Qarabag Media
Haqqımızda Əlaqə

Məhəmməd Hadinin insan haqqında düşüncələri - (III Yazı)


Tarix:15-05-2018, 02:38 Kateqoriya:Manşet / Cəmiyyət

Məhəmməd Hadinin insan haqqında düşüncələri - (III Yazı)

Əvvəli burada
İkinci yazıda göstərmişdik ki, Məhəmməd Hadi hər bir istəyin, arzunun, amalın insan əli ilə yapıla biləcəyinə, insanın ağlı və düşüncəsi vasitəsilə həyata keçiriləcəyinə dərin ümid bəslədiyi üçün insanları birliyə səsləyirdi:

Cahanı titrədir tövhidi-millət,
Qoparmazmı dağı olduqda himmət?
Olanda cift arayü xəyalat
Doğar bunlardan övladi-kəmalat.
Rücu etmək gərək əqli-səlimə,
Olaq ləbbeykzən fikri-həkimə.
Kənarə taşlayaq fikri-səqimi,
Edək dərpiş rahi-müstəqimi.
Yaşa, ey ittifaqi-millətəfruz!
Yerə bat, ey nifaqi-xanimansuz!

İnsanlar arasında haqqın, həqiqətin , sədaqət və etibarın , rəhm və ədalətin olmaması şairi ümidsizliyə sala bilmir. O, gecə-gündüz həqiqətin, ədalətin bərpa olacağına, insanların öz səhvlərini dərk edəcəklərinə , ağlın, kamalın, düşüncənin hər şeyə qalib gələcəyinə inanır və inamını belə ifadə edir:
Gecmi, tezmi, bilməm, amma haqq edər bir gün zühur,
Kəsbi-imtinan qılmışdır buna vicdanımız.

Məhəmməd Hadi insanla şüuru vəhdətdə götürür, birini digərsiz lazım olmayan bir şey hesab edir, onları bir-birinə qarşı qoymur. Şair bunlardan hansının əvvəl, əsas olduğunu, hansınınsa törəmə, ikinci olduğunu söyləmir. O, ağıla , şüura üstünlük verərək göstərir ki, insanla heyvan hər ikisi canlı varlıqdır. Bunlardan birinin insan, digərinin heyvan adlanmasını da şüurla, ağılla əlaqələndirir.

Deməli, insan şüura, ağıla malik olduğu üçün qiymətlidir, şərafətlidir. Düşüncəsiz, ağılsız adamlar heyvandan fərqlənmirlər. Bu nəticəni şairin “Əql” adlı
əsərindən çıxarırıq:
Cahanda əql misli varmı rəhbər?
Bəşər danişlə oldu kampərvər.
Edək dərpiş ənvari-hüdayi,
Bu mişkati-bəvariqintimayi.
Bəni-adəm bu feyzə oldu malik,
Odur ki, oldu məscudi-məlaik.
Təcəlla eylədi aləmdə fərhəng,
Odur ki, oldu zinətbəxşi-ovrəng.
Nədir bu nur, nə bu feyzi-səmavi
Ki, həstigahi olmuş cümlə havi?

M.Hadi “Şüur” adlı əsərində də şüurun varlıq üçün nə qədər mühüm və zəruri olduğunu göstərir:
Kurluqdan nə yetər, aşiqi-nur olmalıyız,
Tərk edib səfsətəni, əhli-şüur olmalıyız.
Açaraq can gözünü eylə təmaşayi-cahan,
Laşüuranə yaşarsaq, bizə əfsus, ixvan.

Dövrünün, zamanının hər bir ağıllı, kamallı ziyalısı insan məfhumunun mənasını, məzmununu cəmiyyətin mənafeyi mövqeyindən açıqlamağa çalışmış,insanı yaxşı, ümumbəşəri əhəmiyyəti olan işlər görməyə səsləmişdir. Məhəmməd Hadi də belələrindən idi. O da “Əfkari-pərişan, ya ki, təraneyi-təhəyyüranə” şeirinin sonunda “İnsan nədir?” sualına belə cavab verir:
İnsan nədir? Yəni qabili-üns.
Gər böylə isə nədir bu vəhşət?
Vəhşət nədir?Yəni zülmü icbar.
İcbar nə?Suyi-istifadət.
Məxluq ki hürr xəlq olunmuş,
Etmək onu bəsteyi-əsarət,
Təhdid ilə etmək həqqi təhdidi,
Qoyma sitəm adına ədalət,
Məsumlar üstə amir olmaq—
Həp zalimü dunü bikifayət.
Qıldıqca nəzər bu faciatə,
Nifrət eləyir könül həyatə.

Vəhşilik, zalımlıq və haqsızlıqla i n s a n anlayışı bir araya sığmır – Hadinin qənaəti budur. Arzuladığını görməyən şair həyata çox küskün yanaşır, sanki onu görmək istəmir.

Ağıla, şüura yüksək qiymət verən, oni təbiəıt, kainatla insan arasında mühüm əlaqə vasitəsi hesab edən şair, bəzən insanın təbiət qarşısında acizliyindən söhbət açır və göstərir ki, bu acizlik insanın dünya işlərini, səmavi hadisələrin sirrini dərk edə bilməməsindən doğur. Bir tərəfdən, o, qeyd edir ki, insan dünyanı gözəlləşdirmək, yeniləşdirmək, özü üçün yararlı hala salmaqdan ötrü dünyaya gəlmişdir, digər tərəfdən, həmin fikrinin əksinə olaraq, insanın dünyanı və hətta, özünü dərk etmək qabiliyyəttinə malik olmamasını söyləyir.

Belə ziddiyyətli düşüncə tərzi M.Hadidə uzun müddət davam edir. İnsanın həyatdakı rolu haqqında şairin fikrini onun məqaləsindən gətirilmiş aşağıdakı parçada aydın görmək olur. Məhəmməd Hadı yazır:”Dünyanın da yaraşığı, imranı bizimlədir, bizimlə! Bəs dünyanın məmur və abad olması insan övladı ilədir. Bu baği-fənanın rövnəq və lətafəti şəcəreyi-adəmiyyət ilədir.Bu bağın içərisində nəşvü nüma tapan, böyüyən gülləri, çiçəkləri xanca mühafizə etməyə bir bağçavanın vücudi zəruridir. Ta ki, bu mahir bağçavanın yədi-məharətində bəslənmiş çiçəklər, ağaclar vaxtından iləri vərəqrizi-xəzan olmayıb mövsimi-məhdudində öz meyvəsini, öz gülünü göstərsin, dünya bağçası müzəyyən olsun. Bağban olmadığı təqdirdə bu ağaclar hər dürlü qurdlara, mikroblara, susuzluqlara düçar olaraq, baharı gəlməmiş xəzanə uğrayacağı nə qədər aydın isə, heyəti-bəşəriyyətə məhv olacağı bir o qədər açıq və aydındır. “

Lakin “Təraneyi-qəmpərvəranə”əsərində o, aqnostisizm mövqeyi tutur, dünyanın sirlərini, təbiətdə baş verən hadisələri insanın dərk edə bilməsinə inanmır, insanda belə bir qabiliyyətin mövcudluğuna şübhə edir. İnsanın yaranmasında, onun həqiqət və ya xəyal olmasında çaşbaş qalan şair hər şeyi allahın qüdrəti hesab edir, insanın isə bu qüdrət qarşısında acizliyini, imkansızlığını göstərir:
Cahanə gəlmədən məqsəd nədir insanə, bilməm ki?
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
Mən idrak etmədim dünyayə gəlməkdən nədir hikmət,
Yaratmaqdan nədir hikmət bizi sübhanə, bilməm ki?
Mücəssəm bir xəyalə bənzəyir timsalı imkanın,
Neçin dildadeyi-şövqüz xəyalistanə, bilməm ki?
Kitabi-kainatın sirri heyrətbəxşi-im”andır,
Bu sirri kəşfə yoxdur yol neçin im”anə, bilməm ki?
Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir,
Bunun həllində acizdir neçin fərzanə, bilməm ki?......


İdrakın gücünü, qüdrətini şübhə altına alan, həqiqəti xəyal sayan, insanı ilahi qüdrətin mahiyyətini, hikmətini anlamaqda aciz hesab edən M.Hadi özü də buna təəccüb edir; kainat bir kitabdır, onun hər bir vərəqi sirlərlə doludur. Hər bir misrası insanı heyrətə salır. Axı nə üçün insan idrakı bu sirri açmaqda, öyrənməkdə acizdir, onu kəşf etməyə qadir deyildir!?

“Kitabi-həyat” əsərində də şair həmin görüşlərini davam etdirir. O, həyatın sirlərinə mat qaldığını bildirir; necə olur ki, həyat bir vücudu hər şeyi bilən, dərk edən bir arifə çevirir, onu maarif taxtında əyləşdirir, elmin ən yüksək zirvəsinə qaldırır və birdən əcəlin ovçu əlində məhv edir? M. Hadi bu qənaətə gəlir ki, ariflər cahanın sirlərini kəşf etməkdə acizdirlər, gücsüzdürlər, təbiətin sirlıərini insanın ağlı, zəkası kəşf etməyə qadir deyildir.
Məhəmməd Hadi insanın qarşısında çox böyük vəzifələr qoyur. Şairə görə,bu vəzifələri o adamlar yerinə yetirə bilərlər ki, onların rəhbəri viucdan və ədalət olsun. İnsan məfhumu yaxşılıqla müşayiət olunur, onun əlindən yalnız yaxşılıq gəlməlidir. “Qış günlərində odlu fəğanlar” əsərində Məhəmməd Hadi yazır:
Həmişə yaxşılıq baş verməli insan olanlardan,
Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan.
“Cahanda ölməyən bir yaxşılıqdır”! Çox gözəl bir söz,
Gələnlər həp gedərlər aləmə mehman olanlardan.
Nədir milli məhəbbət qanmayanlarımız da qansınlar,...
Çalışsınlar xilasə qərğeyi-tufan olanlardan.
Bu gündə qafil olmaq çox böyük milli cinayətdir.
Müsibət çöllərində aclığa qurban olanlardan!
Sən ey qeyrətli Türk oğlu! Sən ey nəsli-kərəmpərvər!
Diriği-himmət etmə şəfqətə şayan olanlardan!!!

Məhəmməd Hadinin 1917-ci ilə qədər yazdığı əsərlərinin müəyyən hissəsində aqnostisizm özünü göstərir, insan idrakının acizliyi, dünyanın sirlərini dərk etmək qabiliyyətində olmaması, kainatın həmişə sirli qalacağı təsdiq və təlqin edilir. Lakin 1917-ci ildən başlayaraq yazdığı bir sıra əsərlərində insan idrakının böyük qüdrətə malik olması, yer aləminə sığmaması tərənnüm olunur, gec-tez “təmamən ruhi-əşyayə hakimi-mütləq olacağı” göstərilir. Bu baxımdan “Bəşər” adlı əsəri diqqəti cəlb edir:
Bəşər! Ey canlı bir hikmət , böyük qüdrətlərin vardır,
Böyük əqlin, böyük fikrin, böyük qüdrətlərin vardır.
Dimağın bir xəzinə, yəni bir gəncineyi-əfkar,
Tükənməz, bitməz, iştə bitsə də, bitməz olan əbhar!
Sənin sənətlərin ciddən tənahi-parəziradır,
Sənin nami-büləndin, ey bəşər, ülviyyətaradır.
Kiçik bir varlığın vardır, böyükdür lakin idrakın,
O göylərdən də yüksəkdir sənin ruhani əfkarın.

Burada böyük mütəfəkkir insan idrakına olduqca böyük qiymət verir. İnsanın idrakını göylərdən uca, beynini xəzinə, özü də bitməz-tükənməz bir dəniz, okean hesab edir. Özü kiçik bir varlıq olan insanın idrakında, şüurunda bütöv bir aləmin sığışmasını, əks olunmasını alqışlayan M.Hadi, bu idrakın fələkləri də ehtiva edəcəyinə inanır. Dənizləri, torpağı öz hökmünə tabe edən insan göylərə də meydan oxumalıdır, insan idrakı səmada məskunlaşmalı, onun sirlərini açmalıdır:
Dənizlə torpağı münqadi-fərman eylədin, indi—
O yüksək göylərə açmaqdasan şəhbali-ümmidi.
Sənin məfkurən, ey insan, demək ki, sığmayır xakə,
Onun üçün də çıxmışsan şücaət ilə əflakə.
Yeri, dəryanı təsxir eyləmişdin, indi var balın,
Əvət, bundan da yüksəkdir sənin şəhbali-iqbalın.

Səmanı fəth etməyə ruhlandıran, insana qol-qanad verən nədir? Əlbəttə, elm, bilik. Yalnız dərin elmi biliklərə yiyələnənlər səmanın, kainatın sirlərini kəşf edə bilərlər. Təfəkkür hələlik sirr olaraq qalan hadisələri təkamül sayəsində kəşf edib dünya səhnəsinə çıxara bilər. M.Hadi buna inanaraq yazır :
Təkamülyabi-fikr olduqca, ey səyyari-cürətkar,
Təbiət sinəsində indilik məstur olan əsrar—
Birər ərzi-cəmal eylər, çıxarlar səhni-dünyayə,
Olursan hakimi-mütləq təmamən ruhi-əşyayə.



Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl
Maarif Xadimi










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür
TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT
Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"
Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib
Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirilib - FOTOLAR
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Heydər Əliyev hərbi xidmətə yollandı - FOTO
Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı
Paşinyanın arvadı Qarabağda ölən ermənilərin analarını topladı, azərbaycanlı analara müraciət etdi