Qarabag Media
Haqqımızda Əlaqə

İrqlərin müxtəlifliyi nə üçün təkamülə dəlil deyil?


Tarix:13-05-2018, 01:38 Kateqoriya:Manşet / Yazarlar

İrqlərin müxtəlifliyi nə üçün təkamülə dəlil deyil? Rauf Vəliyev
Ötən il media gündəmində qalmış qaradərili nigeriyalı qadının ağdərili uşaq dünyaya gətirməsi hadisəsi milyonda bir ehtimal olsa belə, elm tərəfindən çox sadə şəkildə izahını tapır. İngiltərənin Milton-Kins şəhərində Nigeriya əsilli qaradərili bir qadın ilə ağdərili ingilis olan həyat yoldaşın yaşıl gözlü, ağdərili uşaqları dünyaya gəlmişdi.

Həyat yoldaşı Riçard Hovart ağdərili bir ingilis olmasına baxmayaraq, 32 yaşındakı Katerin Hovartın “tamamilə ağdərili irqdən” bir uşaq dünyaya gətirməsini mütəxəssislər “milyonda bir ehtimal” adlandırıblar. “Daily Mirror” qəzetinə müsahibə verən cütlük 1 iyunda dünyaya gələn oğulları Conahın “dəri rəngini heç diqqətə almadıqlarını, maraqlandıqları yeganə məsələnin onun sağlam olması” olduğunu söyləyiblər. Təəccüblü ana: “bəzi uşaqların doğumdan sonra dəri rəngi dəyişir, amma Conahda belə bir şey olmadı. Həkimlər mənə resessiv bir gen daşıdığımı, övladımın buna görə ağdərili olduğunu söylədi. Ancaq bütün ailəm Nigeriyadadır və bildiyim qədərilə, nəslimdə bir dənə də olsun ağdərili yoxdur”,- deyib.

Mütəxəssislər də cütlüyün gələcəkdə ağdərili uşağının olmasının ehtimaldankənar olduğunu, çünki belə gen kombinasiyalarının təkrarlanmayacaq qədər nadir olduğunu söyləmişdi. Bəs bu cür nadir bir hadisənin baş vermə səbəbi nə ola bilər?

TƏKAMÜL YOX, GENETİKA!

İnsanın dəri rəngi bir neçə gen kombinasiyası tərəfindən müəyyən edilir. İlk insanların genində isə, şəkildə göstərildiyi kimi heteroziqotluq, yəni “qarışıq gen” olduğu təqdirdə, növbəti nəsillərdə bütün irqlərin özünü büruzə verməsi mümkündür. İrqi müxtəliflik təkamül prosesinin nəticəsində yaranmır, genetik proseslərin tənzimi ilə baş verir.

Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları müxtəlif insan irqlərinin olmasını təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia, əslində, müdafiə etdikləri fərziyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən daha çox dilə gətirilir. İddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır?” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?”- deyirlər.

Əslində, bütün bu sualların və ya etirazların ardında duran problem genetika elmi haqqında məlumatın azlığı və ya genetik qanunlara məhəl qoyulmamasıdır. Bu gün yer üzündəki insanlar arasındakı irq müxtəlifliyinin səbəbini anlamaq üçün əvvəlcə bu sualla yaxından əlaqədar olan “variasiya” haqqında ümumi məlumata yiyələnmək lazımdır.

Variasiya genetikada istifadə edilən termindir və “müxtəliflik” mənasını verir. Bu genetik hadisə bir canlı növündəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Variasiyaların mənbəyi isə o növün daxilindəki fərdlərin malik olduğu genetik məlumatdır. Bu fərdlərin aralarındakı cütləşmələr nəticəsində bu genetik məlumat yeni nəsillərdə fərqli kombinasiyalarda birləşir. Ana və atanın xromosomları arasında genetik maddə mübadiləsi olur. Beləliklə, genlər bir-birilə qarışır. Bunun nəticəsində bu fərdin fiziki xüsusiyyətlərində müxtəliflik əmələ gəlir.

İnsan irqləri və insanlar arasındakı bir-birindən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid “variasiyalar”dır. Yer üzündəki insanların hamısı, mahiyyət etibarilə, eyni genetik məlumata malikdirlər, ancaq bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlü, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin də boyu qısadır.

Variasiya potensialını başa düşmək üçün sarışın və mavi gözlü fərdləri olan cəmiyyət ilə qarabuğdayı və qara gözlü fərdlərin çoxluq təşkil etdiyi cəmiyyəti nəzərdən keçirək. Hər iki cəmiyyətin zaman keçdikcə bir-birinə qarışmaları və aralarındakı evliliklər nəticəsində ortaya qarabuğdayı və mavi gözlü, sarışın və qaragözlü yeni nəsillər çıxacaqdır. Yəni hər iki cəmiyyətin müəyyən fiziki xüsusiyyətləri yeni nəsillərdə bir-birilə cütləşərək fərqli görünüşlü fərdlər meydana gətirəcəkdir. Digər fiziki xüsusiyyətlərin də bir-birilə qarışdıqlarını nəzərə alsaq, ortaya çox böyük müxtəlifliyin çıxacağı aşkar olar.

Burada bir cəhət nəzərdən qaçmamalıdır: hər fiziki xüsusiyyəti müəyyən edən iki tip gen var. Bunlardan biri resessiv, digəri dominant və ya hər ikisi də eyni dərəcədə dominant ola bilər. Məsələn, insanın göz rəngini müəyyən edən iki gen var. Bunlardan biri anadan, digəri isə atadan gəlir. Dominant olan gen hansıdırsa, uşağın göz rəngini o gen müəyyən edir. Əsasən, tünd rənglər açıq rənglərə müqayisədə dominantdır. Buna görə də, bir insanda yaşıl və qara göz rənglərinə aid genlər varsa, o insanın gözü qara rəngin geni daha dominant olduğu üçün qara olur. Lakin resessiv olan yaşıl rəng daha sonrakı nəsillərə ötürülərək sonrakı nəsillərdə ortaya çıxa bilir. Bu minvalla da, anası və atası qara gözlü olan uşağın gözü yaşıl ola bilir. Çünki bu rəngin genləri ana və atada resessivdir.

Bu qayda bütün digər fiziki xüsusiyyətlər və onları müəyyən edən genlərə də aiddir. Qulaq, burun, ağız forması, boy uzunluğu, sümük quruluşu, bədən üzvlərinin və orqanların quruluşu, forması, xüsusiyyətləri və s. kimi yüzlərlə, hətta minlərlə xüsusiyyət bu cür müəyyən edilir. Elə bu xüsusiyyətə görə genetik quruluşda mövcud olan saysız-hesabsız məlumat o fərdin xarici görünüşünə təsir etmədən sonrakı nəsillərdə üzə çıxa bilər.

Təkamülçülərin iddialarının əksinə, qan qruplarındakı müxtəliflik təkamül prosesinin məhsulu deyildir. Çox sadə genetika bilgisi ilə məlum olacaqdır ki, genetik müxtəliflik sayəsində iki insandan asanlıqla 4 qan qrupunun dördü də yarana bilər. Yuxarıdakı cədvəldə AO və BO qan qruplarından 4 qan qrupunun yaranma sxemi göstərilir.

İnsanlarda müxtəliflik təşkil edən və təkamülçülərin sui-istifadə etdiyi digər bir irsi əlamət isə qan qruplarıdır. Bildiyimiz kimi, insanlar üçün 4 növ qan qrupu vardır və bunlar qanın molekulyar tərkibi ilə xarakterizə olunur. Təkamülçülər isə eynilə müxtəlif insan irqləri üçün istifadə etdikləri ssenarini qan qrupları üçün də istifadə edir və bu fərqliliyin təsadüfi mutasiyaların məhsulu olduğunu iddia edirlər. Halbuki çox sadə genetika bilgisi ilə məlum olacaqdır ki, genetik müxtəliflik sayəsindəiki insandan asanlıqla 4 qan qrupunun dördü də yarana bilər. Yan tərəfdəki cədvəldə də təsvir edildiyi kimi, ilk insanlardan birinin AO, digərinin BO qan qruplarından olması növbəti nəsildə bütün qan qruplarından uşaqların doğulması üçün kifayətdir.

İlk insan olan Hz. Adəm və yoldaşı öz xarici görünüşlərində ancaq bir qismini təzahür etdirdikləri halda, genetik quruluşlarındakı zəngin məlumatı sonrakı nəsillərə ötürmüşdürlər. Bəşəriyyət tarixində ortaya çıxan coğrafi, sosial, siyasi və s. təsirlər müxtəlif insan qruplarındakı resessiv, yəni normalda üzə çıxmayan genlərin özünü büruzə verməsi üçün uyğun şərait yaratmışdır. Bu proses uzun zaman ərzində insan qruplarının sümük quruluşu, bədən rəngi, boy, kəllə sümüyünün həcmi kimi xüsusiyyətlərinin bir-birindən fərqlənməsinə gətirib çıxarmışdır. Nəticədə, irqlər əmələ gəlmişdir. Ancaq bu uzun proses, əlbəttə, növ müxtəlifliyi gətirməmişdir. Boyu, bədən rəngi, kəllə sümüyünün həcmi nə olursa olsun, bütün irqlər insan növünün bir hissəsidir. Burada tədrici təkamül prosesindən qətiyyən söz gedə bilməz.

DÜNYA ÜZRƏ İRQİ FENOMENLƏR

Yuxarıda bəhs etdiyimiz Hovart cütlüyü sözügedən irqi fenomenlə rastlaşmış yeganə ailə deyil. Mövzunu ətraflı araşdırdığımız zaman daha da təəccübləndirici faktlara rast gəlirik. 2010-cu ildə ikisi də qaradərili olan, əslən nigeriyalı cütlük- Ancela və Ben İheqborolar dünyaya gətirdikləri sarışın, mavigözlü Nmaçiyə baxa-baxa qalmışdılar.2 Kütləvi informasiya vasitələrində geniş yer verilmiş bu hadisə bir daha göstərir ki, insanın genetikası nə dərəcədə heyranedici nizam və müxtəlifliyə malik ola bilir. Nəsillər boyunca üzə çıxmamış resessiv sarışın irq genləri gözlənilmədən özünü büruzə vermişdir.

Solda müxtəlif irqləri təmsil edən Eylmer əkizləri görünür. Sağda isə bütün üzvləri qaradərili olan ailədə dünyaya gəlmiş Nmaçi və ailəsini görürsünüz. Bu maraqlı fenomenlər bir daha göstərir ki, bütün insanlar eyni bir mənşədən- ilk insandan gəlirlər.

Daha bir maraqlı irqlərarası hadisə isə müxtəlif irqlərdən olan əkizlərin doğulmasıdır! Bilindiyi kimi, eyni yumurta əkizləri bir-birlərinin eynisi olduğu halda, müxtəlif yumurta əkizləri kifayət qədər fərqlənə bilərlər. Bu zaman mayalanma prosesində iki sperma və iki yumurtahüceyrə iştirak edir və eyni anda ananın bətninə yerləşirlər. Bu günə qədər bir sıra nümunələri müşahidə edilmiş əkiz irqlərə Hocson-Horder əkizləri3, əkiz Biqqs qızları4, əkiz Riçardsonlar5, Eylmer əkizlərini6 və s. nümunə göstərmək olar. Qarışıq irqli ailələrdən ən maraqlısı, yəqin ki, Elison və Din cütlüyüdür. Belə ki, həmin ailədə iki dəfə (!) müxtəlif irqdən olan əkiz uşaqlar doğulmuşdur. 2001-ci ildə biri kürən saçlı, mavi gözlü, digəri isə tünd dərili və tünd saçlı əkizlər dünyaya gətirən Elison Spuner 2008-ci ildə bütün ehtimalları aşaraq eyni hadisə ilə yenidən qarşılaşdı.7Bütün bu faktlar göstərir ki, irqi müxtəlifləşmələr sadəcə və sadəcə genetik mahiyyət daşıyır və təkamül prosesilə heç bir əlaqəsi yoxdur.

BÜTÜN İRQLƏR EYNİ GENİ DAŞIYIR

Bunu da qeyd etmək yerinə düşər ki, 2002-ci ildə Stenford Universiteti əməkdaşları tərəfindən aparılmış bir araşdırma da yer üzündəki bütün insanların- istər qaradərili olsun, istər ağdərili, istər eskimo olsun, istərsə də avropalı; hamısının genetik cəhətdən 99,9% bir-birlərinin eynisi olduğunu üzə çıxardı.

Sizin genetik təbiətiniz Yer üzündəki hər hansı digər bir insanınkıyla heyranedici dərəcədə oxşardır- tədqiqatın nəticəsi bu gün bunu göstərmişdir. Araşdırmanın rəhbəri, Stenford Universitetindən prof. Mark Feldman belə deyir:

“…İnsan qrupları arasında sezilə bilən fərqliliklər, məsələn, dəri rəngi və kəllə qutusu forması genetik xüsusiyyətlərin olduqca kiçik miqyaslarda göstərdiyi fərqliliyin nəticəsidir”.

Elm adamları uzun müddət idi ki, fiziki müxtəlifliklərə baxmayaraq, bütün insan populyasiyalarının genetik cəhətdən oxşar olduqlarını bilirdilər. Lakin araşdırma belə nəticəyə gəlir ki, dünyanın müxtəlif bölgələrindən olan populyasiyalar əvvəl zənn edildiyindən daha çox genetik bənzərliklər paylaşırlar.

Bütün insanlar 99,9 faiz bir-birlərinin eynisidirlər. Geridə qalan cüzi 0,1 faiz fərqliliyin isə 94%-i eyni populyasiyaların fərdləri arasında, sadəcə 6%-i isə müxtəlif populyasiyaların nümayəndələri arasındadır. Bu o deməkdir ki, sizin öz yaşadığınız bölgədəki insanlardan fərqlənmə ehtimalınız, dünyanın hər hansısa bir nöqtəsindəki kimsədən fərqlənmə ehtimalınızdan daha çox ola bilər.

NƏTİCƏ

İrqlərin əmələ gəlmə prosesi təkamülçülərin susub genetiklərin izah edəcəyi bir mövzudur. İnsan Genomu Layihəsi 2000-ci ildə əldə etdikləri nəticələri yayımladıqları zaman “New York Times” xəbər verdi ki: “araşdırmaçılar yekdilliklə yalnız bir irqin- insan irqinin mövcud olduğunu bildirirlər”. Bu, tamamilə doğru bir diaqnozdur, çünki hal-hazırda yer üzündə yaşayan bütün insanlar - skandinavlardan piqmelərə, hindulardan eskimolara qədər hər insan irqi iki insanın çoxalıb törəməsindən yaranmışdır. Necə ki quşlar quş, balıqlar balıq, antiloplar antilop olaraq yaradılmış, insanlar da elə ilk etapdan insan olaraq yaradılmışdırlar. İnsanın əcdadı insandır. Təkamülçülərin insanın mənşəyinə dair gətirdikləri bütün açıqlamalar uydurma və saxtadır. İnsan darvinistlərin iddia etdiyi kimi yaşamaq uğrunda mübarizə aparan bir heyvan növü deyil, bütün digər canlılardan fərqli olan şüuru, nitqi, mühakimə qabiliyyəti, qurduğu sivilizasiyalar, yazdığı tarix və yaratdığı incəsənət ilə uca Allah tərəfindən yaradılmış şərəfli bir varlıqdır.

Mənbələr:

Nigeriyalı qaradərili ananın ağdərili uşaq dünyaya gətirməsinin səbəbi nədir? (Araşdırma), Ən Son Xəbər, 12 Sentyabr 2014
Andy Soltis, Black parents give birth to white baby, New York Post, July 21, 2010
George Clark, “Twin Sisters—One Black, One White—Turn Heads in England,” Jet (London), March 2006, pp. 36–40
“‘Million to One’ Black and White Twins Celebrate First Birthday” Daily Mail (London), July 5, 2007
Paul Sims, “Mum Defies Million-to-One Odds to Give Birth to Black and White Boys,” Daily Mail(London), October 24, 2006
Lucy Laing, The twins that EVERYONE can tell apart! Striking sisters couldn’t be more different due to quirk in their mixed-raced parentage, Daily Mail Online, 1 March 2015
Rebecca Camber, Mixed-race couple give birth to black and white twins – for the second time, Daily Mail Online, 1 January 2009
Roger Highfield, DNA survey finds all humans are 99.9pc the same, The Telegraph, 20 Dec 2002
Roger Highfield, DNA survey finds all humans are 99.9pc the same, The Telegraph, 20 Dec 2002
Roger Highfield, DNA survey finds all humans are 99.9pc the same, The Telegraph, 20 Dec 2002
Natalie Angier, Do Races Differ? Not Really, Genes Show, The New York Times, August 22, 2000










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı