbaycanlılarının arzusu, istəyi idi.

Çağırsa ünü yetən bu taya əli yetmədi. Göz yaşı Arazın sularına qarışaraq axdı, axdı, illəri yola saldı. Təbrizdən Bakıya, Gəncəyə, Naxçıvana uzanan yollardan soraq gəlmədi, Vətənində tək və qərib qalan Şəhriyar ömrünün son günlərində “Dünya yalan dünyadır” qənaətinə gəldi.

Qorxum budur, oyun ola,
Millət yenə qoyun ola, - qorxusuyla köç etdi Şəhriyar.


Xudafərin körpüsü Arazla baş-başa verib bu ayrılığın xiffətilə kərpic-kərpic yandı, damla-damla əridi. Ağır itki, çətin dərddir nisgilli Şəhriyar yoxluğu! Amma təsəlli də var. Təsəlli Şəhriyar sənəti, onun o tay - bu tay Vətənimizin xöşbəxt gələcəyindən xəbər verən arzularının, ümidlərinin ölməzliyi, Şəhriyarın cağdaş nəslimizə vəsiyyətidir.

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də, eşqin ilə yaşayıram.
Yaralanmış qəlbim kimi qəlbi viran, Azərbaycan !
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!


Gülparə Bayram










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”