Qarabag Media
Haqqımızda Əlaqə

Zəngəzur dağlarında


Tarix:5-09-2018, 00:48 Kateqoriya:Manşet / Tarix

Zəngəzur dağlarında

“...İkimərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz aralarında kədərli-kədərli danışan, cır-cındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 58-60 yaşlarında, orta boylu, rus generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı: - Andronik paşa! Andronik paşa! - deyə əl çaldı. Andronik əlini qaldırıb onların sakit olmalarına işarə etdi. Hamı sakit olub, gözünü ona dikdi. Andronik dedi: - Qaxdaqanlar! Elindən, kəndindən ayrı düşmüş ermənilər! Mən sizin dərdinizi bilirəm. Yaşamağa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqamışda qoydunuz. Burda isə sizin dərdinizə ağlayan, qeydinizə qalan yoxdur. İndi məndən kömək istəməyə gəlmisiniz. Mən əlimdən gələni edəcəyəm. Mən türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin!...”

Bu sətirlər vaxtilə Zəngəzurda baş verən o qanlı hadisələrin canlı şahidi olan yazıçı Əyyub Abbasovun ötən əsrin 50-ci illərində qələmə aldığı məşhur “Zəngəzur” romanındandır. Faktlara əsaslansaq, Ararat hökumətinin tapşırığı ilə günahsız əhalinin qanını tökən və bununla “məşhur”laşan Andronik hələ 1917-ci il dekabrın 19-da erməni milli şurasının iclasında bildirirdi ki, “Əgər siz məni Ermənistanın oğlu sayırsınızsa, mən günü sabah Ərzuruma yola düşərəm... türkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün öz rəşadətli dəstəmlə gedərəm və məni heç kəs dayandıra bilməz”.
Üzeyir bəy Hacıbəyli 17 oktyabr 1919-cu ildə qələmə aldığı “Ermənistan və Azərbaycan münasibəti” məqaləsində Zəngəzur faciələrinə gətirib çıxaran səbəblərdən danışaraq qeyd edirdi ki, “Qarabağ erməni cəmaətinin Azərbaycan torpağında yaşarkən təbii Azərbaycan hökumətinə və qanunlarına tabe olmaq lazımdır deyə, məqül və müvafiqi-məntiq qərarından sonra erməni üsyançıları, daşnak agentləri Zəngəzur tərəfə qaçıb orada fəsadlar törətmək və şeytanətlər icra etmək üçün müsaid bir zəmin tapdılar. Şübhəsiz, Ararat barmağilə idarə olunan və daşnak rəhbərliyi ilə iş görən bu müfsid güruhun təqib etdiyi məqsəd ortaya “Zəngəzur məsələsi” çıxarmaq idi”.

Üzeyir bəy ermənilərin bitib-tükənməyən “arzuları”nın davamı olan bu məsələyə “ermənilər tərəfindən ortaya çıxarılmış “Qarabağ məsələsi”nin mabədi” kimi baxır və qeyd edir ki, “Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezdən biridir”.

Üzeyir bəy “Zəngəzursuz Qarabağ- Qarabağ ola bilməz” deyərkən bu regionun tarixən formalaşan iqtisadi-mədəni əlaqələrinin qırılmazlığını nəzərdə tuturdu: “Zəngəzurun vəziyyəti-sövqəlceyşiyəsi və köçərilərimiz üçün yaylaq olması bunu isbata kafidir. Bunu hər kəs bilir və yüz il bundan əqdəm Pənah xan dəxi bildirmiş ki, Qarabağ xanlığını təşkil edərkən Zəngəzuru dəxi o xanlığın mühüm bir hissəsi həsbilə yədi-idarəsinə almışdı”.
Zəngəzura olan iddialarına haqq qazandırmaq üçün orda ermənilərin 80 faizdən çox olduğunu bildirənlərin “məntiq”i ilə ölçülsə idi, gərək Ermənistanın nəzarətində olan və yalnız azərbaycanlıların yaşadıqları bütün ərazilər Azərbaycana veriləydi və o vaxtlar ermənilərin Naxçıvana iddialarının nəyə əsaslandığını anlamaq mümkün deyildi. Bir də elə həmin dövrdə dünyaya erməni haqlarından dəm vuranların 1918-ci ilin yazında və yayında Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər dəhşət doğurur. Həmin vaxtlar Zəngəzur torpaqlarında əhali yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə məhv edilir və öldürülənlərin böyük əksəriyyəti də qadınlar, qocalar və uşaqlar idi. Andronikin quldur dəstələrinin hücumları nəticəsində Zəngəzurun Azərbaycan kəndləri ağır vəziyyətdə idi. Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvü Mixaylovun məlumatlarına görə, Andronik Azərbaycan hüdudlarına soxulduqdan sonra müsəlman əhalisinə ultimatum verərək onlardan erməni hökumətinə tabe olmağı, yaxud da qəza ərazisini tərk etməyi tələb etmişdir. Qəza müsəlmanları bu göstərişə tabe olmadıqları üçün ermənilər belə bir qəddarlığa əl atmışdılar. Bu vəhşiliklər nəticəsində 1918-ci ilin yalnız yay və payızında Zəngəzurda 115 Azərbaycan kəndi məhv edilərək dağıdılmışdı. Tam olmayan məlumatlara görə, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, qəzada ölənlərin, yaralananların və şikəst olanların sayı 10 068 nəfərə çatmışdır.

O vaxtlar milli münaqişələrdən, insan tələfatlarından bəhs edəndə ümumi rəqəmlər açıqlansa da, N.Nərimanovun haqlı olaraq göstərdiyi kimi, hər dəfə ölənlərin 99 faizini yalnız müəyyən millətin, yəni, azərbaycanlıların nümayəndələri təşkil edirdi.

1918-ci ilin yayından başlayaraq Zəngəzurda baş verən qanlı hadisələr erməni cəlladların belə qeyri-insani əməllərdə nə qədər səriştəli olduqlarını bir daha dünyaya nümayiş etdirdi. Ermənilərin Göyçə mahalında törətdiyi cinayətlər Andronikin yaxın silahdaşı, mayor Vahramın “xatirələr”ində daha aydın görünür: “Mən heç nəyə fərq qoymadan Basarkeçərin turk əhalisini məhv etdim. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itləri qırmaq üçün ən yaxşı vasitə odur ki, döyüşdən sonra sağ qalanların hamısını yığıb quyulara doldurasan və üstündən ağır daşlar qoyasan ki, onlar bu dünyada qalmasınlar. Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları yığıb quyulara tökdüm, quyuların ağzını daşlarla bağlayaraq onların işini bitirdim”. (A.Lalayan-Kontrevolyutsionnıy daşnaksutyun i imperialastiçeskaya voyna 1914-1918 q.Azərb. EA Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, 14 səh. 50).

“Azərbaycan” qəzetinin 1919-cu il 14 yanvar tarixli sayında qeyd edildiyi kimi, məhz bu məqsədlə “...Ermənilər minlərlə müsəlmanı doğrayır, qanımız sel kimi dağlara, səhralara axıdılır, yüzlərlə kənd yerlə-yeksan edilir, ermənilərin ayaqları altında namusumuz tapdalanır. Hara baxırsansa, bax, hər yerdə müsəlman qaçqınlarıdır, hər yerdə qadınların, qızların ağlaşması eşidilir. Ermənilər bu torpaqları müsəlmanlardan təmizlədikdən sonra bizim xalqdan artıq burada bir iz də qalmayacaq...”

Zəngəzur torpaqlarında daşnakların 1918-ci ildə törətdiyi qanlı cinayətlərin mərkəzində yenə də qəddar cani və qatil, bu gün isə rəsmi Ermənistan, erməni lobbisi və diasporu tərəfindən “erməni xalqının milli qəhrəmanı” kimi dünya ictimaiyyətinə təqdim edilən tayqulaq general Andronik durur. Bu cinayətlərin başlanğıcı Ərzurumda qoyulmuş, Naxçıvanda, Göyçə mahalında, İrəvanda daha amansızlıqla davam etdirilmiş, Zəngəzur və Qarabağda əsl mənada vəhşilik səviyyəsinə çatdırılmışdı. Nəticədə on minlərlə azərbaycanlı, kürd əhalisi dəhşətli əziyyətlərə, məhrumiyyətlərə məruz qalmış, həlak olmuş və yaralanmışdı. Həlak olanların əksəriyyəti yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə qətlə yetirilmişdilər. Bu da məlumdur ki, ölənlərin böyük əksəriyyətini qadınlar, qocalar və uşaqlar təşkil etmişdi. Bəli, yaxın tariximizin acı təcrübəsi və həqiqətləri belədir.

O dövrdə erməni xislətini gözəl bilən Üzeyir bəy Tiflisdə nəşr olunan erməni qəzeti “Slovo”nun Zəngəzurla bağlı Azərbaycan və Ermənistan arasında gedən diplomatik notalardan danışarkən erməni tərəfin daha “yumşaq” tonda danışdığını bildirməsini belə şərh edirdi: “Erməni notasının hüzur və etidalə riayətlə yazıldığını biz də inkar etməyirik. Lakin bu “pişiyim-pişiyim” ilə bizim torpağımızın ən mühüm bir qitəsini əlimizdən almaq istəyənlərə acıq tutmamaq və hiddət etməmək qabildirmi? Əgər Azərbaycan Ermənistanın torpağından bir parçasını ən mülayim. ən şirin, hətta “mən ölüm və qurban olum” təbirləri istemalinə varıncaya qədər yumşaq bir dil ilə istəsə və bunda da israr etsə, Ermənistan böylə bir həqsiz tələbdən hiddət etməzmi? Bundan başqa, bir var ki dildir, bir də var ki əməl. Zəngəzur haqqında” mülayim dil ilə bizə nota verən Ermənistan, Zəngəzur müsəlmanlarının başına nasıl dürüşt zalimanə və birəhmanə oyunlar gətirir... Qafqaz cümhuriyyətləri arasında “ixtilaflı məsələlər”də birinci qılınc çəkən, birinci olaraq qardaş qanı tökən erməni cümhuriyyəti oldu ki, sülh və saziş təriqindən imtina edib gürcü üzərinə hücum etdi. Özgənin malına və torpağına təmə edən yenə birinci Ermənistan oldu ki, Naxçıvan üzərinə hücum edib özgənin yerinə sahibləndi və bugünkü eyni Ermənistandır ki, məqsədi Azərbaycan torpağına dəstdirazlıq etməkdir. Azərbaycan öz torpaqlarını qorumaq üçün qılınc çəkməyə məcbur olacaqsa və arada qan töküləcəksə, hamısının məsuliyyəti Ermənistan üzərinə aid olacaqdır. Bunu bir Azərbaycan deyil, bəlkə hər kəs və hətta Qafqazla əlaqə peyda etmiş Avropa hökumətlərinin nümayəndələri də iqrar edirlər”.

Xalq şairi Rəsul Rza “Ömürdən səhifələr” şeirində erməni quduzluğunun simvoluna çevrilən Andronik haqqında yazırdı:

Bəs o kimdir at üstündə,
özündən razı .
Kimə oxşayır. Allah,
kimə?
Elə bil ki, qaba bir əl toxunur
incə simə.
Gözlərimdə canlanır
Naxçıvanın Arazı.
Söndürülmüş ocaqlar,
Əbədi susdurulmuş uşaqlar.
Qanlı üzlər keçir gözlərimdən,
min-min azı.
Bağırmaq istəyirəm:
-Hardan gəldi bura
bu dələduz!
Daşa dönmüş daşürəkli quduz!


Bəxtiyar QARACA,
“Azərbaycan”










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib