Qarabag Media
Haqqımızda Əlaqə

Vaz keçməyin xəfifliyi


Tarix:24-08-2018, 01:12 Kateqoriya:Manşet / Yazarlar

Vaz keçməyin xəfifliyiTürkan TURAN

Bəzən nələrdənsə vaz keçmək insanın yükünü xəfiflədir. Baxmayaraq ki, bizi ovucumuzun içində olanı qorumaq, “əsla yarımçıq qoymaq olmaz” düşüncəsi aşılayaraq böyüdüblər. Bəlkə də, buna görə əlimizə nə keçibsə, yığıb ömrümüzün rəflərinə sığdırmışıq.

Həyatımız köhnə, istifadəyə yararsız duyğular, düşüncələr, alışqanlıqlar, münasibətlər, öhdəliklər və rollarla doludur. Yeni nəsə əldə edib dolaba yerləşdirmək istəsək başımıza aşacaq kimi olur. Çünki yer yoxdur, məhduddur. Nə gəlibsə bir balaca boş gördüyümüz yerə dürtməyə çalışmışıq, həndəvərimizdə kim dolaşıbsa, yığıb doldurmuşuq içəriyə. Nəticədə ruhumuz darısqal, alçaq, yarıqaranlıq, havasız yerə çevrilib. Əslində bu mənzərənin yaranmaması üçün vaz keçmək, imtina etmək lazımdır. Bəzən qorxuruq, verdiyimiz qərarın nəticəsinə qatlana biləcəyimizə inanmadığımız üçün bu qarışıqlığa razı oluruq. Halbuki vaz keçmək xüsusi bacarıqdır! Böyük güc, iti zəka, sarsılmaz iradə tələb edir. Asan deyil, əksinə, çətindən də çətindir. Elə o qədər də qiymətlidir. Yaşadıqca əhəmiyyətini anlayırıq. Çox vaxt acizlik, zəiflik kimi görüntü yaradır. Hərçənd ki, özünə güvənən, komplekssiz, eqosundan arınmışlar bu möhtəşəmliyin dərinliklərini görə bilirlər. Bəzən nəyisə möhkəm tutub əl çəkmirik. İtirməmək naminə xəta üstünə xəta edirik. Əlimiz çatan insana, nəsnəyə, hissə ipləri bağlayıb, elə bərk yapışırıq ki, ətimizdə yaranan qançırı, ipin kəsdiyi damarımızı görə bilmirik. Əslində, bu cür möhkəm yapışmaqla intihar edirik, xəbərimiz olmur! Elə ümidlərimiz də, “bu dəfə mütləq olacaq” dediyimiz yerdən qırılır.

Yaşadığımız ağrıların, problemlərin əksəriyyətinin səbəbi vaz keçəbilməməkdir. İsrar edirik, inadlaşırıq, vurub qırırıq, yolları dağıdırıq, körpüləri yandırırıq, həyatımız bahasına olsa da buraxmaq istəmirik. Bağlılıq deyib özümüzü aldadırıq, ehtiras deyib hissimizi rahatladırıq. Həqiqətin önünə pərdə çəkirik, uduzmağı həzm edə bilmədiyimiz üçün ilişib qalırıq.

Məsələn, çox sevdiyimiz insan olur. Bir müddət hər şey qaydasında, öz axarı ilə davam edir. Xeyli vaxt keçir, arada soyuq rüzgarlar əsməyə başlayır. Münasibətlərdə canlılıq itir, şuxluq gedir, rənglər solur, bax beləcə qırılmayacağına əmin olduğumuz kəndirlərin sürtülə-sürtülə yeyildiyini görürük. Ayrılıq məqamı yetişir, havalanırıq, ağrı içində qalırıq, yatağa düşürük. Hələ bir az da, uzağa gedib yerlə yeksan oluruq. Həmin an əsən küləyin yönünü dəyişmək, qışdan bahara keçid etmək, ağılasığmayan hər şeyi reallaşdırmaq istəyirik. Bircə bitməsin, bircə getməsin, bircə tükənməsin deyə... Bu münasibətlə zəhləmiz tökülənə qədər məşğul oluruq. Bir gün baxırıq ki, könül bulandırmaqdan başqa təsir gücü qalmayıb. Bütün bunları bilə-bilə yenə də qopmuruq. Bu isə kökündən yanlışdır.

Dəyər verdiklərimizi həyatımızın kandarından canını qurtarırmışcasına sivişib qaçmağını seyr etməkdənsə, bütün hissini, duyğusunu, şələ-küləsini qoltuğuna verib qapıları ardına qədər açıb yola salmaq ən doğrusudur. Getmək istəyəni zorla saxlamaq olmaz.

Minlərlə insan var sevmədiyi işdə çalışır, görmək istəmədiyi insanlarla hər gün üz-üzə gəlir, səsini eşitməyə dözümü olmadığı müdirinin sözlərini udmalı olur, amma vaz keçmir! Çünki çox insan alışqanlıqlarından keçəcək qədər cəsarətli deyil. Hələ əgər bu işə xeyli enerji xərcləyibsə, çıxıb getmək ona məğlubiyyət kimi görünür. Beləliklə, içdən-içə yox olmağa, hər gün bir az tükənməyə razı olur, amma əl çəkmir.

Çoxumuz beləyik. Münasibət bitibsə, ucundan tutub ucuzluğa sürüyürük. Sevgi ölübsə, basdırmaq əvəzinə cəsədini çiynimizə alıb daşıyırıq. Yaşımız keçibsə, artıq heç bir faydamız, qatqımız olmayan işimizdən, rahatlığına öyrəşdiyimiz kreslomuzdan əl çəkmək əvəzinə, özümüzü yapışqan kimi aparırıq. Vampir kimi qanını sovurduğumuz nə varsa möhkəm yapışırıq, bacardığımız qədər canımıza çəkirik. Bircə damcını belə qənimət bilirik. Dayandığımız yerdə çürüməyə, sovrulub, buxarlanıb yox olmağa razı oluruq. Niyə? Çünki vaz keçə bilmirik. İllərlə eyni problemlərlə boğuşuruq, bitab düşürük, fürsətləri qaçırdırıq, vaxtı itiririk. İmtina edə bilmədiyimiz, geridə qoyub davam etmədiyimiz hər şey həyatımızda o qədər basırıq yaradır ki, əlimizi, qolumuzu tərpədə bilməyəcək vəziyyətə gəlirik.

Buna görə də vaxtında vazkeçmək, əl çəkmək, imtina etmək lazımdır. Əks halda bir qığılcımla başlayan yanğın, qısa vaxtda yayılıb, varlığımızı təpədən dırnağa qədər külə çevirəcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"