Qarabag Media
Haqqımızda Əlaqə

Yarıda qırılan ömür - ölümündən 168 gün sonra...


Tarix:1-07-2018, 13:55 Kateqoriya:Manşet / Qəhrəmanlar

Yarıda qırılan ömür - ölümündən 168 gün sonra...1993-cü ilin dekabrında başlayan uğursuz “Murovdağ əməliyyatı”nda 50-dək şəhidin meyitini tapmaq mümkün olmamışdı. Rasim Bayramov, Dal Ayrım kəndindən polis əməkdaşı Ədalət, Ağcakəndli Babək Məmmədov, Moz Qaraçanlı kəndindən Almədətov Natiq, Başlıbel kəndindən rabitə bölüyünün əsgəri Elşad Salahov...

Elşad Başlıbel kənd orta məktəbini bitirdikdən bir il sonra – 1992-ci ilin mayında Kəlbəcər Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətə İstisu qəsəbəsində yerləşən 712 saylı batalyondan başlamışdı. Bir neçə ay burada təlim keçdikdən sonra cəbhənin ən qaynar qöqtələrindən sayılan Söyüdlü zastavasına göndərilmişdi. Elşad Salahov Ermənistanla həmsərhəd olan Söyüdlü zastavasında vətənin keşiyində dayanarkən 712 saylı batalyon 701 saylı briqadaya biləşdirilmişdi. Kəlbəcərin işğalı ərəfəsində onu xidmət etdiyi 701 saylı hərbi hissənin Qılıçlı kəndində yerləşən qərargahına dislokasiya edilmişdi. Şəxsi heyəti əsasən kəlbəcərlilərdən ibarət olan briqada rayonun işğalından sonra tamamilə dağılmış, əsgər və zabitlər məcburi köçkün düşmüş ailələrini məskunlaşdıqları ünvanları tapmaq, onlarla görüşmək üçün qeyri-müəyyən müddətə sərbəst buraxılmışdılar. Həm də Kəlbəcərin işğalı zamanı briqadanın texnika və canlı qüvvə sarıdan itkilərini hesablamaq lazım gəlirdi...

1993-cü ilin payızında tamamilə dağılmış briqadanın bərpasına başlanarkən evə buraxılmış əsgər və zabitlərə Gəncə şəhərindəki toplanış məntəqəsinə gəlmək üçün çağırış vərəqələri gönərilirdi. Elşad Salahov çağırış vərəqəsini alandan bir neçə gün sonra – oktyabrın 14-də yenidən cəbhəyə yollanmışdı. Onda ailə üzvləri Bərdə rayonunun Xanərəb kəndində məskunlaşmışdı. Döyüş yoldaşları və həmkəndliləri Habil və Şövqinin də ailələri bu kəndə pənah gətirmişdilər. Hər üçü subay idi, Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək üçün eyni vaxtda cəbhəyə qayıtmışdılar. Şəxsi heyət bu dəfə Murovun ətəyində, Xanlar rayonun Hacıkənd qəsəbəsində yerləşən qərargaha toplaşmışdı.

Elşadla Habil “Murovdağ əməliyyatı”ndan bir neçə gün əvvəl – dekabrın 24-də Xanərəb kəndində məcburi köçkün həyatı yaşayan ailə üzvləri ilə görüşə getmişdi. Həmin görüş zamanı onlar tezliklə Murovun zirvəsində yürüş edəcəklərini, Kəlbəcərin azad edilməsi uğrunda döyüşlərə başlanılacağını söyləmişdilər. Murovun sərt üzünə bələd idilər, qışın oğlan çağında qarlı aşırımlarda hərbi əməliyyat keçirməyin çətinliyini bilirdilər. Dekabrın 28-də hərbi hissəyə qayıdanda Şövqi üçün də isti geyim – yun corab və əlcək götürmüşdülər...

Kəlbəcərin işğalından sonra Elşadgilin 13 nəfərdən ibarət ailəsi Xanərəb kəndindəki çayxana binasında məskunlaşmışdı. Payıza doğru havalar soyuduqca betondan ibarət olan doqquz metrlik zalı qızdırmaq mümkün olmurdu. Ona görə də böyük arakəsmələrlə üç otağa bölmüşdülər. Lakin tavanı beton plitədən, döşəməsi kafeldən ibarət arakəsmə “otaq”ların soyuq divarları isinmək bilmirdi.

Soyuq və şəraitsiz çayxana binasında ailə üzvlərinin qışdan necə çıxacağı evin kiçik oğlu Elşadı da qayğılandırırdı. Üç günlük məzuniyyətdən sonra isti paltar götürüb Murova qayıdanda hamını Kəlbəcərin tezliklə işğaldan azad olunacağına və ən geci yaz aylarında doğma Başlıbelə qayıdacaqlarına inadırmışdı. Anasıgillə sağollaşanda “Növbəti görüşümüz Kəlbəcərdə olacaq, siz gələnə qədər kəndə gedib evimizə baxacağam!” demişdi...

O, bununla təkcə öz arzularını deyil, həm də döyüşçü dostlarının qəhrəmanlığına, ordunun gücünə inamını ifadə edirdi. Kəlbəcərə yürüşə hazırlaşan döyüşçü yoldaşlarının yüksək əhval-ruhiyyədə olduğunu, doğma yurdu düşməndən azad etməyə hazır olan əsgər və zabitlərin döyüşlərin başlanmasını səbrsizliklə gözlədiklərini elə həvəslə danışırdı ki!

Sonuncu dəfə ailə üzləri ilə görüşə gələndə “Dəlidağlı” təxəllüsü ilə ara-sıra şeir yazan qardaşından əlyazmalarını istəmişdi. “Murovdan Kəlbəcərə baxanda sənin şeirlərini oxumaq istəyirəm”, – demişdi. Qardaşı yurd nisgilli şeirlərindən bir neçəsini səliqə ilə kağıza köçürərək ona vermişdi.

...Yanvarın 4-də səhər tezdən evdəkilər Tavat ananın qışqırtısına oyandılar. Onun naləsi məcburi köçkün kimi sığındıqları çayxana binasını sanki yerindən oynadırdı. Hələ yataqdan qalxmamışdı, çarpayının ortasında oturmuş vəziyyətdə haray çəkir, “Evimiz yıxıldı!.. Balam vay!...” deyə fəryad qoparır, qapının ağzında için-için ağlayan ortancıl oğlu Əmrahı sorğu-suala tutaraq ümidverici bir söz eşitmək istəyirdi. Evdə hamı ananın çığırtısına yuxudan oyanaraq qorxu və təlaş içərisində ağlaya-ağlaya nə baş verdiyini anlamağa çalışırdılar. Hamının gözü qapının ağzında dayanmış Əmraha dikilmişdi. O isə “Əsgərlər Murovda donublar!” – deyib hönkürürdü...

Əmrah hönkür-hönkür ağlayan qardaş-bacısına, hələ də səhərin bu qara xəbərindən özünə gəlib yatağından qalxa bilməyən anasının göynərtisini azalda biləcək heç nə deyə bilmədi, “Deyəsən, Şövqinin meyitini tapıblar, nə Elşaddan, nə də Habildən xəbər yoxdur”, – deyib çölə çıxdı...

Bu qara xəbəri Xanərəb kəndinə sovet sədrinin kürəkəni Fərman gətirmişdi. Başlıbel kənd sovetinin sədri Loğman Məmmədov kürəkənini göndərərək Elşadın, Şövqinin və Habilin valideynlərini hadisədən xəbərdar etmişdi. Fərman kişi “Murovun ö üzündə heç kəs qalmayıb, əsgərlərin hamısı sağ-salamat Daşkəsənə aşıb. Amma qəfildən başlanan çovğun nəticəsində donvurmadan ölənlər var, itkin düşənlər çoxdur”, – deyə heç kəsin ümidini qırmaq istəməmişdi...

Vaxt itirmək olmazdı. Əmrah böyük qardaşı Yavər, kirvəsi Bərşad və Habilin atası Xəlil kişi ilə birlikdə Murovda itkin düşən əsgərlərin axtarışı üçün Gəncəyə, oradan isə Daşkəsənə yola düşdülər...

Yanvarın 6-da günortaya yaxın Şövqinin cənazəsini gətirdilər. Bundan üç gün sonra, yanvarın 9-da Habilin donmuş meyiti tapıldı. Ertəsi gün Habili Xanərəb kənd qəbiristanlığında Şövqinin məzarı yanında dəfn etdilər.

Elşaddan isə hələ xəbər yox idi. Doğmaları onu Murovun sərt aşırımlarında axtarmaqda davam etdirirdi. Onun dumanda yolu azıb düşmənin nəzarətində olan ərazilərə qayıdaraq əsir götürülə biləcəyini nəzərə alaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə də müraciət etmişdilər...

Əmrah dayısı Ələsgərlə yanvarın 5-də səhər tezdən başladıqları axtarışları 11 gün davam etdirmişdi. Elşadın döyüş yoldaşı və həmkəndlisi Nofəl Həmidov da bələdçi kimi onlara qoşulmuşdu. Onlar yanvarın 17-dək Murovdağ silsiləsinin əsas aşırımlarını, o cümlədən mühasirədən çıxan döyüşçülərin keçib gəldiyi Koroğlu dağını, Ömər aşırımını axtarsalar da, Elşaddan xəbər öyrənə bilməmişdilər. Güclü küləklə müşayiət olunan çovğun qarın üzərindəki izləri tamamilə örtmüşdü və belə şəraitdə axtarış-xilasetmə tədbirlərini davam etdirmək mümkün deyildi. Yanvarın ortalarından hərbi hissənin tibb bölüyünün əməkdaşlarından ibarət xilasetmə bölmələri də axtarışları dayandırmışdı. Güclü küləyin sovurduğu qar buz heykələ dönmüş meyitlərin üstünü örtmüşdü və belə şəraitdə axtarışların nəticə verəcəyinə inam qalmamışdı. Ona görə də dağlarda qarın əriməsini gözləməkdən başqa yol qalmamışdı.

“Murovdağ əməliyyatın”dan 5 ay sonra, 1994-cü ilin mayında Müdafiə Nazirliyinin xətti ilə yaradılmış 13 nəfərlik qrup yenidən axtarış-xilasetmə işlərinə başlamışdı. Müdafiə Nazirliyinin şöbə rəisi, leytenant Abdulla Qurbaninin rəhbərlik etdiyi qrupda 712 saylı hərbi hissənin tibb bölüyünün zabitləri – baş leytenant Bəhlul Zeniyev və leytenant Aslan Həşimov da təmsil olunurdu. Qrupun digər üzvləri – 1 nəfər tibb təlimatçısı, 1 nəfər minaaxtaran, 2 nəfər kəşfiyyatçı və Kəlbəcər batalyonunun əsgərlərindən seçilmiş könüllülər idi. Mayın ortalarında axtarış-xilasetmə əməliyyatlarına başlayan qrup təxminən bir həftə ərzində 39 döyüşçünün meyitini taparaq vertolyotla Gəncə şəhərinə gətirmişdi.

Xilasetmə qrupunun iştirakçılarından biri, o zaman leytenant rütbəsində tibb bölüyünün dermatoloqu olan Aslan Həşimov “Murovdağ əməliyyatı”nda donaraq qarın altında qalmış hərbçilərinin meyitinin axtarışı əməliyyatından danışır: “1994-cü ilin mayında 13 nəfərdən ibarət qrupla Daşkəsən tərəfdən Murovu aşaraq Bozlu kəndinin başı üzərindəki tövlələrə qədər getdik. Bir neçə gün ərzində həmin ərazini axtardıq və 39 şəhidin meyitini çıxartdıq. Meyitlərin hamısı çürümüşdü, şəxsiyyətlərini müəyyən etmək mümkün deyildi. Özümüzlə “sellofan” torbalar aparmışdıq. Elə yerindəcə şəhidlərin pal-paltarından tutmuş diş düzümünə, cibindəki kağıza qədər hamısının qeydiyyatını aparırdıq. Bir neçə nəfərin cibindən içərisində adı və soyadı yazılmış boş patron tapmışdıq. Onları “sellofan” torbalara büküb batalyonun mövqelərinə yaxın bir yerə yığırdıq. Meyitlər tanınmaz halda idi. Çox faciəvi bir səhnə olsa da, o ərazidə nə qədər şəhid vardısa, hamısını bir yerə yığdıq. Onların içərisində döyüş zamanı yaralananlar da var idi, bu, sarınmış tənziflərdən görünürdü. Axtarış-xilasetmə əməliyyatları zamanı tapdığımız meyitləri batalyonun ərazisinə çıxarıb vertolyotla Gəncəyə yolladıq, özümüz isə Daşkəsənə qədər piyada gəldik. Gəncəyə gəlib vertolyot meydançasında meyitləri tanımaq üçün bir-birinin yanına düzdük. Artıq valideynlərə məlumat verilmişdi. Mənim qeydlərim əsasında 37 şəhidin kimliyi elə orada məlum oldu. İki şəhid isə naməlum əsgər kimi Gəncədə dəfn edildi”.

Axtarış əməliyyatları nəticəsində 37 ailənin gözü yollardan çəkilmişdi. Amma “Murovdağ əməliyyatı” zamanı itkin düşmüş hərbçilər arasında meyiti tapılmayanlar da vardı. Dağlarda qar tamamilə ərimədiyindən həmin şəhidlərin də meyitinin tapılacağına ümid var idi. Odur ki, axtarış-xilasetmə qrupu iyunun əvvəlində yenidən Murov dağlarını aşaraq axtarışlara başlamışdı...

Axtarış-xilasetmə qrupu rabitə bölüyünün əsgəri Elşad Salahovun meyitini “Murovdağ əməliyyatı”ndan altı ay sonra – 1994-cü il iyunun 19-da Koroğlu dağının Daşkəsən rayonunun Zivlən kəndinə tərəf olan aşırımında tapmışdılar. Həmin qrupa rəhbərlik etmiş Abdulla Qurbaninin dediyinə görə, bu, “Murovdağ əməliyyatı”ndan sonra axtarış-xilasetmə qrupunun taparaq ailəsinə çatdırdıqları sonuncu şəhid idi. O, yanvarın 3-də donvurmadan şəhid olmuş Elşad Salahovun meyitini hansı şəraitdə tapdıqlarını xatırlayır: “39 şəhidin meyitini tapıb ailəsinə təhvil verəndən sonra bir neçə gün istirahət etdik. İkinci dəfə Murovun aşırımlarını atlarla yenidən gəzərək axtarışları davam etdirdik. Başlıbel kəndindən olan Elşad Salahovun meyitini iyunun 19-da Koroğlu dağının Daşkəsən rayonu istiqamətindəki aşırımda aşkarladıq. Elşaddan 10-15 metr aralıda daha bir əsgərin meyitini tapdıq. Təxminən yarım saat da yola davam edib aşağı enə bilsəymişlər, Daşkəsənin Zivlən kəndinə çatarmışlar. Hər iki meyit tamamilə çürüdüyündən yalnız skeletdən ibarət idi. İyun ayı olmasına baxmayaraq, qayaların arasında qar yığınları vardı. Amma Elşadın meyitini tapdığımız ərazidə qar tamamilə ərimişdi. Hər yan gül-çiçək idi, Elşadın başı üzərində iki al-qırmızı lalə açmışdı. Düyməsi yarıya qədər açıq olan radiostansiyası da yanında idi. Əsgər gödəkcəsinin bir hissəsi yanmışdı, görünür, artıq yeriyə bilmədiyi barədə radiostansiya vasitəsilə komandirlərə xəbər vermək istəyib. Ancaq radiostansiyanın batareyası donduğundan bunu edə bilməyib. Gödəkcəsini yandıraraq batareyanın donunu açmaq məqsədilə radiostansiyanı odun üzərinə qoyub. Geyimin bir hissəsi yanmışdı, radiostansiyanın düyməsi açıq qalmışdı. Gödəkcənin cibindən “sellofan”a bükülmüş iki vərəq əlyazma şeir tapdıq. Kağız “sellofan”a büküldüyü üçün ona su dəyməmişdi, bütün sözlər aydın oxunurdu. Səliqə ilə dəftər vərəqinə yazılmış şeirin aşağı hissəsində müəllifin adı da yazılmışdı. Şəhidin nəşini və yanındakı geyim hissələrini müxtəlif istiqamətlərdən tapdığımız digər meyitlərlə birlikdə Gəncə şəhərinə gətirərək tanınmaya təqdim etdik...”

Axtarış-xilasetmə qrupu şəhidlərin nəşini Gəncə şəhərindəki 3 saylı xəstəxananın tibbi ekspertiza və patoloji anatomiya şöbəsinə gətirmişdilər. Xəstəxananın həyətində yan-yana düzülmüş çoxlu tabutlar vardı. Şəhidlərin doğmaları, xüsusilə qadınlar tabutların əhatəsində fəryad qoparıb ağlayır, saçlarını yolurdular. Bir neçə qadın tabutları sıra ilə qucaqlayıb oxşayır, "Bunlardan hansı mənim balamdır...? Bəlkə bu adsızlardan biri mənim balamdır...", - deyə, fəryad qoparırdı...

Tabutu məlum olanlar isə Allahın yazısına şükür edərək sanki sevinclə oradan ayrılırdılar. Əmrah da qardaşının tabutunu təhvil alanda çox sevinmişdi. Axtarış-xilasetmə qrupunun üzvlərinə, Abdulla Qurbaniyə minnətdarlığını hönkürə-hönkürə söyləmişdi...

İyunun 20-də günortadan xeyli keçmiş Elşad Salahovun nəşini Bərdə rayonunun Xanərəb kəndində məskunlaşmış ailəyə çatdırıldı. Dayısı Ələsgər və əmisi oğlu Zakir Elşadın cibindən çıxan “sellofan”a bükülü kağız parçasını da anasıgilə göstərdilər. Kiçik qardaşı kağız parçasını görəndə öz əli ilə yazıb Elşada verdiyi əlyazmanı tanımışdı. Həmin vərəqlər, həmin şeirlər idi...

Anası cənazənin yanında yarısı çürümüş yun corabın boğaz hissəsindəki naxışları görən kimi tanıdı. Öz əli ilə toxuduğu corab idi...

Ölümündən 168 gün sonra torpağa tapşırıldı – Aşura günü. Elşad Salahovu da Xanərəb kənd qəbiristanlığında döyüşçü dostları Şövqi Cəfərov və Habil Əliyevin məzarları yanında dəfn etdilər. Kəlbəcəri işğaldan azad etmək arzusu ilə eyni gündə döyüşlərə atılmış dostlar yenidən bir-birinə qovuşdu...

Tavat ananın gözləri yollardan çəkilmişd. Ciyərparasının qara parçaya bükülmüş nəşini qəbul edəndən sonra sanki üzərindən ağır bir yük götürülmüşdü, altı aylıq əzabdan qurtulmuşdu. Artıq hər şey bitib-tükənmişdi, bu fani dünyada onu ovundura biləcək heç nə yox idi. Dərdinə şərik olan, onun kimi qərib düşən qohum-qardaşlar, bir-birindən çox uzaqlarda sığınacaq tapmış doğmalar başsağlığı verib öz evlərinə çəkilmişdilər. Atasız böyütdüyü övladlarını başına yığıb qərib eldə “Şəhid anası” yükünü də çiyinlərinə götürmüşdü. Hələ 20 yaşı tamam olmamış şəhid oğlunun qara parçalı cənazəsini gözləmək Başlıbeldə mühasirədə qalarkən ermənilərin “Portda” kahasında qətlə yetirdiyi anası Gülgəzin müsibətini ona unutdururdu...

"Başlıbel müsibəti" kitabından










SON XƏBƏRLƏR
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb