Qarabag Media
Haqqımızda Əlaqə

Mədəniyyət xəzinəmizin incisi — Şəhid xanəndə Şahmalı Kürdoğlu


Tarix:6-08-2018, 03:36 Kateqoriya:Manşet / Mədəniyyət

Mədəniyyət xəzinəmizin incisi — Şəhid xanəndə  Şahmalı KürdoğluMəlahətli səsə, yanıqlı avaza malik olan Şahmalı Kürdoğlu əslində, bütün ömrü boyu qəzavü-qədərin izlədiyi, yaxasından əl çəkmədiyi qarabəxtli bir sənətkar idi. Tanrı ona bənzərsiz səs bağışlasa da, boy-buxunu ilə fərqləndirsə də, çoxundan yaraşıqlı olsa da, bəxtindən yarımadı. İndi ona qulaq asanda bulaq kimi təmiz, dağ havası kimi saf səsinin yumşaq ahənginə qoşulub getmək istəyirsən. Sanki onun avazından qopan bu həzin harayda Vətənin dərdləri dil açıb danışır. Musiqiyə, səsə pərəstiş etdiyimiz zamandan üzü bəri o qədər gözəl avazlı xanəndələr, müğənnilər görmüşük ki... Onların könlündən su içən səslərdə oxşarlıq da olub, bənzərsizlik də. Bəzən də bir ifadan neçəsini xatırlamışıq, bəzən də "bu səsdən olmaz" demişik. Yəqin ki, bu fikri təsdiqləyən xiridar çox olar ki, Şahmalı Kürdoğlu bütün həmkarlarından fərqlənirdi. Təkcə taleyi, həyat yolu, qədəri ilə deyil, həm də səsi ilə.Onun səsində qeyri-adi bir yanğı var idi və bu yanğı öz gücünü elə bir ocaqdan götürüb ki, bitib-tükənmirdi. Ona qulaq asdıqca adama elə gəlir ki, bu səs heç vaxt yarı yolda dayanmaz, mənzili də çox uzaqdır. Bu çağlar səsin ünyetməzliyinə qoşulub getmək istəyirsən. Bu titrəyişlər adamın ürəyini soğan qabığı kimi soyur. Bizim müqtədir, görkəmli, səsi ilə ürəklərimizə hopmuş çox qabil ifaçılarımız var. Amma Şahmalı bənzərsiz idi. Onun səsi qulaqlıq deyildi. Səs adlı bir ruh idi.

Mədəniyyət xəzinəmizin incisi — Şəhid xanəndə  Şahmalı Kürdoğlu

Ötən əsrin əvvəllərində qəddar ermənilərin soydaşlarımıza qarşı törətdiyi haqsızlıqlar neçə-neçə ailənin öz yurdundan, yuvasından didərgin düşməsinə səbəb olub. Yandırılan, dağıdılan mülklər, malikanələr deyildi. Mənəviyyat da qətlə yetirilirdi. İnsanlar qəzavü-qədərin yazdığı qara yazıların badına gedirdi. Haqsızlıqlara dözməyən Mirsəqulu Fətəliyev Dərələyəzi bürümüş erməni taunundan xilas olmaq üçün çox gənc yaşlarından Qarabağa üz tutub. Qisas aldığı daşnaklar isə zaman-zaman bu qoçaq, mərd türk balasını daim axtarıblar. Sonda Ağdamın Qiyaslı kəndinə sığınan Mirsəqulu düşmən hədəfinə keçməmək üçün adını gizlədib. Vaxtilə dağların o tayından Qarabağa gələn insanları yerli əhali "kürd" çağırardı. Erməni riyakarlığından gizlənən Mirsəquluya bu ad sərf edirdi. Elə bu adla da tanınıb, hörmət, nüfuz qazanıb. Kürd adlanan bu yaraşıqlı oğlan günlərin birində də Qiyaslı gözəli Gülnisənin qəlbinə od saldı. Onlar eyni bir ocağı alışdırdılar. Erməni gözündən yayınmış Mirsəquluya Allah bir oğul bəxş etdi. Adını Şahmalı qoydular. Ana ərinin başına gələn bədbəxt hadisələrdən xəbərdar idi. Ona görə də oğlunun soyadını "Hacıyev" yazdırdı ki, ermənilər onu tapmasınlar. Şahmalı böyüdükcə Mirsəqulu kişi fikir edirdi ki, doğma balası onun soyadını daşımır. Ona görə də el-obada Kürd adı ilə tanınan atanın bu qondarma ismi Şahmalının baş biletinə əslində, soyad kimi düşdü. Orta məktəbi Ağdamda bitirən Şahmalı Kürdoğlu əvvəlcə Ağdam musiqi məktəbində təhsil alıb. Atasının taleyi, üzləşdikləri haqsızlıqlar onu Aşqabadda ali hüquq təhsili almağa aparıb. Hüquqşünas olmaq ən böyük arzusu idi. Amma qəribədir ki, o, heç bir zaman bu sahədə işləməyib. Keçmiş DTK-nın apardığı araşdırmalar nəticəsində bildirilib ki, "sən kulak oğlusan". Ona görə də hüquq sahəsində işləyə bilməzsən.
Mədəniyyət xəzinəmizin incisi — Şəhid xanəndə  Şahmalı Kürdoğlu

Hələ uşaqlıqdan səsi ilə onu eşidənləri heyrətə gətirən Şahmalı bax, onda anlayıb ki, Allah bu vergini ona elə-belə bağışlamayıb. Hər zülmətin bir işıqlı səhəri də var! Həyatın zərbələrindən yıxılmamaq üçün sənət yolunu dəyişib. Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub. O, burada Seyid Şuşinskidən dərs alıb. Bülbülün, Xan Şuşinskinin, Əbülfət Əliyevin, bir sözlə, o dövrün tanınmış səs və sənət sahiblərinin təkidi ilə Şahmalı Bakıda qalıb. Bir müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. Bəzən deyirlər ki, Şahmalının muğam ifaçılığında Seyid Şuşinskinin üslubu, Xan əminin səs çalarları var. Oxuyan kimi bilirsən ki, bu səsin mayası Qarabağda yoğrulub. Əlbəttə, bunlar ürəkaçan fikirlərdir. Amma bir məsələ var ki, Şahmalı Kürdoğlunun səsindəki yumşaqlıq və səsin tükənməzliyi onu dinləyənlərdə doyumsuzluq yaradırdı. Nizami Gəncəvi söyləmişkən, bir inci saflığı olan suyu da artıq içəndə ziyan edir. Ən müqtədir, ən ecazkar xanəndəni də saatlarla dinləmək mümkün deyil. Bəzən insanın buna fiziki gücü çatmır. Qəribədir ki, Şahmalının ifasından da ayrılmaq mümkün deyil. Özü insafa gəlib oxumağını saxlamasaymış, insanlar bu səsin ahəngində özlərinə qapılıb xəyalların mürgüsündə uyuyarmışlar.

Bu unudulmaz xanəndənin lent yazılarına qulaq asanda mütləq bir söz fikirləşirsən. Bu səsdə ofsun var. Yoxsa bu qədər yerində donub tərpənməz vəziyyətə düşmək hansı hikmətin nəticəsidir.Doğrudur, çalışdığı opera və balet teatrında Şahmalı Kürdoğlu baş rollar yaratmırdı. Ancaq epizodik obrazları ona "etibar" edirdilər. Bunun səbəbini dəqiq bilməsək də, Şahmalını tanıyan pərəstişkarlarından eşitdiklərimiz bizi riqqətə gətirdi: "Teatra ancaq Şahmalıya görə gedərdik. Bizim üçün fərq etmirdi, o, hansı obrazı yaradır, səsini eşitmək kifayət idi".

Mədəniyyət xəzinəmizin incisi — Şəhid xanəndə  Şahmalı KürdoğluUnudulmaz xanəndəni yaxından tanıyan yazıçı Mustafa Çəmənli söyləyir: "Şahmalı ən çox Füzulinin qəzəllərini oxuyardı. O, əsl füzulişünas idi. Şahmalı olan məclisdə hər adam Füzulidən, onun şeir dünyasından danışmağa cəsarət etməzdi. Şahmalı Bakı Dövlət Universitetinin filologiya fakültəsini də qiyabi bitirmişdi. Sözə o qədər həssasdı ki, toylarda, məclislərdə muğam oxuyanda ətrafındakıları belə, unudardı. "Şur", "Zabul-segah", "Bayatı-Şiraz" oxuyardı. Amma elə ki, "Rast"a keçərdi, sanki ilahiləşirdi".

Şahmalı Kürdoğlu ilə bir məktəbdə oxumuş, sonralar onun pərəstişkarına çevrilmiş musiqişünas Vəli Məmmədov mətbuata verdiyi müsahibələrində xatırlayır ki, Şahmalı çox istiqanlı, mehriban insan idi. Onun filarmoniyada keçirilən konsertləri sözün əsl mənasında mədəni hadisəyə çevrilirdi. Şahmalı Kürdoğlu qeyri-adi şirin, məlahətli səsi ilə filarmoniyanı lərzəyə gətirərdi. Tamaşaçılar öz məhəbbət və rəğbətlərini sürəkli alqışlarla bildirərdilər. Şahmalıya vurğun kəsilən çox olardı. Hərdən də bu isti münasibət bəzilərinin xoşuna getməzdi.

Şahmalı sənətin şahlıq taxtında bir ağayanalıq edirdi. Amma qəzavü-qədərin əlləri öz işini görürdü. 1978-ci ildə Şahmalını həbs ediblər. Danışırlar ki, onun bu tora düşməsinə əsas səbəb ermənilər olub. İddiaçı da, şahidlər də, məhkəmə prosesini aparanlar da, hökmü oxuyanlar da. Bir daşnak qadının hiyləsi ucbatından bu müəmmalı həbsin əsas mahiyyəti dəqiq açılmasa da, nəticəsi ağır olub. İnsanlara mənəvi zövq bağışlayan, səsi ilə qəlbləri fəth edən, Azərbaycan ifaçılıq mədəniyyətinə öz imzasını atan, muğam və xalq mahnılarımızın mahir ifaçısına on il iş kəsiblər. Zindan həyatı da bu mərd, ağayana kişini - musiqi bağının şaqraq bülbülünü susdura bilmədi. Dünyada xeyirxahlar tapılıb. Uzun çək-çevirdən sonra Şahmalının günahsız yerə həbs edildiyi məlum olub. Ömrünün altı ilini dustaqlıqda keçirən Şahmalı Kürdoğlu nəhayət, düşdüyü şərdən qurtuldu. Bundan sonra isə Bakıda da yaşamaq istəmədi. Elə bil ki, hər şeydən yorulub, bezmişdi. Doğulduğu yurda, doğma Qarabağa üz tutdu. Təkcə işi, günü-güzəranı deyil, çox planları, eləcə də ailəsi dağıldı. Bir müddət həyatın bu zərbələrinə çətinliklə sinə gərən Şahmalı Kürdoğlu doğmalarından gördüyü xoş münasibətin, məhəbbətin və dəstəyin hesabına yenidən ayağa qalxdı. Artıq o boylu-buxunlu, yaraşıqlı kişi yaşlanırdı. Saçlarına ağ çiçəklər yeni-yeni naxışlar salırdı. Təzədən ocaq qaladı, ailə qurdu. Tanrı ona bir oğul payı da verdi. Adını öz isminə bənzətdi: Şahiməli. Bu fidan bala ilə bağlı arzuları çox idi.
Bu hadisəni də bizə bir rəssam danışıb. Şahmalı Kürdoğlu təkcə gözəl səsə, ifaçılıq qabiliyyətinə malik deyildi. Onun həm də qeyri-adi rəsm çəkmək istedadı var idi. Əgər tale üzünə gülsəydi və Bakıda yaşamaq uzun müddət davam etsəydi, bəlkə də Şahmalını biz bu gün bir rəssam kimi də təqdim edə bilərdik. Deyilənə görə, səsi qədər əl qabiliyyəti də qeyri-adi olub. Rənglərin dili ilə kətan üzərində qəribə mənzərələr, natürmortlar, portretlər və s. çəkərdi. Paytaxtdan gedəndə bu yaradıcılığını əli ilə saldığı güllü bağda həyata keçirib.
Mədəniyyət xəzinəmizin incisi — Şəhid xanəndə  Şahmalı Kürdoğlu

