Qarabag Media
Haqqımızda Əlaqə

Əbdürrəhim bəy və pasport – Rüstəm Kamal


Tarix:7-07-2018, 01:14 Kateqoriya:Manşet / Araşdırma

Əbdürrəhim bəy və pasport – Rüstəm KamalƏbdürrəhimbəylə pasport arasında gizli, sirli və anlaşılmaz bir münasibət yaranmışdı. “Paşpurtu”nu həmişə qoltuq cibində gəzdirirdi. Hara gedirdisə, özü ilə götürərdi. Əbdürrəhimbəy hər səfər öncəsi pasportunu yoxlayırdı. Evdə onu etibarlı yerdə saxlayırdı. Qoyduğu yerdə tapmayanda bərk narahat olurdu. Ya xanımından, ya da Yevgeniya Osipovnadan yerini soruşurdu. Pasport obrazı (Yunq arxetipi kimi götürsək) onun təhtəlşüurunda həmişə zühur edir. İndi kim sübut edə bilər ki, Mozalanbəyin səyahəti zamanı pasportla bağlı başına gələnlər Əbdürrəhimbəyin təxəyyülünün məhsuludur?

Əbdürrəhim bəy Haqverdiyevin böyük, sirli şəxsiyyəti, zəngin yaradıcılığı insanın “xəyalat”ında bəzən elə obrazlar və məqamlar yaradır ki, onları esse kimi yazanda sən də fantastik realistə çevrilirsən…

Müəllifdən

1906-cı ildən Ağa Məhəmməd şah Qacarın demonik varlığı Əbdürrəhimbəy Haqverdiyevə rahatlıq vermirdi. Material toplamaq üçün mütləq İrana getməlidir.

Dünya isə qarışıb bir-birinə. Bu vurhavurda kim ona “zaqraniçni paşpurt” verər? İmperator Nikolay Pavloviç başını itirib. Dövlət Duması buraxılıb. Onun “zaqranoçni paşpurt” xahişi hər iki tərəfi (Rusiyanı və İranı) şübhələndirə bilərdi.

Həm də çarın vaxtı hardadır ki, bir müsəlmanın, bir tatarın məktubunu oxusun. Məktubun Peterburqa gedib-gəlməsi ən azından bir ay çəkəcək.

Bəlkə əlahəzrət imperatora müraciət etsin? Hətta çara yazacağı məktubun ilk cümlələri də başında artıq hazır idi: “Ə osmelivaösğ prositğ Vaşe İmperatorskoe Veliçestvo o vısoçayşem povelenii Vaşem vıdatğ mne paşport na pol qoda, osobennıy i çrezvıçaynıy, v kotorom bı velikim imenem Vaşim sklonəlisğ vse vlasti i naçalstva Vostoka k okazaniö mne pokrovitelğstva vo vsex tex mestax, qde budu proxoditğ ə”.

Məktub Peterburqa çatan kimi, çar və onun nazirləri onun şəxsiyyəti ilə mütləq maraqlanacaqlar. Yəqin ki, deyəcəklər ki, Allahın müsəlmanı, tatarı (azərbaycanlısı) pyes yazmaq istəyir. Özü də kimdən? – Şah Qacardan.

Bəlkə Peterburqdakı köhnə əlaqələri işə salsın? Peterburqda oxuduğu zaman Orta Asiyaya səyahətlər etmiş Vəli xanın oğlu Sultanla möhkəm dostlaşmışdı. Bu mehriban, qonaqpərvər ailəni yaxşı tanıyırdı. Peterburq mədəni elitasının bir çox nümayəndələri ilə bu evdə tanış olmaq fürsəti qazanmışdı.

“Paşpurt” almağı onlar kömək edə bilərdilər. Amma Əbdürrəhimbəy bu fikirdən tez də vaz keçdi…

Əbdürrəhimbəylə pasport arasında gizli, sirli və anlaşılmaz bir münasibət yaranmışdı. “Paşpurtu”nu həmişə qoltuq cibində gəzdirirdi. Hara gedirdisə, özü ilə götürərdi. Əbdürrəhimbəy hər səfər öncəsi pasportunu yoxlayırdı. Evdə onu etibarlı yerdə saxlayırdı. Qoyduğu yerdə tapmayanda bərk narahat olurdu. Ya xanımından, ya da Yevgeniya Osipovnadan yerini soruşurdu.

Pasport obrazı (Yunq arxetipi kimi götürsək) onun təhtəlşüurunda həmişə zühur edir.

İndi kim sübut edə bilər ki, Mozalanbəyin səyahəti zamanı pasportla bağlı başına gələnlər Əbdürrəhimbəyin təxəyyülünün məhsuludur?

O, pasportunu götürüb Tiflisə tez-tez gəlməyi, Tiflisdə mehmanxanalarında (“Oriyant”, “Tehran”, “İnsafiyyə”…) nömrə \götürməyi sevirdi. Mehmanxana qapısından girən kimi, pasportunu kanturçuya təqdim edirsən. “Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim” (“Mozalanbəyin səhayətnaməsi”). Lakeylər, nökərlər isə cəld çamadanını nömrəyə qaldırır…

Pasport onun səyyar – sərgərdan ruhunun əşyavi təsdiqi – sənədi idi. O günləri şirin xatirə kimi xatırladı: “Bəli, getdim “İnsafiyyə” mehmanxanasına. Oturub mehmanxana sahibi ilə söhbət edirdik. Bu halda beş-altı nəfər iranlı daxil oldular, nömrə istədilər.

Bunların altısına bir nömrə verib, hamısından başburt istədilər. Müsafirlər başburtlarını bir-bir çıxartdılar, verdilər. Bir nəfər də başburtu kantorçuya uzadıb dedi: “Sən Allah, yaxşı yerə qoy itməsin, özgənindir”. İranlılar getdilər mənzillərinə. Mən kantorçudan xəbər aldım ki, məğər özgə başburtu ilə də gəzmək olar? Dedi: “İranda olar. bu kişinin işi yəqin təcilə düşüb, yoldaşının başburtunu götürüb, gəlib. Yoldaşı da bir yerə getmək istəsə gedib bir neçə manat verib, bir ayrı başburt alıb, onunla hara lazımdır, yola düşəcək. Nə dəftərə baxmaq var, nə haralı olduğunun təhqiqi var; pul ki verdin, yazıb verirlər” (“Həmşəri pasportu”).

Arada pasport üçün İranın “Tiflisdə müqim olan səfərətxanasının sekretarına” müraciət etməyi də ağlından keçirdi.

Son ümidi Əziz Şərif idi. Qərara gəldi ki, elə bu saat Tiflisə, Əziz Şərifə məktub yazsın: “Əziz qardaşım Əziz!

Bəd ər ərzi – salamdan sonra bu gün sənin təfsil məktubunu aldım… “Ağa Məhəmməd Şah Qacar” xüsusunda səninlə söhbət eləmişdim. Düma dağıldıqdan sonra dörd ay Peterburqda qalıb, Dövlət kitabxanasında “Ağa Məhəmməd şah Qacar” üçün material cəm etdim. Və Qafqaza gələndən sonra onu yazıb tamam etdim. Amma bunlar kifayət eləmir. Ümmid ki, İrana, Mazandarana səyahət edəm. Gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-iki həftə möhlət istəyir…”

Tiflis İran həmşəriləri ilə dolu idi.

Əbdürrəhim bəy yaxşı bilirdi ki, Tiflis uşaqlarına Əziz Şərifin bircə işarəsi kifayətdir ki, Şeytanbazarda xırda alverlə, kustar sənətlə məşğul olan, Tiflis mehmanxanalarına dolmuş həmşərilərdən istədiyi pasportu alsın. Hansı həmşəriyə yaxınlaşsa, “cibindən bir İran paşpurtu çıxarıb deyəcək:

- Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata düzəlir, amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Dörd manat verib özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib mənə verərsiniz. Mən də sahibinə verrəm”.

Əlqərəz, Mazandarana səyahəti baş tutur. “Ağa Məhəmməd şah Qacar” üçün xeyli material toplayıb pyesi tamamladı.

Amma Əbdürrəhimbəyin “paşpurtu” kimin adına alması bir sirr olaraq qalır. Şeyx Şəbanın, Mirzə Səfərin, Mazandaran vilayətində, Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlunun adına almışdı, yoxsa Mirzə Fətəli Məhəmmədtağı oğlunun?

Rüstəm Kamal,
filologiya elmləri doktoru, professor










SON XƏBƏRLƏR
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub