Qarabag Media
Haqqımızda Əlaqə

Nəcəfqulu bəy Vəliyev - 160


Tarix:7-07-2018, 00:42 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Nəcəfqulu bəy Vəliyev - 160 Şair-tərcüməçi, həvəskar aktyor Nəcəfqulu bəy

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəfqulu bəy Vəliyev 1858-ci ildə Şuşada anadan olmuşdur. O, tarixin müxtəlif dövrlərində görkəmli dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmış Baharlı tayfasının layiqli övladlarından biridir. Şərqin, o cümlədən Azərbaycanın ictimai-siyasi, mədəni həyatında aparıcı rol oynamış Baharlı tayfasının görkəmli şəxsiyyətlərindən Əlişəkər bəy Baharlı, Bayram xan Baharlı, Mirzə Əbdürrəhim xan Baharlı, Mirzə Vəli bəy Baharlı Nəcəfqulu bəyin ulu babalarıdırlar. Bu məqalə “Şərq tarixi: Baharlılar” (I kitab, Bakı, 2013) adlı monoqrafiyam əsasında hazırlanmışdır.

Nəcəfqulu bəyin atası Mirzə Məhəmmədhəsən bəy Vəliyev Bakıda, Qubada quberniya katibi vəzifəsində işləmiş, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Şirvan seyidlərinin şəcərələrini ərəb dilindən rus dilinə tərcümə etdiyi üçün çar hökuməti tərəfindən medalla mükafatlandırılmışdır. Məqalədə təqdim edilən Nəcəfqulu bəy Vəliyevin fotoşəkli Sevda xanım Məmmədovaya məxsusdur. O, Nəcəfqulu bəy Vəliyevin nəticəsidir.
Nəcəfqulu bəy Vəliyev ilk təhsilini Şuşada almış, ikiillik Quba şəhər məktəbində oxumuşdur. Rus, fars dillərini mükəmməl bildiyi üçün uzun illər Bakı quberniya idarəsində tərcüməçi işləmişdir. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1886-cı ilə aid arxiv sənədində o, Bakı quberniyası katibi vəzifəsində çalışmışdır. Nəcəfqulu bəy Vəliyev istedadı, qabiliyyəti sayəsində atası kimi hökumət yanında hörmətli şəxslərdən sayılmışdır.

Nəcəfqulu bəy Vəliyev Mir Möhsün Nəvvabın təşəbbüsü ilə Şuşada fəaliyyət göstərən “Məclisi-fəramuşan” (“Unudulmuşların məclisi”) adlı ədəbi məclisin üzvü olmuş, “Şeyda” təxəllüsü ilə klassik üslubda şeirlər yazmışdır. Onun haqqında ilk məlumat və yaradıcılığından bəzi nümunələr Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” (Çapa hazırlayanı və ön sözün müəllifi: filologiya elmləri namizədi Əkrəm Bağırov) (Bakı,1998) əsərində verilmişdir.

Bu kitaba daxil edilmiş Nəcəfqulu bəy Baharlı sərlövhəli yazıda qeyd edilmişdir: “Nəcəfqulu bəy Mirzə Məhəmməd Həsən bəy oğlu Baharlı Qarabağ vilayətinin əhalisindəndir. Baharlı Şuşaya tabe olan kəndin adıdır. 33 yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin övladlarındandır. (Mirzə Vəli bəy Baharlı-O.Z.B). Bəzən şeir yazır. Aşağıda yazılmış müxəmməs onun şeirlərindəndir. Təxəllüsü Şeydadır.”
Kitabda Mirzə Yəhya bəy Qarabaği adlı şair haqqında da yazılmışdır. “Təzkireyi Nəvvab”ı çapa hazırlayan və ön sözün müəllifi filologiya elmlər namizədi Əkrəm Bağırov bir sıra faktları əsas gətirərək Nəcəfqulu bəy Baharlı ilə Mirzə Yəhya bəy Qarabağinin eyni şəxs olması qənaətinə gəlmişdir.

Tanınmış ədəbiyyatşünas alim Nəsrəddin Qarayevin topladığı və tərtibçisi olduğu “Poetik məclislər” (Bakı, 1987) kitabına tanınmış şairin bir müxəmməsi daxil edilmişdir. Nəcəfqulu bəy Vəliyevin yaradıcılığı ilk dəfə kitab halında 2006-cı ildə Bakıda çap edilmişdir. Nailə Mustafayevanın nəşrə hazırladığı Nəcəfqulu bəy Vəliyevin “Şeirlər” adlanan bu kitabına müəllifin qəzəlləri, müxəmməsləri, müstəzadları, rübailəri, dübeytləri, müxtəlif şeirləri, qitə, hekayə və əfsanələri, tərcümələri, tövbənaməsi daxil edilmişdir. Onun “Gülşəni-maarif” təzkirəsi filologiya üzrə elmlər doktoru Paşa Kərimovun ön sözü ilə nəşrə hazırlanmış, 2014-cü ildə Bakıda işıq üzü görmüşdür.

Nəcəfqulu bəy Vəliyev Azərbaycan teatr tarixinin inkişafında əvəzsiz xidmətlər göstərmiş sənətkarlardan biridir. Onun adı həvəskar aktyor kimi milli teatr tariximizdə xüsusi yer tutur. Onun və aktyor qardaşı Əbülfət bəy Vəlinin adları H.Mahmudbəyov, C. Zeynalov, H.Ərəblinski, H.Q.Sarabski, M.Əlvəndi kimi görkəmli teatr xadimləri ilə bir sırada çəkilir.

Nəcəfqulu bəy Vəliyevin aktyorluq fəaliyyətinin görkəmli tədqiqatçısı professor Cəfər Cəfərov onun yaradıcılığına obyektiv qiymət vermiş, maraqlı fikirlər söyləmişdir. Mərhum teatr tədqiqatçısının fikrincə, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun “Hacı Qara” tamaşasında Hacı Qara obrazını ilk dəfə Əsgər bəy Adıgözəlov oynamışdır. Bu rolun ikinci ifaçısı isə Nəcəfqulu bəy Vəliyevdir. Cəfər Cəfərov Nəcəfqulu bəy Vəliyevin teatr fəaliyyətini bu cür qiymətləndirmişdir: “80-cı illərin axırlarına doğru Azərbaycan teatrının artıq Nəcəfqulu Vəliyev və Cahangir Zeynalov kimi görkəmli həvəskar aktyorları öz sənətkarlıqları, ağıllı oyunları ilə tamaşaçıların diqqətini cəlb edirlər. Gözəl müşahidə qabiliyyətinə malik olan bu aktyorlar, eləcə də adları mətbuatda çəkilən bir çox başqaları xalqın məişətini, adət və ənənələrini yaxşı bildiklərindən, təbii və inandırıcı, canlı və təsirli səhnə surətləri yaratmağa müvəffəq olurlar”

Cəfər Cəfərovun tədqiqatlarına istinadən Nəcəfqulu bəy Vəliyev 1887-ci ildə Bakıdakı teatr dəstəsinə rəhbərlik edən Həbib bəy Mahmudbəyovun köməkçilərindən biri idi. 1888-ci ildə teatr dəstəsi inkişaf edərək truppa halında formalaşırdı. Üç ildən sonra Gürcüstandan Bakıya gəlmiş Nəriman Nərimanov da bu truppanın üzvü olmuşdur.

Azərbaycanın professional musiqili teatrının banilərindən biri, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabski öz xatirələrində Nəcəfqulu bəy Vəliyevi yada salmışdır: “...Bir dəfə cümə günü dərsimiz olmadığına görə bibimgilə getdim. Otağa girib gördüm bibimin əri Ağabba bəyin yanında gözlüklü bir nəfər oturub deyir: “bu bileti al!” Mən onun nə bileti olduğunu sordum. O, - Nəcəfqulu bəy Vəliyev – dedi: “Bu teatr biletidir”. Teatr adını eşitcək Ağabba bəyə yalvarıb dedim: “Mən heç teatr görməmişəm, bilməyirəm necə olar, mənim üçün də birini al, mən də gedim görüm nə var!”

Nəcəfqulu bəy mənim həvəsimi görüb əlində olan biletlərdən birini mənə verərək dedi: “Mən bu bileti sənə bağışlayıram, get tamaşa elə!”....” .
“Kommunist” qəzetində çap edilmiş Hüseynqulu Sarabskinin səhnə fəaliyyətinin iyirmi illik yubileyi münasibəti ilə yazılmış məqalədə qeyd olunur ki, o ilk dəfə teatrda M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına tamaşa etmişdir. Bu tamaşadan sonra H.Sarabski teatrı sevmiş, fikrini Nəcəfqulu bəy Vəliyevə bildirmişdir. Nəcəfqulu bəy onu evinə dəvət etmiş, burada Nəriman Nərimanovla tanış olmuşdur.

Qulam Məmmədlinin araşdırmalarına görə, Mirzə Fətəli Axundovun anadan olmasının 100 illik yubileyi münasibətilə Nəcəfqulu bəy Vəliyevin iştirakı ilə “Sərgüzəşti-mərdi-xəsis”, “Məstəli şah” komediyalarının tamaşası hazırlanmışdır. “Yeni İrşad” qəzetinin 20 oktyabr 1911-ci il sayında dərc edilmiş “M.F.Axundovun yubileyinə dair” başlıqlı yazıda bu barədə məlumat bildirilmişdir.

Nəcəfqulu bəy Vəliyev görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin bacısı qızı İmarət xanım Adil bəy qızı Məlikova ilə ailə həyatı qurmuş, Züleyxa xanım (1890-1908), Səltənət xanım (1893-1976), Məhəmmədhəsən bəy (1896-1937), Cavad bəy adlı dörd övladı olmuşdur.

Nəcəfqulu bəy Vəliyev məşəqqətli həyat yaşamış, ağrılı-acılı ömür sürmüşdür. Görkəmli aktyor, rejissor olan kiçik qardaşı Əbülfət bəy Vəlini erkən yaşlarında itirmişdir. Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra digər qardaşı Məmmədtağı bəy İsveçrəyə mühacirət etmiş, özü isə ailəsi ilə təqib olunmuşdur. Nəcəfqulu bəy Vəliyevin ilk övladı Züleyxa xanım toyu ərəfəsində qəflətən dünyasını dəyişəndə 18 yaşında idi. Kiçik oğlu Cavad bəy uşaq yaşlarında vəfat etmişdir. Böyük oğlu görkəmli dövlət xadimi, ensiklopedik alim Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) 1937-ci ildə həbs edilib, Nargin adasında güllənənəndə ixtiyar yaşlı Nəcəfqulu bəy qızı Səltənət xanımın himayəsində idi. Yeni hökumətin yerli nökərlərinin təzyiqlərinə, Məhəmmədhəsən bəyin faciəsinə Nəcəfqulu bəy Vəliyevin ürəyi dözməmiş, 1937-ci ildə, 79 yaşında vəfat etmişdir.

Bu il həvəskar aktyor, şair, tərcüməçi Nəcəfqulu bəy Vəliyevin anadan olmasının 160 yaşı tamam olur. O, az tədqiq olunan ziyalılar sırasındadır. Onun həyatı və fəaliyyəti öyrənildikcə zamanla layiqli qiymətini alacaqdır.

Orxan Zakiroğlu (Baharlı)
tədqiqatçı-jurnalist










SON XƏBƏRLƏR
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub