Qarabag Media
Haqqımızda Əlaqə

Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur


Tarix:8-08-2018, 00:24 Kateqoriya:Manşet / Qarabağ

Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur

Rusiya imperiyasının XIX yüzilin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi.

Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahim xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır.

Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilədən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi (№18), Kartli-Kaxet çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi (№19), I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri (№24), Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi (№25), Car-Balakən andlı öhdəliyi (№27), Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər (№26), Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b. nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür.

Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi. Həmin müqavilənin bağlanılması barədə məlumat verildiyi bildirilən siyahıda Qarabağ xanlığının da adı çəkilirdi. Bununla birgə Qarabağ xanlığının vəziri M.P.Vaqif Tiflisdə bu münasibətlə keçirilən tədbirlərdə iştirak etmişdi (№19).

Beləliklə, Rusiya Qarabağ xanlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi əsasında traktat bağlamaqla ona ciddi önəm verirdi. Kürəkçay müqaviləsi preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında şuşalı və qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur.

Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi.

Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. XI maddə ratifikasiya haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur.

Bütün bunlarla bərabər, Qarabağ xanlığının müsəlman dövləti olması və onun 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq yeni tarixi şəraitdə imzalanması onun 5, 8, 9, 10, 11 və b. artikullarda irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılmışdır. Rus və gürcü dillərində imzalanan 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, Kürəkçay müqaviləsi yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə Qarabağ xanlığına dair təəhhüdlərdə özünü biruzə verir.

1783-cü il Georgiyevsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının formalaşdırılması üçün əsas olduğu kimi, 1805-ci il 14 may Kürəkçay müqaviləsi Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 1805-ci il 22 may Kürəkçay müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr müqavilələri üçün əsas olmuşdu. Bu müqavilələrdə yalnız yerli şəraitlə bağlı olan bəzi dəyişikliklər (bacın miqdarı və s.) edilmişdi. Rusiya tərəfindən 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsilə Kürəkçay müqaviləsinə son qoyuldu.

Y.Mahmudov, K.Şükürov “Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (Bakı, 2009)” kitabından

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi