Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan neft sənayesi Böyük Vətən müharibəsində


Tarix:9-05-2018, 01:24 Kateqoriya:Manşet / Araşdırma

Azərbaycan neft sənayesi Böyük Vətən müharibəsindəBəşəriyyət yarandığı gündən irili-xırdalı minlərlə müharibələr görmüşdür. Onların ən dəhşətlisi, ən dağıdıcısı altı ilə qədər davam etmiş 1939-1945-ci illər II Dünya müharibəsi olmuşdur. Bu müharibədə dünya əhalisinin beşdə-dörd hissəsini təmsil edən 61 ölkə iştirak etmişdir.

Müharibə dövründə 110 milyon adam silahlandırılmışdır. Bəşəriyyətin ən dəhşətli bu müharibəsində 60 milyondan çox adam həlak olmuşdur. 1941-ci il iyunun 22-də faşist Almaniyasının keçmiş SSRİ üzərinə qəfil hücumu ilə başlanmış Böyük Bətən müharibəsinə müttəfiq respublikalardan biri olan Azərbaycan SSR də bütün yeraltı, yerüstü sərvətləri və insanları ilə bu müharibəyə cəlb edilmişdir. SSRİ xalqlarının faşist Almaniyası və onun müttəfiqləri üzərindəki tarixi qələbəsində Azərbaycan xalqının da böyük rolu olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubleyinə hazırlığın qeyd olunması üzrə Tədbirlər Planı” haqqında 23 fevral 2015-ci il tarixli sərəncamının həyata keçirilməsi üzrə ölkəmizdə ciddi hazırlıq işləri davam etdirilir.

Müharibənin ilk günündən Azərbaycan xalqı “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə alman faşizminə qarşı mübarizəyə qalxdı. 1941-ci il iyunun 22-də Bakıda izdihamlı mitinq keçirildi. İlk günlərdə Azərbaycanın 40 mindən çox oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlıqlara ərizə verdi. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan döyüşən orduya 700 minə qədər adam səfərbər olunmuşdu ki, onlardan 400 minə qədəri geri qayıda bilməmiş, müharibə cəbhələrində həlak olmuşdur.

Müharibəyə Azərbaycan iqtisadiyyatının ən mühüm sahəsi olan neft sənayesi də cəlb edilmişdi. Hələ cahan müharibəsinin başlanması ərəfəsində neft sənaye şəhəri olan Bakı nasist Almaniyasının xüsusi diqqətində idi. Faşist Almaniyasının Bakı neftini ələ keçirdikdən sonra Şərqə, xüsusən İran körfəzi və Hind okeanına doğru hərəkət etmək planı mövcud idi. Bakı zəbt edildikdən sonra onun nefti “Ostoyl”, “Kontinental -oyl” alman neft şirkətlərinin sərəncamına verilməli idi. Bakı neftinin çıxarılması, emalı və daşınması Almaniyanın “Kontinental” neft cəmiyyətinə həvalə olunmuşdu. Hitlerin niyyətinə görə Bakı Almaniyanın güclü hərbi məntəqəsinə çevrilməli idi.

1941-1945-ci illər müharibəsinin başlandığı ilk günlərdən Azərbaycan neft sənayesində çalışan minlərlə fəhlə könüllü surətdə cəbhəyə yola düşür, döyüş drujinalarına yazılır, müdafiə istehkamlarının qurulmasında yaxından iştirak edirdilər. Cəbhəni bol yanacaq, silah, hərbi sursat və ərzaqla təchiz etmək üçün bütün maddi və mənəvi qüvvələri səfərbər edən xalqın önündə Azərbaycan nefçiləri gedirdi. Faşizm üzərində qələbə naminə əmək növbəsində duranların da ön sıralarında Azərbaycan neftçiləri idi. Cəbhəni vaxtında yüksək keyfiyyətli yanacaqla təmin etmək üçün ən təhlükəli, ciddi vəzifəni Azərbaycan neftçiləri böyük əzmkarlıqla, şərəflə yerinə yetirirdilər.

Almanların qəfil və sürətli hücumu nəticəsində keçmiş SSRİ-nin Qərb neft rayonları işğal altına düşmüşdü. Şimali Qafqaz neft rayonları böyük təhlükə qarşısında qalmışdı. Belə bir vaxtda Bakı sovet ordusunun əsl cəbbəxanası, “motorlar müharibəsi”ni aparan, hərbi texnikanı yanacaqla təmin edən güclü və etibarlı baza, 130 növ silah istehsal edən potensial cəbbəxana idi. Ümumi dövlət səviyyəsində daim diqqət mərkəzində olan ölkədə hasil edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. Bakı hərbi dəniz qüvvələrini də yüksək keyfiyyətli mazutla təmin edirdi.

1941-ci ilin ağır çətinliklərinə baxmayaraq, Azərbaycan neftçiləri 23481 min ton neft və 25864 min kubmetr qaz istehsal etmişdilər. Bu respublika neft sənayesi tarixində ən yüksək göstərici idi.

Azərbaycan neft sənayesinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Dövlət Müdafiə Komitəsinin (DMK) qərarı ilə ölkənin cənub və qərb rayonlarından Bakıya 20 iri müəssisə qurğuları, o cümlədən 250 dəzgah, 12 vaqon mayetökən cihaz, 53 metalkəsən dəzgah və digər alətlər gətirildi. Bakı neftçiləri böyük əzimkarlıq və əmək xarüqələri göstərirdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 6 fevral tarixli xüsusi fərmanı ilə 500 neftçi SSRİ-nin ordeni və medalları ilə təltif olundu. “Leninneft” trestinin 11-ci mədəni və Bibiheybət trestinin 4-cü mədəni, “Lökbatanneft trestinin 4-cü mədəni “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görüldü. Bütün bunlara baxmayaraq, neft sənayesində çalışan mütəxəssislərin yarıya qədərinin cəbhələrə göndərilməsi qazma işlərinin dayandırılması, neft-maşınqayırma zavodlarının çoxunun hərbi müdafiə məhsulları buraxmağa başlaması, kəşfiyyat işlərinin səngiməsi və neft sənayesinə vəsait qoyluşunun kəskin azalması 1942-ci il üçün hasilatın aşağı düşməsinə səbəb olmuşdu.

1942-ci ildə Zaqafqaziyanın, o cümlədən Azərbaycanın faşistlər tərəfindən işğal edilməsi təhlükəsi xeyli artmışdı. Alman-faşist işğalçıları ölkəmizin neft məhsulları verən rayonlarını tutmağa böyük səy göstərirdilər. Alman-faşist komandanlığının sərəncam planına görə Bakı sentyabrdan gec olmayaraq tutulmalı idi.

Sovet hökuməti Qafqaz cəbhəsində yaranmış mürəkkəb vəziyyətlə əlaqədar olaraq bir sıra tədbirlər gördü. 1942-ci ilin yayında Abşeronda neft quyularının qazılması işləri məhdudlaşdırıldı, sentyabr ayında isə tamamilə dayandırıldı, neft verən quyuların çoxu basdırıldı. 1942-ci ilin payızında 1941-ci ilə nisbətən neft verən quyuların sayı 764 ədəd azalmışdı. 81 dəst qazma avadanlığı sökülüb Şərq rayonlarına göndərildi. Azərbaycan neft-qaz tikinti idarəsi 2003 nəfərlik kollektivi ilə, habelə 9 qazma kontoru bütün fəhlələri, texniki işçiləri və avadanlığı ilə birlikdə Şərq rayonlarına köçürüldü. Bu rayonlara 100 buruq ustası, 500 çilingər, 230 mühəndis və başqa yüksək ixtisaslı mütəxəssislər göndərildi. 1941-1942-ci illərdə ümumiyyətlə Azərbaycandan Şərq rayonlarına 11 min nəfərdən çox müxtəlif ixtisaslı neftçi göndərilmişdi. Azərbaycanda hasil edilən neftin daşınması işində müharibənin birinci ilindən böyük çətinliklər yaranmışdı. Neftin daşınmasında əsas rol oynayan dəmir yol xətləri Şərqə köçürülən sənaye müəssisələrinin daşınmasına səfərbər edilmişdi. Həştərxan və Krasnovodsk dəniz limanlarında çoxlu miqdarda neft məhsullarının qəbul edilməsi imkanı olmadığından, neftin Xəzər dənizi vasitəsilə daşınması da çox ləng gedirdi. Bakıda külli miqdarda neftin toplanması neft sənayesi üçün ciddi təhlükə təşkil edirdi.

Döyüşən ordunun duru yanacağa böyük ehtiyacı olduğu bir zamanda neft məhsullarının qorunub saxlanılması müstəsna əhəmiyyətə malik idi. Respublika hökuməti neft məhsullarını saxlayıb cəbhənin xidmətinə vermək üçün bir sıra ciddi tədbirlər gördü. Azərbaycan zəhmətkeşlərinin ciddi səyi və fədakar əməyi nəticəsində 1941-1942-ci illərdə milyon tonlarla qiymətli yanacağın saxlanılması və cəbhəyə göndərilməsi təmin edildi. Sovet ordusunun hərbi texnikasının - təyyarələrin, tankların və başqa hərbi maşınların sayının 1942-ci il üçün xeyli artması yanacağa olan tələbatı daha da artırmışdı. Bütün hərbi texnikanı yüksək keyfiyyətli yanacaqla təmin etmək işində əsas ağırlıq Azərbaycan neftçilərinin üzərinə düşürdü. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” cağırışını Azərbaycan neftçiləri də özlərinin başlıca şüarına çevirmişdilər. Onlar cəbhənin sifarişlərini yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdilər.

Cəbhəyə gedən neftçi kadrları qadınlar, yeniyetmələr əvəz edirdi. Evdar qadınların istehsalata cəlb olunmasına cəbhəçi arvadlarının Bakıda keçirilmiş yığıncağının böyük təsiri oldu. Bakının neft sənayesində işləməyə 13 mindən çox işçi cəlb edildi. Təkcə 1942-ci ilin 8 ayı ərzində 16 min cəbhəçi arvadı respublikanın sənaye müəsssisələrinə işləməyə gəldi ki, onlardan 11 min nəfəri neft sənayesində çalışmağa başladı. Həmin ilin yayı üçün neft sənayesində 25 minə qədər qadın işləyirdi.

Cəbhənin ehtiyaclarını nəzərə alan SSRİ Dövlət Müdafiə Komitəsi neft sənayesinin inkişafı ilə bağlı özünün bir sıra tədbirlərini həyata keçirdi. DMK-nın 1942-ci il 16 dekabr tarixli qərarı və SSRİ Neft Komissarlığının 1942-ci il 15 dekabr sərəncamı ilə Azneft kombinatına qazma işini sürətləndirmək təklif olundu. DMK-nın qərarı ilə minlərlə gənc ordu sıralarına çağırışdan azad edilərək, neft sənayesinə göndərildi. 1943-cü ildə 67,7 min, 1944-cü ildə 138,8 min, 1945-ci ildə 14,5 min metr neft quyusu qazıldı.

Müharibənin ilk aylarından neft sənayesi müəssisələrində daxili imkanlardan istifadə etmək aylıqları keçirildi. “Əzizbəyovneft” tresti quyuları əsaslı təmir kontorunun kollektivi daxili imkanlardan geniş istifadə etmək hesabına hər bir quyunun təmirinin maya dəyərini 13,2 faiz aşağı salıb, qənaət edilən 700 min manat pulu müdafiə fonduna keçirmişdi.

Dövlət vəsaitinə qənaət, texnikadan səmərəli istifadə neftçilərin əsas şüarlarından idi. Materiallar və dövlət vəsaitinə qənaət edənlərin ön sırasında qazmaçılar gedirdilər. R.Rüstəmovun başçılıq etdiyi Gənclər briqadası sürətlə qazdığı üç quyuda 70 iş gününə və 100 min manatlıq materiala qənaət etmişdi.

Müharibə dövrünün başlıca tələblərindən biri də neft texnikasını təkmilləşdirmək, ondan maksimum istifadə etmək idi. “Qaradağneft” trestinin qazma ustası X.Rufullayev rotordan daha səmərəli istifadə edərək keçmiş SSRİ-də ilk dəfə rotorun 1 dəqiqədə 340 dəfə dövr etməsinə nail olmuşdur. Yenilikçi usta qabaqcıl iş nümunəsi göstərərək, plan üzrə nəzərdə tutulan 60-70 metr əvəzinə 120-140 metr quyu qazır, planı 307 faiz yerinə yetirirdi. Azərbaycanın fəhlə sinfinin yaradıcı fikri, elmlə istehsalatın əlbir işi nəticəsində neft sənayesində 18507 ixtira və səmərələşdirici təklif verilmiş, bunların yarıdan çoxunun istehsalata tətbiqi 144,5 min manat dövlət vəsaitinə qənaət etməyə imkan vermişdir.

Gənc neftçilər yanacaq cəbhəsini qələbə uğrunda əsl döyüş meydanı hesab edərək, misilsiz əmək rəşadəti göstərirdilər. 2000 nəfərdən çox gənc planı artıqlaması ilə yerinə yetirirdi. Planı 200 faiz yerinə yetirən gənclərin sayı 1942-ci ildəki 670 nəfərdən 1943-cü ildə 967 nəfərə çatmışdı. Qaraçuxurun altıncı mədənindəki gənclər neftçıxarma biriqadaları yarış günlərində plandan əlavə 7 min ton neft çıxarmışdılar. Həmin trestin ikinci mədənində A.K.Məmmədov öz həyatını təhlükədə qoyaraq qəflətən fontan vuran buruğu cilovlayıb 40 tondan çox qiymətli yanacağı xilas etmişdi. Bu qeyri-adi hadisəni eşidən Birinci Ukrayna cəbhəsinin qvardiyaçı topçuları vətənpərvər gəncə göndərdikləri məktubda yazırdılar: “Biz “Komsomolskaya pravda” qəzetində sizin tərifəlayiq igidliyiniz haqqında oxuduq. Bakı neftçilərinin yanacaq uğrunda mübarizədə özlərini əsl döyüşçü kimi aparmaları və necə deyərlər, canlarından belə keçməyə hazır olduqları bizdə sonsuz vüqar hissi doğurur, bizi yeni-yeni qəhrəmanlıqlara sövq edir. Sizin qəhrəman əməliniz cəbhə ilə arxanın sarsılmaz vəhdətinin ən canlı timsalı ola bilər”.

“Əlavə məhsul qələbəni yaxınlaşdırır” şüarı müharibə illərində gənc neftçilərin yanacaq uğrunda mübarizəsinin əsas qanunu idi. Qaraçuxurun ikinci mədənində Sarı Hüseynovun neftçıxarma biriqadası neft hasilatını müntəzəm surətdə artırdığına və planı artıqlaması ilə yerinə yetirdiyinə görə 1943-cü ildə 7 dəfə DMK-nin Keçici Qırmızı bayrağını almışdır.

Cəbhəni bol yanacaqla təchiz etmək uğrunda Azərbaycan nevtçilərinin fədakar əməyi sovet döyüşçüləri tərəfindən yüksək qiymətləndirilirdi. Qvardiya təyyarə hissəsinin şahinləri Bakı neftçilərinə göndərdikləri məktubların birində yazırdılar: “Yoldaş bakılılar! Əla benzin üçün çox sağ olun. Sizin fədakar əməyiniz sayəsində bir gün də olsun yanacaqdan korluq çəkməmişik. Bizim düşməni darmadağın etməyimizdə sizin xidmətləriniz çoxdur”.

Vətən uğrunda qəhrəmancasına vuruşan və öz misilsiz sücayətləri ilə adlarını ölməz edən sovet döyüşçülərinin xatirəsini bakılılar əziz tutur, düşməndən onların qisasını arxadakı fədakar əməkləri ilə alırdılar. Misilsiz əsgəri igidlik göstərən bakılı Vasili Kusnetsovun adını daşıyan trestin 8 mədəni 1943-cü ildə hər ay planı müntəzəm surətdə artıqlaması ilə yerinə yetirirdi. Adıçəkilən mədənin ustalarından K.Kərimov və Q.Məmmədov iyul ayında 24 saat fasiləsiz əmək növbəsində durub, dayanan quyunu vaxtından iki dəfə tez işə salmışdılar. Mədən bir ayda müdafiə fonduna 1200 ton yüksək keyfiyyətli neft vermişdi. Şəhər və kəndlərin faşistlərdən azad edilməsini Azərbaycan neftçiləri yeni-yeni istehsalat qələbələri ilə qeyd edirdilər. Oryol və Belqorod şəhərlərinin düşməndən azad edilməsinə həsr edilmiş mitinqdə fəhlələr öz üzərlərinə götürdükləri öhdəlikləri bir neçə qat artıqlaması ilə yerinə yetirmək haqqında raport verdilər. Qaraçuxurdakı ikinci mədən bir gün ərzində plandan əlavə yüz tona qədər neft çıxarmışdı. “Artyomneft”in üçüncü mədəninin kollektivi üç gündə DMK fondu hesabına 1200 ton neft vermişdi. Birinci mədənin təmir üzrə briqadiri 18 yaşlı Karnauxov dayanmış quyuları işə salmaq üçün 60 saat fasiləsiz əmək növbəsində durmuşdu.

Azərbaycan neftayıranları sovet ordusunun faşistlər üzərində qələbələrini əlavə aviasiya benzini, dizel yanacağı, ağ neft, aviasiya yağı istehsalını daha da artırmaqla qeyd edirdilər. Bakının neftayırma zavodları planı 114 faiz yerinə yetirmişdilər. 1941-1945-ci illərdə neft emalçıları 22 milyon ton neft məhsulları istehsal etmişdirlər. Onun yarıdan çoxu yanacaq və sürtgü məhsulları idi. Həmin illərdə Bakının neft emalı zavodları cəbhəyə 1 milyon ton və ya 20540-dan çox sisterin B-78 aviabenzini göndərmişdi. Müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman əməyi hesabına hərəkətə gətirilmişdi. Bakının müharibədə rolunu marşal G.K.Jukov yüksək qiymətləndirərək yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazım idi, o qədər də yanacaq vermişdilər”.

Görkəmli dövlət xadimi N.Voznesevski də Bakı neftçilərinin əməyini yüksək qiymətləndirərək yazmışdı: “Bakı arası kəsilmədən cəbhəni neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi”.

Ümumiyyətlə, müharibə illərində SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdir ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü.

Xəzər dənizçiləri Böyük Vətən müharibəsinin gedişində qəti qələbə dövründə cəbhə və ölkə üçün daşınan yanacaq və başqa yüklərin vaxtında mənzil başına çatdırılması uğrunda əzmlə mübarizə aparırdılar. 1944-cü ildə Xəzər dənizçiləri 1943-cü ilə nisbətən bir yarım dəfə artıq yük daşımışdılar. Dənizçilərin Böyük Vətən müharibəsi illərində cəbhəni yanacaqla təchiz etməkdə göstərdikləri fədakarlıq və qəhrəmanlığa görə Xəzər Gəmiçiliyinin 788 işçisi orden və medallarla təltif edilmişdi.

Azərbaycan neftçilərinin cəbhəni yanacaqla təchiz etmək uğrunda göstərdikləri əmək qəhrəmanlığına görə 502 nəfər neftçi orden və medallarla təltif edilmiş, üç qabaqcıl neftçiyə — Süleyman Vəzirova, Baba Babazadəyə və Rüstəm Rüstəmova Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Lakin təəssüflə qeyd etməliyik ki, ayrı-ayrı neftçilərə orden və medalların verilməsi 1941-1945-ci illər müharibəsində faşist Almaniyası üzərində keçmiş SSRİ-nin qələbəsinin böyük ağırlığının Bakı neftçilərinin çiyinləri üzərinə düşməsinə baxmayaraq, aldıqları əsl dəyər deyildi. Qəhrəman neftçilərimizə əsl dəyər onda verilərdi ki, qələbəyə qədər yuxusu ərşə çəkilən Bakımıza qəhrəman şəhər adı veriləydi.

Fəxrəddin MƏmmƏdov,
Azərbaycan Tibb Univesitetinin
professoru.










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı