Qarabag Media
Haqqımızda Əlaqə

Bakının fatehi — Nuru paşa


Tarix:15-09-2018, 01:03 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Bakının fatehi — Nuru paşa

Azərbaycan göydən enmiş xilaskarı bir mələk kimi qarşıladı.

Rusiyada çarizm süquta uğradıqdan sonra Zaqafqaziyada yaranmış vəziyyət Azərbaycanı və azərbaycanlıları böyük təhlükə qarşısında qoydu. Bir tərəfdən, S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni daşnaklarından ibarət ordusu, yaranmış şəraitdən istifadə edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir və başqa şəhər və qəsəbələri dağıdıb viran qoyaraq Gəncəyə doğru hərəkət edir, digər tərəfdən isə Zəngəzuru işğal edib Qarabağa hücum edən Andranik də Gəncəyə hücuma hazırlaşırdı.

Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı: «Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı — TÜRKİYƏ. Ümidlər həp oraya dikilmişdi: «O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaq». Xalqın bundan başqa bir ümidi qalmamışdı».

Hələ 1918-ci il mayın 1-də toplaşan Zaqafqaziya Seymi müsəlman fraksiyalarının birgə iclasında Trabzonda keçirilmiş sülh konfransı haqqında Seymin üzvü M.Hacınski məlumat verərkən bildirir ki, orada Ənvər Paşa və başqaları ilə söhbətlərdən məlum oldu ki, Azərbaycana geniş şəkildə kömək göstərmək üçün Türkiyə ciddi addımlar atır. Bu günlərdə Ənvər paşanın qardaşı Nuru paşa 300 nəfər təlimatçı ilə Təbrizdən keçərək Gəncəyə gəlməlidir.

M.Ə.Rəsulzadə yazırdı: «O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı».

Bu elə bir zaman idi ki, Gəncəyə həm Bakıdan hərəkət edən Q.Korqanovun başçılıq etdiyi və əksəriyyəti ermənilərdən ibarət sovet ordusu, həm də Zəngəzur və Qarabağ istiqamətində hərəkət edən Andranikin nizami quldur dəstələri təhlükə altına almışdılar. Azərbaycan Cümhuriyyətinin və Azərbaycan xalqının ölüm-dirim məsələsi həll ounurdu. Belə bir vaxtda F.X.Xoyski hökumət adından Türkiyə dövlətinə müraciət edərək, real hərbi kömək göstərməyi xahiş edir. Sonradan, Azərbaycan parlamentinin birinci iclasında Xoyski bu haqda demişdi: «May ayının 28-də Azərbaycan İstiqlaliyyətini elan edərək, öz hökumətini yaratdısa da, bu hökumət qanun və qayda yaratmaq, ölkənin müdafiə işində aciz idi. Çünki heç bir hərbi qüvvəmiz və silahımız yox idi. Türkiyə ilə bağladığımız müqaviləyə əsasən, Azərbaycan Türkiyədən bir qədər əsgəri yardım ala bilərdi. Hökumət bu haqda Türkiyə hökumətinə müraciət etdi. Özünüz bilirsiniz ki, Türkiyə öz borcunu yerinə yetirdi».

Beləliklə, Türkiyənin iki qrupdan ibarət 5-ci Qafqaz diviziyası Gümrü-Dilcan-Qazax istiqamətində Azərbaycana doğru hərəkət etdi. Birinci qrup iyunun 11-də, ikincisi isə iyunun 12-də Qazaxa çatdı. Burada azərbaycanlılar türk ordusunu görünməmiş bir sevinc və səmimiyyətlə qarşıladılar. Sonra Karpat cəbhəsindən 15-ci Çanaxqala diviziyası da Gəncəyə gəldi. Nuru paşanın komandanlığı altında, Azərbaycan korpusu ilə birləşən bu hissələr Qafqaz İslam Ordusunu yaratdılar.

Nuru Paşanın Gəncə və Bakı yürüşləri heç də rəvan keçmir. Bu yol ciddi maneələr və çətin döyüşlərlə müşayiət olunur. Belə ki, türk və bolşevik qüvvələri Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşı-qarşıya dayanır. Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa bolşeviklərə qarşı hücumun iyunun 28-də başladılmasına qərar verir. Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına baxmayaraq, düşmən qüvvələrinin görülən işlərdən xəbərdar olduğu aydınlaşır. Bolşeviklər iyunun 27-də üç tabor piyada ilə səhər tezdən hücuma keçir. Düşmən qüvvələri Göyçay-Qaraməryəm yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan zərbə endirir. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırılır. Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm — Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, ciddi müqavimət göstərirlər. Bolşeviklərin taktika və manevrlərini vaxtında sezərək, döyüşlərin gedişini dəyişməklə düşmənin qarşısı alınır.

Türk Qafqaz İslam Ordusu Göyçay yaxınlarında savaşarkən, rus kazakı polkovnik Biçeraxov 1500 nəfərlik hərbi qüvvəsi ilə Ənzəlidən gəmilərlə hərəkətə başlayır və 1918-ci il iyulun 2-də Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxır. O, Şaumyanla görüşüb, cəbhə bölgəsi ilə bağlı dəyərləndirmə aparır. Biçeraxov iyulun 6-da rusbolşevik — erməni daşnak qüvvələrinin komandanlığına gətirilir. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi. Nuru Paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini görür, bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından narahatlıq keçirir. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətini hasil edən Paşa Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verir.

Qafqaz İslam Ordusu Göyçay ilə Salyan-Neftçala bölgələrindəki düşməni təmizlədikdən sonra iyul ayının ortalarında paytaxt Bakıya 130 kilometr yaxınlaşır. Qarşılarında Ağsu təpələri və bundan sonra isə Şamaxı vardı. Ənvər paşa Nuru paşaya göndərdiyi əmrdə Bakının tezliklə düşmən işğalından qurtarılaraq hərbi hərəkatın sona çatmasını istədiyini bildirirdi. Çünki Almaniya və Rusiyadakı bolşevik Sovet idarəsi hərbi yürüşün dayandırılması üçün təzyiqlərini get-gedə artırırdılar. Nuru paşanın nəzarəti altında olan hərbi qüvvələr iki qrupa ayrılmışdı. Şimal qrupu kurmay yarbay Osman bəyin komandanlığı altında Şamaxı üzərindən Bakıya hərəkət etməli idi. Cənub qrupuna Azərbaycan türkü olan Həbib Səlimov komandirlik edirdi və bu qrup Müsüslü-Kürdəmir-Hacıqabul-Bakı dəmir yolu xətti boyunca cənuba doğru irəliləməli və qarşısındakı düşməni təmizləməli idi.

Bakının azad edilməsi üçün hazırlıqların getdiyi bir vaxtda, almanlar şəhərin türklərin əlinə keçməsini istəmədiklərindən Türkiyə Baş Qərargahına etdikləri təzyiqi daha da artırdılar. Bununla belə, Qafqaz İslam Ordusunun bir çox hərbi birləşmələri ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını almağa çalışırdı.

Qafqaz İslam Ordusunun Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırır. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının üzərinə göndərilir. Həmin qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatır.

Qafqaz İslam Ordusu Bakıya yaxınlaşdıqca, Bakı Xalq Komissarları ətrafındakı siyasi qüvvələr də ayrılmağa, get-gedə parçalanmağa başlayır. Azərbaycan türklərinin milli mənafelərini təmsil etməyən bu qüvvələr Bakının əldən çıxacağı təqdirdə, törətdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxaraq bu vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Şaumyanın əleyhinə çıxan dairələr ingilis ordu birləşmələrinin Bakıya gələrək, türklərə qarşı vuruşmasının yeganə çıxış yolu olduğu qənaətinə gəlirlər.

Rus-erməni hərbi birləşmələri və Lenin başda olmaqla bolşeviklərin ciddi səylərinə baxmayaraq Qafqaz İslam Ordusu Bakını azad edə bildi.

Paytaxt azad olunduqdan sonra ordu hissələri Qarabağa göndərilir və Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatına başlanılır. Uğurlu döyüşlərlə Türk-Azərbaycan qoşunları Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırır. Lakin Türkiyənin Birinci Dünya müharibəsində uduzması Nuru Paşanın bu işini yarımçıq qoyur. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalır. Nuru Paşa 1920-ci il aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlir, bolşeviklərə qarşı döyüşlər aparır, Aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırır. Daha sonra bir Azərbaycan süvari alayı və bir batareya ilə Türkiyəyə dönən Nuru Paşa Ərzuruma gələrək Naxçıvan dəstəsinə qoşulur və azadlıq mübarizəsində iştirak edir.

İstanbula yiyələnən ingilislər Nuru Paşanı həbs edir və onu Batumiyə gətirirlər. İngilislər onu Bakı yürüşündə «minlərlə erməninin öldürülməsində» suçlayırdılar. Heç bir güzəştə gedilmədən paşanın edamına hökm verilmişdi. Xəbər Bakıya çatdıqda Azərbaycan hökuməti paşanın həbsdən azad edilməsi yollarını aramağa başladı. Baş nazir Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanova: «Nağı, Nurunu Batumda tutublar» deməklə, onun qarşısına paşanı xilas etmək vəzifəsini qoyur. 1919-cu ilin martında azərbaycanlılardan ibarət xüsusi hazırlanmış silahlı dəstə Batumidə həbsxanaya basqın edərək qurbanlar bahasına da olsa paşanı oradan qaçırmağa nail olur.

Beləliklə, Nuru paşa yenidən Azərbaycanda idi. Azərbaycan 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra ermənilər qarışıqlıqdan faydalanaraq, Qarabağda, Zəngəzurda və Göyçədə baş qaldırır, qırğınlar törədirlər. Nuru paşa 1920-ci ilin iyununda Qarabağda bolşevik idarəsini devirir və irəliləyən «Qırmızı ordu»ya və erməni qüvvələrinə ağır zərbələr vurur.

Əlbəttə, bu döyüşlər qurbansız başa gəlmədi. Türkiyədən göndərilən hərbi hissələrdə 10 min nəfərə yaxın əsgər və zabit olmuş, Azərbaycanın azadlığı uğrundakı döyüşlərdə onlardan min nəfərə yaxını canını qurban vermişdi.

Bu qurbanlardan biri də İzzət bəy adlı bir türk əsgəriydi ki, Şamaxı yaxınlarındakı Acıdərədəki məzarda uyuyur. O gündən bu günə qəbirin adı «Türk məzarı» olaraq xatırlanır.

Bəxtiyar Vahabzadə «Tənha məzar» şeirindən bir neçə misranı, lövhəylə yazdıraraq yolçular gəlib keçdiklərində görə biləcəkləri bir məkana asdırıb:

Yolun kənarında tənha bir məzar
Üstündə nə adı var nə soyadı.
Ey yolçu, maşını saxla bu yerdə
Soruş kimdir yatan tənha yerində.
O bir Türk zabiti qəhrəman, mətin
Doğma qardaşına köməyə gəldi.
Qırğına tutulan millətimizin
Haqlı döyüşünə köməyə gəldi.
Uzaqdan hay verib sənin səsinə
Gəldi, gəldi dönmədi öz ölkəsinə.
Düşmən tərəfini o, soldan sağa
Biçib dəstəsiylə cəbhəni yardı.
Torpağın uğrunda düşüb torpağa
Sənin torpağını sənə gaytardı.
Özü qoruduğu, həm can verdiyi
Yolun kənarında dəfn edildi o.
Uğrunda canını qurban verdiyi
Torpağı özünə vətən bildi o,
Yolçu avtomobili bu yerdə saxla.
O məzar qarşısında sən təzim eylə.
Hörmət et, dua ver onun ruhuna,
Ayaq basdığın yer borcludur ona.

Türklərin bizim azadlığımız uğrunda bu fədakarlığına ən yüksək qiyməti M.Ə.Rəsulzadə vermişdir: «Sonra mənhuz bir ixtilal nəticəsində məzarları unudulmuş qalan Anadolu məhəmmədcikləri Bakıdakı şəhadətləri ilə Türklüyə yeni bir siyasi vücud əta ediyorlardı. Məddətən unudulmuş, fəqət mənən bütün qəlblərdə dəfn edilmiş bu qəhrəman Şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə bir fədakar yatmasın!..?

Cavid Şahverdiyev










SON XƏBƏRLƏR
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb