Qarabag Media
Haqqımızda Əlaqə

“Küçələrə su səpmişəm” - Fuad Poladovun əziz xatirəsinə


Tarix:19-05-2018, 13:54 Kateqoriya:Manşet / Mədəniyyət

“Küçələrə su səpmişəm” - Fuad Poladovun əziz xatirəsinə

02 dekabr 2016-cı il... məzuniyyətdəydim, Bakıdan təyyarə ilə uzaq səfərə çıxmışdım. Belə vaxtlarda adətən kitab oxuyur, yola körpü salıb uzaq yolu yaxın eləməyə çalışıram.

Ümidsizcəsinə əlimdə olan İPad-a əl gəzdirdim. Gözümə “Küçələrə su səpmişəm” filmi sataşdı. Elə ilk baxışdan epizodlar məni maqnit kimi özünə çəkdi. Sökülən dan yeri ... kənd səhəri ... qıp-qırmızı qan rəngli üfüqlər sanki qışqıran səma ilə məni üşüdürdü, ekzotik təəssüratdan daha çox hansısa bədbəxtlikdən soraq verirdi. Mərhum rejissor Nicat Feyzullayevin bu filmi paradokslarla dolu idi: Ağrı, acı, nakamlıq, puç olmuş arzular, saralmış gənclik xatirələri, sovulmuş sevgi dolu günlər...

Radioda verilən şablon xəbərləri üstələyən köhnə patefondan süzülüb gələn “Küçələrə su səpmişəm” mahnısının sədaları, Rəşid Behbudovun ecazkar səsi ... qonşu qızın qonşu oğlanla həyətdən-həyətə bir-birinə sevgi dolu baxışları ... hər şey təbiilikdən, gözəllikdən soraq verirdi.

Bəs onda içimdəki bu təşviş, bu son dərəcə aydın nigarançılıq nədən idi?...

Etiraf etsəm ki, bütün film boyu ağlamışam, məni qınamayın. Hər halda oxucunu filmin qısa məzmunu ilə tanış etməyi məqbul saydım.

İki əmioğlu - Bəhmən (Rasim Balayev) və Xəlil (Fuad Poladov). Biri institutda oxuyur, bu gün-sabah həkim olacaq, Xəlil isə əsgərliyə gedib qayıdıb, qiyabi oxumaq həvəsindədir və payızda qonşu qız Səidəyə elçi göndərib toy etmək arzusundadır. Yayda Bəhmən kəndə gəlir və onun təklifi ilə qonşu oğlan Tağı da olmaqla, üçlükdə ova gedirlər. Bəhmənin əlində təsadüfən açılan güllə Tağını öldürür. Bəhmən qaçıb gedir, ölümü Xəlilin boynuna yıxır... Xəlil səkkiz il həbs çəkməli olur. Sonra kəndə də qayıtmır, bir ucqar qəsəbədə məskunlaşır. Ailə qurur - namuslu arvadı (Mehriban Zəki), tərbiyəli uşaqları var. Ocaqçı işləyir, pis-yaxşı dolanır... Amma yaralanmış ürəklə, pərən-pərən olmuş arzularla, yarımçıq həyatla... Məişət problemləri də kifayət qədərdir. Tikdiyi ev yarımçıqdır, həbsdən sonra Qarabağ döyüşlərində iştirak etsə də, pensiya ala bilmir. Bütün bu ağrı-acıları Xəlil öz içində, daxili dünyasında dolu, bütöv, zəngin duyğularla yaşayır və bütün bunlar onun hərəkətlərində, üz cizgilərində, mimikalarında çox incə ştrixlərlə canlanır.

Artıq professor olan əmisi oğlu Bəhmən Cəfərzadə qəsəbəyə xəstə üstünə gələndə, Xəlilin bu görüşlər zamanı keçirdiyi sarsıntılar Fuad Poladovun aktyor kimi obrazın dərdini, ələmini necə də əzab-əziyyətlə, son dərəcə parlaqlıqla çatdırdığının şahidi oluruq. Məhz belə özgələşmə anlarında Fuadın nə dərəcədə özü olduğunu daha duyğusal şəkildə hiss edirsən. O, obrazın, aurasına girdiyi insanın daxili aləmini ələk-fələk edir, onun iç dünyasının alt qatını özünə çevirir, bütöv xarakteri, diri, canlı bir insan təqdim edir: yüngül, yumşaq sevinciylə, ağır kədəriylə. Doğrudan da film boyunca Xəlilin sifətindən elə bil daş kimi ağır bir kədər asılıb qalır. Onun hətta gülüşü də, təbəssümü də ürək parçalayır...

Hər kəs həyatda öz rolunu oynayır, bəziləri eqoist, xudbin, nə qələbədən həzz alan, nə məğlubiyyətdən diksinən donuq varlıq kimi, başqa bir zümrə isə universal mədəniyyət, saf mənəviyyat, bitkin əxlaq, coşqun ideya daşıyıcısı və yaradıcı ruhun təcəllası kimi ... Dünya bir səhnə, insanlar isə aktyordur - kəlamı da eləcə bu qocaman dünyanın özü qədər qocadır. Bəli, hər kəs özünü oynayır. Amma öz ömrünü yaşaya-yaşaya özgə ömrünü oynayanlar da olur. Aktyorlar özgə talelərdə məhz özünü oynayır. Bu, özgələşmədir. Son dərəcə çətin və absurd bir işdir. Özgələşmə anı, özgə taledə özünü tapmaq, yenidən özünəqayıdış, mənəvi-psixoloji oriyentirlərin yenidən yerbəyer edilməsi, özünü aldatmadan özünü tapmaya keçidlər... Aktyorlar var ki, onlar üçün özgələşmə anı, heç də özünə yadlaşma deyil. Belə sənətkarlar bütün obrazlarda, yaratdığı qəhrəmanlarda özüdür, yaxud özünü bütün obrazlarda görür, özünəoxşarları, xaraktercə doğmaları yaradır ki, absurd yeni absurda çevrilməsin. Çevrilmə, dəyişmə zahiridir, şəkli görüntüdür. İçəridə bir adam var, bir can, bir nəfəs var. Fuad Poladov bir aktyor kimi özgələşmə anında da daim özü idi. Belələri özgəni özününküləşdirəndə də, özgədə özünü tapanda da özüdür.

Bu sözlərimi təbii qəbul etmənizi istərdim ...Fuad Poladov haqda başqa cür düşünmək olmur... Onun uca şəxsiyyəti, saf, ləkəsiz vicdanı və ləyaqəti, dönməz xarakteri insana bu haqqı verir.

Təbii ki, Fuad Poladovu bir sənətkar, istedadlı aktyor kimi çoxdan tanıyırdım. Onun kinofilmlərdəki yaratdığı obrazlarla dönə-dönə ünsiyyətdə olmuşam, teatr tamaşalarındakı çıxışlarını dəfələrlə seyr etmişəm. Amma nə sirdir ki, “Küçələrə su səpmişəm” filmiylə sanki mən onu yenidən kəşf etdim. Xəlil rolu ona necə də yaraşır. Oturuşu-duruşu, hərəkətləri, daxili zənginliyi, əyilməz, yenilməz şəxsiyyətiylə. Axı, Fuad özü də həyatda xaraktercə beləydi: mərd, dönməz, uca mənliyi, bütov xarakteriylə. O, ən doğma adamla münasibətdə də tənhaydı, qapalıydı, başqa sözlə, özüydü. “Tənhalığı sevməyənlər-azadlığı sevməyənlərdir, çünki yalnız tənhalıqda azad olmaq mümkündür” (A.Şopenhauer). Bu sözlər necə də Fuada yaraşırdı... O, ürəyinin yağını özünə yavanlıq eləyib yaşaya bilən insanlardandı. Özünü heç vaxt heç kimə tam açmazdı, mənəvi ocaq saydığı qəlbinə heç kimi buraxmazdı; sözü də təbərrük kimi qısqanclıqla, qənaətlə işlədərdi. Hətta çoxsaylı müsahibələrindən də görürük ki, cümlələrin çoxunu yarımçıq saxlayır, fikrini bitirmir, yekunlaşdırmır, sanki fikrin davamını ona qulaq asanların özünə buraxır. İçi həmişə sözlə, fikirlə dolub-daşan bu adam eləcə düşüncülərinin çoxunu də qəlbində saxlayar, heç kimlə yox, eləcə özüylə bölüşərdi. Xəlil də belə tip insanlardandı. Fuad bütün qəhrəmanlarının simasında özüdür. Onun bir-birindən rəngarəng film qəhrəmanları, teatrda yaratdığı obrazlar - Əmir Teymur, Hamlet kimi tarixi qəhrəmanlarda, coşqun təbiətli, belə insanlarda da Fuad özüdür. Əmir Teymur, Hamlet-Fuad tandemləri də o qədər bir-birinə qovuşub ki, insanın harda başladığını, hansının harda bitdiyini hiss eləmək çətindir.

Sonralar Fuad mənə etiraf etdi ki, Xəlil obrazı onun xarakterinə ən yaxın rol idi.

Təbiət bizi yaradıb və özünün bir parçası olaraq qəbul edib-ağaclar, çöllər, dağlar, çaylar, dənizlər, balıqlar, quşlar kimi ...Amma gəlin görək, biz təbiətin bir parçası ola bilirikmi?... Sosial ziqzaqlarda, iqtisadi, maddi təbəddülatlarda biz təbiiliyimizi, təbiət övladı olaraq ilkin təmizliyimizi, başqa sözlə, insanlığımızı, ləyaqətimizi, mənəviyyatımızı, özgürlüyümüzü həmişə qoruyub saxlaya bilirikmi?... Həyatın oyunları, məişət rahatlıqları, bizi özümüzdən alıb aparan bu şeytani əyləncələr bizdə bizim təzahürümüzü, bizim varlığımızı nə üçün talaya bilir? İctimai münasibətlərin dərinliyinə getdikcə, niyə çaşırıq, niyə təbiiliyimizi, bakirə ləyaqətimizi itiririk? Fuad ilkin təbiiliyini, bütöv şəxsiyyətini, sınmaz, əyilməz ləyaqətini nəyin bahasına olursa olsun həmişə qoruyub saxlayanlardan idi. Mən ona baxanda cəmiyyətin gələcəyi üçün nigarançılıq yaşamırdım. Ağıllı, eyni zamanda, son dərəcə həssas olan Fuad Poladov özünüqoruma instinkti ilə bütün təkliflərdən nəzakətlə imtina edir, qəlbini və mənəviyyatını bütün yad təsirlərdən qoruyurdu. İmtina və təbəssümlü “yox” sözü ona məxsus olan mənəvi təsirin ilkin şərti kimi hamı tərəfindən qəbul edilirdi. Belə olmasaydı, Fuad Poladov təbiətin təbii bir parçası olaraq qala bilməzdi. Fuad Poladov təbiət kimi azad və özü idi. O, yer üzündə mənəvi azadlığın və ədalətin heç nəyə satılmadığını sübut eləyən insanlardan idi.

Təmizlik, saflıq hissi, duyğusu Xəlilin də əsas mənəvi yüküdür. Həyat Xəlilə çox şey öyrədib, gözlənilməz, təsadüflərlə dolu təzadlı taleyi onda insanlara qarşı qapalılıq və inamsızlıq formalaşdırıb. Xəlil də çox şeyi içində qaynadır, dilinə gətirmir, özü öz içində özünə üsyan edir. Ömrü və arzuları pərən-pərən olmuş Xəlil həyatın dibində yaşayır. Ailəsi, uşaqları, pis-yaxşı işi- gücü, yarımçıq olsa da, başının üstündə damı var. Amma qəlbində çoxdan dəfn etdiyi çatışmayan şeyləri Xəlil heç kimlə bölüşmür. Bütün bunlar sanki onun ən qiymətli xəzinəsi, saxlancıdır. O, əmisi oğlu Bəhmən Cəfərzadənin (Rasim Balayev) xəstə üstə gəlişini eşidəndə müəyyən qədər canlanır. Bu da həyatın vaxtilə yaşadığı acı xatirələrindən o yana ötmür. Bəhmənin Bakıya dəvəti onu bir qədər həvəsə gətirir, sanki bir anlıq olub-keçənləri də unudur. Lakin daxilən qəti qərara gələ bilmədiyindən ehtiyatlanır, şübhələrlə susur, diplomatik revanş edir. Bu anda da Xəlil Fuad Poladovun özüdür. İçindəki “mən”lə həsb-halları, oyanmış ehtirasa qətiyyətlə “yox” demək bacarığı, özünə xəyanət edə bilməməsi ilə eləcə Fuaddır.

Fuad Poladov realist sənətkardır. Yaratdığı obrazlar illüziyadan, fantasmoqomiyadan, hallüsinasiyadan uzaqdır. Onun modernizmi də, məhz, bu realizmdədir. Bunu təbiilik kimi də qəbul etmək olar, aktyorun real həyatı cizgilərdə, doğal lövhə və hadisələrdə özünütəsdiqi də... Fuad heç bir rolunda süniliyə, yalançı pafosa, qondarma fantasmoqomiyaya getməyib. Necə də gedə bilərdi? Bu qədər sadə, səmimi və təbii adam sənətdə başqa cür ola bilərdimi? Əgər Fuadın bir şəxsiyyət kimi böyüklüyündən, sabit xarakterindən, özünə, mənliyinə sədaqətindən, təbiətin özü kimi təbiiliyindən danışırıqsa, hansı əllaməçilikdən, qondarma oyunbazlıqdan söhbət gedə bilər? O, sayı-hesabı bilinməyən fərdlər kimi iradə və istəklərini sənətin əllaməçiliyində gerçəkləşdirəcəyini güman belə etmirdi. Ruhuna və qəlbinə yaxın bildiyi bu realizm (modernizm) öz plastikliyi, müxtəlif anlarda və məqamlarda, dəyişən situasiyaların keçidlərində aktyor təqdimatında reallaşan xarakterin parlaq təqdimatı kimi adamı məftun edir. Bütün epizod və səhnələrdə Fuadın yüngül, zərif kölgələr içərisində güclə sezilən solğun sifəti, nəcib siması bu realizmə yeni çalar qatır, onun bədii-estetik təsirini coşdurur. Fuad Poladov seçilmişlərdən idi. O, yalnız özü qarşısında və uca Allahın önündə hesabat verirdi.

Fuad Poladov aktyor sənətinə, şəksiz yeniliklər gətirib, zərgər dəqiqliyi ilə seçilən özünəməxsus incə ştrixlər əlavə edib. Bu da yenə onun şəxsiyyətinin zənginliyindən və bütövlüyündən qaynaqlanırdı. O, sıradan birisi olmaq üçün yaranmamışdı. O, dəmirçi, yaxud pinəçi də olsaydı, kamilindən olardı. Kamillik üçün ilk növbədə özünü tanımalısan, daxili “mən”ini kəşf etməlisən. Fuad belələrindən idi. Müsahibələrin birində dərin bir inamla bunu bəyan edir: “Mən özümü yaxşı tanıyıram axı”, - deyir. Doğrudan da o, özünü tanıya bildiyi üçün şəxsi keyfiyyətlərini layiqincə də ictimaiyyətə təqdim edə bilirdi. O, daxili müstəqilliyi və şəxsi azadlığı fanatikcəsinə sevirdi. Gerçək və qərəzsiz haqq tərəfdarı idi. Onda fərdiyyətçilik, subyektivləşmə əslində yaşam tərzi kimi təzahür edirdi. Bu, onun xarakteri idi. Bütün ömrü boyu özünütərbiyə ilə məşğul idi; cəmiyyətlə deyil, daha çox özü ilə mücadilədəydi. Bəlkə bu, daha məqbul yoldur. Cəmyyət axı fərdlərdən ibarətdir. Ayrı-ayrı insanların tərbiyəsi, eləcə, cəmiyyətin tərbiyəsi deyilmi? Onun qəhrəmanları da özü kimidir, daha çox içində yaşayırlar, özləri ilə mücadilədə olurlar.

Yenə qayıdaq “Küçələrə su səpmişəm” filminə. Xəlil cəmiyyətdən daha çox öz içində, öz aləmində məskunlaşıb. Qapalıdır, ürəyindəkilərini heç kimə demir, qırışığı açılmır, hətta ailəsi üçün də sirlidir, özü öz içində yaşayır. Xəlilin film boyu təqdimatı belədir. Təkcə filmin sonunda Bəhmənin onu şəhərə dəvət elədiyi səhnədə Xəlil bir az diksinir, canlanır, qırışığı açılır, hətta arvadına həvəslə “Şəhərə gedirik” - deyir. Bu da ötəri olur. Bəhmən baş həkimlə ova getməyə hazırlaşanda Xəlil o məsum günləri xatırlayır, əsəbləşir, yenə öz qınına çəkilir və ilk dəfə yalnız bu səhnədə qəzəbini boğa bilmir, qışqırır: “Oğraş, məni şəhərə aparana bax! Olmayan vicdanuva tüpürüm. Heç nə buna dərs olmayıb. Yenə ova gedir, əclaf...” Sonra da toya gedir. Yenə sakit, lal-dinməz. Bəhmənin uşaqlara verdiyi 200 dolları da toya nəmər yazdırır. Sonra da “Küçələrə su səpmişəm” mahnısına asta-asta, ağayana oynayır. Bu səhnə, ümumiyyətlə, şedevrdir. Burada bizim ağrı-acımız, nakamlığımız, Qarabağ dərdimiz, bir xalq kimi unutqanlığımız, hər şey təcəssümünü tapır. Və əsl Fuad da bu səhnədə daha çox görünür. Zəngin xarakteriylə, fərdi özünəməxsusluğuyla və daxili hikkəsiylə. 200 dollar və “Küçələrə su səpmişəm” havasına oynamaq (əslində, bu mahnı rəqs üçün yaramır, 200 dolların toya salınması da absurddur, axı Xəlilin onsuz da problemləri başından aşır, qəpiyə də ehtiyacı var) detalı filmin şah damarı kimi təzahür edir. Bütün bunlar namuslu bir adamın eybəcər dünyaya ucalan etiraz səsidir.

Bax, mənim tanıdığım Fuad Poladov budur! Mərd, yenilməz, bir az da özünü tapmayan, nakam... O, bu gün aramızda yoxdur. Onun yoxluğuna acıyırıq. Amma yəqin ki, indi daha çox xoşbəxtdir, Allaha yaxın bir yerdə - onun dərgahında daha rahatdır!

Əbədiyyətin qucağına döyüşsüz atılan bu ruh dünyanın natamamlığı və pozulmuş ahəngi üçün şübhəsiz, bu gün də narahatdır...

Yusif
18 may 2018-ci il, Bakı şəhəri










SON XƏBƏRLƏR
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılmasına inanıram”
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi
İlham Əliyev: "Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır"
Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən təpkilər gəlir
Peskov: "Ərdoğan Putindən yardım istəməyib"
Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb
Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi
Elçin Quliyev at çapan Gülayla görüşdü – Atasını işə götürdü
42 minədək abituriyent ərizəsini təsdiq edib
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Ramil Quliyev Avropa çempionatının finalında
Bakıda ağır namus cinayəti törədilib
Fransalı professor: "Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir" - MÜSAHİBƏ
Sarqsyan İtaliyadan qayıdıb Qarabağa getdi
Tahir Mirkişili: “Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı risk yoxdur"
Netanyahudan qərar: Qəzzanın taleyi həll olunur
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Britaniya Rusiyanı bütün dünyaya təhdid hesab edir