Bir başqa xatirədən də aldığımız məlumat bizi çox təsirləndirdi. Ağdamın Qalayçılar kəndində yaşayan Muxtar Məmmədov adlı kənd sakini müxtəlif vəzifələrdə çalışmış bir nüfuz sahibi idi. O, ölüm yatağında olarkən doğmalarına bir vəsiyyət edib: "Bilirəm ki, mən öləndə molla gətirəcəksiniz. Quran oxudacaqsınız. Məni ağır-əziz edəcəksiniz. Son arzumu yerinə yetirin. Şahmalını tapıb yanıma gətirin. Bu dünyaya onun səsiylə "əlvida" demək istəyirəm". Kişinin arzusunu xanəndəyə çatdırıblar. Deyilənə görə, Şahmalı Kürdoğlu "Rast" muğamını oxuyub.

İstədim dərdimi pünhan edim,
Səndən nə pünhan, ey təbib!..


Şahmalı səsinin yaratdığı hüzn və ağır kədər məclisə toplaşanları hönkür-hönkür ağladıb.

...Ermənilərin torpaq iddiasına başladığı gündən Ağdamın qara günləri Şahmalını bir az da tez qocaltdı. Dostları, qohumları ona tez-tez deyirdilər: "Bəlkə sən öz evindən köçüb başqa yerdə yaşayasan. Sənin həyət-bacan erməni hədəfindədir. Evinin üstündən gündə neçə mərmi ötür. Bir dəfə də olmadı belə..." Bütün bu təkidləri qulaq ardına vuran Şahmalı Kürdoğlu min bir zəhmətinin, qurub-yaratmaq həvəsinin bəhrəsi olan cənnət misallı bağına, həyətinə baxıb deyərdi: "Mən bu gözəllikdən necə əl çəkim. O limonu, feyxuanı, naringini, armud ağaclarını öz əllərimlə becərmişəm. İndi onları yiyəsiz qoyum? Bir də Allahın altından hara qaçacağam? Alnıma nə yazılıbsa, o da olacaq". Bəzən də dostları inadlaşanda həzin bir avazla cavab verərdi:

Əgər tutsam qəmim eldən nihan,səbri qərarım yox,
Və gər şərhi-qəmi-pünhanım etsəm,cəmi küsarım yox,
Əsiri bəndi-zindanəm,əlimdə ixtiyarım yox.
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?


Bu klassik cavabdan sonra hər kəs başını aşağı salıb həqiqətən də, qəzavü-qədərin hökmünü gözləyərdi.

1992-ci ilin payızında Qiyaslı mütəmadi olaraq ermənilər tərəfindən atəşə məruz qalırdı. Mərmilərsə bir quş kimi Şahmalının yaşadığı xanimanın üstündən ötüb-keçirdi. Maraqlıdır ki, qonum-qonşular şiddətli atışma zamanı zirzəmilərdə daldalansalar da, Şahmalı elə bil ki, bütün bunların acığına çıxıb bağında əyləşər, əsəbi şəkildə bu qasırğanın nə vaxt sakitləşəcəyini pərişanlıqla gözləyərmiş. Döyüşə bilməməsi ona əzab verirdi. Bir gün 8 yaşlı oğlu ilə birlikdə bağında nar yedikləri yerdə həyətə düşən mərmidən həlak oldular. Ata-balanın qanı narın rənginə qarışaraq daş hasarlı limonlu bağın - gül-çiçəkli xanimanın çəkilməz dərdinə bir haray qopardı. Deyilənə görə, o vaxt dağıdılmış evlərin birindən qurulmuş maqnitofonun səsi gəlirmiş. Şahmalı özünə ağı deyirmiş:

Xədicəm saçlarını dalğa-dalğa daramış,
Xudam bizi torpaqdan, onu nurdan yaratmış.


Ata-balanı bir qəbirdə dəfn etdilər. Düşmən qara muradına yetdi. Bu dərdə necə dözsün ana?! Dinləyənlər bilirlər ki, Şahmalı Kürdoğlu "Şur"u, "Rast"ı, "Çahargah"ı, "Heyratı"nı, "Segah"ı necə yanıqlı avazla təsiredici oxuyardı? Bu muğamlarımız çox xanəndənin yaradıcılığında zirvələr fəth edib. Şahmalı Kürdoğlunun nəfəsindən qopan muğamlar bu zirvələrin zirvəsi idi. "Rast"ın yeri isə tamam başqa aləm idi. Haqlı olaraq deyirlər ki, Şahmalı "Rast"ı qəribə tərzlə, qəribə məhəbbətlə oxuyardı. Onun "Rast"ı adamı düşündürərdi.
Bu vəfasız dünya kimləri unutdurmayıb? Hərdən xiffətlə soruşmaq istəyirsən - bəlkə heç bunlar olmayıb? İndi eşitdiklərimiz qədim bir əfsanədən gələn sədadır! Hər nədirsə, həqiqətdir. Qəzavü-qədərin ömrü boyu izləyib qətlə yetirdiyi Şahmalı Kürdoğlu unudulmuş unudulmazların sırasındadır. Onun ecazkar səsi, gözəl ifası, mədəniyyət xəzinəmizin incilərindən sayılır. Nəfəsi kəsilsə də, özü şəhid olsa da, səsi ki yaşayır. O, səs dünyasına günəş kimi doğulmuşdu. Kaş ki, bu günəş dağları aşıb belə qəfil sönməyəydi. Şahmalını yaxından tanıyanlar, onun səsinin oduna tutuşanlar yaxşı bilirlər ki, Tanrı ona çox şeyi səxavətlə vermişdi: boy-buxun, yaraşıq, mərdlik, yaradıcılıq qabiliyyəti, səs, fərqli xarakter, iradə, səbir, dözüm və nəhayət, sevib-sevilmək məziyyəti, qurub-yaratmaq eşqi... Əsirgədiyi bir tikə bəxt idi. Bunun da ucbatından həyatı boyu etibarsızlıq, xəyanət, qəfil zərbələr onu izləməkdən əl götürmədi. Fəxri adlar, təltiflər ünvanını tanımadı. Heç indi də xatirəsini anan elə çox deyil. Bir sənətkar kimi nə dirinin siyahısında oldu, nə ölünün. Bunları da bir tanınmış həmkarım danışıb mənə. "Cəzaçəkmə müəssisəsinin klubundakı səhnədə onu oxutmaq istəyiblər. Heç bir israrı, təzyiqi, əlavə cəzanı eyninə almayaraq Şahmalı qətiyyətlə deyib: "Mən dustaq paltarında səhnəyə çıxa bilmərəm. Bu, sənətə hörmətsizlikdir".

Xalqımızın acılı-şirinli günlərini məhz öz ahəngində yaşadaraq əsrlərin dizini qatlaya-qatlaya üçüncü minilliyin əbədiyaşar sənət qalasına çevrilən muğamların qabil ifaçılarından ən ustadı sayılan Şahmalı Kürdoğlu musiqimizin inkişafında özünəməxsus xidmət göstərib. Belə bir xanəndənin, unudulmaz səs sahibinin daim xatırlanması, ifalarının səsləndirilməsi çox vacibdir. Şahmalı Kürdoğlunun ifaçılıq məktəbindən öyrənməyə dəyər.

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı