Qarabag Media
Haqqımızda Əlaqə

Hacısam, Hacısam köyü, Hacısamlı kəndi və hacısamlılar


Tarix:29-06-2018, 00:41 Kateqoriya:Manşet / Araşdırma

Hacısam, Hacısam köyü, Hacısamlı kəndi və hacısamlılar

Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır.
( Yavuz Sultan Səlim, Osmanlı hökmdarı )

Azərbaycanın ən qədim tarixi vilayətlərindən biri, indiki Ermənistan və Azərbaycan Respublikalarının ərazisinin bir hissəsində qərar tutan, oğuz türklərinin dədə-baba yurdu olan tarixi mahal — Zəngəzur mahalı öz fərqliliyi ilə digər mahallardan seçilirdi. Aşağı və Yuxarı Zəngəzur adlanmaqla iki hissəyə bölünən və olduqca münbit torpağı olan dağlıq ərazi çox vaxt el arasında Zəngi dərəsi kimi tanınırdı. Yuxarı Zəngəzurun nahiyələrindən biri isə Hacısamlı nahiyəsi (el arasında Hacısamlı dərəsi) adlanırdı. XVIII əsrin ortalarından artıq digər yerli tayfalarla birgə oğuzların bir qolu olan hacısamlı tayfası da eyniadlı ərazidə tam oturaq həyat sürürdü.

Azərbaycan xalqın onomastikasında elə şəxs adlarına, soyadlarına, nəsil adlarına rast gəlirik ki, bunlar hər hansı bir qəbilə, tayfa və tirənin əmələ gəlmə tarixi ilə bağlı formalaşmış, keçmişin izlərini özündə mühafizə edib müasir zamana kimi gətirib çıxarmışdır. Məhz bu növ sözlərdən biri də hacısamlı antrotoponimidir.

Hacısamlı tayfası haqqında tarixi mənbələrdə yetərincə məlumatlar var. Yaxın tarixə nəzər salsaq görərik ki, hacısamlı tayfası Qarabağ xanlığının tərkibində duruş gətirən ən böyük tayfalardan biri idi. İ. Şopenə görə hacısamlı tayfası qaraçorlu tayfasının bir qolu sayılırdı. Bu fikir kökündən yanlışdır, ancaq qaraçorlularla hacısamlıların müxtəlif dövrlərdə çox yaxın qohumluq əlaqəsi olmuşdur.

Nadir şahın ölümündən sonra Pənah xan Qarabağda bir çox türk tayfalarının, o cümlədən hacısamlıların köməyindən istifadə edib Qarabağ xanlığının əsasını qoyur. Qarabağ xanlığı yarandığı ilk günlərdən hacısamlı tayfası xanlığın ən yaxşı və etibarlı tərəfdaşlarından biri olur. Təkcə yarandığı dövrdə deyil, çox-çox ondan sonra, hətta xanlığın süqutuna qədər Qarabağ xanlığının idarə olunmasında, müdafiəsində, qorunub saxlanmasında və xanlığın siyasi həyatında hacısamlıların olduqca mühüm rolu olmuşdur. Bu barədə tarixi mənbələrdə çox sayda yazılı məlumatlara rast gəlinir. Mirzə Yusif Qarabağinin "Tarixi-Safi", tarixçi Mir Mehdi Xəzaninin "Кitabi-tarixi-Qarabağ", Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağnamə", Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" və onlarla digər tarixi əsər və sənədlər buna bariz nümunədir.

Hacısamlılar heç kəsdən, heç nədən qorxub çəkinməyən, ailəsini heç kimə möhtac etməyən, hər zaman sözü bütöv, sözü keçən, söz sahibi olmaqla yanaşı ədalətli, cəsarətli, əzmli, həmçinin döyüşkən, hökmlü, mübariz, əyilməz etnik mənşəcə təkə-türkmən kimi çox böyük hörmət sahibi olmuşlar. Bir sözlə qədim dövrlərdən bu günə qədər Türk, əsasən də Azərbaycan xalqının rəşadət tarixinin şərəfli səhifələrinə, tarixin yaddaşına öz adlarını həkk etdikləri səbəbindən məskun olduqları ərazilərdə də hər zaman toplumun adını yaşatmağa çalışmışlar.

Vaxt ötdükcə onların şücaəti, döyüşkənliyi, igidliyi xanlıqda və xanlıqdan kənarda bütöv bir dastana çevrilmişdir. Sözün tam mənasında oddan-alovdan keçən, qəhrəmanlıq eposları yaradan, döyüşkən hacısamlılar həmin dövrdə dinc əkinçi-maldar həyatına, bağ-bostan işlərinə bir xeyli laqeyd yanaşırdılar. Lakin Sovet dönəminin ilk illərindən başlayaraq 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Qarabağın işğalına qədər Dağlıq Qarabağın tam yaxınlığında, gözəl guşələrdən biri sayılan Laçın rayon ərazisində yaşamlarını davam etdirən hacısamlılar dədə-babadan əsas məşğuliyyətləri olan maldarlıq, bağçılıq, sənətkarlıq və ovçuluqla məşğul olmağa başladılar.

Bir çox hallarda bəzi “araşdırmaçılar“ əks-arqument kimi soruşurlar: “Bu söz türkçülükdən çox uzaqdır. Heç bu sözün mənasını bilirsiniz?“ Elə bu səbəbdən də sözün həm leksik, həm də qramatik mənalarına diqqət yetirməyi məqsədə müvafiq hesab edirəm. Mürəkkəb söz olan hacısamlı antrotoponimi üç hissədən ibarətdir ki, sözün birinci hissəsi olan hacı sözü haca (həccə) gedən şəxsin tituludur və şəxs adlarının əvvəlində işlənir. Sözün ikinci hissəsi Sam isə bir neçə mənanı ifadə edir. Ona görədə hər kəs üçün önəmli olan məlumatlara diqqət yetirməyə üstünlük verdim.
Bəzi araşdırmaçılar Sam sözünün türk dili və türkçülüklə heç bir əlaqəsinin olmadığını sübuta yetirməyə çalışırlar. Amma bir az dəqiqləşdirmə aparan zaman məlum olur ki, sam sözü əslində bir çox qədim dillərdə, əsasəndə əski türk dilində – böyük anlamındadır.

Türkdilli xalqlar islam dinini qəbul etdikdən sonra bildiyimiz kimi şəxs adlarının ərəb dilində olan sözlərdən yararlanması prosesi çox sürətləndi. Əgər məsələnin araşdırılmasına bu səmtdən yanaşsaq görərik ki, Sam ərəbcə isti ölkələrdə əsən güclü, isti külək - səmum (güclü, yandırıcıı) küləyi anlamındadır. Quran ayəsində də bu küləyin adı çəkilir: "And olsun ki biz, insanı bişməmiş palçıqdan, qoxumuş quru palçıqdan yaratdıq. Canı da (insandan) daha əvvəl sa(e)mum atəşindən yaratdıq." Öldürücü "Sam", yəni zəhər sözüdə buradan yaranmışdır.

Amerikada da oğlan adı kimi körpələr Sam adlandırılır. Parlaq, qızmar günəş mənası anlamını ifadə edən bu adı daşıyanların rəhbərlik etməyi, şəxsi azadlığını qorumağı, vacib məsələlərə diqqət yetirməyi bacarmaqla yanaşı həyatında harmoniya və tarazlıq üçün gözəl şeylərə müsbət münasibət bəsləməyinə inanılır.

Tarixi qaynaqlara nəzər salsaq görərik ki, dinə görə Nuh peyğəmbərin 3 oğul övladından birinin adı Sam olmuşdur. Məşhur əfsanəvi pəhləvan Rüstəm Zal oğlunun babasının da adı Samdır. Hətta 1517-1567-ci illərdə yaşamış alim və şair, Şah İsmayıl Xətainin ikinci oğlunun adı da Sam olmuşdur.

XVIII yüzillikdə indiki bir çox ərazilərdə Sam adı daha geniş şəkildə yayılmışdır. Həmin dövrdə yaşamış Birinci Sam Mirzə (????-1743, yalançı şahzadə) və İkinci Sam Mirzə (????-1743, yalançı şahzadə) Dağıstan feodalı olan Surxay xan Qazıqimuxlu ilə ittifaq bağlayır, müxtəlif döyüşlərdə iştirak edirlər.
Üçüncü Sam Mirzə (????-1747, yalançı şahzadə) isə digərlərindn fərqli olaraq üsyançıları ətrafına topladı və uğur qazandı. Hətta Nadir şahın ölümündən sonra öz adına pul zərb etdirdi.

Sözün üçüncü hissəsi olan, tipik soyad sonluqlarına qoşulan –lı şəkilçisi burada yer adının sonluğuna qoşularaq sözün həm formasını, həm də mənasını dəyişdirməklə yeni mənalı söz əmələ gətirmişdir. Hacısamlı adlanan bu təxəllüs (soyad) Azərbaycan türkcəsində bir neçə formada - Hacısamlı tayfası, Hacısamlı camaatı, Hacısam köyü, Hacısamlı kəndi, Hacısamlı dairəsi, Hacısamlı bölgəsi, Hacısamlı nahiyəsi, Hacısamlı bəyliyi, Hacısamlı obası, yaxud da Hacısamlı dərəsi və s. formalarında istifadə edilmişdir.

Hacısamlı nahiyəsinin ərazisinə daxil olan Kavanlı elində gün-güzəran keçirən Kavanlılar Sam adını yaşatmaq üçün öz övladlarına bu adı verirdilər. Keçən əsrin əvvəllərində İpək kəndində anadan olan Hacısam Rəhim oğlu (Sarı, Qaraca, Heydər, Bəşir, Kərim və Boran adlı oğlanları, Çiçək və Gözəl adlı qızları olmuş) bir müddət Bülüldüz kəndində yaşamış, sonra yenidən doğma dədə-baba yurduna geri dönmüşdür. Hacısam Rəhim oğlunun törəməsi Rəhimov soyadı ilə yaşamlarını indidə davam etdirir.

Hacısamlıların Qarabağ bölgəsində köçəri həyatdan oturaq həyata keçməsi dövrü bir-birindən təzadlı iki informasiya mövcud idi. Yaşlı nəsilin nümayəndələri nəql edirdilər ki, hacısamlılar buraya Türkiyədən köç etmişlər. Mənbələrdə isə tayfa üzvlərinin Xorasandan Qarabağ bölgəsinə gəlmələri öz əksini tapmışdır. Bu səbəbdən də XVIII yüzilliyin ortalarında Xorasandan köç edən hacısamlı tayfasının tirələrinin Qarabağa yenidən dönüşü hansı marşurut üzrə həyata keçməsinin bir daha dəqiqləşdirilməsi zərurətini ortaya çıxardı. Bunu nəzərə alıb tarixi mənbələrdə bu faktın öz təsdiqini tapması üçün bir az artıq araşdırma aparmağa ehtiyac duyuldu.

Nadir şahın ölümündən sonra şiddətlənən qarşıdurmaların ətrafa od ələdiyi bir dövrdə Xorasandan uzaqlaşmağa çalışan hacısamlı qəbiləsinin baş bilənlərinin məsləhətləşmələrindən sonra müxtəlif bölgələrə çox böyük köçlər başlayır. Hacı Sam nəvəsi Şirin bəy Hüsən bəy oğlu ilə başçılıq etdiyi icma indiki Azərbaycanın şimalına, dədə-baba torpaqlarına - Qarabağ ərazisinə üz tutur. Qasım və əmisi oğlu Qarabayramın başçılıq etdiyi icma isə Türkiyəyə istiqamət götürür.

Qasım və onun əmisi oğlu Qarabayram Türkiyənin Elazığ ilinin Kovancılar ilçəsinə bağlı olan indiki Hacısam köyündə məskunlaşır. Yeri gəlmişkən, burada hamı üçün maraqlı ola biləcək kiçik bir haşiyəyə çıxmaq istərdim. Hacısam köyü öz adını Hacısam İslam oğlunun adı ilə deyil, yaşayış məntəqəsinin əsasını qoymuş hacısamlı tayfasının adını yaşatmaq məqsədi ilə belə adlanadırılmışdır. Doğrudur, Hacısam İslam oğlu tədbirli davranışı, səbri və qoçaqlığı sayəsində qısa müddət ərzində qəbiləni uğurlardan uğurlara daşımışdır.

Müəyyən müddət burada ömür sürən tayfa üzvləri ata-baba mirası sayılan heyvandarlıq, əkinçilik və bağçılılıq peşəsini davam etdirməyə başlayırlar. Kənddə olan üzüm bağları bu gündə ətraf ərazilərdə öz məşhurluğunu qoruyub saxlmaqdadır.

Məlum həqiqətdir ki, bu gün hay-türk münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulduğu iddia olunması tamamilə kökündən yanlışdır. Araşdırmalardan aydın olur ki, erməni separatçıları hələ orta əsrlərdən bu yana hər dəfə yaranmış vəziyyətdən istifadə edərək təşkilatlanmalarını davam etdirirdilər. Elə bu səbəbdən də bir müddət sonra Hacısam köyünün ətrafında yeni məskunlaşmağa çalışan qeyri-müsəlmanlarla (haylarla) hacısamlılar arasında narazılıqlar yaranmağa başlayır. Müəyyən müddətdən sonra yaranan bu xırda narazılıqlar sonda böyük münaqişəyə çevrilir. Hacısam köyünün ərazisində məskunlaşmağa çalışan qеyri-müsəlmanlar Qasım və Qarabayramın icmasına çox korluq vеrmiş, malqaranın örüşə getməsinə müxtəlif bəhanələrlə maneəçilik törətməyə çalışmış, əhalinin buradan köç etməsi üçün sıxışdırmağa başlamışlar. Sonda qardaşlar öz qohum-əqrəbalarını başına toplayıb, qeyri-müsəlmanları oradan qovub uzaqlaşdırır. Bu hadisədən sonra itki verən qeyri-müsəlmanlarla hacısamlılar arasında olan münaqişə qannıçılıqla yekunlaşır. Bir müddət sonra bu olaylardan xəbər tutan və xeyli yaşlanmış Hacı Sam nəvəsi Şirin bəy Hüsən bəy oğluna tapşırır ki, əmilərinə xəbər etsin ki, Qarabağa, onun yanına, öz dədə-baba torpaqlarına köçüb qayıtsınlar.

Qasım Hacı Sam oğlu verdiyi qərarları daxilində boğaraq kin-küdurəti qəlbindən silib sökərək atır, könlündə cücərmiş düşmənçilk və qannıçılıq hisslərini boğur. Məhkum olduğu əzablardan qurtulmağa, qəlbində cilovladığı qisasçılıq düşüncələrini azadlığa buraxır. Atası Hacı Samın təklifini qəbul edərək əmisi oğlu Qara Bayramla məsləhətləşmələrdən sonra Hacısam köyündən üzü Qarabağa – Hacısamlı bölgəsinə köç etmək məcburiyyətində qalır.

Qonşu ərazilərdə məskunlaşa bilməyən və Hacısam köyündə həyata keçirmək istədikləri qanunsuz məskunlaşma prosesi gəlmə, köçəri mənfur hay icmasının xeyrinə başa çatır. Lakin bir müddət sonra hələlik bizə məlum olmayan səbəbdən arzuları gözündə qalan haylar köyü boşaltmış, türklər yenidən bu köydə məskunlaşmağa müyəssər olmuşlar.

1831-1841 illər arasında Osmanlı dövləti dönəmində aparılan siyahıyaalma zamanı köydə 19 türk xanası (ev, ailə) qeydə alınmışdır. 1990-cı ildə 205 nəfər, 2012-ci ildə isə 89 nəfər siyahıya alınmışdır. Əhali əsasən şəhərə köç etdiyi üçün siyahı azalan sıra ilə davam edir.
Hal-hazırda köydə məscid, mərasim evi, istifadə edilməyən ibtidai məktəb binası, içməli su şəbəkəsi, elektrik cəryanı və sabit telefon xətti var. Poçt şöbəsi, xəstəxana, tibb məntəqəsi yoxdur. Köy Elazığ ilə 81 km, Kovancılarla 17 km ara məsafəsində yerləşir. Köyə gedən yol örtüyü asfaltlanmışdır. Köy əvvəllər 20 km uzaqlıqda yerləşən Palu ilçəsinə bağlı olub. Sərt dağlıq sahəyə sahib olan köyün ərazisi qonşu köylərin ərazisindən xeyli böyükdür.

Hacısam köyündən köç edən hacısamlılar çox da uzun sürməyən yolçuluğun sonunda üzü Dəlidağa, Qırxqıza sarı hərəkət edən qəflə-qatır karvanı ilə ata-baba yurdlarına – indiki Laçın rayonunun Hacısamlı kəndinə yetişir. Yaşı ilə əlaqədar gözləri yaxşı görməyən Hacı Sam övladları ilə görüşür, hal-əhvallarından xəbər tutur, onlarla yetərincə həmsöhbət olur. Qara damın kəndarına ayaq qoyan zaman bir xeyli aralıda yol yorğunu olan dəvələrin alçaq bir təpənin üstündə toplanıb dayandığını sezən Hacı Sam elə bil nəsə xatırlayır. Övladlarına, qohumlarına, bütün ətrafdakılara səslənərək onları başına toplayır. Nəhayət səsində bir həyacan hiss olunan Hacı Sam araya çökən sakitliyi pozaraq üzünü dəvələrin dayandığı səmtə tutur, əli ilə uzaqda gün işığında bərq vuran Qızıl qaya tərəfi göstərərək "Gördüyünüz qayalar səngəriniz, meşələr var-dövlət yeriniz, zirvəsi qarlı dağlar yaylağınızdır. Mənsə artıq yetərincə yaşlanmışam. Haqq sayılan ölüm hər bir insanın sorağı ilə gec, ya da tez gələcəkdir. Əgər işdi, haqq dünyasına qovuşsam məni Qurdqajı qəbristanlığında deyil, dəvələrin dayandığı bax o təpənin üstündə dəfn edərsiniz. Bu vəsiyyətimi unutmayın" deyə söyləyir.
Beləcə, həmin gündən o yer el arasında "Dəvədayanan" adlandırılır. Çox az bir müddət keçir, Hacı Sam rəhmətə gedir. Onun vəsiyyətini nəzərə alan yaxınları, camaat, el-oba yığışır və cansız cəsəd "Dəvədayanan"da torpağa tapşırılır. Zaman ötür, günlər keçir, illər bir-birini əvəzləyir, həyat davam edir, yaşa dolmuş Qasım Hacısam oğlu da rəhmətə gedir. Onu da atası Hacısamın məzarının yanında torpağa tapşırırlar. Qurdqajıçayın sahilində, meşənin ortasında, ətrafında xırda itburnu, dovşanalması və cır əzgil kolları bitmiş, çox da iri olmayan təpənin üstündə olan bir neçə məzardan ibarət bu xırda qəbiristanlıq son dövrlərə qədər qalmaqda idi.

Qeyd edək ki, həmin dövrdə Hacı Sam, Şəvə və Kavan qardaşları, eləcə də Hacı Samın nəvəsi Şirin bəy Hacısamlı bölgəsində yer-yurd, torpaq sahibi idilər. Odur ki, Hacısamlıya yetişən Qasım atası Hacı Samın, Bayram isə atası Hacı Şəvənin torpaq və mülkünə sahib dururlar.

Laçın rayonunun ərazisində yerləşən Hacısamlı kəndi haqqında əvvəllər verdiyim çox geniş məlumatlara bir neçə əlavələr etmək istərdim. Hacısamlı kəndi Sovet dövründən xeyli əvvəlki vaxtlarda ətraf obaların inzibati mərkəzi (indiki inzibati ərazi dairəsi) olmuşdur. Hacısamlı obası adlanan bu mərkəzə tabe olan kənd və məzrələrdə yaşayan və 1827-ci ildə Mehdiqlu xan Cavanşirə bağlı camaat dövlət tərəfindən siyahıya alınıb. Həmin siyahıda vergiödəyənlərin sayı 60 tüstü (ailə) olmuşdur. Bu siyahı reallığı əks etdirmir. Çünki əhali vergi ödəməmək nədəniylə siyahıdan yayınmağa çalışmış, 4-5 dəfə az ailə qeydiyyata alınmışdır. Belə ki, hələ 1823-cü ildə vergi ödəyən hacısamlılar 132 tüstü idi. 1886-cı ildə aparılmış qeydlərə görə Hacısamlı nahiyyəsində 1414 nəfər (211 tüstüdə 775 kişi, 639 qadın olmaqla) hacısamlı yaşayırdı. Bu artıb-azalmanın ilkin səbəbi siyahıyaalmadan yayınma halları olsada, digər səbəbi isə əhalinin Qərbi Azərbaycanın ərazisnə, əsasəndə Dərələyəz mahalına köç etməsi idi. Belə ki, 1841-ci ildə Hacısamlı tayfasının bir hissəsi (46 ailə) Naxçıvan qəzası Dərələyəz mahalının Həsənkənd, Horvadıx, Ələyəz, Güneyvənk, Qovuşuq, Herher, Ostı və Obana kəndlərində məskunlaşmış və bu yaşam haqqında məlumatlar tarixi sənədlərdə öz əksini tapmışdır.

Çox təəssüflə qeyd edim ki, bəzi hallarda heç bir tarixi dəlilə, sübuta və fakta söykənmədən, əsaslanmadan müxtəlif ərazilərdə yaşayan hacısamlı tayfasının milli mənsubiyyəti haqqında qondarma fikirlər irəli sürülür, kürd tayfası kimi qələmə verilir. Bəs həqiqət necədir?

İstər indiki Laçın rayonu ərazisində yaşayıb şanlı həyat yolu keçən hacısamlı tayfasının bir qolu olan Qaraqasımlı qəbiləsinin Qasımuşağı, Qarabayramlı, Əhməduşağı və Kavanlı tayfaları, istər də Dərələyəz mahalında yaşamış və dədə-baba yurdlarından məcburi qovulmuş və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayan hacısamlıların həm yaşlı, həm də gənc nəslinin nümayəndələri özlərini türkman adlandırırlar. İki əsrə yaxın bir-birindən fərqli ərazilərdə və uzun zaman kəsiyində bir-birindən xəbərsiz yaşayan hacısamlılar öz milli mənsubiyyətini qoruyub saxlamışdır. Qeyd etməliyəm ki, tarixi mənbələr də Dərələyəz mahalında yaşayan hacısamlıların kürd olması haqqında heç bir qeydin olmaması olduqca açıq aydın görünür.

Deməli, tarixi həqiqətlər və sübutlar dərindən araşdırılan zaman həmin tayfa üzvlərinin kökünün Oğuz türkü olması bir daha sübut edilir. Bu məsələ haqqında dəqiq məlumatı olmayanlar üçün qısaca olaraq xatırlatmaq istərdim ki, təkcə hacısamlılar deyil qaraçorlu tayfa birliyinə daxil olan digər tayfalar da türk əsillidirlər. Ana dili təmiz azərbaycan türkcəsi olan bu əhalinin - Oğuz türklərinnin “kürd” adlandırılması çox böyük tarixi bir yanlışlıqdır.

Hacısam, Hacısam köyü, Hacısamlı kəndi və hacısamlılar

Keçən əsrin əvvəllərində hayların azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə at oynatdıqları bir dövrdə Sultan bəy və Xosrov bəy Sultanov qardaşları Qarabağ bölgəsində törədiləcək kütləvi qətliamlara qarşı qabaqlayıcı addımlar ataraq hayları geri oturtmaq üçün silahlı dəstələr təşkil etmişdir. Əlbəttə bu dəstə üzvləri arasında kürdlərin də özünəməxsus yeri vardı. Ancaq buna görə onlara başçılıq edənləri kürd adlandırmaq, bu cür faktları əsas gətirərək onlarında kürd olması faktını ortaya atmaq nə qədər doğru olardı? Bu cür faktlara əsaslanaraq onları “kürd” adlandırmaqda iddialı olan bir çox kürd əsilli ziyalılarsa zərərli, yanlış və qərəzli informasiya yayırlar.

Mənfur hayların apardığı davamlı siyasət nəticəsində hacısamlı tayfası keçən əsrin sonunda İrəvan və Qarabağ ərazilərindən, dədə-baba torpaqlarından didərgin düşərək Azərbaycanın müxtəlif yerlərində məskunlaşmışlar. Bu gün hacısamlıların istər yaşlı, istərsə də gənc nəslin nümayəndələri yenidən öz dədə-baba yurdlarına dönəcəkləri günü çox səbirsizliklə gözləyirlər.

Məcburi köçkünlük və qaçqınlıq ömürü yaşayan hacısamlılar hər zaman şəhidlərin narahat ruhları dolaşan müqəddəs yerlərə qayıdacaqları, yurd həsrətinin bitəcəyi o günü həsrətlə gözləyir və inanırlar ki, vətənimizin bir qarış torpağı belə, düşmən tapdağında qalmayacaq, vətənpərvərlik, doğma el-obaya bağlılıq, mübarizlik, döyüşkənlik kimi yüksək keyfiyyətlərə sahib olan bu tayfanın nümayəndələri müzəffər ordumuzun ön sıralarında dayanaraq üçrəngli bayrağımızın Qarabağda, o cümlədən Hacısamlı bölgəsində dalğalanacağına inanırlar.


Hacısam, Hacısam köyü, Hacısamlı kəndi və hacısamlılarSonda bir qeydi xüsusi ilə nəzərinizə çatdırmaq istərdim ki, məqalədə verilən məlumatların bir hissəsi təkzib xarakteri daşıdığından mətn bütünlüklə tarixi mənbələrə və tarixi faktlara istinad edilməklə hazırlanmışdır.

Sultan HÜMBƏTOV










SON XƏBƏRLƏR
Azərbaycan Rusiyadan hansı silahları alıb? - TAM SİYAHI
Trampdan Paşinyana "müharibədən uzaq ol, əvəzində mükafatını al" mesajı
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovun anım günüdür
Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi
Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb
Qətərin nüfuzlu qəzetindən separatçı Qarabağ rejimlə bağlı sərt xəbərdarlıq-FOTO
İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb
KQB polkovniki: “Bizdə heç bir yazıçı agentlik eləməyib” - MÜSAHİBƏ
Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
Pakistan XİN: "Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir"
Abramoviç "Çelsi"ni rekord məbləğə satır
Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib
Azərbaycanda ən müasir standartlara cavab verən yeni "Vashag" snayperi istehsal olunub
Azərbaycan tarixini dəyişən 13 hadisə
Müdafiə Nazirliyi sərt bəyanat yayıb: Olacaqlara görə biz məsuliyyət daşımayacağıq
Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTO
Kəlbəcərin Nadirxanlı kəndində təlim keçən terrorçu dəstənin görüntüləri yayıldı - VİDEO
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Azərbaycan tarixçilərinin "Qara bağı"
Qarabağda müharibə başlaya bilər — Gözlər Nyu-Yorkda
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən saxlanılıb
Neftin qiymətinin 100 dollara çatacağı bildirilir
Sarı ovqat
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgidə nümayiş etdiriləcək
FAO Azərbaycanda 4 mln. dollarlıq yeni layihələrin icrasına başlayır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri