Qarabag Media
Haqqımızda Əlaqə

Bu hiylə adamlar, yaltaq adamlar...


Tarix:10-05-2018, 11:02 Kateqoriya:Manşet / Yazarlar

Bu hiylə adamlar, yaltaq adamlar... Qulu MƏHƏRRƏMLİ

* * *

Bir ölkədə yaltaqlığın qazancı dürüstlüyün qazancından artıq
olarsa, həmin ölkə batar.

Şarl Lui Monteskyö

****


Yurdu bürümüş qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!!

Hüseyn Cavid


***

"Yaltaq” sözünü oxuyan kimi, təbii ki, dərhal xəyalınıza tanıdığınız, ekranlarda gördüyünüz yaltaq sifətlər gələcək. Gözünüzün önündən öz işinin xatiri üçün alçalaraq yalan danışan, kiminsə şəninə təmənnalı təriflər deyən, utanmadan həqiqəti təhrif edən, xüsusən vəzifəli şəxslərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan bir xeyli yaltaq adam gəlib keçəcək.

Əlbəttə, bu məsələdə fantaziyaya xüsusi güc verməyə gərək yoxdur, bədbəxtlikdən indi yaltaqların sayı o qədər çoxalıb ki, sanki gözümüzün qabağında qaynaşırlar. İş yerində, qonşuda, televiziya ekranlarında, sosial şəbəkələrdə, demək olar ki, hər gün rəngarəng yaltaqlara, üzü bu yolda bərkimiş vücudlara rast gəlirik.

Təbii ki, bütün normal insanlarda ikrah hissi doğuran ən peşəkar yaltaq da sözün mənfi yükünə görə özünü bu əməlin sahibi hesab eləmir. Amma hara qaçsan da, bu hərəkətin adı "yaltaq” kəlməsində həkk olunub. Bütün sözlüklərdə, o cümlədən Azərbaycan dilinin izahlı lüğətində də "yaltaqlığ”ın mükəmməl izahı verilib, bu əməl "öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, onu riyakarcasına tərifləmə” kimi səciyyələndirilib. Yəni hörmətli Tağı müəllim demişkən, burada burcutmağa yer yoxdur: sən şəxsi maraq güdərək nəyisə və kimisə yalandan tərifləyirsənsə, onu layiq olmadığı şəkildə öyürsənsə, öz təmənnan üçün həqiqəti tapdalayıb riyakarlıq edirsənsə, YALTAQSAN!

* * *

Azərbaycan cəmiyyəti üçün yaltaqlıq yeni şey deyil, məşhur "Şərq yaltaqlığının” bir qolu kimi hələ qədimdən insanların şüuruna və psixologiyasına hopub. Yaltaqlıq saray əxlaqının bir elementi və "dadlı zəhər” kimi uzun əsrlər boyu içimizdə yaşayıb. Sovet dövründə də bu, çoxlarının çörək ağacı olub. Amma müstəqillik illərində yaltaqlıq bizdə görünməmiş bir miqyas alıb. Bəlkə onun "çiçəklənməsi” üçün daha əlverişli şərait yaranıb, bəlkə yayım vasitələri çoxaldığından indi yaltaqlıq və onun "naibləri” daha çox gözə girir.Təbii, bunun səbəblərini hərə bir cür yoza bilər, amma danılmaz faktdır ki, yaltaqlıq cəmiyyətdə təhlükəli sosial bəlaya çevrilib və əxlaqı ciddi şəkildə zədələməkdə davam edir.

Hərdən adama elə gəlir ki, bu gün bütün sahələrdə — mediada, təhsildə, mədəniyyətdə, siyasətdə və s. əməlli-başlı yaltaqlar ordusu yetişib. Görün, ətrafımızda çörəyi yaltaqlıqdan çıxan, ictimai sferada təlxəyə çevrilmiş nə qədər zəhlətökən yaltaq sürüsü var. Aralarında akademikdən tutmuş müəllimə kimi ütülü danışan oxumuşa da, xüsusi istedad və fəhmlə nitq irad edən təhsilsiz pambıqçıya da də rast gələrsiniz. Təbii ki, savadı olan, necə deyərlər "intellektual yaltaqlar” daha qorxuludur, çünki onlar bəzən mötəbər görünərək adamları, qısa müddətə olsa da, yalanlara inandıra bilirlər. Bunlar bir parça çörək və mənsəb üçün və ya sahib olduqlarını əllərində saxlamaq naminə nə oyundan çıxır, hansı yalanları uydurur, həqiqəti necə tapdalayır, ana dilimizin ən gözəl və ülvi sözlərinə necə divan tuturlar-bunu bir Allah bilir.

Şübhəsiz ki, yalmanaraq tikə qazanmağa, mövqeyini qorumağa çalışan yaltaq adam əxlaqsız, ikiüzlü, hiyləgər, əsl buqəlamundur. İslam peyğəmbəri "yaltaqların gözünə torpaq sovurun” deyə cəmiyyəti bu adamlardan uzaq durmağa çağırırdı. Çünki bu adamlar ictimai mühit üçün təhlükədir, sağlam düşüncə və əxlaq üçün qrip virusu qədər qorxuludur. Bu yerdə insanlıq adına ləkə olan həmin çağdaş yaltaqları "vəsf” edən böyük şairimiz Musa Yaqubun misraları yadıma düşür:

Yalmana-yalmana tikə qazanan,
Ah, bu it payına ortaq adamlar!
Tülküyə ayrılmış ruzudan yeyir,
Bu hiylə adamlar, yaltaq adamlar.


Bəli, əxlaqı ayaqlar altına salan yaltaqlar o kəslərdir ki, umacaqlı gözləri həmişə yalandan tərif etdikləri ixtiyar sahiblərinin süfrəsindədir. Həmin umacaq onlar üçün həyat və yaşayış stimuludur, onun xatirinə utanmadan hər cür alçaqlığa və yaramazlığa getməyə hazırdırlar. Yəni bu adamlar vicdan və əxlaq sarıdan axsayanlardır, əslində onlar üçün heç əxlaq və abır-həya anlayışı da yoxdur. Olsaydı, zatən niyə yaltaqlıq edirdilər ki?!

* * *

Xalq arasında yaltaqlığın "ona-buna yarınmaq” kimi tutarlı adı var. Və bu yarınmaq birbaşa nəfsin təhriki ilə, qazanmaq üçün olur. İnsan ləyaqətini alçaldan bu üsulla qazanmaq əxlaqa zidd olduğundan normal cəmiyyətlərdə yaltaqlıqla əxlaq bir arada yaşaya bilmir. Çünki yaltaqlıq əxlaq və mənəviyyat üçün gizli düşməndir. Bu qorxulu düşmən yaşayarsa və cəmiyyəti idarə edənlər yaltaqlığa rəvac verib ondan zövq almağa başlayarlarsa, o zaman insan şərəfi və ləyaqət deyilən dəyər həmişə ayaqlar altında tapdalanar.

Sağlam cəmiyyət həmişə yaltaqlığa qarşı olub, çünki yalan və riyakarlıqdan qidalanan yaltaqlıq, ilk növbədə cəmiyyətin minillik dəyərlərinə və ictimai əxlaqa zərbə vurur. Yaltaqların tirajladığı yalanlar mahiyyət etibarilə beyinləri dumanlandıra, gerçəyi təhrif edə, insanları doğru yoldan azdıra bilir. İngilislərin dahi Şekspir qədər dəyər verdikləri Con Milton hələ XVII əsrdə "Mətbuat azadlığı” ("Areopagitika”) əsərində Britaniya parlamentinə müraciət edərək deyirdi ki, yerində olmayan tərif yaltaqlıqdır, şəxsi təmənna üçün yalan danışıb yaltaqlıq etmək, həm də ölkənin bu günü və gələcəyi üçün təhlükəlidir. Məncə, Miltonun bu xəbərdarlığı yaltaqlıq girdabında çabalayan bizim kimi cəmiyyətlər üçün hələ də öz aktuallığını saxlayır…

Karabakhmedia.az

Ayna.az










SON XƏBƏRLƏR
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"
Putinin möhtəşəm silahı yerə çırpıldı – Şok