Qarabag Media
Haqqımızda Əlaqə

“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ


Tarix:23-05-2018, 13:10 Kateqoriya:Manşet / Müsahibə

“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ

"Molla Nəsrəddin”in əsas yükünü çəkən "Şərqi-rus”da, "Açıq söz”də, ən nəhayət, "Azərbaycan” qəzetində külüng vuran Azərbaycan Xalq Cümhuriyyəti dövründə öz peşəsindən ayrılmayaraq Daxili İşlər Nazirliyində axtarış şöbəsinə bir müddət rəhbərlik edən, görkəmli ziyalı, adını Azərbaycan mətbuat tarixinə qızıl hərflərlə həkk edən, Cənub-Qərbi Qafqaz hökumətinin "Ahıska hökumət-müvəqqətəsi”nin rəisi olan Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinovla müsahib olmaq şərəfi, bu günlərdə bizə nəsib oldu. F.Pepinovun babaları Cümhuriyyət qurucularıdır. Fuad Pepinov Moskvada yaşayır. Bakıda orta məktəbi bitirdikdən sonra 17 yaşındaykən Moskvaya gedib, ali məktəbə daxil olub, elmi fəaliyyətlə məşğul olub, elmlər namizədi elmi dərəcəsinədək yüksəlib. İctimai fəaliyyət də göstərib. Bir sözlə, taleyini bu şəhərlə bağlayıb.

Amma bilirsiz, söhbət edəndə nə dedi? Dedi ki, mən gəncliyimi, eləcə də orta və yaşlı çağımı Moskvada keçirməyimə baxmayaraq özümü həmişə Azərbaycana mənsub hiss etmişəm. İki ölkəliyəm - Azərbaycan və Rusiya. Elə bir il olmayıb ki, onun 2-3 ayını Bakıda keçirməyim. Bakı mənim ruhumdur...”. Azərbaycanca yaxşı danışa bilməyəcəyini çəkinə-çəkinə söyləməsi səsinin tonundan hiss edilirdi. Fuad müəllimi arayıb-axtarıb tapan baş redaktorumuz Akif Aşırlı ciddi-cəhdlə "Fuad müəllim, heç pis danışmırsınız. Biz sizi gözəl başa düşürük, çəkinməyin...” deyə israr etsə də, bu, alicənab insan "yox, fikrimi düzgün çatdıra bilmərəm” deyib söhbətin rus dilində aparılmasını, xüsusi nəzakətlə xahiş etdi.
Ümumiyyətlə, Azərbaycanımızın görkəmli şəxsiyyətlərinin istər övladları olsun, istər nəvə-nəticələri, onlarda həmişə əlahiddə alicənablıq hiss etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, görkəmli ziyalımız, cümhuriyyətçi Xəlil İbrahimin qızı Güllər xanım, Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla xanım... yəni, bir çoxlarını xatırlaya, adlarını çəkə bilərik. Fuad Pepinovla söhbətin ilk dəqiqələrindən ali insani keyfiyyətlərə sahib olduğunu anladıq. Bu insanlardakı alicənablıq, nəzakət, yüksək mədəniyyət, intellekt, sözsüz ki, nəsildən, kökdən gələn qanla keçən xüsusiyyətlərdir. Bir gerçəyi də təsdiqləmişik; Bu insanlar özləri haqqında danışmağı heç sevməzlər. Özlərini "kiçik” görər, "biz kimik ki?!.” deyib əcdadlarına "layiq” olmadıqlarını hər vəchlə təlqin etməyə çalışarlar. Şübhəsiz, bu da onların ali keyfiyyətlərinin xəbərçisidir. Lakin bizlər, Azərbaycana ziya, istiqlal bəxş etmiş, bu yolda canlarını fəda etmiş şəxslərin varislərini dəyərini, şükür ki, bilirik. Az da olsa. Fuad müəllim də söhbətə başlayarkən, niyə məhz onu axtarıb tapdığımıza, onunla həmsöhbət olmaq istədiyimizə təəccüb etdi:

“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏVaris olmaqdan çəkinən Varislər...

- Ömər Faiqə olan münasibət, ona nədən belə yüksək dəyər verilməsi, mənim üçün tamamilə anlaşılandır. Amma mən və mənim kimi digərlərinin nə çəkisi var? Biz sadə adamlarıq. Çətin ki, biz nəsə bir dəyər daşımış olaq. Nəvələrin dəyərini bu qədər yüksəltməyin...

- Fuad müəllim, siz Ömər Faiqin nəvəsisiniz. Bu mənada siz də bizim üçün dəyərlisiniz...

- Mən özümü varis adlandıra bilmirəm. Çünki babamın yolunu davam etdirmirəm. Varis o adama deyərlər ki, həmin yolu, o fəaliyyəti davam etdirsin. Mən və mənim kimi başqaları da sadəcə, o nəslin bir nümayəndəsiyik. Mən özümə varis desəm, bu, özünü öymək olar. Biz adi adamlarıq. Sadəcə, xoş bir təsadüfdür ki, o ailədə dünyaya gəlmişik. Bəli, xatirələr var. Bu nəslə bağlıyam. Amma varis adlanmağımı, düzünü deyim, qəbul edə bilmirəm. Ömər Faiq o qədər nəhəng bir şəxsiyyətdir ki...

- Nə qədər məlumatlısınız babanız barədə. Onun haqqında nə bilirsiniz?

- Biz nəvələr, hamımız onun ölümündən sonra dünyaya gəlmişik. O zamanlar onun haqqında danışmaq təhlükəliydi, qorxulu idi. Təkcə mənim anam istisna idi. Ömər Faiqin 3 qızı, bir oğlu olub. Anam qızların böyüyü idi. Deyərdim ki, övladları arasında ən cəsarətlisi anam olub. O, məlumatlı idi, atası barədə bilgilərə sahib idi. Aktiv idi. Çalışırdı Ömər Faiqi təbliğ etsin. Əhvalatlar danışardı və mənim yadımda qalan o əhvalatlardır. Uşaq yaşlarımda mən babamın jurnalları ilə maraqlanırdım. Böyük marağım var idi o jurnallara. Artıq yetkinlik yaşına çatanda babamın kim olduğunu, fəaliyyəti, daşıdığı rol, hansı işlər gördüyünü dərindən anlamağa başladım. Maraqlandım ki, necə şəxsiyyət olub. Nə qədər ki, anam sağ idi, Ömər Faiqi heç kim yada salmırdı. Onun adından yan keçilirdi. Sovet illəri idi. Belə məlumatlar qapalı qalırdı. O zamanlar bu şəxslər haqqında çox danışılmırdı. İndi sanki hamı əl-ayağa düşüb. Deyirlər, danışırlar, fəxr edirlər... Amma bunlar bəzən mənə qeyri-səmimi görünür. Bununla belə çalışaram sizə nədəsə faydalı olum, kömək edim, bildiklərimdən danışım.

Yəqin bilirsiz, Ömər Faiq ahıska türküdür. Mən ictimai fəaliyyətlə məşğul oluram. Ahıska türklərinin hüquqlarının müdafiəsinə başladım deyə, bu, sanki babamın taleyi ilə hardasa üst-üstə düşdü. Onun bir neçə qısa məqaləsini Rusiyada dərc etdirdim. Sovetlər dağılmağa başlayan ərəfədə buna tələbat yarandı. İlk dəfə Ömər Faiq irsini filologiya elimləri doktoru, professor Şamil Qurbanov tədqiq etdi. Ö.Faiqin məqalələri maraq doğurdu. Müsəlman mədəniyyəti ilə bağlı Krakovda böyük konfrans keçirildi. Konfransda iştirak etdim, məruzə ilə çıxış etdim. Krakovda Avropada Müsəlman Mədəniyyəti adlı məcmuə nəşr edildi. Məqaləm o məcmuədə çap olundu. Sonra Parisdə də konfrans keçirildi.

"Babamın qanlı köynəyini anama veriblər...”
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ

- Ömər Faiqin yaradıcılığına olan maraq əsasən "Molla Nəsrəddin” jurnalı ilə bağlıdır. Ömər Faiq jurnalda karikaturalarda da çıxış edib. Karikatura o dövr üçün böyük əhəmiyyət daşıyırdı. Hesab edilirdi ki, satira və karikatura dövrün güzgüsüdür. Anam xatirələrini danışardı. Bilirdi jurnal necə ərsəyə gəlib. Necə bağlanıb. Babam inqilabdan sonra jurnalda qalıb çalışmağı, bolşeviklərlə əməkdaşlığı rədd edib. Mən onunla bağlı kiçik məqalələr yazmışam. Bilmirəm, nə dərəcədə alınıb, yaxşı, ya pis. Dilçi deyiləm, filoloq deyiləm, texniki elmlər üzrə mütəxəssisəm. Çalışmışam, nəsə yazım. Babamın adına uzun illər qadağa olub.

- Ömər Faiq də bir çoxları kimi bəraət almışdı...

- Nə olsun. Bəraət siyasi qərardır. Ömər Faiqin repressiyası bəraət verildikdən sonra da davam edib. Hamı qorxurdu onun haqqında danışmağa. Əziz Şərif anamı tanıyırdı. Əziz Şərif Moskva Dövlət Universitetində kafedra müdiri işləyirdi, yadıma gəlir ki, anamla onun görüşünə getmişik. Əziz Şərif babamın rolunu yüksək qiymətləndirirdi. O vaxt da sovet yazıçıları öz mövqelərini itirməkdən qorxurdular, Ömər Faiqin adını çəkmirdilər. Ehtiyat edirdilər. Ömər Faiqin bəraəti formal idi. Bilirsiz, repressiyalar bitə bilər, amma oyanış düşüncədə olmalıdır. Dünyagörüşü dəyişməlidir. Ömər Faiq haqqında yalnız 1990-cı illərin əvvəllərində hamı danışmağa başladı.

- Fuad müəllim, ananızda jurnalların nüsxələri qalırdımı?

- Yadımdadır ki, uşaq vaxtı o jurnallara böyük marağım vardı. Xeyli sayda, nəhəng jurnal qalağı vardı evimizdə. Sonra nəsə qorxuya düşdülər. Xalamın yoldaşının ağlına bu jurnal nüsxələrini hardasa "gizlətmək” gəldi. Anam isə jurnalların böyük bir hissəsini Nizami muzeyinə təhvil verdi. Daha bir neçə əşya da verdi - külqabı, qələm...

- Şəxsi əşyaları?

- Şəxsi əşyalar, deməzdim. Çünki şəxsi əşyaları demək olar ki, qalmamışdı. Babamın Axalskının Aqara kəndində evində istirahət edərkən həbs etmişdilər. Bircə, əynindəki paltarları, anama Tiflis həbsxanasında bükülü vəziyyətdə veriblər. Babamın paltarları bütün qan içində olub... Əynindən çıxardıqları paltarlarını... bilmirəm niyə anama veriblər... Həbsxanada ümumi çala qazılıbmış, güllələnəndən sonra o çalada basdırıblar. Heç bir izi də qalmayıb... Babam son illərdə Bakıda, ozamankı Füzuli küçəsi, 19 ünvanında yaşayıb. "Molla Nəsrəddin”in bir neçə nüsxəsi qalmışdı, yaxşı ki, mən onları özümlə apardım. Tək-tək, bir neçə nüsxədir.

- Ananız atasıyla Mirzə Cəlil arasındakı əlaqələrdən danışardımı?

- Onu bilirəm ki, Ömər Faiqlə Mirzə Cəlil arasında sıx dostluq olub. Jurnaldan ayrılandan sonra da hər gün görüşərlərmiş. Ömər Faiq Mirzə Cəlilgilə gedərmiş. Ömər Faiq Mirzə Cəlildən fəqli, sərt adam olub. Dəqiq idi. Onu mülayim adam hesab etmək olmazdı. Uşaqları da bunu bilirdi. Fikrindən, mövqeyindən dönməyib. Ona görə də bolşeviklərlə əməkdaşlığı qəbul etməyib.

Bayrama gəlmək istərdim

Fuad Pepinov Cümhuriyyət bayramında iştirak etmək istədiyini dedi, amma həyat yoldaşının nasaz olduğunu xatırladıb, səfərə çıxıb-çıxmayacağının sual altında qaldığını bildirdi:

- Həyat yoldaşım xəstədir, bilmirəm, gələ bilərəm, ya yox. Nə zaman bayram tədbirləri keçiriləcək?

- Əslində, yubiley tədbirləri il boyudur. Amma 28 May xüsusi olacaq yəqin...

- Mən atamın soyadını daşıyıram. Əhməd bəy Pepinov (AXC-də əmək və torpaq naziri - red. ) Ömər Faiqin bacısı oğludur. Onu Ömər Faiq oxudub, himayə edib...

- Fuad müəllim, arzularınız nədir?

- Çox istəyərdim ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley bayramına gəlim, Bakıda olum. Görək, alınacaqmı. Çox istəyərdim ki, Ömər Faiqin irsi tədqiq edilsin. Ömər Faiqlə bağlı çoxunun bildiyi "Şərqi-Rus”dur, "Molla Nəsrəddin”dəki fəaliyyətidir. Amma onun irsi, yaradıcılığı geniş tədqiq olunmayıb. Bir də, ahıska türklərinin doğma torpaqlarına qovuşmasını görmək istəyirəm. Bizim fəaliyyətimizin nəticəsi bu oldu ki, Gürcüstan ahıska türklərinin öz torpaqlarına qayıdışı ilə bağlı qanun qəbul etdi. Təsdiq olundu ki, ahıska türkləri doğma torpaqlarından deportasiya edilib. Hüquqları beynəlxalq aləmdə tanındı. Amma ahıskalılar hələ də ata yurdlarına dönməyib. Mən o qayıdışı görmək istəyirəm.

P.S. Arzunuza, inşallah, çatarsınız, Fuad müəllim. Sizi və sizin timsalınızda istiqlal mücahidlərinin varislərinin Cumhuriyyət bayramını təbrik edirik.

Məlahət Rzayeva

Mənbə: "Şərq" qəzeti










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"